Peyğəmbərin (s) "İnşallah" sözünü deməməsi onun günah etməsi anlamına gəlməz.
وَلَا
تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فَاعِلٌ ذَلِكَ غَدًا
Və heç bir şey barəsində “mən sabah onu
mütləq yerinə yetirəcəyəm” demə (çünki yaradılış səbəbləri, hətta insanın iradə
və istəyi Allahın iradə və istəyindən asılıdır.) (Kəhf 23)
إِلَّا أَن
يَشَاء اللَّهُ وَاذْكُر رَّبَّكَ إِذَا نَسِيتَ وَقُلْ عَسَى أَن يَهْدِيَنِ
رَبِّي لِأَقْرَبَ مِنْ هَذَا رَشَدًا
Yalnız (belə de: “Əgər) Allah istəsə
(filan işi edəcəyəm). Və (inşallah deməyi) unudana, öz Rəbbini yada sal və de:
“Ümid var ki, Rəbbbim, məni bundan daha yaxın (bir yol)a təkamülə və haqqa
doğru yönəltsin. (Kəhf 24)
Bütün peyğəmbərlər kimi, son peyğəmbərimiz də
məsumdur. Onların həyatlarında baş verən hadisələrin kökündə bizim çətinliklə
anlaya biləcəyimiz həqiqətlər dayanır. Allah Rəsulu (s) barədə qeyd edilən və
onu şirkdə ittiham edən bir mövzunu Quran işığında aydınlaşdıraq.
Mövzunun ümümi mahiyyəti vəhyin kəsilməsidir. Vəhyin
kəsilməsinin səbəblərinin izahında müxtəlif fikirlər rəvayətlər mövcuddur.
Lakin, biz Qurana və peyğəmbər (s) şəninə ən uyğun olanını zikr edirik.
1.Bir qrup yəhudi peyğəmbəri (s) imtahan etmək məqsədi
ilə ona müxtəlif suallar ünvanladılar. Peyğəmbər (s) “sabah gəlin” dedi və
“inşallah” sözünü ifadə etmədi. Bu səbəbdən 40 gün (bəzi mənbələrdə 5 və 15
gecə və gündüzdə keçməkdədir) vəhy gəlmədi və Hz Cəbrail (ə) nazil olmadı. Daha
sonra Kəhf 23-24 nazil oldu. Bəzi tarixi mənbələr isə sual verənlərin Qureyşdən
olduğunu və onlarda bu mövzuda yəhudilərlə iş birliyi içində olmaları nəql
olunur. Cəbrail (ə) Allah tərəfindən həmin cavablar haqqında və dünyanı dolanan
barəsində bəhs edən “Kəhf” sürəsini və ruh haqqında olan ayəni peyğəmbərə (s)
nazil etdi. Peyğəmbər (s) cavabın bu qədər gecikməsinin səbəbini Hz Cəbraildən
(ə) soruşdu.
Hz Cəbrail (ə) cavabında: “Mən yalnız
Allahın əmri ilə nazil oluram.” buyurdu.”
Bu ayələr bizə danışıq zamanı necə
danışacağımızı bəyan etmək üçün gözəl ülgüdür. Yəni, əslində ibrət götürəcək
bizlər olmalıyıq. Digər tərəfdən, məsələ sırf belə deyil ki, peyğəmbər yalnız
və yalnız “inşallah” sözünü demədi deyə Allah vəhyi kəsdi. Məsələnin bu cür
qoyulmasını yalnış hesab edirik.
Bir insan əgər inanırsa ki, baş verəcək
hadisələrdə Allahın da iradəsi vardır, bunu hər dəfə dilində deməsinə lüzum
yoxdur. Təfsir alimləri bu ayələri şərh edərkən, Zuha sürəsinin də təfsirinə
diqqət çəkirlər. Zuha sürəsinin də nazil olma səbəbi bu hadisə ilə bağlıdır.
Həmin sürəyə baxdıqda Allah Rəsuluna qarşı, ehtiram və hörməti müşahidə edirik.
Həmin sürənin 1-5 ayələrini oxuyaq.
Zuha 1: And olsun günəşin doğmasına və
aydın gündüzə.
Zuha 2: And olsun sakitləşməkdə və (hər
yeri) bürüməkdə olan gecəyə ki,
Zuha 3: (Ya Muhəmməd), Rəbbin səni tərk
etməmiş və (sənə) acığı tutmayıb.
Zuha 4: Və şübhəsiz, axirət sənin üçün
dünyadan daha xeyirlidir.
Zuha 5: Həqiqətən, Rəbbin tezliklə sənə
(o qədər) əta edər ki, (Ondan) razı qalarsan.
Əgər Allah Rəsulu hər hansı bir xətaya
və ya səhvə düçar olmuş olsaydı Allah “(Ya Muhəmməd), Rəbbin səni tərk etməmiş
və (sənə) acığı tutmayıb.” buyurmazdı. (Zuha 3)
İnşallah kəliməsinin dilə gətirməmək
günaha yaxud bəzilərinin düşündüyü kimi şirkə səbəb olmaz. İnsan o zaman şirkə
daxil olar ki, bir işin baş verməsində özünü müstəqil bilsin. Amma əgər bir
şəxs Allah qarşısında özünün və ya başqasının müstəqil olmadığı
etiqadındadırsa, dilinə inşallah kəlməsini gətirməsə də belə heç bir şirkə
düçar olmaz. İslam peyğəmbəri (s) ona görə bu sualın cavabını yubatmışdır ki,
Allahdan vəhy gözləyirdi. Bu Allah Rəsulunun (s) həmişə etdiyi bir əməl idi.
Peyğəmbərin (s) bu mövzu qarşısında da vəhyi gözləməsi onun müstəqil olmayıb
Allaha arxalanmağından xəbər verirdi. Qurani-Kərim bəzi peyğəmbərlərin
əməllərini onlara aid olduğunu deyir. Bunu da Feli-tovhidə zidd bilmir. Necə
ki, peyğəmbərə xitabən buyurur:
فَقُلْ لى
عَمَلى وَ لَكُمْ عَمَلُكُمْ
De: “Mənim əməlim mənə, sizin əməliniz
isə sizə aiddir. Mənim etdiyim əməllərin sizə, sizin etdiyiniz əməllərin mənə
heç bir dəxli yoxdur!” (Yunus 41)
Başqa ayədə isə oxuyuruq:
وَ
يَسْئَلُونَكَ عَنْ ذِى الْقَرْنَيْنِ قُلْ سَأَتْلُوا عَلَيْكُمْ مِنْهُ ذِكْراً
(Ya Rəsulum!) Səndən Zülqərnəyn
barəsində soruşarlar. De: “Onun barəsində sizə bir hekayət (bəzi xəbərlər)
söyləyəcəyəm!” (Kəhf 83)
وَلَا
تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فَاعِلٌ ذَلِكَ غَداً
Və heç bir şey barəsində demə ki, mən
onu sabah edəcəyəm. (Kəhf 23)
غَداً - Sabah -Məqsəd gələcəkdir.
غَداً - Sabah -Məqsəd gələcəkdir.
Qurani Kərimin bir neçə ayəsində Allah
inşallah sözünün önəmini çatdırmaq üçün ayələr nazil etmişdir.
Daha ətraflı bax: Bəqərə 70, Kəhf 24-69,
Qəsəs 27, Fəth 27, Saffat 102.
Bu ayələrə diqqət etsəz görəcəksiniz ki, İstər Allah Rəsulu (s), istərsə də digər peyğəmbərlər mühüm bir iş görmək istədiklərində “İnşallah” sözlərini dillərində şüar etmişlər.
Mövzumuza gəlincə, insan gərək həqiqətən
özünü məhdud bilə, aciz bilə. Bilə ki, hər şeyin üzərində daha üstün bir qüdrət
vardır.Bu məsələ insan qəlbinə, əqidəsinə qayıdan bir mövzudur. Bir insan dildə
“Allaha sığınıram” deyib, əməlində yenə günahlara davam edirsə, onda dildə
dediyinin heç bir əhəmiyyəti olmaz.
Əziz peyğəmbərimiz (s) hətta qəbir
əhlinə dua və salam verdiyi zaman belə inşallah sözünü ifadə etmişdir. (Muslim,
Cənaiz 104, İbn Macə 36.) Baxmayaraq ki, hər bir kəsin ölümü qətidir. Peyğəmbər
(s) bu əməli ilə bizə danışarkən, necə danışmalı olduğumuzu öyrədir. Axı o ən
gözəl nümunədir. (Əhzab 21)
Fəlsəfə fənnində də belə bir fəlsəfi
nəzəriyyə mövcuddur: “لا مؤثر فی الوجود الا الله” Yəni Allahdan başqa heç bir
müəssir (təsir edən) yoxdur.
Bu ayənin heç bir yerindən “Peyğəmbər
(s) günah etdi ya şirk etdi” mənası anlaşılmır. Və Allah Rəsulu (s) da bu
müddət ərzində özünün ruhiyyəsində belə bir halət yaşamadı. Əgər həqiqətən bir
günaha düçar olduğunu bilsəydi, Hz Cəbrayıl nazil olduqda “niyə gec gəldin”
sualı o zaman yersiz olardı. Vəhyin gecikməsi ilə əslində bir sıra məsələlər həllini
tapdı. Hələ də bəziləri Quranın Allah sözü olmasına şəkk edirdi. Bu hadisədən
sonra bəhanələri az da olsa kəsildi. Vəhy gecikdi deyə, Allah Rəsuluna (s) bəzi
töhmətlər vuruldu, haqqında xoşagəlməz sözlər söyləndi. Amma, o səbrlə ilahi
vəhyi gözlədi. Hamı bir daha gördü ki, Allah Rəsulunun (s) onlara dediyi hər
söz ilahi vəhydir, onların düşündüyü kimi öz sözləri deyildir. Hətta Cəbrayıl (ə) da Allahın izni olmadan nazil
ola bilmir. Vəhyin gecikməsi Qiyamətəcən bütün insanlığa bunu öyrətdi ki, Quran
nə Hz Cəbrayılın sözüdür və nə də peyğəmbərin (s). Bu Allah tərəfindən nazil
olan ilahi kəlamlardır. Allah Rəsulu (s) İnşallah deməməsi əslində bütün bu
hadisələrin baş verməsi üçün gözəl zəmin yaratdı.
Məryəm
64 – “(Vəhy mələyi bir müddət yubandı. Peyğəmbər səbəbini soruşdu. Mələk dedi:
“Biz peyğəmbərə tədrici vəhy gətirmək üçün) yalnız Rəbbinin əmri ilə nazil
oluruq. Bizim gələcək və keçmiş işlərimiz və o ikisinin arasında olan hal-hazır
Allaha məxsusdur. (Allah üçün keçmiş, gələcək və indiki zaman birdir və vəhyin
gecikməsi məsləhətdir). Sənin Rəbbin əsla unutqan deyil.”
Biz
Quranın digər ayələrinə də baxdıqda görürük ki, xitab peyğəmbərə olsa da məqsəd
o deyil. Tövbə sürəsinin 43-cü ayəsinin izahında buna geniş yer ayırdıq. (Bax:
http://mahir-shekerov.blogspot.com/2017/02/tovb-43-peygmbri-s-trif-edir-mzmmt-yox.html)
“Vəhyin
gecikməsi” bizim baxışı bucağımızdan hansı mənanı ifadə edə bilər. Amma ilahi
məsləhət, hikmət və bu gecikmənin pərdəarxası həqiqətlərini gördükdə insan
anlayır ki, Allahın heç bir işi hikmətsiz deyilmiş. Quranın tədrici nazil
olmasını da nəzərə alsaq, məsələnin anlamaqda bizə yardımçı ola bilər.
Bu
ayədən alacağımız ibrətlər bunlardır:
1.Bir
qərar aldıqda Allahın iradəsin öz iradəmizdən üstün bilək.
2.İşlərin
həyata keçməsində özümüzü müstəqil (Allahdan ayrı) bilməyək. Zahirdə olan
hadisələr, işlər bizi aldatmasın.
3.İnşallah
sözünü təkcə dildə demək kifayət etmir. Əgər bu söz ruhumuza hopsa və hər an
onunla yaşasaq hətta dilə gətirməsək belə heç bir eyibi olmaz. Bu mövzuda bizə
nümünə olan Allah Rəsulu (s) kimi.
4.Əlimizdən
çıxan şeyləri, təlafi edək.
5.Peyğəmbərlərin
də ilahi tərbiyəyə, tövhidi mövzularda daha da üstün yolları qət etməkdə
yardıma ehtiyacları vardır.
6.İnsan
daim Allahın köməyinə möhtacdır, peyğəmbər olsa belə.
7.Allahın
yardımına özünü möhtaclı bilmək, bəndəçiliyini analamaqdır.
8.Hidayətin
mərhələləri vardır. Peyğəmbərlər də daim ən kamilliyə doğru hidayət olunurlar.
9.Orta
yolu tutaraq, ifrat və təfritdən çəkinmək.
10.
Allahın bütün işlərində mütləq bir hikmət vardır.
Nəticə: Allah Rəsulu (s) bu mövzuda heç bir günaha yol
verməmişdir. Zuha sürəsindəki ehtiram dolu ayələr buna dəlildir. Allahın
peyğəmbəri ümmət üçün gözəl bir nümünədir. Allah Rəsulunun bütün vücudu tövhid
və ilahi həqiqətlərin cəm olduğu mübarək bir vücuddur. Onun hər addımı, işi
ilahi istəklərlə üst-üstə düşür. Belə bir nümünə şəxs necə ola bilər ki,
hansısa işdə Allahın köməyini, ayrdımın unuda və özünü Allaha bağlı bilməyə? Bu
Quranın bizə tanıtdırdığl nümünə şəxsiyyətə münasib deyil. Digər tərəfdən peyğəmbərin
o sözü zahirdə deməməsi onun həqiqətdə o cür düşünməsi demək deyil və heç kim
iddia edə yaxud bu iddianı isbat edə bilməz ki, peyğəmbər “inşallah” sözünü
deməməklə özü ilə Allah arasında xüsusi bağı qopartdı. Allah Rəsulu (s)
inşallah sözünü deməməklə o zamanda olan bir sıra məsələləri real şəkildə
cavablandırmış oldu. Vəhyin Allahın sözü olmadığı iddia ednlərin, iddiaları bu
yolla aradan getdi. Bunu da qeyd edək ki, inşallah sözü gələcəklə bağlı işlər
üçün istifadə olunur. Bu sözü keçmişə nisbət vermək doğru deyil. Məsələn: “Mən
inşallah dünən filan yerə getdim” Həmçinin hər sözdə tez-tez inşallah sözü
işlətmək də bu sözün mahiyyətinin aradan getməsinə səbəb olur. Məsələn, “saat
neçədir?”, Neçə yaşın var?” sualına – İnşallah saat beşdir, yaxud inşallah 20
yaşım var deməsi doğru hesab olunmur. İnsan əqidə və qəlbi ilə hər şeyin
Allahın iradəsi ilə baş verdiyinə inansa kifayət edər. Hətta dilinə gətirməsə
belə bu onun imanına, dininə zərrə xələl gətirməz.
Mahir
Şəkərov – İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder