Təhrim sürəsi peyğəmbəri (s) məzəmmət etmir, tərif edir.


يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ تَبْتَغِي مَرْضَاتَ أَزْوَاجِكَ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ

Ey peyğəmbər, niyə Allahın sənə halal etdiyini (bal yeməyi və zövcə ilə yaxınlıq etməyi and içməklə) özünə haram edirsən? Bununla (yerinə yetirilməsi daha münasib olan bu işi tərk etməklə) zövcələrinin razılığını arayırsan? Allah bağışlayan və rəhm edəndir. (Təhrim 1)

Allahın halalını haram elan etmək bir neçə cür ola bilər;
1.Allahın halalın birbaşa haram elan etmək.
2.Allaha nisbət vermək yolu ilə haram etmək. Bu da iki cür ola bilər. a) Allahın halal etdiyini bildiyi halda onu Allaha nisbət vermək. b) Bilmədən bu işi Allaha nisbət vermək.
3. Allahın halalından əməli şəkildə boyun qaçırmaq. Hədis: “Evlənmək mənim sünnəmdir. Kim mənim sünnəmdən üz döndərərsə mənim ümmətimdən deyil.”
Hədisin bu cür təkid etməsi Allahın halalı mövzusunda bir daha diqqətli olmağımıza görədir. Amma şərait imkan vermədikdə bir eyibi yoxdur. Necə ki, İsa və Yəhya (ə) evlənməmişdir.
4. Allahın halal etdiyini bildiyi təqdirdə mühüm işlər müqabilində onu tərk etmək. Necə ki, Allah Rəsulu (s) bunu etmişdir.
Təhrim sürəsinin birinci ayəsinin nazil olma barəsində ən münasib və ən məşhuru budur ki, Allah Rəsulu (s) (Cəhişin qızı) Zeynəb adlı həyat yoldaşının yanına gedəndə, Zeynəb əvvəlcədən hazırladığı balı o həzrətə verirdi. Buxari “Səhih” əsərində (11-ci cild, səh. 293) de¬miş¬¬dir¬: “Aişə rəvayət edir ki, Peyğəm¬bər (s) Zeynəb bint Cəh¬şin evində oturub yeyirdi. Mən Həfsə ilə məs¬ləhətləş¬dikdə belə qərara gəldik ki, o hər birimizin yanına gəldikdə ona: “Səndən məğafi¬r ( Hicazda bitən ürfüt adlı ağacdan çıxan və xoşagəlməz iyi olan mayedir (şirədir).– “Lisanul Ərəb” 1/574.) iyisi gəlir, ondan yemi¬sən?”- deyək. Hz peyğəmbər (s) həmişə adəti bu idi ki, onun ağzından heç vaxt xoşagəlməz iy gəlməsin və ətirli olsun. Bu sözü peyğəmbərə (s) dedikdə o həzrət narahat oldu və dedi: “Mən məğafir yeməmişəm; Zeynəbin evində bal yemişəm. And içirəm ki, bir daha o baldan yeməyəm. Amma bu sözü bir kəsə demə! (Camaatın qulağına çatar və “nə üçün Peyğəmbər halal bir şeyi özünə haram etmişdir?” deyərlər, yaxud Peyğəmbərin bu və buna oxşar hallardakı işinə tabe olarlar, yaxud da Zeynəbin qulağına çatar və ürəyi sınar.) Lakin, ailə daxilində baş verən bu hadisə ətrafa yayıldı. Bu hədisi Buxari “Səhih” əsərində (14-cü cild, səh. 385), Muslim “Səhih” əsərində (10-cu cild, səh. 75) Əbu Davud “Sü¬nən” əsərində (3-cü cild, səh. 386), Nəsai “Sünən” əsərində (6-cı cild, səh. 123; 17-ci cild, səh. 13), Əbu Nu¬eym “Hilyə” əsərində (3-cü cild, səh. 276) və ibn Səd “Təbəqat” əsərində (8-ci cild, səh. 76) rəvayət etmişlər. Həmçinin, Nəsai “Sünən” əsərində (2-ci cild, səh. 242) de¬miş¬¬dir¬: “Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbərin Ma¬riya adlı bir kənizi var idi. Aişə və Həfsə onun, bu kənizlə yaşa¬ma¬sına narazı idilər. Odur ki belə bir plan qurdular. Allah Rəsulu (s) baş verən bu hadisələrdən narahat oldu və onlardan uzaqlaşdı.
Allah Rəsulu (s) yaranan şəraitdən çıxış yolu olaraq bu işi həyata keçirir. Peyğəmbəri-Əkrəmin özünə haram etdiyi təfsir və tarixi mənbələrdə əsasən üç şeyin; 1. Bal yemək. 2. Mariya Qibti (zövcəsi) ilə yaxınlıq etmək. 3.Bütün xanımları ilə yaxınlıq etmək məsələləri qeyd olunub.
Peyğəmbər (s) bunları özünə haram etməyi şəri baxımdan edilən haram deyildi. O şəraitdə atılan lazımlı bir addım idi. Əgər peyğəmbər (s) bir iş görübsə mütləq bunun bir hikməti var, biz məsələnin zahirinə baxıb onu anlamaya və ya o hikməti görməyə bilərik. Bunun üçün də bu məsələləri Quran, hədis işığında anlamaya çalışmalıyıq.
Peyğəmbər (s) bu işi etdi ki, o qadınlar öz etdikləri işin (belə bir plan qurmaları və bu söhbəti evdən kənara çıxartmaları) pisliyini anlasınlar. Necə ki, nəticə etibari ilə ayənin nazil olması ilə bunu anlamış oldular. Allah da ayəni nazil etməklə bu hadisənin bir daha təkrarlanmamasının qarşısını aldı. Əgər bir cəmiyyətdə peyğəmbər (s) kimi şəxsin abır və ismətinə ləkə gətirəcək bir hadisə baş verərsə, o zaman susmaq yox, onların anlayacağı şəkildə müamilə etmək lazımdır. Baxmayaraq ki, onlar peyğəmbərə (s) bu hadisəni yaymayacaqlarına dair söz veirlər, lakin sözlərində durmurlar. Bu hadisə zamanı peyğəmbər (s) barədə yayılan şayiələr adi bir insanı da narahat edərdi. Odur ki, Allah Rəsulu (s) bu hadisəyə səbəb olan halı (və ya halları) özünə haram edir, yəni onlardan imtina edir. Allah Rəsulu əməli şəkildə əməl baxımından bu işdən imtina edir. Nəinki bəzi mənbələrin yazdığına görə ki, “o həzrət Allahın halalın haram elan etdi” deyə Allah onu məzəmmət etdi. Bir peyğəmbərin (s) abır və isməti daha çox mühümdür. Məsələ şəxsi olmaqdan xaric olaraq peyğəmbərlik məqamının qorunması həddinə yetişmişdi. Bu məsələ o qədər mühümləşir ki, Allah ayə nazil edərək vəziyyəti aydınlaşdırır. Əgər bir peyğəmbərin (s) abır və isməti bir yeməyi yeməklə, ya bir halal əməli etməklə belə aradan getmə təhlükəsi ilə üz-üzə qalsa o halaldan da imtina etmək ən doğru yoldur.


يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ تَبْتَغِي مَرْضَاتَ أَزْوَاجِكَ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
Ey peyğəmbər, niyə Allahın sənə halal etdiyini (bal yeməyi və zövcə ilə yaxınlıq etməyi and içməklə) özünə haram edirsən? Bununla (yerinə yetirilməsi daha münasib olan bu işi tərk etməklə) zövcələrinin razılığını arayırsan? Allah bağışlayan və rəhm edəndir. (Təhrim 1)

Bu ayənin peyğəmbəri məzəmmət etməməsi ilə bağlı ayənin özündən bir neçə dəlil.
1.Ayənin müraciət forması: Ayə يَا أَيُّهَا النَّبِيُّ deyə başlayır. Quranda Allah peyğəmbərə bir neçə formada xitab edir. Bəzən əbd, bəzən nəbi və bəzən də rəsul. Quranda hər xitabın özünə məxsus istifadə yeri vardır. “Rəsul” xitabı adətən risalət və hökmlərlə bağlı gəlir. Təhrim sürəsində sözügedən ayədə “nəbi” xitabı bir daha bunu çatdırır ki, bu məsələ şəri və risalət mövzusu ilə əlaqəli deyildi. Əgər həqiqətən də peyğəmbər bəzilərinin düşündüyü kimi səhv iş tutsaydı Allah ona nəbi deyil, rəsul olaraq xitab etməli idi. Amma biz bunun əksini müşahidə edirik.
2. Ayədə buyrulan لِمَ تُحَرِّمُ – “Nə üçün haram edirsən?” ifadəsi Quranın Allah tərəfindən olmadığını iddia edənlər üçün daha bir sübutdur. Çünki, bunu yazan peyğəmbər (s) olsaydı özünə qarşı belə bir ifadəni Quranda gətirməzdi. Bu ağıldan uzaq bir iş olardı
3.Ayədə olan xitab zəmiri: (لَكَ) – (sənə). Bu ayədə Allah buyurur: “Allahın sənə halal etdiyini...” Bu hadisə peyğəmbərin (s) xüsusi halda etdiyi bir şəraitə və onun özü ilə bağlıdır. Hadisə, hansısa şəriət məsələsi və ya hansısa ilahi qanunun pozulması ilə əlaqədar deyil.
Zövcələrinin razılığını istəyərək.”...  تَبْتَغِي مَرْضَاتَ أَزْوَاجِكَ 4
İnsanın öz zövcəsinin razılığını əldə etməsi, qazanması yaxşı haldır və Allah da bunu bizdən istəyir. Allah Rəsulu (s) onlar razı olsun deyə öz şəxsi haqqından belə keçir. Əlbəttə bu imtinanın iki yönü vardır. 1.Ayədə deyildiyi ki xanımlarının razılığını qazanmaq. (Arada olan ixtilafın bu yolla həlli) 2. Bu yolla xanımlara da bir ibrət və öyüd vermək.
Peyğəmbər (s) heç bir nöqsan və eyibə yol vermədiyi halda qadınlar onun barədə bu cür şayiələr qurdular və bu hadisəni faş etdilər. Heç cür sakitləşmək istəmədilər. Odur ki, Allah Rəsulu (s) bu yolu seçir. Bir sözlə mühüm olanı, ən mühümə tərcih edir.
5. وَاللَّهُ غَفُورٌ رَّحِيم  - “Allah bağışlayan və rəhm edəndir.” Məgər bağışlanma və rəhm yalnız günah müqabilində istifadə olunur? Məgər Allahın rəhməti yalnız günah edən şəxsə şamil olur? Quran ayələri belə olmadığını isbat edir. Adi qüsurlar barədə belə, Quran bağışlanma ifadəsindən istifadə edərək, güahkarların Allah rəhmətindən ümidlərini üzməməyi tövsiyə edir.
Mövzumuz daha aydın olsun deyə bir neçə nöqtəyə də diqqət edək;
- Əgər burada əhkam və şəritə məsələləri pozulubsa, peyğəmbər (s) özü bir şəri məsələnin necə həyata keçirilməsini bilmirsə, və ya yaranmış şəraitdə hansı işi görəcəyinə qərar verə bilmirsə, yaxud bir hadisə zamanı əhəmiyyətli və ən əhəmiyyətli hansıdır deyə qərar verə bilmirsə bu necə peyğəmbərdir? Peyğəmbər (s) məgər bizim qədər sadə məsələləri bilmir? Peyğəmbər bizim həddə də anlamı şəriət məsələlərini? Bu gün bəzilərinin guya peyğəmbərə (s) irad bildirdiyini o həzrət bilmirdi? Şəriəti bizə öyrədən, özü şəriət məsələlərindən xəbərsizdir? Bu gün hər bir müsəlman bilir ki, “Allahın halalına haram demək olmaz”. Bəs peyğəmbər (s) bilmirdi?
- Peyğəmbər (s) şəriətin bütün incəliklərini, hər vəziyyətdən çıxış yollarını, hansı məqamda nə etməli? sualına müxtəlif cavabları olmalıdır. Çünki, onun qarşısına eyni məsələ ilə müxtəlif şəraitdə olan insanlar və suallar gələ bilər. Allah peyğəmbərini (s) bu insanlığa göndəribsə, onların sual və şübhələrinə də ən gözəl cavabları necə verməyi də təlim etmişdir. Başqalarına yol göstərən bələdçi, özü bu yolu ən gözəl bilən deyilmi?
- Bir çox yeməklərin özünəməxsus dadı vardır. Uşaq belə körpəlikdən bu yeməklərin dad və ləzzətini bilir. Peyğəmbərin (s) xoşa gəlməz iyi olan (məğafirdən) yemədiyini peyğəmbər (s) kimi həyat yoldaşları da bilirdi. Buna rəğmən peyğəmbər (s) vəhy evinin abır və həyasını qorumaq, ailə daxili münaqişəyə səbəb olacaq hadisələrin önünü almaq və baş verəcək hadisə ilə həyat yoldaşı Zeynəbin narahat olmaması səbəbi ilə öz təbii haqqından belə keçərək dedi: “Mən daha bal yemərəm.” Bal yemək yaxud öz halal qadının yanına getmək haram iş deyildi. Sadəcə Allah Rəsulu (s) qeyd etdiyimiz səbəb üzündən bu ifadəni işlədir. Bu məsələ bizim həyat tərzimizdə də özünü göstərir. Məsələn: Öz şəxsi həyatımızda halal və normal olan işlərin başqalarının bilməsini istəmərik. Biz beləyiksə əxlaq nümunəsi olan peyğəmbəri siz düşünün. Belə bir şəxsin ailə daxili işləri, öz ailəsi tərəfindən küçə və bazarlarda danışılırsa, bu peyğəmbər (s) kimi uca varlığı incitmək deyil? Bal yemək və ya digər işlər Allah Rəsulunun öz ixtiyarında olan bir məsələdir. İstər yeyər, istərsə də yeməz. Bəzən bu ayənin izahlarına baxdıqda görürük ki, bu hadisənin əsl səbəbkaları deyil, əziz peyğəmbərin (s) özü hədəfə alınmışdır. Halbuki, bu ayədə əsas mövzu peyğəmbər (s) yox, bu hadisəni meydana gətirən və bunu faş edən xanımlardır.
- Bu hadisə zamanı heç bir günah baş verməyib, əksinə peyğəmbərə (s) zülm olunub.
- Bu hadisədə Allah peyğəmbəri (s) məzəmmət etmir, çünki etdiyi iş tərifə layiqdir. O, yenə də öz böyüklüyünü nümayiş etdirərək digərlərinə görə və həmçinin peyğəmbərlik məqamına gələcək xətərlərdən qorumaq üçün öz haqqından belə keçir. Belə şəxs tərifə layiqdir, qınaq və məzəmmətə yox.
- Mübah işlərin tərkinə görə içilən and məgər günahdır?
- Bəziləri deyir: “Peyğəmbər (s) bilmirdi ki, onlar bu hadisəni ətrafa yayarlar? Niyə qeyb elmindən istifadə etmədi? Bunu bilək ki, peyğəmbərin (s) qeyb elmini bilməsi hər mövzuda ondan istifadə etməsi anlamına gəlməz. Peyğəmbər (s) də adi insanlar kimi həyat tərzi sürməyə üstünlük vermişdir. Bir əşya itdikdə qeyb elmi ilə onu tapmaq yerinə, adi qaydada onu axtarmışdır. Allahın iradə etdiyi və bəzi məqamlarda qeyb elmindən də istifadə etmişdir.
- Peyğəmbər (s) öz şəxsi haqqından keçmişdir. Amma Allah buna da icazə vermir ki, sən nümunəsən, insanlar bu əməlini şəriət məsələsi hesab edib ona əməl edə bilərlər.
- Təhrim sürəsindəki ayələrind məzəmmət və istiğfar varsa belə onlar peyğəmbərə deyil, xanımlarına şamil edilməlidir. Çünki, onlar Allah Rəsulunu (s) and içməyə yaxud nəyisə özünə haram etməyə öz yersiz əməlləri ilə vadar etmişlər. Əlbəttə bunu bir daha təkrar deməliyik ki, içilən andın (mübah işlərə aid olduğu və daha sonra o andın şəraiti müəyyənləşdiyindən və beləliklə andın keçərli olmaması səbəbi ilə) şəri baxımından günah olmaması və hətta tərki ovla belə olmaması məlumdur.
- Bu ayənin nazil olma səbəblərindən biri də qadınlar arasında olan növbənin pozulması ilə əlaqədardır. Belə ki, peyğəmbər (s) qadınlardan biri özü ilə əlaqəli haldan dolayı, peyğəmbər də o gecə digər xanımının  yanına getdi. Amma daha sonra o xanım Allah Rəsulu (s) barədə şayiələr yaydılar. Peyğəmbərin (s) bu işlərinin arxasında Allah qorxusu dayanırdı. (Əhzab 37)
- Hətta nəzərə alsaq ki, bu ayədəki qınaq peyğəmbərə (s) aiddir yenə də təfsirçilərə əsasən bu qınaq, bizim bildiyimiz məzəmmət mənasında deyil. Ürək yanıqlığı ilə deyilən bir ifadə tərzidir. Biz bu ifadə tərzinin Tövbə 43-də də müşahidə edirik. Peyğəmbərə (s) buyrulan “nə üçün belə etdin” ifadələri belə izah olunmalıdır ki; “Ey peyğəmbər bu bal, yaxud zövcənlə münasibətin öz təbii və şəxsi haqqındır. Nə üçün onların razılığına görə öz haqqından belə əl çəkirsən?”

Təhrim sürəsinin növbəti ayələrində Allah hadisənin davamını və bu sirri faş edən xanımları tövbəyə dəvət edir. Həmin ayələrin tərcüməsinə nəzər salaq.
Təhrim 2: "Şübhəsiz, Allah (belə yerlərdə) andlarınızı geri götürməyi sizin üçün qoymuş və caiz etmişdir (ki, əksini etsəniz kəffarə verəsiniz). Allah (dini və dünyəvi cəhətdən həmişə) sizin mövlanızdır (haminizdir) və O (hər şeyi) biləndir və hikmət sahibidir."
Təhrim 3: "Və (yada salın), bir zaman peyğəmbər zövcələrindən birinə (bir neçə mətləbə aid olan) bir sözü gizlində demişdi. O (qadın) onu (o sözü peyğəmbərin digər zövcəsinə) xəbər verdikdə Allah peyğəmbəri onun xəbər verməsindən agah etdi. Peyğəmbər (onun faş etdiklərinin) bəzisini (zövcəsinə) izhar etdi və bəzisindən vaz keçdi; və ona (zövcəsinə) bu barədə xəbər verdikdə o, dedi: Bunu sənə kim xəbər verdi? (Peyğəmbər) dedi: O (hər şeyi) bilən v (hər şeydən) xəbərdar olan (Allah) mənə xəbər verdi."
Təhrim 4: Əgər siz ikiniz (sirri faş edən və onu eşidən) Allaha tövbə etsəniz (çox yaxşı olar. Ona görə) ki, qəlbləriniz haqdan dönmüşdür. Əgər ona (peyğəmbərə) qarşı bir-birinizə kömək olsanız, belə isə (bilin ki,) şübhəsiz Allah Özü, Cəbrail və möminlərin əməli salehi onun köməkçiləridir və bunlardan sonra (ona) mələklər də arxadırlar."
Təhrim 5: "Əgər o sizə təlaq versə, ola bilsin ki, Rəbbi sizin yerinizə ona sizdən daha yaxşı zövcələr - Allaha təslim olan, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan, dul qadınlar və bakirə (qızlar) versin."

Allah Rəsuluna “halalı özünə haram etdi” deyərək irad tutanlar bilməlidir ki, o həzrət əhkam və şəriət məsələlərini ən kamil şəkildə bildiyi kimi bu ayəni də bizlərdən daha yaxşı anlayırdı. Çünki, bütün bunları bizə çatdıran o həzrətdir. Elə o ayə ilə sözümüzü bitiririk.

وَلاَ تَقُولُواْ لِمَا تَصِفُ أَلْسِنَتُكُمُ الْكَذِبَ هَذَا حَلاَلٌ وَهَذَا حَرَامٌ لِّتَفْتَرُواْ عَلَى اللّهِ الْكَذِبَ إِنَّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللّهِ الْكَذِبَ لاَ يُفْلِحُونَ
“Dillərinizin yalandan dediyinə (və heç bir dəlili olmadan bir şeyin halal və ya haram olması barəsində verdiyi hökmə) əsasən bu, halaldır və bu, haramdır deməyin ki, Allaha yalan yaxsanız (və Onun dinində bir bidətin əsasını qoysanız) əlbəttə, Allaha yalan yaxanlar əsla nicat tapmazlar.” (Nəhl 116)

Mahir Şəkərov - İlahiyyatçı yazar.





Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)