Quran təkbaşına bizə kifayət deyil!
Bəzən, “Bir məsələ Quranda yoxdursa onu qəbul etmirəm”
deyən müəyyən qruplaşmaları görürük. Görəsən Quran təkbaşına bu ümmətə kifayət
edərmi? Əlbəttə xeyr. Amma istəyirəm ilk öncə bu fikrdə olan şəxslərə bəzi
suallar ünvanlayaq;
İlk öncə soruşmaq istəyirik ki; Məgər hər bir hökmün
(məsələn, namazın) bütün incəlikləri Quranda yer alıbmı? Əlbəttə yox! Bəs onda
İslam ümməti hansı dəlillərə söykənərək namaz qılır? Namazla bağlı hər hansı
bir məsələnin Quranda olmaması, həmin məsələnin yalnış olması üçün dəlildirmi?
Əgər bu cür təfəkkür tərzinə malik olan şəxslərlə razılaşsaq onda gərək heç kim
namaz qılmasın.Çünki, namazın rükətlərinin sayı, namazda istifadə olunan
sözlərin tam mətni, namazı pozan hallar və bu kimi məsələlərin heç biri Quranda
yoxdur. Belə bir halda İslam ümməti namazla (və ya digər məsələlərlə) bağlı,
Quranda olmayan hökmləri nəyə əsasən yerinə yetirirlər? Cavab olduqca sadədir.
Gəlin bir nümunə göstərməklə bu suala cavab tapaq. Quranda oruc tutmaq əmr edilir.
(Bəqərə 183) Amma orucun əsas hökmləri – orucu batil edən işlər, oruc tutana
məkruh olan işlər, orucun kəffarəsi, orucun qəzası, hansı halda oruc tutan
kəffarə verməlidir? Kəffarəni kimə verməlidir? Necə verməlidir? Haçan
verməlidir? və bu kimi bir çox hökmlər Quranda göstərilmir və bu hökmləri bizə
izah edib çatdıran Hz peyğəmbər (s) dir. Və ya Quranda “namaz qılın” deyə əmr
olunur. (Bəqərə 43) Amma namazın əsas hökmləri – namazın rükətərinin sayı,
vacib namazlar, nafilə namazlar və bu namazın hökmləri, namazı pozan hallar və
namazla əlaqəli bir çox hökmlər Quranda göstərilmir.
Bu cür məsələlərdə biz yenə də peyğəmbərin (s)
hədislərinə və sünnəsinə müraciət etməliyik. Bu qədər deyilənlərdən aydın oldu
ki, əgər bir məsələ ilə bağlı Quranda ayə yoxdursa, bu o demək deyil ki, həmin
məsələ yanlışdır. Əgər bütün bu sözlərdən sonra həmin şəxs yenə də öz
iddiasında israr edirsə namazın rükətlərinin sayını, namazın batil edən
əməlləri və s. bizə Quran ayələri əsasında subut etsin. Görək subut edə
bilərmi? Heç vaxt isbat edə bilməz!
Deməli İslam ümmətinin iki əsas qaynağı var. 1.Quran.
2.Hədis. (Sünnə) Quranda olmayan məsələlər ikinci qaynağa istinadən əldə edilir
ki, buna da nümunələr göstərdik.
Bu məsələ o qədər ciddi məsələdir ki, hətta İbrahim
(ə) və İsmail (ə) Kəbə evinin bünövrəsini ucaltdıqları zaman bu mövzu ilə bağlı
dua edərək dedilər: “(Onlar yenə dedilər:) Ey Rəbbimiz! Onların (nəslimizin)
içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini onlara
oxusun, kitabı və hikməti onlara öyrətsin, onları təmizləsin! Həqiqətən, Sən
yenilməz qüvvət, hikmət sahibisən.” (Bəqərə sürəsi 129-cu ayə)
Qeyd olunan ayəyə əsasən, Quran təkbaşına bu ümmətə
kifayət edə bilməz. Əgər etsəydi bu ifadə “elə bir peyğəmbər göndər ki, Sənin
ayələrini onlara oxusun, kitabı və hikməti onlara öyrətsin” Quranda dəfələrlə
gəlməzdi. Dəməli Quran peyğəmbər (s) tərəfindən izah və təfsir olunmalıdır ki,
bu ilahi hökmlər hamıya aydın olsun.Əgər ərəb öz dilində olan bu Quran kitabını
anlamağa çətinlik çəkir və müəllimə (peyğəmbərə (s) ) ehtiyac duyursa, qeyri
ərəb necə iddia edib deyə bilər ki, “Bizə müəllim (peyğəmbər (s) ) lazım deyil,
Biz Qurana əsaslanırıq...”
O şəxslər ki deyir, biz ancaq Quranla gedirik, bu
Quran deyir ki, peyğəmbər (s) olmadan (onun hədislərinə, həyatına, sünnəsinə
istinad etmədən) Quranı başa düşmək qeyri mümkündür. Və dəfələrlə “...Sizə
peyğəmbər göndərdik ki, sizə kitabı və hikməti öyrətsin, sizi paklaşdırsın...”
(Cümə sürəsi 2-ci ayə) buyurur. Məgər bu ayələr, heçmi sizə rast gəlməyib?
Qurani Kərim bir daha subut etdi ki, “Quran mənə
kifayət edər” deyib peyğəmbər sünnəsindən (hədislərindən) üz döndərmək özü
batil əməldir. Quranı peyğəmbərsiz (s) (onun hədislərinə və sünnəsinə istinad
etmədən) anlamaq qeyri mümkündür.
Sadəcə Qurana istinad edərək “Allaha qurban olum”
deyənlər deyəsən unudublar ki, Allaha qurban olmamışdan əvvəl, onun
peyğəmbərinə (s) qurban olmaq lazımdır ki, bu qurban həqiqi qurban olsun. Başqa
sözlə, təkcə Allahı sevmək (onun göndərdiyi Qurandan yapışmaq) kifayət etmir,
həm də onun peyğəmbərini (s) sevmək (onun buyuruqlarına əməl etmək) lazımdır. Bu
Quranın məntiqidir! Bu Allahın istəyidir! Uca Allah bu barədə buyurur: “(Ey
peyğəmbər!) De: Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi
sevsin və günahlarınızı bağışlasın. Allah mehriban və bağışlayandır. (Ali-İmran
sürəsi 31-ci ayə)
Mahir Şəkərov / İlahiyyatçı yazar
Yorumlar
Yorum Gönder