Əhzab 37 – Peyğəmbəri (s) məzəmmət etmir, tərif edir. (Peyğəmbər (s) fədakarlığı)

Əhzab 37-ci ayəni araşdırdırdıqda görürük ki, əziz İslam peyğəmbəri bu əməlləri ilə o zamanda baş qaldıran iki cahil adəti aradan aparmağa müvəffəq olmuşdur. İlk öncə barəsində danışacağımız ayəyə nəzər salaq:

وَإِذْ تَقُولُ لِلَّذِي أَنْعَمَ اللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَاتَّقِ اللَّهَ وَتُخْفِي فِي نَفْسِكَ مَا اللَّهُ مُبْدِيهِ وَتَخْشَى النَّاسَ وَاللَّهُ أَحَقُّ أَن تَخْشَاهُ فَلَمَّا قَضَى زَيْدٌ مِّنْهَا وَطَرًا زَوَّجْنَاكَهَا لِكَيْ لَا يَكُونَ عَلَى الْمُؤْمِنِينَ حَرَجٌ فِي أَزْوَاجِ أَدْعِيَائِهِمْ إِذَا قَضَوْا مِنْهُنَّ وَطَرًا وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا
(Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (İslam dininə yönəltməklə) nemət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) nemət verdiyi şəxsə (Zeyd ibn Harisəyə): “Zövcəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” – deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, – deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla evlənməkdə möminlərə heç bir çətinlik (günah) olmasın! (Bu işdən möminlərə heç bir günah gəlmədiyini bildirmək üçün belə bir övrətlə birinci səni evləndirib bütün müsəlmanlara nümunə etdik). Allahın hökmü mütləq yerinə yetər! (Əhzab 37)

Çox təssüf ki, bu hadisə ilə bağlı bəzi mənbələrdə əziz peyğəmbərimizə (s) olduqca ağır ittihamlar nisbət verilmişdir. Guya, Allah Rəsulu Zeynəbi çimərkən, yaxud özünü bəzəyərkən görmüş, onun gözəlliyinə vurulmuş, daha sonra Zeydi məcbur etmişdir ki, onu boşasın. Və beləliklə, özü Zeynəblə evlənmişdir. Bu sözlər dediyimiz kimi böhtandan savayı bir şey deyildir. Elə isə məsələnin əsli nədir?
Zeynəb Allah Rəsulunun (s) qohumlarından (bibisi qızı) idi. Peyğəmbər (s) şəxsən özü Zeyd üçün elçiliyə getmişdi. Bu evliliyin məqsədi o zamanda olan bir cahil adəti aradan aparmaq idi. Ərəbin əcəmlə, yaxud, bir qulamın tanınmış tayfadan olan bir qadınla evlənməsini özlərinə eyib bilirdilər. Aparılan təbliğatlar, deyilən sözlər bu təssüfkeşliyi aradan apara bilmədi. Odur ki, peyğəmbər (s) bu işi öz qohumlarından birini (Zeynəbi), əvvəl qulam olan və sonra oğulluğa götürdüyü Zeyd ilə evləndirir. Bu əməli rəftarı ilə bir daha hamıya göstəridi ki, üstünlük, mal, vəzifə, soy-köklə, irqlə olmaz. Üstünlüyün bir meyarı var – TƏQVA.
Bu evliliyə Zeydin Abdullah adlı qardaşı digərləri kimi düşündüyündən narazı idi. Allah öz peyğəmbərinin (s) işinə yardım etmək və onu təsdiq etmək üçün və evlənəcək şəxslərə aramlıq vermək üçün buyurdu:

وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُبِينًا
“Allah və Peyğəmbəri (s) bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə (s) asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!” (Əhzab 36)

Peyğəmbərin (s) işinin təsdiqi olaraq ayənin nazil olması ilə bəzi söz-söhbətlər sona çatdı. Bu evlilik ilahi təqdir idi. Və kökündə gələcəkdə baş verən ikinci bir mühüm məsələ dururdu. Amma, evlənən cütlüklər belə bundan xəbərsiz idilər.
Bəli, tarixin və Quranın bizə bildirdiyinə görə bu evlilik uzun çəkmədi. Bəzi mənbələr Zeynəbin xasiyyətinin pisliyi ucbatından bu evliliyin baş tutmadığını yazarkən, digər mənbələr ad çəkmədən “onların rəftarları bir-birinə uyğun olmadı” şəklində qeyd etmişlər. Ailə daxili çəkişmə o həddə çatır ki, onlar boşanmaq qərarına gəlirlər. Amma, Allah Rəsulu (s) buyurardı: “Onu boşama, saxla. Allahdan qorxun!”
Zeydin israrları qarşısında peyğəmbərin bu cür təkidi, bu gün hər bir kəs üçün bir ibrətdir. Peyğəmbər (s) bu evliliyin boşanma ilə nəticələnəcəyini ilahi vəhyin əsasında bilirdi. Amma buna rəğmən Zeydi də ailəsi barədə diqqətli olmağa çağırırdı. Bu evlilik sona çatsa da peyğəmbərin (s) digər mühüm bir işi daha qalırdı. Cəmiyyətdə baş qaldıran ikinci cahil ənənəni aradan aparmaq üçün bu dəfə özü şəxsən meydana gəlməli idi. Zeynəblə o, evlənməli idi. Camaat elə bilirdi ki, insanın oğulluğu da elə doğma oğul hökmündədir. Yəni, doğma oğul kimi atadan irs aparır və hətta oğul dediyinin xanımı boşandıqdan sonra ata hesab olunan şəxsin bir məhrəm kimi həmin xanımla evlənməyi qadağan idi. Allah Rəsulu (s) Zeyd Zeynəbi boşadıqdan sonar, ikinci cahil ənənəni aradan aparmaq üçün Zeynəblə evlənməli idi. Daha sonra Allah peyğəmbərin (s) bu işinin hikmətini belə bəyan etdi;
“… Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla evlənməkdə möminlərə heç bir çətinlik (günah) olmasın! (Bu işdən möminlərə heç bir günah gəlmədiyini bildirmək üçün belə bir övrətlə birinci səni evləndirib bütün müsəlmanlara nümunə etdik.” (Əhzab 37)

Ayədəki bəzi sözlərin izahı.
وَتُخْفِي فِي نَفْسِكَ – “Ürəyində gizli saxlayırdın.”
Peyğəmbərin (s) Zeyddən gizlin saxladığı məsələ bəzi böhtan və iftira atan mənbələrin yazdığına görə Zeynəbə olan gizli eşqi deyildi. Peyğəmbərin (s) Zeyddən gizlin saxladığı işin nəticəsi (boşanma hadisəsi) idi.

وَتَخْشَى النَّاسَ – “İnsanlardan qorxurdun.”
Qısaca desək, qorxu iki cürdür. Xuzu və xuşu. Xuzu insanın zahirinə bədən üzvlərinə aiddir. (Allah müqabilində insan təkəbbürlük etməməlidir), xuşu isə qəlbə aiddir. Qəlb ilə Allahdan qorxmaq. Bu iki qorxunun hər ikisi insanda olması gözəldir. Amma əsl olan xuşudur, sonra xuzu.
Burada olan qorxu peyğəmbərin insanlardan olan qorxusu deyildi. Peyğəmbər və ilahi insanlar yalnız və yalnız Allahdan qorxarlar. Peyğəmbərin qorxusu bu cahil adəti yıxmaqla bəzi fitnəkarların fitnə yaratmaq qorxusu idi ki, Allahın dəstək və iradəsi ilə ilahi təqdir həyata keçdi.

زَوَّجْناكَها – “Onu səninlə evləndirdik.” - İlahi təqdir belə idi ki, bu evlilik baş tutsun

وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولاً – “Allahın hökmü mütləq yerinə yetər!”

Bu ayə bunu bəyan edir, Allah Rəsulu (s) bu işdə sadəcə Allah tərəfindən üzərinə qoyulan vəzifəni yerinə yetirdi.
Bu ayələr İslam peyğəmbərinin (s) fədakarlığının və ilahi əmrlər qarşısında mütiliyini göstərir. Allah Rəsulunun (s) bu evliliyinin nəfsi istəkdən olduğunu qeyd edən və əziz peyğəmbərimizi ittiham edən mənbələr Qurana və tarixə yenidən nəzər salmaları məsləhətdir.

 Araşdırdı: İlahiyatçı, yazar, Mahir Şəkərov.


Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)