Novruza haram deyənlərin istinad etdikləri yeganə hədis də saxta imiş
Novruz bayramın müxtəlif müxalifləri vardır. Bu
müxaliflərin bir qismi din adına danışan və Novruzla din arasında bir uçurum
yaratmaq fikrində olanlardır. Sanki, Novruz atəşpərəstlərdən gəlmiş bir şeydir.
Əlbəttə bu iddia, istər tarix, istərsə də atəşpərəstlərin ayinləri baxımından
qəbul edilməzdir. Biz bu araşdırmada Novruza müxalif olanların ən çox istinad
etdikləri bir hədisi araşdıracağıq. İlk öncə
hədisin özü ilə tanış olaq.
Mahir Şəkərov – İlahiyyatçı yazar.
Musa bin İsmail, Həmmad bin Həmiddən o
da Ənəs bin Malikdən rəvayət edir: “Peyğəmbər (s) Mədinəyə hicrət etdiyi zaman
mədinəlilərin oynayıb əyləndikləri iki gün var idi. Rəsulullah (s) bunları
görəndə “Bu iki günün mahiyyəti nədir?” deyə soruşdu. Mədinəlilər dedilər ki, biz cahillik dövründə bu iki gündə oyunlar oynayardıq. Bunun cavabında
peyğəmbər (s) buyurdu: “Allah o iki günün əvəzində daha xeyirli iki gün
vermişdir. Bunlar Qurban və Ramazan bayramlarıdır.” (Mənbələr: Məhəmməd
Şəmsul-Haqq əl-Azimabadi, “Əvnul məbud fi şərhi sünən Əbu Davud”; Əbu Davud;
hadis: 1134. Nəsai; hədis: 1556. Əlbani də; "Silsilətul-Əhadisis-Səhihə";
hədis: 2021- də hədisin sahih olduğunu demişdir.)
Bütün mənbələrdə hədisin ravi və
mətnləri əsasən eynidir. Bəzi mənbələrdə bu hədisə müxtəlif sözlər artırılmış
yaxud ixtisar edilmişdir. Bunu araşdırma əsnasında görəcəksiniz.
Bu hədisin gəldiyi mənbələrdən biri də
"Əbu Davud" hədis kitabdır. Bu kitaba 7 şərh yazılmışdır. O şərhlərdən biri də
Məhəmməd Şəmsul-Haqq əl-Azimabadi, “Ğayətul-məqsud fi şərh Sünən "Əbu
Davud”dur. Bu müəllif, Əbu Davudu şərh edən ən tanınmış və məşhur
simalardandır. O, bu kitabda haqqında danışacağımız hədisi şərh etmişdir. O
yazır: “Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət zamanı Mədinəlilər iki günü
əməli şəkildə qeyd edirdilər. Biri Novruz, digəri isə Mehrigan idi. Qamusda gəlmişdir
ki, Novruz ilin ilk günüdür və bu məşhur gün Novruz günüdür ki, şəmsi ilin
başlanğıcı hesab olunur.”
Daha sonra bir fətva qeyd edir ki, bu
fətva Əbu Həfs Kəbirə məxsusdur. Bu fətvanı da araşdıracağıq. Fətvada deyilir:
“İslam bu iki bayramı daha xeyirli iki bayramla əvəz etmişdir. Bu iki gündə
şadlıq və sevinc caiz deyildir. Hər kim bu gündə bir müşrikə təzim, yaxud
təbliğ baxımından bir yumurta belə versə Allah onun əməlini zay edər və o, bu
əməli ilə Allaha küfr etmişdir.”
Hədisin araşdırılması.
Hədis ravisinin zəifliyi: - Hədisin
ravilərinə nəzər salsaq, bu raviləri görərik; Musa, Həmmad, Həmid və Ənəs bin
Malik. Hədisin nəql edən ravilərdən Həmid barədə hədis alimləri və
mütəxəsisləri bir neçə məsələ qeyd etmişlər ki, bu da hədisin səhihliyini
aradan aparır.
1. Böyük
mühəddis və alimlər hədisi araşdırarkən hədis ravisi olan Həmidi “mudəllis”
adlandırıblar.Bu söz ərəbcə tədlis, bu işi görən şəxs isə “mudəllis” adlanır.
Mudəllis ərəbcə dəlləsə felinin məlum növündən əmələ gəlmiş feli sifətdir. Bu
söz, kələkbaz, moşşennik, fırıldaqçı kimi mənaları əhatə edir.
Tədlis üç cürdür:
- Tədlis əl-isnad: “Bir ravinin digər
bir ravidən eşitmədiyi rəvayəti elə bir formada rəvayət etməsidir ki, həm
eşitməsi və həm də eşitməməsi ehtimal edilir.”
- Tədlis ət-təsviyə: “Bu, “mudəllis”
ravinin öz şeyxindən “eşitdim” deməklə hədis rəvayət etməsidir ki, o, isnadın
tərkibində olan, bir-biri ilə rastlaşmış iki etibarlı ravinin arasında ( hədisi
birindən eşidib digərinə çatdırmaqda vasitə) olan etibarsız ravinin adını
vurğulamır və onlardan birincisi “mudəllis” deyildir. Odur ki, “mudəllis” ravi
(şeyxindən eşitdiyi hədisin isnadını sadaladıqda) elə bir ləfz gətirir ki, o
iki etibarlı ravinin birinin digərindən həmin hədisi eşitməsi ehtimal edilir və
beləliklə də isnadın tərkibi yalnız etibarlı ravilərdən ibarət olur.”
- Tədlis əş-şuyux: “Bir ravinin
digərindən eşitdiyi hədisi rəvayət etməsidir ki, həmin ravi öz şeyxinin
tanınmaması üçün onu ya məşhur olmadığı adı ilə, ya künyəsi ilə, ya nəsəbi ilə,
ya da xassəsi ilə qeyd edir.”
İbn Həcər əl-Əsqalani (Səhih
əl-Buxarinin şərhi olan “Fəthul-Bəri” adlı irihəcmli, məşhur əsərin
müəllifidir) bu hədis rəvayət edən hədis ravisi Həmid barədə deyir: “Ənəsdən
qeyd etdiyi hədisin bir qismi tədlis – yalandır.”
İbn Həcər “Təbəqatul-Mudəllisin”
əsərində Həmidin bu işdə həddini aşdığını və bir çox hədisləri bu cür doğru
olmayan şəkildə rəvayət edərək kələkbazlıq etdiyini yazır. İbn Həcər sözünün
sonunda onun ədalətli şəxs olmadığını qeyd edərək, onu ədalətsizlik sifətini də
qeyd edir.
Deməli hədis elminə əsasən bu hədisi
rəvayət edən şəxs, ədalətsiz və insanları aldadan bir fırıldaqçıdır. Belə
şəxslərin dediyi də etibarsızdır.
2. Hədisdə “Novruz və Mehrigan” sözlərinin olmaması: -Bu hədisdə Novruz və
Merigan sözü keçməmişdir. Bunu Əbu Davuda şərh yazan Məhəmməd Şəmsul-Haqq
əl-Azimabadi də təsdiq edir və bu əlavə olunmuş sözlərin daha sonrakı
zamanlarda hədisə əlavə olunduğunu qeyd edir. Bəzi mənbələr bu əlavələrin Molla
Əli Qari ilə əlaqələndirirlər. Halbuki, Molla Əli Qarinin rəvayət etdiyi digər
hədisdən Novruzun caizliyi başa düşülür. Hər halda sual yaranır ki, məgər bir
hədislə (bir halda ki, ravisi də yalançıdır) nəyisə halal ya haram etmək
olarmı? Belə zəif hədisdən İslam ümməti üçün hansısa əmr və qadağaları hökm
şəklində çıxarıb demək olarmı?
3. Tək ravidən rəvayət olan hədisdən hökm sadir olmaz: - Fərz edək ki, o
hədisdə Novruz və Mehrigandan söz açılıb. Amma biz yenə də növbəti bir
problemlə qarşılaşırıq. Bu hədisin ravilərində problem olduğunu müşahidə etdik.
Bu kimi rəvayətlər hədis elmində (Səhih hədisdən bir qədər aşağı dərəcədə duran
hədisə "həsən" (yaxşı) deyilir. Həsən hədisin də ravisi (rəvayətçisi)
ədalətli, mömin və doğrucul olmalıdır. Lakin həsən hədisin sənədindəki ravi
hədisçilik sahəsində bəzi nöqsanlara sahib ola bilər (məsələn, hafizəsi güclü
deyil, hədisi düzgün rəvayət edib-etmədiyi barədə özünün şübhəsi var və s).
Qeyd edək ki, "Həsən hədis" terminini ilk dəfə "Sünən"
müəllifi Tirmizi tətbiq etmişdir. Ona qədər hədisləri səhih və zəif olmaqla iki
qismə bölür, zəif hədisləri də mətruk (rədd olunan) və qeyri-mətruk (rədd
olunmayan) olmaqla iki növə ayırırdılar. Tirmizi qeyri-mətruk zəif hədisləri
həsən adlandırdı. Bəzi mənbələr də aşkar olaraq bunu xəbəri vahid adlandırır.
Hər halda sözü uzatmadan əsl mətləbi qeyd edək. Bu hədisin ravisi hədis elmində
kələkbaz və fırıldaqçıdır. Quran bizə bu mövzuda yol göstərərək buyurur: “Ey
insanlar! Sizə fasiq (yoldan çıxmış) bir adam bir xəbər gətirsə, onun
doğruluğunu araşdırın. Yoxsa bilməyərək bir cəmiyyətə qarşı pislik etsəniz,
sonra da etdiyinizdən peşman olarsınız.” (Hucurat 6)
Deməli bizim vəzifəmiz hər hədisə
inanmaq deyil, onu araşdırıb daha sonra qəbul etməkdir. Bu kimi hədislərdən
təkrar deməliyik ki, hökm sadir etmək olmaz.
4. Burada daha bir mühüm məsələ budur ki, hədisdə istinad edilən Ənəs bin
Malik peyğəmbər (s) Mədinəyə gəldiyində 10 yaşlı kiçik uşaq idi. Haqlı olaraq
bir sual meydana çıxır ki, necə olur ki, orada olan heç bir səhabə bu hadisəni
müşahidə etmədi yalnız 10 yaşlı bir uşaq bunu eşitdi və rəvayət etdi?
Peyğəmbərin ətrafında ona illərlə xidmət edən böyük və hörmətli səhabələr, o
zamanın hədis nəql edənləri heç kəs camaatın arasında olan bu sözü duymadı? Bu
hal hədisi sual altna aparır.Çünki, peyğəmbərin (s) ətrafına cəm olan səhabələr
xüsusən şəriətlə bağlı halal və haram mövzusunda, peyğəmbəri (s) çox diqqətlə
dinləyir və o hədisləri digərlərinə çatdırırdılar. Necə olur ki, “Novruz” haram
olunur amma hamı bu sözə biganə yanaşır? Bu qeyri mümkündür. Digər cəhətdən heç
bir tarixi mənbə iddia edə bilmir ki, peyğəmbər (s) hansısa xalqın dinə zidd
olmayan adətini assimlasiyaya məruz qoysun. İslam dini gözəl adətləri həmişə
bəyənib və ona qadağa qoymayıb. İslam dini yalnız bayramlarla mübarizə aparmaq
üçün gəlib?
5. Necə olur ki, Ənəs bin Malik Novruz günü oruc tutmağı məkruh, amma Novruzu
haram hesab edir. Eyni hədis Əhməd bin Hənbəlin müsnədində və həmçinin
“İqtizau-Siratul-Mustəqim” kitabında sözü gedən hədis zikr olunur. Din
insanların həyat tərzindəki dinlə zidd olmayan adətləri heç vaxt qadağan
etməyib. Əksinə onları qoruyub saxlayıb. Buna Qurandan da dəlil gətirmək çox da
çətin bir məsələ deyil. Əgər belə olsaydı dinimiz bir sıra məsələlərə (məsələn,
həcc ayinlərinə) gərək ciddi dəyişiklik edəydi. Amma biz bunu müşahidə etmirik.
6. Bir şeyin digərindən üstünlüyü ya xeyirli olması digərlərinin haram olması
anlamına gəlməz.
Hədisin mətnində olan sözlərdən birinə
diqqət edək. “Allah o iki günün əvəzində daha xeyirli iki gün vermişdir. Bunlar
Qurban və Ramazan bayramlarıdır.” Gəlin bu hədisi Quranla izah edək.
“Və ( yadınıza salın) o zaman(ı) ki,
dediniz: “Ey Musa, biz bir cür yeməyə heç cür dözməyəcəyik. Buna görə də bizim
barəmizdə öz Rəbbini çağır ki, bizim üçün yerin bitirdiyi şeylərdən – göyərti,
xiyar, sarımsaq, mərcimək və soğan çıxarsın.” Musa dedi: Siz daha yaxşının
yerinə alçaq şey istəyirsiniz...” (Bəqərə 61)
Bəni İsrail halva və bildirçin ətini
göyərti, xiyar, sarımsaq, mərcimək və soğana tərcih etdilər. Onların bu işi
qınanılsa da ayədə adları keçən yeməklərin (göyərti, xiyar, sarımsaq, mərcimək
və soğan) onlara haram olmasını heç bir müfəssir və alim qeyd etmir və
olmadıda. Sadəcə onların bu işləri yad edilir. Peyğəmbərin (s) dilindən deyilən
hədisidə bu Quran ayəsindən çıxarış edib deyə bilərik ki, hətta fərz edək ki,
hədisdə Novruz və Mehrigan sözləri var. Bu hədisdən Novruzun haramlığı hökmünü
Qurana əsasən çıxarmaq olmaz. Başqa ayədə də sözümüzü bu yöndən möhkəmləndirir.
Biz bir ayənin hökmünü qaldırır və ya
onu unutdururuqsa ya ondan daha xeyirlisini, ya da bənzərini (mislini)
gətirirk..." (Bəqərə, 106)
O hədisdəki məntiqlə götürülsə onda,
nəsx olunan ayələr xeyirsiz və faydasızdır? Onda o ayələr ləğv olunmalıdır? Bu
məntiq Quranla uyğun deyil və hədisdə hətta Novruz sözü də olsa yenə də “Allah
o iki günün əvəzində daha xeyirli iki gün vermişdir. Bunlar Qurban və Ramazan
bayramlarıdır.” hədisindən Novruzun haramlığı başa düşülməz. Bu hədis Novruza
haram deyənlərin elə öz əleyhlərinə gözəl bir dəlildir. Bu ayə bir daha isbat edir ki, Novruz haram
deyil. Əksinə var, lakin Qurban və Ramazandan üstün deyil.
Bir
dəlil də tarixdən deyək və bu hissədən keçək. Peyğəmbərin (s) hz Xədicə barədə
dediyi söz: "Mən (qadınlar içində) Xədicədən daha qiymətlisinə nail
olmamışam, bütün insanlar inkar edərkən, o, mənə inandı, hamı məni təkzib
edərkən o "sən doğrusan çəkinmə davam et" dedi. Hər kəs məni
tənhalığa tərk edərkən o mənə yalnız imanı və sevgisi ilə deyil malı ilə də
dəstək oldu. Bu yolda maddi varlığını fəda etməkdən çəkinmədi. Mənə hər şərtdə
sahib çıxdı. Üstəlik, uşaqlarımın anasıdır". Bu hədisin mənası bu deyil ki,
digər xanımların üstündən xətt çəkək. Bu və bu kimi hədislər birinin digərindən
üstünlüyüdür. Bəli, biz də deyirik ki, Qurban və Ramazan digər bayramlardan və
həmçinin Novruzdan da üstündür. Biz bəziləri kimi peyğəmbər (s) adına yalan
nisbət verib Novruzun haram etmirik. Çünki, qeyd olunan ayələr bu işi mümkünsüz
edir.
7. İslam bu iki bayramı daha xeyirli iki bayramla
əvəz etmişdir. Bu iki gündə şadlıq və sevinc caiz deyildir. Hər kim bu gündə
bir müşrikə təzim, yaxud təbliğ baxımından bir yumurta belə versə Allah onun
əməlini zay edər və o, bu əməli ilə Allaha küfr etmişdir.”
Bu
fətva Əbu Həfs (Kəbirə) Buxari Hənəfi istinad edilir. Bu şəxs Hənəfi
məzhəbindəndir, muhəddisdir və bir sıra elmi titul da əlavə etmək olar. Sözümüz
budur ki, bu qədər elmi titullara sahib olan şəxsdən yalnız bir fətva geriyə
qaldı? Yaxud o sadəcə bir fətva verdi və daha fətva verməkdən əl çəkdi?
Əbu
Həfsin oğlu (Əbu Həfs Səğir) da atasının yolunun ardıcılı idi. O, Samanilər
(875-999) sülaləsinin qurularkən Əmir İsmailin yanında yer almışdır. Digər
tərəfdən görürük ki, miladi 892-ci ildə Əmir İsmail Samani Xorasan
riyaziyyatçılarından istədi ki, ölkənin təqvimini yenidən nəzərdən keçirib
yazsınlar və Novruz bayramını elə bir yerdə qərar versinlər ki, günəşin ekvator
xəttindən keçməsi ilə birgəlik təşkil etsin. Samanilər Novruz bayramını
dövlətin qurulmasından etibarən böyük həvəs və təntənə ilə qeyd ediblər. İndi
sual budur ki, əgər Novruzu qeyd etmək kafirliklə bərabər idisə nə üçün bu
fətvanı verən Əbu Həfs Kəbirin oğlu Əbu Həfs Səğirin dəstəyi ilə qurulan Samani
sülaləsi, bunu bayram edirdi? Tarixi mənbələr onun bu mövzuda bircə dəfə də
olsun etirazını qeyd etmir.
Əbu
Həfs Kəbir Hənəfi məzhəbindən idi. Əbu Hənifə həm də xəlifə Mənsur Abbasın
dövründə yaşayırdı və xəlifə də Novruz və Mehrigan deyilən iki bayramı qeyd
edirdi. Əbu Hənifə yaxınları şəriət hökmlərini araşdırıb fətvalar verdiyi halda
nə üçün Novruz mövzusunda nə özünün nə onun yaxın ardıcıllarından (Muhəmməd,
Əbu Yusif, Zəfər və s) bir fətva belə bizə miras qalmadı? Əgər haram idisə və
onlar bunu müşahidə edirdilərsə nə üçün bircə dəfə də olsun bundan söz
açmırlar?
Bu
fətvada yumurtadan danışılması qədim Yunan və Misirdə olan və daha sonra
yəhudiliyə də keçən yumurta ilə bağlı xurafat sözlər və yanlış əqidələrlə bağlıdır
ki, onlara daxil olmaq istəmirik. Qədim dinlərin tarixi ilə bağlı kitabları
mütaliə etdikdə bunları təfərrüatı ilə görə bilərsiz.
8. Novruzla bağlı bunu da qeyd etmək yerinə düşərdi
ki, bu bayramın tarixi heç bir xalqın adına və mədəniyyətinə xüsusi bağlı
deyil. Bununla belə, Novruz yayıldığı coğrafiyada təhriflərə və xurafatlara
məruz qalmışdır. Bunda həm zərdüştlərin, həm məsihilərin və həm də nadan
müsəlmanların payı vardır. Bir halda ki, Novruzun heç bir dinə, millətə və
məzhəbə bağlılığı yoxdur.Novruz bəzilərinin düşündüyü kimi heç də hansısa şahın
taxta oturması və bu kimi hadisələrə bağlı deyil. Novruz insanoğlunun yaranması
ilə var olmuş və dünya durduqca da var olacaqdır.
9. Heç bir tarixi
və elmi dəlil yoxdur ki, peyğəmbər (s) Mədinəyə daxil olduqda oranın əhalisi
təhrif olunmuş və yad mədəniyyətin təsiri altında olmuş ola. Biz bunun əksini
görürük. Məsələn görürük ki, peyğəmbər (s) hicrətdən öncə ora neçə-neçə müəllim
və təbliğçilər göndərmiş və camaatı maarifləndirmə yolunda onların da əməyi
danılmazdır.
10. Biz Buxaridən Novruza təşviq edən hədislərlə
rastlaşırıq. Məsələn bir nümunə;
Buxari (q.194-256) Tarixul-Kəbir də
belə rəvayət etmişdir.
“Hz Əli (ə) üçün halva gətirdilər. Soruşdu: “Bu nədir?”
Dedilər: “Bu gün Novruzdur.”
Hz Əli (ə) buyurdu: “Hər günü Novruz edin.” (Tarixul-Kəbir, Buxari, c 1, səh. 414)
“Hz Əli (ə) üçün halva gətirdilər. Soruşdu: “Bu nədir?”
Dedilər: “Bu gün Novruzdur.”
Hz Əli (ə) buyurdu: “Hər günü Novruz edin.” (Tarixul-Kəbir, Buxari, c 1, səh. 414)
Hz Əli (ə)
Novruzun halal yaxud haram olmasını
bilmirdi? Əgər bir hədis deyilmişdisə necə ola bilər Hz Əli (ə) onun əksini deyə
və heç bir səhabə ona etiraz etməyə? Əgər Novruzu haram edən hədis həqiqətən
mövcud idisə niyə bir səhabə belə Hz Əliyə etiraz edib demir ki, axı peyğəmbər
bunu haram edib. Bu mövzunu kifayət qədər uzadıb suallar tərtib etmək olar.
Amma biz bu mövzunu burdaca yekunlaşdırırıq.
Nəticə.
1. Novruzla bağlı qeyd edilən hədis, hədis elmi
baxımından qəbul edilməzdir.
2. Hədisi rəvayət edən ravilərdən biri (Həmid)
fırıldaqçı və yalançıdır.
3. Hədisin mətnində “Novruz və Mehrigan”
ifadələri Novruza müxalif olan şəxslər tərəfindən hədisə əlavə olunmuşdur.
4. Hətta o, ifadələr olsa da yenə hədis qəbul
edilməzdir. Çünki, tək ravidən rəvayət olan hədisdən hökm sadir olmaz.
5. Peyğəmbərin (s) Mədinəyə gəlişi zamanı Ənəs
bin Malik 10 yaşlı uşaq idi. O hədis böyük bir cəmyyətin, səhabələrin önündə
deyilmişdisə necə oldu o hədisi ancaq Ənəs bin Malk eşitdi və ancaq o rəvayət
edir və bütün mənbələrdə hədisin son ravisi odur?
6. Ənəs bin Malik Novruz günü oruc tutmağı
məkruh, amma Novruzu haram hesab edir?
7. Bir şeyin digərindən üstünlüyü ya xeyirli olması
digərlərinin haram olması anlamına gəlməz.(Bəqərə 61 və 106)
8. Novruzla bağlı fətva tarixi hadisələrlə
ziddiyyət təşkil edir.
9. Əbu Hənifə Novruzun keçirildiyinə şahid olduğu
halda niyə bu haqda fətvası yoxdur?
10. Novruz heç bir xalqa və mədəniyyətə bağlı deyil.
11. Novruza təşviq edən hədislər Buxaridə yer alır.
Mahir Şəkərov – İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder