Təbərrük - Quran və sünnədə

Təbərrük sözü - bərəkət və mübarək sözləri ilə eyni
kökdəndir. Təbərrük əsasən bərəkət istəmək mənasındadır.
Bir şey (və ya şəxs) vasitəsilə bərəkət
və feyzə nail olmaqdır.İslamda müqəddəs olan hər şeydən bərəkət ummaq niyyəti ilə
istifadə etmək olar. Təbərrük o mövzulardandı ki bu məsələ özünü İslamın
tarixində qabarıq şəkildə göstərmişdir. Bir neçəsinə diqqət edək;
1.Təbuk
müharibəsində müsəlmanların suyu azalanda, peyğəmbər (s) az bir miqdarda suyu
barmaqlarının üstündən tökmüş və baş barmağından su axmağa başlamışdır.
Peyğəmbərin (s) barmağından axan su ilə bütün qablar dolur və ordu su
qıtlığından xilas olur.Heç şübhə yoxdur ki Hz peyğəmbərin barmağından axan su
zəm-zəmdən daha üstündür. İslam peyğəmbəri (s) bir qabda su içdikdə digər
səhabələr də o sudan içirdi və o su heç azalmırdı.Çünki o su peyğəmbər (s)
vasitəsilə bərəkətlənirdi. Əbu Əyyub Ənsari peyğəmbəri (s) qonaq etdiyi
günlərdə yemək bişirər və peyğəmbərə verərdi.Yeməkdən qalan hissəni də özü
yeyərdi. (Muslim-əşribə,170-171)
2. Səhih
Buxaridə Səhl ibni Səddən rəvayət olunur.Peyğəmbəri-əkrəm (s) Xeybər qəzvəsində
buyurdu: Bu bayrağı sabah elə bir şəxsə verərəm ki Allah Xeybəri onun əli ilə
fəth edəcəkdir. O, Allah və rəsulunu sevir, Allah və rəsulu da onu sevir. Səhər
açıldı. Hamı peyğəmbərin (s) yanına cəm olduqda peyğəmbər buyurdu: “Əli (ə)
hardadı?” Dedilər: Onun gözü ağrıyır. Peyğəmbər
onu çağırtdırdı. Öz ağzının suyundan götürüb Hz Əlinin gözlərinə sürtdü. Onun
gözləri elə sağaldı ki elə bil ümumiyyətlə onda ağrı olmayıbdır. (Buxari-duaun nəbi iləl islam babı 2 c s 107, Səhihi Muslim cihad və siyər
hədis 123)
3.
Peyğəmbərin (s) dəstnamaz suyuna təbərrük: Səhihi
Buxaridə Ənəs ibni Malikdən nəql olunur: “Əsr
namazının vaxtı gəlib çatdı. Camaat dəstnamaz üçün su tapa bilmədi. Hz
peyğəmbər (s) öz dəstnamaz qabı ilə gəldi. Öz əlini qabın içinə qoydu və
dedi: Dəstnamaz alın. Ənəs ibn Malik deyir: Bir də gördüm ki peyğəmbərin (s)
barmaqlarının ucundan su çeşmə kimi fəvvarə vurur. Camaatın hamısı dəstnamaz
aldı.” (Buxari- kitabul vuzu 1 c, s 31)
Buna bənzər digər rəvayətdə Cabir ibni
Abdullahdan nəql olunur - (Buxari-kitabul əşribə s 219,
Nəsai kitabut-təharət 1 c, s 25, Müsnədi Əhməd 1 c, s 402, Sünəni Darəmi 1 c, s
15)
4.Talik bin
Əli nəql edir: “Biz İslam peyğəmbərinin (s)
yanına gəlib beyət etdik və ona öz məmləkətimizdə olan bir kilsədən söz açdıq.Bu zaman
peyğəmbər (s) bir qab su istədi.O suyla dəstnamaz alıb bizə buyurdu: Öz
diyarınıza çatdıqda kilsəni yıxın. Kilsənin yerini bu su ilə təmizləyin. Sonrada
oraya məscid tikin.” (Nəsai-Məsacid 2 c, s 369,
Əhməd ibni Hənbəl- Müsnəd 5 c, s 494)
5. Peyğəmbərin (s) namaz qıldığı yerə
təbərrük: “İtban
ibni Malik peyğəmbərin (s) yanına gələrək dedi:Ya Rəsulullah! İstəyirəm ki
evimə gəlib namaz qılasan, mən də o yeri özümə namazgah seçim. Peyğəmbər (s)
buyurdu: İstədiyini edərəm. Ertəsi gün peyğəmbər onun evinə gələrək, evin bir
küncündə namaz qildı.” (Buxari 6 c 2673-cü hədis).
Həmçinin Əbu Bureydə deyir: “Mən Mədinədə olduğum vaxt
Abdullah ibni Salam məni gördü və buyurdu: Gedək bizə peyğəmbərin (s) su içdiyi
qabda su iç, namaz qıldığı yerdə namaz qıl.” (Buxari-Məsacid 1 c s 164, Muslim 1 c s 61, İbn
Macə, Nəsai və Əbu Davud).
6. Peyğəmbərin (s) saçına təbərrük: Allah rəsulu (s) saçını qırxdırdı və saçının
tüklərini camaata payladı. (Muslim 323-326, Musnədi Əhməd 3 c, s 111-137-146, 4
c s 42 və s). Həmçinin
Ənəs ibni Malikdən nəql olunur: “Peyğəmbəri əkrəm başını qırxdırdı. Səhabələr
də onun ətrafında yığışıb qırxılmış saçları yığırdılar.” (Səhihi Muslim kitabul
fəzail s 1812). Digər
rəvayətdə deyilir: Peyğəmbər (s) dəlləyi çağırdı və saçını qırxdırdı. Qırxılmış
saçları Əbu Talhaya verib buyurdu: Bunları camaat arasında bölüşdür. (eyni
mənbə).
7. Peyğəmbərin (s) oxuna təbərrük: Peyğəmbər öz əshabları ilə Hudeybiyyədə olarkən
quyuların suyu qurudu. Peyğəmbər (s) öz heybəsindən bir ox çıxartdı və göstəriş
verdi ki, onu quyuya atsınlar. Bu hadisədən sonra quyu su ilə doldu. (Buxari 2
c s 81). Həmçinin
peyğəmbərin (s) əbasına və digər əşyalarına da təbərrük olunur. Necəki,
hal-hazırda da (Türkiye) Topqapı muzeyində peyğəmbərə məxsus bir çox əşyalar
saxlanılır və təbərrük edilir.
8. Peyğəmbərin (s) əl qoyduğu yerə təbərrük: Hənzələ deyir: Babam məni peyğəmbərin yanına
aparıb dedi:Ey Allahın Rəsulu (s) onun üçün dua edin. Peyğəmbər (s) əlini mənim
başıma çəkərək Allah sənə bərəkət versin dedi.O gündən sonra üzü şişmiş və
xəstə insanları onun yanına gətirirdilər.O da ağzının suyunu əlinə sürtüb
ağrıyan yerlərə sürtürdü.O xəstə bu vasitəyle şəfa tapardı. (Müsnədi Əhməd 5 c,
s 68).
İslam
peyğəmbərinin (s) vəfatından sonra onun qəbrinin torpağına təbərrük olunur.
9.Hz Fatimə peyğəmbərin (s) qəbrinə təbərrük edir: Hz Əli deyir: Peyğəmbər dəfn olunan gecə Hz
Fatimə onun qəbrinin yanında dayandı. Qəbrin torpağından götürüb üzünə sürtdü
və ağladı.
10. Əbu Əyyub Ənsari peyğəmbərin qəbrinə təbərrük
edir: Bir gün Mərvan
ibni Həkəm görür ki bir nəfər üzünü peyğəmbərin qəbrinə qoyub.Mərvan arxadan
onun boynuna yapışaraq deyir:Sən heç bilirsən neylirsən? O, üzünü Mərvana
çevirəndə Mərvan onun Əbu Əyyub Ənsari olduğunu görür. Ənsari deyir: Ey Mərvan!
Mən çox yaxşı bilirəm neylirəm, mən peyğəmbərin qəbrini ziyarət və təbərrük
edirəm. (Müsnəd 5 c s 422).
11. Hz Bilal peyğəmbərin (s) qəbrinə təbərrük edir: Bir gecə Hz Bilal peyğəmbəri yuxuda görür.
Peyğəmbər (s): Ey Bilal! Niyə məni ziyarətə gəlmirsən? Bilal yuxudan duran kimi
peyğəmbərin qəbrini ziyarət edir və qəbrin torpağından üzünə sürtərək təbərrük
edir.
12.İbn Ömər təbərrük edir: İbn Həmlə deyir:Abdullah ibni Ömər sağ əlini
peyğəmbərin qəbrinə qoyur, Hz Bilal da əllərin qəbrə sürtməklə təbərrük edirdi.
13. İbn əl Munkədir tabein təbərrük edir: O keçirdiyi xəstəlik ucbatından dili
tutulmuşdu.Peyğəmbər köynəyini gözlərinə sürtdü və şəfa tapdı. Zəhəbi bu hadisəni
doğru hesab edir.
Hətta peyğəmbər olmayan şəxslərin
də qəbri təbərrük olunub. Necəki Şafei deyir: Mən çətin vəziyyətə düşdükdə Əbu
Hənifənin qəbrinə təbərrük edirəm. (Huccətul-İslam).
14.Xalid ibni Vəlid peyğəmbərin saçını təbərrük üçün
gəzdirir: Xalid ibni
Vəlid Yərmuk müharibəsində öz dəbilqəsini itirir və əmr verir ki, dəbilqəsini
tapsınlar.
Dəbilqənin
içindən köhnə bir papaq çıxır. Xalid deyir:Bu papağın içində peyğəmbərin saçı var.Bu
saçın vasitəsilə elə bir döyüş olmayıb ki onu qazanmayım. (Müstədrək Hakim 3 c
s 299, və İbni Kəsir).
Həmçinin digər səhabələrdə peyğəmbərdən bəzi əşyaları
yadigar saxlayıb ona təbərrük edirdilər;
a) İsa
ibn Tahman deyir: “Ənəs bizə peyğəmbərdən qalma iki köhnə ayaqqabı göstərdi.”
(Buxari). b) Əbu Burdə deyir: “Aişə bizə yun bir paltar
göstərərək dedi: Peyğəmbər (s) bu paltar əynində ikən vəfat etdi.” (Buxari) c)
Asim deyir: “Ənəsin yanında Rəsulullahın qırıq bir bardağını gördüm.” (Buxari)
d)
Əsma binti Əbubəkr bizə peyğəmbərin bir əbasını göstərdi. Bu əba ilə xəstələri
müalicə edirdilər. Beləki o əbanı suda yuyur, o suyu xəstələrə içirirdilər. (Muslim)
e)
Osman ibn Məvhab deyir: “Peyğəmbərin həyat yoldaşı Ümmü Sələmədə peyğəmbərə aid
bir saç teli vardı.Birinə göz dəyəndə saçı suya salır suyu ona içirərdi.”
(Buxari). f)
Əhməd ibn Hənbəl deyir: Mən atamı peyğəmbərə aid bir saçı öpərkən gördüm. Onu
gözünə sürtər və suya salıb içərdi.
g) Peyğəmbərin minbərinə təbərrük: Peyğəmbərin zamanında və ondan sonra camaat
Məscidu Nəbidə namazdan sonra peyğəmbərin minbərinin topuzuna əllərini sürtər
sonra qibləyə durub dua edərdilər. (Fəthul Bari-Şərhi Səhihi Buxari 1 c s 518)
Bu barədə digər mənbələr – Peyğəmbərin qəbri və minbərinə təbərrük -(Şərhul
Muslim 5 c s 161).
Peyğəmbərin minbərinə əl sürtmək və öpmək: (Əz zəhəbi-Məcməuş şuyuh 1 c s 73-74) Əhməd
ibni Hənbəl peyğəmbər minbərinə əl sürtməyi, ona təbərrük etməyi qəbahət
bilmirdi. (İktizaus siratil mustəqim s 367)
İmam
Nəvəvi deyir: “Saleh insanların əşyalarına təbərrük etmək olar.” (Şərhul Muslim
c 18 s 112).
“Saleh
insanlara təbərrük olar.” (Səhərnəfuri- Bəzlul Məchud 17 c s 225) h)
Həcərul əsvədə təbərrük: Peyğəmbər və səhabələr Həcərul əsvədi öpər ona əl
sürtərdilər. (Buxari,Müslim) Hətta bu gün də hacılar həcərul əsvədə-Kəbənin
divarına, parçasına əl sürtürlər. İbn Teymiyyə deyir: “Təbərrükdə məqsəd, əgər
Allahın vəli qullarından bərəkət ummaq, və ya gələn bəlanı def etməkdisə onda
təbərrük düzdür.” (İbn Teymiyyə-Fətava 11 c, s 113).
Sual: Niye peyğəmbərin saçına, dəstnamaz suyuna, onun
toxunduğu əşyalara, ondan qalan hər bir əşyaya, qəbrinə və s təbərrük olunur?
Cavab: Çünki, peyğəmbər özü bütövlükdə bərəkət qaynağıdır.
Onun vücudu bərəkətdi. Bərəkət, yəni təbərrük qaynağıdır. Allahın bütün
peyğəmbərləri bərəkətdi. (Bax: Hud 48-73,Nəml 8, Saffat 113)
Məryəm sürəsi 31- də Hz İsa peyğəmbərin
dilindən belə buyurur: “Allah məni peyğəmbər seçdi. Məni daim bərəkətli
etdi.Harda olursam olum.”
İslam
peyğəmbəri (s) buyurur: “Allah məni peyğəmbər seçdi və mənim vücudumda bərəkət
qoyub.” Peyğəmbərlər bərəkətli olduqları üçün onlara təbərrük olunur. Hətta
peyğəmbər olmayan şəxslərə də təbərrük olunur. Necəki İmam Şafei Əbu Hənəfiyə
təbərrük edirdi. Həmçinin Əhməd ibn Hənbəl Şafeinin köynəyini suya salar, sonra
o suyu təbərrük üçün içərdi. (Əş şifa-u bit-tarifi - Huquqil Mustafa c 2 s 131)
Nəticə budur ki, o şeylər ki, Allah yanında qiymətlidi ona təbərrük olunur. O
şey istər daş, istər torpaq, insan və s olsun.
Təbərrük Quranda.
Təbərrük
o qədər mühümdür ki, Allah özü insanları təbərrükə dəvət edir.
1. "Ya peyğəmbər! Biz Kəbəni insanlar üçün
ziyarətgah və əmin amanlıq yeri etdik.Ey möminlər! Siz də İbrahimin durduğu
yeri özünüzə namazgah edin" (Bəqərə 125).
Gördüyünüz
kimi Allah özü göstəriş verir ki, Hz İbrahim peyğəmbərin ayağını qoyduğu yerə
siz başınızı qoyun. O peyğəmbərdir.Onun bütün bədəni, əli ayağı bərəkətdi,
təbərrük qaynağıdır. 2.Hz
Musanın sandığına təbərrük: Bu o sandıq idi ki, Musa (ə) uşaq ikən anası
onu içinə qoyub Nil çayına buraxmışdı. Musa (ə) vəfat edəndə bu sandığı öz
vəsisi Yuşə ibni Nuna verdi.O sandıqda Musanın əsası,Tövratdan bəzi səhifələr
və Musaya xas bəzi əşyalar var idi.Musa (ə)-dan sonra onun ümməti müharibəyə
gedəndə o sandığı özləri ilə aparır və o sandığın bərəkəti sayəsində qələbə
qazanırdılar.Və həmçinin yağış duasına çıxdıqda o sandığı da özləri ilə
aparırdılar.O sandığın bərəkətindən istifadə edirdilər.Yəni təbərrük edirdilər.
3.Hz Yaqub (ə) təbərrük edir: Hz Yusifin qardaşları onu atası Yaqub
peyğəmbərdən ayırandan sonra Yaqub peyğəmbər o qədər ağladı ki, gözləri
tutuldu. Eləki Hz Yusifin qardaşları səhvlərini başa düşdülər və Yusif
peyğəmbərdən üzr istədilər, Hz Yusif buyurdu ki; Götürün mənim köynəyimi sürtün
atamın gözlərinə qoy şəfa tapsın.Quran belə buyurur: “Bu köynəyimi aparıb
atamın üzünə sürtün qoy gözü açılsın. (Yusif 93-94)
Hz
Yaqub oğlu Yusifin köynəyini gözlərinə sürtür və şəfa tapır.
Qeyd:Burada qeyd olundu ki, Hz Yaqub oğlu Yusifin köynəyini
gözlərinə sürtür. Söhbət köynək məsələsi deyil. O köynək parçadı, sapdı. Bəs
niyə bizim paltarlarımız o cür şəfa vermə xüsusiyyətinə malik deyil? Çünki,
bizim vücudumuzda ya heç bərəkət yoxdu, ya da çox cüzidi. Amma peyğəmbər və
saleh insanların həm özləri, həm də yedikləri, içdikləri, toxunduqları hər bir
əşya, hətta ayağının tozu da olur bərəkətli, olur təbərrük mənbəyi. Hər kim də
bunlardan istifadə etsə Allah o mübarək şəxsə görə o insana şəfa və bərəkət əta
edər.
Araşdırdı:
Mahir Şəkərov – İlahiyyatçı yazar.
Hər il milyonlarla hacı həcərul-əsvədə təbərrük edir.
Yorumlar
Yorum Gönder