Hamiləliyin təbii vəya süni sürətdə dayandırılması – ABORT.
Abort – deyə istifadə etdiyimiz söz, latın sözü olub, “hamiləliyin təbii vəya süni surətdə dayandırılması,” “imtina etmək,” “ləğv etmək”, mənalarına gəlir. Abort süni və özü – özünə (spontan) ola bilər. Hazırda kontraseptiv vasitələrin kifayət qədər olmasına baxmayaraq abortun göstəriciləri yüksəkdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, ildə 20 mln- a qədər , yəni süni abortların yarısı təhlükəli sayılır ki, bunun da 95 %-i inkişaf etməkdə olan dövlətlərin payına düşür.
Hamilələyin dövrləri.
Bu dövrləri bilməyimizin faydası uşağın hansı dövrdən
etibarən artıq bir canlı insan olmasını elmi cəhətdən öyrənmiş olmağımızdır.
Hamiləliyin bütün dövrü 3 trimestrə bölünür. Trimestr hamiləliyin hər üç
aylığına verilən addır. 1-ci trimestr hamiləliyin 12-ci həftəsində, 2-ci
trimestr hamiləliyin 24-cü həftəsində, 3-cü trimestr isə hamiləliyin 40-cı
həftəsində başa çatır.
1-ci trimestr. Mayalanmanın 7-ci günü (1-ci həftə)
mayalanmış yumurta hüceyrəsi öz xovları vasitəsi ilə uşaqlığın selikli qişasına
birləşir. Yumurta hüceyrənin uşaqlığın selikli qişasına birləşdiyi yerdə ciftin
(plasentanın) əmələ gəlməsi prosesi başlayır. Hamiləliyin 5-ci həftəsindən
etibarən ultrasəs müayinəsi zamanı dölün ürək döyünməsi aşkar edilir. 9-cu
həftədə dölün bədəni, başı formalaşır, ətrafların, gözlərin, burun və ağızın
rüşeymləri əmələ gəlir. Döl kisəsində yerləşən dölün ətrafı dölyanı su ilə
əhatə olunur.
2-ci trimestr. Cift tam formalaşır, dölün cinsi aydın
şəkildə müəyyən edilir. Bu trimestrdə üz formalaşır, qol və ayaq hərəkətləri
aktivləşir və 5-ci ayın sonunda ana tərəfindən dölün tərpənməsi hiss olunur.
Döl bu zaman diri doğula bilər və tənəffüs hərəkətləri də edə bilir. Ancaq belə
uşaqların adətən normal yaşamaq qabiliyyəti olmur.
16-cı həftədə (4 ay) ciftin inkişafı tamamlanır. Döl
ciftə içərisindən damarlar keçən göbək vasitəsilə birləşir.
3-cü trimestr. 7-ci ayında (28 həftə) dölün bütün
orqanları formalaşaraq fəaliyyətdə olurlar. Doqquzuncu ayın sonunda yarımçıqlıq
əlamətləri keçir və döl yetkin şəkildə doğula bilir.
Abort dölün uşaqlıq boşluğundan tam formalaşmamış
şəkildə xaric edilməsidir. Abortun qadın sağlamlığına zərərləri olduqca
böyükdür. Qısaca desək, abot qadının yenidən hamilə qalma şansını azaldır,
abortdan sonra infeksiyaya yoluxma, iltihabi xəstəliklərin inkişaf etmə riski
də gözləniləndir. Abort əslində ana bətnində kök atmağa başlamış toxumaları,
sanki, qazıyaraq çıxartmaqdır. Abortun tibbi cəhətindən, fəsadlarından,
cəmiyyətə vurduğu zərbələrindən də ayrıca danışmaq olar. Lakin, biz burada
İslamın bu mövzuya olan münasibətindən qısaca söz açaq. Abortun müxtəlif
növləri olduğundan biz burada mövzunu tam aydınlaşdırmaqdan ötrü bunu da qeyd
etməliyik ki, haqqında danışdığımız abort artıq hamiləlik dövrlərini yaşayan
lakin, onu dayandırmaq və uşaqdan imtina etmək mövzusuna aiddir.
İslamın aborta münasibəti.
Bunu bilməliyik ki, dinimiz bir insanı öldürməyi bütün
bəşəriyyəti öldürməyə və ya bir insanın xilasını isə bütün bəşəriyyətin
xilasına bərabər tutur: “...Kim bir insana həyat bəxş etsə (ölümdən nicat
versə, yaxud küfrdən İslama gətirsə), sanki bütün insanları diriltmiş (və
hidayət etmiş)dir...” (Maidə 32)
Quran insan həyatının mərhələlərini ana bətnindən
başlayaraq qocalı çağınacan keçdiyi mərhələləri belə izah edir.
“Həqiqətən, biz sizi torpaqdan, sonra nütfədən, sonra
laxtalanmış qandan, sonra tam şəklə düşmüş və ya düşməmiş “muzğə”dən (çeynənmiş
ətə oxşar şey) yaratdıq ki, sizə göstərək. İstədiyimizi ana bətnində bir müddət
saxlar, sonra uşaq şəklində doğurarıq. Sonra məqsəd yetkinlik həddinə
çatmağınızdadır. Bu arada kimi ölər, kimi də ömrün elə rəzil həddinə çatar ki,
bildiklərini unudar”. (Həcc 5)
Ayədən göründüyü kimi, insan həyatı yeddi mərhələdən
ibarətdir;
1. Torpaq mərhələsi – yalnız Adəm yox, bütün
insanların ilki topaqdır. Ata-ananın qidalandığı bütün nemətlər torpaqdan
yaranır və ana bətnində nütfə şəklinə düşür.
2. Nütfə mərhələsi – nütfə torpağın qidalarla ata-ana
orqanizminə ötürdüyü mikrocanlı qatqıdır.
3. Ələqə mərhələsi - ələqə, növbəti laxtalanmış qan
mərhələsidir.
4. Muzğə mərhələsi – laxtalanmış qanın əvvəlcə
çeynənmiş ətə oxşar formaya düşməsi və qəfildən əzaların formalaşması.
5. Uşaqlıq mərhələsi.
6. Yetkinlik mərhələsi.
7. Qocalıq mərhələsi.
Digər bir ayədə oxuyuruq: "Şübhəsiz, Biz insanın
(Ulu baba və nənəsini) gilin cövhərindən (ruh üfürməklə və ona möcüzəvi şəkildə
can verməklə) yaratdıq.” (Muminun 12)
“Sonra onun nəslini nütfə (torpağın maddələrinin
cövhəri) şəklində möhkəm bir yerə (ana bətninə) qoyduq.” (Muminun 13)
“Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik),
sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra muzğəni
(yumşaq) sümüklər etdik. Beləliklə sümüklərə ət (libası) geyindirdik. Sonra onu
(inkişaf etmək qabiliyyəti olan həmin cismi ruh üfürməklə ağıl və elmə layiq)
başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik. Buna görə də afərin
Allaha!
Yaradanların ən yaxşısı olan Allah, çox
xeyir-bərəkətlidir!” (Muminun 14)
Bu ayəyə əsasən, deyə bilərik ki, ruh insan bədəninə
dörd ayından sonra daxil olur.
Bu mövzularda valideynlər diqqətli olmalı, olduqca
böyük bir günahı həyata keçirtdiklərinin fərqində olmalıdırlar. Abortu doğuran
səbələr içində diqqəti cəlb edən iki məsələ var.
1.Qız uşaqlarının abortu.
1.Maddi problemlər ucbatından.
1 – Müasir zamana qədər bir çoxları elə düşünürdü ki,
övladın qız olması ananın günahıdır. Amma zaman keçdikcə tibb elmi sübut etdi
ki, övladların cinsiyyətinin təyini anadan deyil, atadan asılıdır. Qız övladını
özünə eyib bilən və onları diri-diri basdıran ərəblərin cahili adətləri, bu gün
abort vasitəsilə həyata keçir. Hər ikisi də cinayət və günahdır. O qətlinə
fərman verilən uşaqlar sabah sizdən bunun hesabını soruşacaqdır. Quran buyurur:
“Diri ikən torpağa gömülmüş hər bir adam (cahiliyyət dövründə diri-diri
basdırılmış qızlar, tarix boyunca diri-diri basdırılmış insanlar və günahsız
ikən zindanda ölənlər) barəsində soruşulacağı zaman. (Təkvir 8)
Hansı günaha görə öldürüldülər? (Onların qatillərindən:
Bunlar hansı günaha görə öldürüldülər? deyə soruşular.) (Təkvir 9)
İbn Kəsir abortun da uşaq öldürmək kimi böyük günah
olduğunu qeyd edir.
2.Maddi –iqtisadi səbəblər uzündən bu əməli edənlər də
unutmasınlar ki, Allah yaratdığı hər bir canlının ruzisini verəndir. Allahın
uca şənindən deyil ki, birni var edə və onu ruzisiz buraxa. Bu mümkün deyil.
Uca Allah iqtisadi problemləri bəhanə edərək abort- uşaq öldürməyi qəti qadağan
edir. “Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də
ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır.” (İsra 31)
Allah Rəsulu (s) yeni müsəlman olan qadınlara
Mumtəhinə 12-ci ayəni xatırladaraq, onlardan uşaqlarını nə gizlin və nə də
diri-diri torpağa basdırmayacaqlarına dair əhd alardı.
Mumtəhinə 12-ci ayə: “Ya Peyğəmbər! Mömin qadınlar
Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını
öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa gömməyəcəklərini), özgə
kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir
yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək
üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onların
bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”
Eyni mənanı əhatə edən digər bir ayə isə Ənam 151-ci
ayədir.
Ənam
151-ci ayə: “(Ya Rəsulum!) De: "Gəlin Rəbbinizin sizə nələri haram
etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq
üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk.
Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu
cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah)
bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!”
Bu cür
işləri edərkən unutmayaq ki, biz haqsız olaraq bir canı almış və onun qatili
olmuş oluruq. Hər bir canlını var edən Allah buyurur: “Allahın haram buyurduğu
cana haqsız yerə qəsd etməyin...” (İsra 33)
Sonda
bir daha qeyd edirik ki, abort istər dini baxımdan istərsə də insaniyyət
baxımından olduqca yanlış bir addımdır. Bu işin ən azı tibbi cəhətlərini nəzərə
alsaq, nə qədər ciddi fəsadların olduğunu müşahidə edə bilərik. Bu fəsadların
ən mühümü isə həmin qadının yenidən ana olma ehtimalının azalmasıdır.
Hədislərimizdə övlad, istər qız olsun, istərsə də oğlan daim əzizlənmiş və
onlar bir ailənin sevinci, səadəti kimi izah olunmuşdur. Elə sözümüzü də bir
hədislə yekunlaşdırırıq. Allahın Peyğəmbəri buyurdu (s): “Hər bir ağacın bir
meyvəsi var, qəlbin meyvəsi də övladdır.”
Mahir Şəkərov – İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder