Quran deyir ki Novruz var bəs siz nə deyirsiniz?!
- Novruz bayramı ilə bağlı bir
sıra məsələləri birgə müzakirə etmək istəyirik. İlk öncə qəbul etmədiniz amma
sonra...
- Novruz məsələsi elə məsələ deyil
ki, bu haqda uzun-uzadı danışıla və müzakirə obyektinə çevrilə. Amma təəssüf
ki, bu məsələni o həddə çatdırıblar ki…
Hətta bəziləri Novruz bayramına haram, məkruh, bidət adını verir. Əlbəttə
bu deyilənlərin heç biri əsli əsası olmayan bihudə sözlərdir. Elm bir nöqtə
idi, cahillər onu artırdılar hədisindəki incə mətləb kimi...
- İstəyirəm müzakirəyə lap əvvəldən
başlayaq. Bu bayamın atəşpərəstlik ayinləri ilə əlaqəsi varmı?
- Novruz bayramının atəşpərəstliklə
- Zərdüştlə əlaqəsi yoxdur. O mənada ki, bu bayram Zərdüştdən və atəşpərəstlik
ayinlərindən daha da qədim tarixə malikdir. Tədqiqatçı alimlər Novruzun
tarixinin Nuh (ə) – la başlandığını qeyd edirlər. Bəzi mənbələrdə bu barədə
oxumuşdum ki, Novruzu – Nuh ruz, yəni “Nuhun ruzisi” ya “Nuhun xoşbəxtlik və səadətə
çatdığı gün” kimi qeyd edirlər. (red: Nuhun gəmisinin quruya çıxdığı gün) Bəzi
mənbələr deyir ki, bu bayram eradan əvvəl 3-cü minilliyə Babilistana aiddir. Bəziləri
əlacsız qalaraq deyirlər ki, bu bayram atəşpərəstlərin bayramıdır. Bu sözü deyənlərin
özləri də, heç bilmirlər atəşpərəstlik nə deməkdir. Atəşpərəstlərdə od müqəddəsdir.
Novruz bayramında ki, bəziləri odun üstündən atılır (bu xurafatdır) və deyirlər
ki, ağırlığım, dərdim bəlam, xəstəliyim
və s. bu oda tökülüb yansın. Bu əməl və sözlər atəşpərəstlərin ayinlərinin
ziddinədir. Atəşpərəstlər heç vaxt bunu etməzlər. Əgər bu gün bir atəşpərəst bunları görsə mütləq
bunu inkar edər və qəbul etməz. Atəşpərəstlər oda yaxınlaşanda hətta ağızlarını
da bir parça ilə bükürlər ki, onların nəfəsi oda dəyməsin. Onlara görə insan nəfəsi
də odu murdarlaya bilər. Bütün bunlardan sonra kim iddia edə bilər ki bu bayram
atəşpərəstliklə bağlıdır? Atəşpərəstlərdə
od müqəddəsdir. Kim öz müqəddəs bildiyini ayaqlar altına sərər hələ üstəlik
üstündən o tərəf- bu tərəfə atılar? Novruzu atəşpərəstliklə əlaqələndirənlər
(istər ruhani istər qeyri ruhani) bu suala məntiqli və qane edən cavab verə bilərlərmi?
- Axı bəziləri tonqal qalayıb üzərindən
atılırlar...
- Şafei məzhəbinin banisi İmam
Şafeinin şer külliyyatında maraqlı bir misra var. O yazır: “İslamın özündə heç
bir eyib yoxdur. Nə eyib varsa müsəlmanlardadır.”
Çox
gözəl söz və baxışdır. Sizin dediyiniz bəziləri İslam
deyil. İslam şəxslərlə, çoxluqla ölçülməz.
Kimsə tonqalın üzərindən atılır deyə Novruza haram adı qoymaq səhv işdir. Əgər
sabah kimsə namaza idman adı versə onda namazı tərk edək? Biz bu bayramı
xurfatlardan təmizləyib gözəl şəkildə keçirdə bilərik.
- Novruz bayramında olan xurafatlar
hansılardır?
- Çoxdur. Mümkündür biz burada
danışa-danışa da yeniləri icad olur (red:gülür). Bir neçəsini saya bilərik. 1.
Məsələn tonqalın, odun üstündən atılaraq ağırlığım, xəstəliyim dərdim bu oda
tökülsun kimi sözləri demək. 2. Qulaqasdıya getmək – başqasının evini gizlicə
güdmək haram bir işdir. 3. Yumurta döyüşdürmək - əgər hər hansı bir şərt olarsa
və udub uduzmaq olarsa bu artıq qumar olur. Qumar da haramdır. Amma əyləncə xatirinə və heç bir şərt
qoşulmadan olsa bir eybi olmaz. 4. Papaq
atmaq məsələsində də diqqətli olmaq lazımdır. Mümkündür sizin bu işiniz qarşı tərəfi
narahat edə. Əgər arada narahatçılıq olsa bu da olmaz və s.
- Sözlərinizdən bu qənaətə gələ bilərik
ki İslam Novruzu dəstəkləyir?
- Əgər bir adət və ənənə İslamın
prinsiplərinə zidd deyilsə İslam onu dəstəkləyir. Bu bayramda da bir sıra müsbət
xüsusiyyətlər var. Məsələn evlərin, həyət bacanın təmizliyi, İslamda xüsusi
yeri olan qohum əqrabanı ziyarət etmək, bir-birlərinə hədiyyə aparmaq, küsülülərin
barışması və s. Yaxşı olar ki bu işlər
hər zaman ola təkcə Novruzda yox.
- Bəzən dini saytlarda Novruzun bidət
olduğu qeyd olunur…
- Novruzla bağlı bir çox
araşdırmalar dəyərli yazı və məqalələr, çıxışlar izləmişəm. Və bu işi görərkən
heç bir dil və məzhəb fərqi qoymadan Quran deyən kimi ən gözəlini götürmüşəm.
(Nəhl 25) Və nəticə aldım ki, Novruz məsələsi həm şiə və həm də əhli sünnə mənbələrində
qəbul edilən bir məsələdir və bu qətidir. Bu məsələni qəbul etməyənlər isə gündə
bir dona girən döyüş meydanlarından qadın paltarında qaçan, arvadını ailəsini
Suriyadakı dırnaqarası qardaşlarına peşkəş çəkən sələfi-vəhhabi- İşıd və s kimi adlarla tanınan münafiq dəstədir.
Novruz bayramı ilə bağlı hədisləri topladım. Həm bu məsələyə təşviq edənləri həm
də inkar edənləri...
Novruzu təsdiq edən 1 hədisə diqqət.
Noman ibn
Muhəmməd Təmimi (363 h.q) “Dəaimul-İslam” kitabında rəvayət edir: Əli (ə) üçün
(gülab və şərbət) hədiyyə gətirdilər. Buyurdu: “Bu nədir?” Dedilər: “Bu gün
Novruzdur”. Buyurdu: “Əgər edə bilsəniz, hər günü Novruz edin”
Bir az öncə də dedim. Gərək hər gün bu xeyir
işləri edək təkcə Novruzda yox. Hədisdə
də buna işarə edilir ki qoy hər gün Novruz kimi olsun. Hər gün hədiyyələşin və
bu kimi gözəl işləri yerinə yetirin.
- Bəs bu məsələni inkar edib haram
bidət deyənlər nəyə əsaslanır?
- Dediyim kimi Novruzun inkarına
dair bir neçə hədis var. O hədisləri araşdırdırqda məlum olur ki, bu hədis ya
sözügedən mənbədə mövcud deyil və ya rəvayət tarixi yoxdur. Məsələn deyirlər ki
filan kitabda belə bir məsələ var. Axtarırsan görürsən heçnə yoxdur. Öz sözlərini
yeritmək üçün yalan danışıb hansısa kitaba və müəllifə böhtan atırlar və guya
bunlar İSLAMşunasdırlar. Belə şeylər çox olur. Bir hədis oxuyurdum. Onun mətnində
bir qədər qaranlıq qalan nüanslar oldu. Araşdırdım. Hədisdə adı keçən şəxs ki,
o hədisi onun dilindən nəql etmişdilər, həmin şəxs həmin hadisə zamanı hələ
dünyaya gəlməyibmiş. Başqa sözlə hələ ana bətnində imiş. Odur ki gərək hər
sözü, hədisi araşdıraq.
- Söhbətdən öncə qeyd etdiniz ki,
Novruzla bağlı Quranda ayə var. Varmı həqiqətən?
- Bəli var. Əminəm ki, Quranda hər bir şey haqda məlumat var. Sadəcə
bizim elm və savadımız bunu dərk edə bilmir və deyirik ki, filan məsələ Quranda
yoxdur. Əksinə deməliyik ki, bilmirik ya rast gəlməmişik və s. Rahatlıqla “yoxdur” demək fikrimcə düz deyil.
Həmin ayələrə gəlincə; Bir neçə ayə qeyd edirəm bu haqda. Taha sürəsinin
57-58-59-cu ayələri – Əhli sünnənin görkəmli təfsir alimi Zəməxşəri Kəşşaf təfsirində
bu haqda danışır. O cümlədən Sələbi özünün əl-Kəşfu bə Bəyan, Səmərqəndi özünün
Bəhrul ulum,Müqatil ibn Süleyman Təfsiru Müqatil, Cəllaləddin Süyüti özünün əd-Dürrul
Mənsur əsərində ayədəki zinət gününün Novruz bayramı günü olduğunu söyləyir.
Bəqərə 243
təfsirinə baxın. Bir sıra əhli sünnə alimi bu ayənin təfsirində Novruzdan
danışır. O cümlədən Beyhəqi özünün “əs-Sünənul Kubra”, Xətib Bəğdadi “ət-Təbəqatus-Səniyyə”,Cəlaləddin
Süyuti “Camiul əhadis” Muhəmməd ibn İbrahim Cə`əfi “ ət-Tarixul Kəbir”
kitabında belə nəql edir: Novruz bayramı günü Əli ibn Əbi Talibə (ə) camın
içində halva hədiyyə verdilər. Bu nədir deyə soruşduqda dedilər:Ya əmirəl möminin
bu gün Novruzdur, bu da novruz hədiyyəsidir. Hz Əli (ə) dedi hər günümüzü Novruz edin!
(red: Bu ayələrin
izah və təfsirinə baxmağı sizlərin öhdənizə buraxırıq. Ayələrin geniş izah və təfsirlərini
bura yazmaq istəsək çox geniş bir yazı alınacaq.Lütfən tərcüməyə yox, TƏFSİRƏ
baxın.)
O adamlar ki, Novruz haqqında “haramdır” fətvası
verir, məlum olur ki Qurandan xəbərləri də yoxdur. Bu qeyd etdiyimiz alimlər əhli
sünnənin çox dəyərli və olduqca böyük alimləridir. Təəssüfləndirci haldır ki, əhli
sünnə alimi bu iddianı edir amma əhli sünnə adı ilə də Novruza haram deyənlər
peyda olur. Buyurun bu da ayə. Quran, hədis deyil ki onu asanlıqla rədd edək.
Quran deyir ki, Novruz var, bəs siz nə deyirsiniz?! (red: Sual, Novruzu qəbul
etməyənlərə ünvanlanır.)
Bu Quranın sözüdür.
Bunu kimsə dərk edib qavramırsa özünə, öz naqis ağlına etiraz etsin ki, bu
nurani mətləbləri qəbul edə bilmir. Fikrimcə
təkcə bu ayələr, Novruz bayramı haqqında haram (məkruh, bidət) fətvası verənlərə
kifayət edər. Əgər düşüncə sahibləri və təəssüfkeş əhli olmasalar... Çünki, qeyd etdiyimiz təfsir kitabları bütün
İslam müfəssirlərinin, alimlərinin təfsirlərində istinad etdikləri mənbələrdir…
- Təşəkkür
edirik ki, bizimlə müzakirəyə vaxt ayırdınız.
- Siz sağ olun. Allah bu bayramı
bütün müsəlmanlara xeyirli eləsin. Hər günümüz Novruz olsun (hədis).
Müsahibə
verdi: İlahiyyatçı yazar/ Mahir Şəkərov.
Burada mövzular tamam başqadır.
YanıtlaSilBəqərə 243. (Ya Rəsulum!) Minlərlə adamın (taundan) ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi? Allah onlara: "Ölün!" – dedi və sonra da (yenidən) diriltdi. Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür etməzlər!
Taha 57. (Fir’on) dedi: "Ya Musa! Sən sehrinlə bizi öz torpağımızdan (Misirdən) qovub çıxartmağa gəlmisən?
58. Elədə biz sənə eyni ilə onun kimi bir sehr göstərəcəyik. Bizimlə öz aranda bir vaxt tə’yin et. Nə biz, nə də sən və’dimizə xilaf çıxmayaq. Bu (ikimizə də) əlverişli bir yerdə olsun!" (Görək kim-kimə qalib gələcək!)
59. (Musa) dedi: "Sizə verilən və’də sizin bayram gününüz və camaatın (bir yerə) toplaşacağı günorta vaxtıdır!"
Nəhl 25. Qiyamət günü öz günahlarına tamamılə, nadanlıqları üzündən yoldan çıxartdıqları adamların günahlarına da qismən yüklənsinlər. Bir görün onların daşıyacaqları (yük) necə də pisdir!