Yunus (ə) məsumdur
Ənbiya 87:
وَذَا النُّونِ إِذ ذَّهَبَ مُغَاضِبًا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَى فِي الظُّلُمَاتِ أَن لَّا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ
“Və Zənnunu onu qəzəbli halda getdiyi zamanı (da yada sal). O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma o qaranlıqlar içində səsləndi. (Ey Allahım!) Səndən başqa heç bir məbud yoxdur. Sən (hər bir eyib və nöqsandan) paksan. Mən doğrudan da (diqqəsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam.”
وَذَا النُّونِ – Hz Yunus (ə) mı udan balığın adı Quranda “Nun” olaraq gəlib. Bu böyük bir balıq olub. Quranda başqa adla gələn Hut kəlməsi balıq və balıq kimilərə aiddir. Amma bu ayədə xüsusi isim kimi “Nun” olaraq gəlmişdir.
إِذ ذَّهَبَ - getdi. Bəziləri iddia edir ki, Hz Yunusu (ə) öldürmək istəyirdilər və bu kimi məsələlər var idi deyə öz qövmündən getdi. Amma biz araşdırdıqda bu cür işlərə rastlaşmadıq.
Bu ayədə olan ذَّهَبَ (getdi) feli Saffat sürəsində أَبَقَ – (qaçdı) olaraq gəlib. Hara qaçdı? Və ya hara getdi?
Saffat 140 - إِلَى الْفُلْكِ الْمَشْحُونِ
“Dolu bir gəmiyə.”
Ənbiya sürəsi ilə davam edək. - إِذ ذَّهَبَ مُغَاضِبًا
Hz Yunus qövmünü hansı halda tərk etdi? Quran ayəsinə əsasən qəzəbli halda. Bildiyiniz kimi qəzəb iki növdür. Bir şeyə və ya şəxsə öz nəfsinə görə qəzəblənmək. Bir də insanı qəzəbləndirən bütün hər şeyə, Allaha görə qəzəblənmək. Peyğəmbərlərin (ə) və ilahi insanların qəzəbi bu cürdür. Hz Yunusun (ə) qəzəblənməsi məgər öz nəfsinə görə idi? O həzrət uzun müddət təbliğ aparsa da ona az sayda adam iman gətirir. Ancaq, Allah bilirdi ki, bu qövm nəhayət bir gün iman gətirəcək və hadisələrin davamı da bunu göstərir. Yunus 98-də uca Allah buyurur:
فَلَوْلاَ كَانَتْ قَرْيَةٌ آمَنَتْ فَنَفَعَهَا إِيمَانُهَا إِلاَّ قَوْمَ يُونُسَ لَمَّآ آمَنُواْ كَشَفْنَا عَنْهُمْ عَذَابَ الخِزْيِ فِي الْحَيَاةَ الدُّنْيَا وَمَتَّعْنَاهُمْ إِلَى حِينٍ
“(Əzab gəldiyi an,) Yunusun qövmündən başqa, iman gətirib imanı özünə fayda verən bir məmləkət (əhli) olubmu? (Yunusun) (qövmü) iman gətirəndə onlardan dünya həyatında rüsvayçılıq əzabını sovuşdurduq və onlara müəyyən vaxta qədər (fani nemətlərdən) faydalanmaq imkanı verdik.”
فَظَنَّ – Zənn etdi, güman etdi. Hz Yunus (ə) elə düşünürdü ki daha heç kim ona iman gətirən deyil və onları öz hallarına buraxaraq onları tərk edir. Və onları tərk edərkən düşünmürdü ki, Allah onu sıxıntı və məşəqqətə salar. Çünki, o təbliğini yerinə yetirdiyini və bu qövmün həlak olacağını düşünürdü. Hz Yunusun (ə) intizarı bu deyildi ki, bu balıq məsələsi ilə qarşılaşar və çətinliyə düçar olar.
لَّن نَّقْدِرَ عَلَيْهِ – Buradakı lən-nəqdirə bu mənada deyil ki, Hz Yunus (ə) nəuzu billah düşündü ki, Allahın ona gücü çatmaz. Çox təəssüf ki, bəziləri bu ayənin mahiyyətinə varmadan belə peyğəmbərin (ə) şənindən çox-çox uzaq olan sözləri dillərinə gətirirlər.
Bu ayədəki Lən-nəqdirə sözündə məqsəd, yəni çətinlik, girftarçılıq, sıxıntı və s. Hz Yunus (ə) düşünmürdü ki Allah onu çətinliyə salar. Çünki o illərlə təbliğlə məşğul oldu və düşündü ki, artıq o təbliğini öz qövmünün arasında başa çatdırıb. Amma ən gözəli, ən fəzilətlisi bu idi, o daha artıq qövmünün arasında qalaydı və səbr edəydi və daha çox dəvət edəydi. O, ən gözəl, ən fəzilətli işi tərk edir və Allah öz peyğəmbərinə rəva görmür ki, ən gözəl işi də tərk edə. Odur ki, gəmi məsələsi meydana gəlir və onu balıq udur.
فَنَادَى فِي الظُّلُمَاتِ - “Qaranlıqlar içərisində belə nida etmişdi ki...”
Hz Yunus həmin balığın bətnində o proseslərdən sonra başa düşür ki, Allah əzabı onun qövmümdən götürüb. Onun çətinliyə düşməsi, bu məsələdən xəbər verirdi. Onun çətinliyə düşməsi, o həzrətin tərki-ovla etməsinə bir işarədir. Əgər çətinliyə düşməsəydi heç tərki-ovla iddiasını da o həzrət haqqında düşünə bilməzdik.
Və buyurur: أَن لَّا إِلَهَ إِلَّا أَنتَ
“Ey Rəbbim. Səndən başqa heç bir tanrı yoxdur.”
Hz Yunus (ə) ən üstün zikrlərdən birini edir. Allahı uca tutur.
سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ
“Sən paksan! Mən həqiqətən zalımlardan olmuşam.”
“Zalım” və “zülm” sözlərin öncəki bəhsimizdə geniş izah etdik. Əgər peyğəmbərlər nəuzu billah zalım olsalar, bu Quran ayəsi ilə ziddiyyət təşkil edər. Allah buyurur:
لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَ
“Mənim əhdim-risalətim zalımlara yetişməz.” (Bəqərə 124)
Peyğəmbərlər barədə zülm sözü gördükdə bilək ki, bu iki cürdür. Bu zülm ya onların peyğəmbərliyindən öncədir. Çünki, peyğəmbər Qurana görə zalım ola bilməz. Yox, əgər peyğəmbər halında isə, onda gərək bilək ki, peyğəmbərlər üçün ən adi bir əməl ki, onları Allahdan zərrə uzaq salır, bunu özlərinə zülm bilirlər. Müstəhəbb bir işin tərki belə onlar üçün zülmdür. Bir sözlə dini mətnlərdə “zülm” və “zalım” sözləri ancaq günahkarlar üçün işlədilmir.
Ənbiya 88 - فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ – “Onun duasını qəbul etdik və onu qəmdən qurtardıq.”
وَكَذَلِكَ نُنجِي الْمُؤْمِنِينَ – “Möminlərə belə nicat veririk.”
Bəziləri ki, Hz Yunus (ə) barədə danışanda utanmadan danışır ki, o qövmündən bezir, əsəbləşir. Bunlar nə ifadələrdir belə. Hz Yunus (ə) peyğəmbər, gecə gündüz onların hidayəti üçün çalışır, onlara ürəyi yanır, onlara görə narahat olur və bu narahatçılıq və qəzəb Allaha görə idi. Allaha görə olan qəzəb də günah yox, çox-çox savab işdir. Hədislərə baxdıqda görürük ki, Allaha görə qəzəblənməyin xüsusi mükafat və əcri vardır. Allahın Hz Yunusu (ə) balığın bətnində bir neçə dəqiqə saxlaması bir daha bunu çatdırır ki, hər nə qədər də Allah yolunda səy göstərsəniz, çalışsanız yorulmayın və bunu az bilin. Bir nəfərin vəzifəsinə görə məsuliyyəti də ağırdır.
Mahir Şəkərov – İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder