Novruz şiə mənbələrində
DİQQƏT! Bu yazı, “İslamda Novruz yoxdur” deyən
şiələrə cavab olaraq hazırlanmışdır.
Novruz məsələsi, ən çox elə şiə mənbələrində mövcuddur. İstər təfsirlərdə, istər hədislərdə. Hətta məhşur
dua kitabı olan, Məfatihul-Cinan kitabında “Novruz gününün əməlləri” adlı xüsusi bölmə
mövcuddur ki, İmam Sadiq (ə) orada Novruz gününün əməllərini sadalayır. Bu xülasə.
Novruz şiə təfsirlərində.
Keçən yazımızda qeyd etdiyimiz ayələri çox rahatlıqla, burda
da dəlil kimi önə sürə bilərik. Necə ki əhli sünnə alimləri öz təfsirlərində
Taha sürəsinin 57-58-59-cu ayələrinin, həmçinin Bəqərə 243-cü ayəsini təfsir edərkən
Novruz məsələlərinə toxunmuş və bu ayələrin Novruz bayramı ilə əlaqələndirmişlər
eləcə də şiə alimləri bu məsələni öz təfsir kitablarında yazmışlar. Nümunə üçün, təfsir sahəsində
şiə aləmində tanınmış alimlərə
müraciət edək.
Taha sürəsindəki (59) “zinət” sözünün bayram günü olması haqda Əllamə Təbatəbai əl-Mizan əsərində qeyd edir
ki, Musa peyğəmbər (ə) Fironla öz arasında bu günü ona görə təyin edir ki, bu
hadisə bayram günü camaat bir yerə toplaşanda günorta vaxtı, bütün insanların
gözü önündə baş versin.
Ayətullah Məkarim Şirazi özünün “Təfsiri nümünə” kitabında
İmam Sadiqdən (ə) belə bir hədis nəql edir ki, İmam Sadiq (ə) Novruz bayramı
haqqında buyurmuşdur: Bu gün mübarək gündür. Çünki, bu gündə Nuh peyğəmbərin(ə)
gəmisi əl-Cudi dağında dayanmışdır. Bu o gündür ki, Peyğəmbərimizə (s) Cəbrail
(ə) nazil olmuşdur. Bu həmin gündür ki, İmam Əli (ə) Peyğəmbərin (s) mübarək
çiyninə çıxaraq bütləri sındırmışdır. Bu gündə Peyğəmbərimiz (s) səhabələrə əmr
etmişdir ki, İmam Əliyə (ə) beyət edib onu möminlərin ağası olaraq qəbul etsinlər.
Deməli İmam Əlinin (ə) əmirəl möminin seçildiyi gün Novruz bayaramı günü
olmuşdur. Bu məsələni daha
geniş oxumaq üçün təfsirə müraciət edin. Çünki təfsiri burada uzun-uzadı yazıb
müxtəlif fikirləri müzakirə etməyə imkanımız yoxdur. Diqqət edin biz
TƏFSİR DEDİK, TƏRCÜMƏ YOX. Tərcüməyə
baxıb bizə irad tutmayın ki, orada Novruz sözü hanı? Təfsirə baxın əzizlər, təfsirə. O təfsirlər, kitabxanalarda toz
bağlasın deyə yazılmadı. Yazıldı ki, Quranın mətləblərini bizə
aydınlaşdırsınlar.
Novruz şiə hədislərində.
1.
Koleyni (329 h.q) “Əl-kafi”-də belə rəvayət edir: İbrahim Kərəxi deyir: İmam
Sadiq (ə)-dan soruşdum: Mehreqan (İranda payız bayramı) və Novruz günü mənə gətirilən
hədiyyələri qəbul edim, ya yox?
Buyurdu:
Onlar namaz qılandırlarmı?
Dedim: Bəli.
Buyurdu:
Onların hədiyyəsini qəbul edin və əvəzini verin. Rəsuləllah (s) belə buyurub:
Əgər mənim üçün keçi budu hədiyyə gətirsələr, qəbul edərəm və bu dindarlığın
bir əlamətidir. Əgər bir kafir, ya münafiq mənə inək, ya qoyun budu hədiyyə gətirsə
qəbul etməyəcəyəm və bu da dindarlığın bir əlamətidir. Allah-Taala münafiq və
müşrikin hədiyyələrini bizə rəva bilməyib.
2. Şeyx Səduq
(381 h.q) “Mən la yəhzuruhul-fəqih” kitabında belə bir hədis nəql edir: Əli (ə)
üçün Novruz hədiyyəsi gətirdilər. Buyurdu: “Bu nədir?” Dedilər: “Ey Əmirəl-möminin,
bu gün iranlıların Novruzudur. Bu günü onlar bayram edib, bir-birinə hədiyyələr
bağışlayırlar”. Buyurdu: “Bizim hər günümüzü Novruz edin”.
3. Noman
ibn Muhəmməd Təmimi (363 h.q) “Dəaimul-İslam” kitabında rəvayət edir: Əli (ə)
üçün (gülab və şərbət) hədiyyə gətirdilər. Buyurdu: “Bu nədir?” Dedilər: “Bu
gün Novruzdur”. Buyurdu: “Əgər edə bilsəniz, hər günü Novruz edin” (yəni Allaha
xatir bir-birinizə hədiyyə verin və bir-birinizin görüşünə gedin).
4. Şeyx
Tusi: “Misbahul-mutəhəccid” kitabında bir hədis nəql edir: İmam Sadiq (ə)
Novruz günündə buyurdu: “Novruz günü qüsl et, təmiz paltar geyin, özünü ətirlə
və o günü oruc tut. Zöhr və əsr namazlarının nafilələrini yerinə yetirdiyin
zaman 4 rəkətli namaz qıl. Onun 1-ci rəkətində “Həmd” və 10 dəfə “Qədr” surələrini,
2-ci rəkətində “Həmd” və 10 dəfə “Kafirun” surələrini, 3-cü rəkətində “Həmd” və
10 dəfə “Tovhid” surələrini və 4-cü rəkətdə “Həmd”, “Fələq” və “Nas” surələrini
de. Namazdan sonra şükr səcdəsini yerinə yetirib, dua et. Bu tərtiblə 50 illik
günahların bağışlanar».
5. İbn Fəhd
Hilli (841 h.q) “Əl-muhəzzəbul-bare” kitabından bir rəvayət gətirir: İmam Sadiq
(ə) buyurur: “Novruz günü Allahın Rəsulunun (s) Qədir-xumda müsəlmanlardan
möminlərin əmiri Əli (ə) barədə beyət aldığı və müsəlmanların onun vilayətini təsdiq
etmələrini istədiyi gündür. Bu beyətdə möhkəm duranların xoş halına və bu beyətdən
boyun qaçırıb onu sındıranların vay halına. Bu, Allah-Taalanın əmri ilə Peyğəmbərin
(s) Əli (ə)-ı cinlərin məntəqəsinə göndərib onlardan əhd-peyman almasını istədiyi
gündür. Bu, Əli (ə)-ın Nəhrivanlılara qələbə çaldığı və Zussədiyyəni qətlə
yetirdiyi gündür. Bu, İmam Zamanın (ə.c) zühur edəcəyi və Allahın izni ilə Dəccala
qələbə çalıb, onu Kufənin zibilxanasında dara çəkəcəyi gündür...”
6. Əllamə Məclisi
(1111 h.q) “Biharul-ənvar”da belə qeyd edir: Xuneysin oğlu Muəlla deyir: Novruz
günü İmam Sadiq (ə)-ın yanına getmişdim. İmam (ə) buyurdu: “Bu günün qiymətini
bilirsənmi?» Dedim: “Sənə qurban olum! Bu günü farslar əziz tutarlar və
bir-birinə hədiyyə verərlər”. Buyurdu: “Kəbənin Allahına and olsun ki, bu qədim
bir adətdir”. Dedim: “Ey sərvərim! Sizin bunu mənə açıqlamanız əzizlərimizin
dirilməsindən və düşmənlərin məhv olmasından daha vacib olar”. O zaman buyurdu:
“Ey Muəlla! Novruz günü, Allahın bəndələrindən Ona pərəstiş edib şərik
qoşmamaları, Peyğəmbər (s) və onların höccətlərinə tərəfdar olmaları və
İmamlara iman gətirmələri üçün əhd-peyman aldığı gündür. Bu, günəşin çıxdığı,
küləklərin əsməyə başladığı və torpaqdakı güllərin bəhrələndiyi gündür. Bu, Nuh
(ə) gəmisinin Cud dağının sahilinə çıxdığı və ölüm qorxusundan ev-eşiklərindən
çıxmış minlərlə insanın dirildiyi gündür. Bu, Cəbrailin (ə) İslam Peyğəmbərinə
(s) nazil olduğu və Peyğəmbərin (s) İmam Əli (ə)-ı Məscidul-həramda Qureyşin
bütlərini sındırmaq üçün çiyninə çıxartdığı və həmçinin İbrahim (ə)-ın bütləri
qırdığı gündür. Bu gün Peyğəmbərin (s) səhabələrinə Əli (ə) ilə beyət etmələrinə
göstəriş verdiyi və Əli (ə)-ı cinlərin yanına beyət almaq üçün göndərdiyi
gündür.
7. Muhəddis
Nuri (1320 h.q) “Mustədrəkul-vəsail”də Hüseyn ibn Həmədanın kitabından yazır:
Mufəzzəl ibn Əmr, İmam Sadiq (ə)-dan nəql edib: Allah-Taala buyurmuşdur:
“Novruz günü mənim yanımda əzəmətli və ehtiramlı bir gündür. Hər bir mömin bu
gündə məndən hacət istəsə, onu yerinə yetirəcəyəm”.
Hədis kitablarında Novruzu təsdiqləyən kifayət
qədər hədislər var. Yetər ki müraciət edəsiniz. Bunu da qeyd edim ki, şiə alimləri
də təkidlə qeyd edirlər ki, bu bayramı xurafatlardan təmizləməklə keçirtmək
lazımdır. Xurafata aludə olmuş adətləri tərk etmək lazımdır. Bu barədə şiə aləminin
ən tanınmış və hal-hazırda əksər insanların təqlid etdikləri müctəhidlərə
ünvanlanmış sual-cavabları sizə təqdim edirik.
Müasir şiə alimlərinin Novruz fətvaları.
Sual: Salam. Novruz bayramı haqqında rəyiniz
nədir? Bu günü bayram kimi qeyd edə bilərikmi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana:
Bəli olar, qohum-əqrəbaya baş çəkmək kimi gözəl işləri olduğu üçün bəyəniləndir.Amma
bu şərtlə ki, içində olan mənfi şeylər tərk olunusun.Məsələn; bahalı paltar
alıb özünü, var-dövlətini digərlərlərini gözünə çəkmək və digər bəyənilməyən
şeyləri.
Sual: Salam.Novruz bayramını, bayram kimi
qeyd etmək, şənlik keçirtmək olarmı?
Cavab: Salam. Ayətullah Məkarim dəftərxana:
Bayram kimi qeyd etməyin eybi yoxdur.Lakin haram işlərə yol verilməsin.
Sual: Salam. Novruz bayramını bayram
kimi qeyd etmək olarmı?
Cavab: Salam.Ayətullah Fazil-dəftərxana: Bəli
olar.
Sual: Salam. Bilmək istəyirdik Ayətullah
Behcətin Novruz bayramı barədə nəzəri nədir? Şəriət baxımından Novruzu qeyd etmək
olarmı?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana:
Bəli olar.
Sual: Salam.Novruz bayramında xalqımızın
hansı adətləri bəyənilir və hansıları etmək haramdır? Yəni səməni saxlamaq,
tonqal qalamaq, papaq atmaq və s.
Cavab: Salam. Ayətullah Xamenei dəftərxana:
İslama zidd olan şeyləri etmək olmaz.Məsələn “qulaqasdıya getmək” və bu kimi
işlər.
Sual: Salam. Mən Novruzu bayramında
yandırılan tonqal haqqında soruşmaq istəyirəm bu tonqalı qalayıb üstündən
atılmaq olarmı? Adətdir ki, atılanda insanlar ağırılığım uğurluğum bu tonqalın
üstünə deyirlər.Bu ifadələri demək insanı günaha salmır ki?
Cavab: Salam.Ayətullah Sistani dəftərxana:
Bu iş xurafatdır və xurafat olmaz.
Sual: Salam. Novruz bayramını bayram kimi
qeyd etmək olarmı? Bu gündə xüsusi şirniyyatlar, yeməklər bişirmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani dəftərxana:
Bəli olar. Amma İslamla müxaliflik edən şeyləri tərk etmək etməklə.
Məsələn,
qonşuya qulaq asdı, papaq atmaq (imaknı olmayan əziyyət olduğu üçün və icazəsiz
kiminsə həyətinə girilib evinə papaq atılarsa), xoruz döyüşdürmək (heyvanlara əzab
olduğu üçün), alovun üstündən atılıb “ağırlığım burda qalsın” demək (xürafat
olduğu üçün) və bu kimi digər şeyləri tərk
etməklə Novruzu qeyd etmək olar.
Sual: Salam. Novruz bayramında bəzi adətlərimiz
var.Məsələn yumurta döyüşdürmək, (bəzən yumurta döyüşdürüb, udan uduzan tərəfdən
yumurtasını alır) Bayramda yumurta döyüşdürüb, qapı pusmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bu işlər düzgün deyil.İstər Novruz vaxtı, istər başqa vaxt olmaz.
"Hədis
külliyatlarında mövcud olan bəzi hədislərdən belə görünür ki, Novruz dini
bayramdır. Amma bunu da qeyd etmək lazımdır ki, bu hədislərin nə dərəcədə mötəbər
olması barəsində böyük şübhələr var. Ona görə də bu hədisləri tam doğru qəbul
etmək lazım deyil. Novruz İslami köklərə malik olan və ya dini bayram deyil.
Buna baxmayaraq Novruz bayramı İslam dövlətlərində yaşayan və qədim günəş təqvimindən
istifadə edən xalqların milli bayramıdır. Bu bayramı qeyd etmək bidət və haram
sayılmır. Necə ki, Yeni il, analar günü, beynəlxalq qadınlar günü və s. digər
ölkələrin milli bayramları bidət deyil. Qeyd edilən bayramlar ona görə bidət
sayılmır ki, bu bayramlar İslama və şəriətə aid edilmir. Novruz İranda və digər
ölkələrdə qeyd olunur və şiə müctehidləri buna normal münasibət göstərir. Bu
bayramda Allaha dualar edilir, valideynlər və qohumlar ziyarət edilir (sileyi-rəhm,),
küsülülər barışır, evlərdə təmizlik görülür və s. Lakin bəzi tonqaldan
tullanmaya etiqad və s. kimi dinə zidd adətlərdən çəkinilməlidir."
Ayətullah Məkarimin
dəftərxanası
Bu da
müasir alimlərin Novruz fətvaları. Bütün
bunlardan sonra hansı şiə deyə bilər ki bizdə (şiə məzhəbində) Novruz
yoxdur?! Biz sizə bunu sizin etiqad bəslədiyiniz
ən mötəbər mənbələrdən; Quran ayələri, hədislər və müasir alimlərin fətvalarını
qeyd etdik. Əgər sizdə doğru dediyinizi
iddia edirsinizsə onda Quran deyən kimi dəlil və sübutla irad bildirin.
“De: Əgər
doğru danışansınızsa, dəlil və sübutlarınızı gətirin.” (Bəqərə 111)
İlahiyyatçı yazar/ Mahir Şəkərov.
Yorumlar
Yorum Gönder