Qəbir ziyarəti Quran və sünnədə


Qəbir ziyarətinə müxalif olanlar deyirlər ki, peyğəmbər (s) qəbir ziyarətini qadağan edib.
- İrada cavab olaraq deyirik ki, düzdür peyğmbər (s) bunu qadağan etmişdi, lakin daha sonra bu qadağa ortadan qalxdı.
Qadağanın səbəbi: Bütpərəstlik ruhiyyəsinin olduğu dönəmlərdə, bir müddət qəbir ziyarətinin qadağan olması gözə çarpır. Amma çox qısa zaman kəsiyindən sonra bu mövzuda insanlara tam azadlıq verilir. Hədisə nəzər salaq;
Hədis: Mən bir zaman sizə qəbir ziyarətini qadağan etmişdim. İndi isə ziyarət edin. Çünki, qəbir ziyarəti sizə axirəti xatırladır. (Tirmizi Cənaiz 60, Muslim Cənaiz 106, Müslim c. 3, səh. 65, Əbu Davud c. 2, səh. 195, Tirmizi c. 3, səh. 274)
Bəziləri qadağan sözünü haram sözü ilə qarışdırır və iddia edir ki, qəbir ziyarəti haram edilib. Qəbir ziyarəti heç vaxt haram olmayıb.
Qadağan – yəni izn verilməyən. Bu sözü haram termini ilə qarışdırmaq doğru deyil. Sözümüzün dəlili Səhihi Müslimdəki hədisdir. Hədis: Ümmi Ətiyyədən nəql olunur. O deyir: “Qəbir ziyarəti bizə qadağan oldu, haram olmadı.”
Qəbir ziyarəti Quranda.
Qəbir ziyarəti ilə bağlı müqəddəs kitabımızda (onu qadağan, haram edən yaxud ona xüsusi icazə verən) xüsusi bir ayə yoxdur. Amma Allah Rəsulunun (s) mübarək hədislərində, onun öz sünnəsində, həmçinin əshab və yaxınlarının həyatına baxdıqda kifayət qədər nümunə görmək mümkündür.
Quranın bəzi ayələrinə istinad edən müxaliflər, qəbir ziyarətinin haramlığını guya Quranla isbat etməyə çalışırlar. Həmin ayələrin təfsir və izahlarına, nazil olma səbəblərinə baxdıqda aydın şəkildə müşahidə edirik ki, bu ayələrin mövzumuzla yaxından və uzaqdan heç bir bağlılığı yoxdur. Həmin ayələrdən biri Tövbə 84-cü ayədir.
Tövbə 84:“Onlardan (münafiqlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər”
Hər iki ənənəvi məzhəbin təfsirlərinə baxdıqda görürük ki, Tövbə 84 Mədinə münafiqlərinin başçısı Abdullah ibn Übeyy ibn Səlul haqqında nazil olmuşdur. İslam peyğəmbəri (s) bu ayə nazil olana qədər münafiqlər üçün həm cənazə namazı qılar və həm də dəfnində iştirak edərdi. Ayənin nazil olması ilə bu işi bir daha etməməsi əmr edilir. Bu ayənin mömin və müsəlmanların cənazə və dəfn işləri habelə qəbir ziyarətinə heç bir aidiyyatı yoxdur. Əgər bu məntiqlə yola çıxsaq və bunu bütün İslam ümmətinə aid etsək, onda müsəlmanların cənazə namazı, yaxud dəfn işləri də gərək yerinə yetirilməyə. Halbuki, bu belə deyildir. Bütün müsəlman cəmiyyəti, öz ölülərini hörmətlə, dinimizin buyurduğu şəkildə dəfn edir.Çünki, bu şəriətin bizə tövsiyəsidir.
Qəbir sözünün keçdiyi başqa bir ayədə diqqət çəkəndir.Ayəni oxuyaq.
Təkasür 2: Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz.
Ayədəki “qəbirləri ziyarət etdiniz” ifadəsini də qəbirlərin ziyarətinin haramlığına dəlil gətirirlər. Amma, ayələrə açıq gözlə baxdıqda görürük ki, burada qəbirlərin ziyarətindən söz getmir. İnsanların mənfi xüsusiyyətlərindən biri olan təkəbbürdən söz açılır. Ərəblər hətta öz ölülərini də sayar və onların çoxluğu ilə fəxr edib öyünərdirlər. Elə sürənin adına baxsa sürə adının “Təkasur” “Çoxluqla öyünmə” olduğunu elə ilk ayələrindən etibarən, malın, övladın və s çoxluğunun və bu çoxluğun təkəbbürə səbəb olduğu zaman insanın həlakına səbəb olduğu aydınlaşır.

Qəbir ziyarəti peyğəmbər (s) sünnəsində.
Peyğəmbər (s) anasının qəbrini ziyarət edir: Səhihi Müslim, Musnədi Əhməd və s. rəvayət olunur ki, peyğəmbər (s) anasının qəbrini ziyarət edib ağladı. (Müslim 2 c, səh. 671; Nəsai 4 c, səh. 90; İbn Macə 1 c, səh. 501)
Peyğəmbər (s) Bəqi qəbiristanlığını ziyarət edir: Peyğəmbər (s) Bəqi qəbiristanlığına gedər və belə dua edərdi: “Salam olsun sizə ey möminlər yurdunun sakinləri! İnşallah bizdə sizə qatılarıq.” (Müslim, Cənaiz 104, İbn Macə 36)
Peyğəmbər (s) Bəqi qəbiristanlığını gecə ziyarət edir: Hz Cəbrail bir gecə peyğəmbərə vəhy gətirərək, ona Bəqi qəbiristanlığına gedib ölülərə dua etməsini söyləyir. (Müslim, Cənaiz 103)
Peyğəmbər (s) Mədinə qəbiristanlığını ziyarət edir: Tirmizi rəvayət edir ki, peyğəmbər Mədinə məzarlığına gəldi və belə dua etdi: “Salam olsun sizə ey qəbirlərin sakinləri. Allah sizi və bizi bağışlasın.” (Tirmizi 58-59)
Peyğəmbər (s) Uhud şəhidlərini ziyarət edir: Allah Rəsulu (s) Uhud şəhidlərini ziyarət edərək belə dua edərdi: “Səbr etdiyiniz şeylərə qarşılıq sizə salam olsun. Sizlər üçün axirət yurdu nə qədər də gözəldir.” (İbn Kəsir, Təfsir 2 c, səh. 529)
Peyğəmbər (s) Hz Həmzənin qəbrində: Peyğəmbər hər cümə, Həmzənin qəbrini ziyarət edər və qəbrin kənarında namaz qılardı. (Sünəni Beyhəqi c 4, səh. 78; Müstədrəkul-Hakim c 1, səh. 377)
İslam peyğəmbərinin vəfatından sonra onun yaxınları və əshabı da qəbir ziyarətini yerinə yetirmişlər.
Hz Fatimə atasının qəbri başında: Hz Fatimə atası peyğəmbərin (s) vəfatından sonra dəfələrl onun qəbrini ziyarət etmişdir. Həmçinin əmisi Həmzənin də qəbrini ziyarət edərdi.
Aişə qardaşı Əbdurrəhmanın qəbrini ziyarət edir: İbn Əbi Muleykə deyir: “Aişəni qəbiristandan gələrkən gördüm. Haradan gəldiyini soruşdum.
Dedi: Qardaşımın qəbrini ziyarət etdim.
Dedim: Peyğəmbər (s) qəbir ziyarətini qadağan etmədimi?
Dedi: Qadağan etmişdi, amma sonra icazə verdi.” (Mülim, Cənaiz 61)
Hz Bilal peyğəmbəri (s) ziyarət edir: Hz Bilal bir gecə peyğəmbəri (s) yuxuda görür. Peyğəmbər deyir: Ey Bilal! Niyə ziyarətimə gəlmirsən? Bilal yuxudan qalxıb, peyğəmbərin (s) qəbrini ziyarət etmək məqsədi ilə Mədinəyə yola düşür.
Əbu Əyyub Ənsari peyğəmbərin (s) məzarını ziyarət edir: Mərvan bir gün, bir nəfərin başını peyğəmbərin (s) məzarı üstə qoyduğunu görür və ona səslənir: Sən heç bilirsən neylirsən?
Kişi başını qaldıranda Mərvan onun Əbu Əyyub Ənsari olduğunu görür. Əbu Əyyub Ənsari deyir: Bəli, mən çox yaxşı bilirəm neylirəm. Mən peyğəmbərin qəbrini ziyarət edirəm. Ey Mərvan! Mən peyğəmbərdən eşitdim: Dİn işlərinə aqil və ağıllı insanlar rəhbərlik etsələr narahat olma. Amma bu iş axmaq və cahillərin əlinə keçsə din üçün nə qədər narahat olsa və ağlasan yeri var. (İbn Hənbəl 5 c, səh. 422)
Həmçinin peyğəmbərin (s) qızı, Hz Fatimə peyğəmbərin (s) vəfatından sonra həftənin 1-3-cü günləri Uhud şəhidlərini ziyarət edirdi.
İslam peyğəmbəri (s) sağlığında insanlara vəsiyyət edir ki, onun vəfatından sonra qəbrini ziyarət etsinlər;
1. Hər kəs qəbrimi ziyarət eləsə şəfaətim ona vacib olar. (Müslim 3-cü cild)
2. Kim məni vəfatımdan sonra ziyarət etsə məni sağlığında ziyarət edən kimidir. (Əbu Davud c. 1 səh. 12)
3. Kim savabına inanraq məni Mədinədə ziyarət etsə cənnətdə qonşum olar.
4. Kim həccə gəlib də mənim qəbrimi ziyarət etməsə əlbəttə ki, mənə zülm etmiş olur.

Mahir Şəkərov – İlahiyyatçı araşdırmaçı.





Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)