Təvvəssül Quran və sünnədə.


Təvəssül nədir?
Cavab: Təvəssül" ərəbcədən tərcümədə “müəyyən vasitə ilə məqsədə yaxınlaşmaq istəyi” mənasını verir. Bir işi həyata keçirmək üçün nəyi (və ya kimi) isə (vasitə) olaraq qəbul etmək deməkdir.
Əksər zamanlar kimlərinsə bunu qəbul etmədiyini görürük. Alimlər qeyd edirlər ki bunun əsas iki səbəbi var.
1.Tarix boyu təkəbbürlük səbəb olub ki, insanlar özlərindən üstün olan şəxsi qəbul etməyiblər.    2. Həmişə dini rəhbərləri, peyğəmbərləri gözdən salmaq üçün onlara qarşı siyasi oyunlar oynayıblar.
Birinci səbəb:Təkəbbürlük o əməldi ki, şeytanı cəhənnəmə saldı. Eləki, Hz Adəm xəlq olundu şeytan ona səcdə etməkdən boyun qaçırdı. Allah buyurdu: “Ey İblis! Öz qüdrət əlimlə yaratdığım şəxsin qarşısında səcdə etməyinə nə mane oldu? Təkəbbürlük etdin yoxsa özünü ondan üstün saydın? Şeytan dedi: Məni oddan, onu torpaqdan yaratmısan. Mən Adəmdən daha üstünəm.” (Sad 75-76)
Digər ayədə buyrulur: “Şeytan dedi: Mən elə bir şəxs deyiləm ki üfünətli palçığı qurudub ondan xəlq etdiyin bəşər qarşısında səcdə edim. (Hicr 33) Necə ki, şeytan Allaha qarşı təkəbbür elədi, əvvəlki ümmətlərdən də bəziləri öz peyğəmbərlərinə qarşı təkəbbürlük etdilər. Quran bu hadisəni belə izah edir: “Dedilər: Biz səni özümüz kimi bəşərdən başqa bir şey hesab etmirik. Sənin bizim üzərimizdə heç bir üstünlük və fəzilətin yoxdur. (Hud 27)
“Səndə bizim kimi bəşərsən, yediyimizdən yeyir içdiyimizdən içirsən. (peyğəmbərləri də cavablarında deyirdi) Siz düz deyirsiz mən də sizin kimi insanam, lakin Allah öz bəndələrindən istədiyinə nemət verər.” (Muminun 33)
Başqa bir tarixi hadisə: İbni Həcər "Əl isabə" kitabında Ənəsdən belə bir hədis rəvayət edir: “Peyğəmbərin dövründə bir kişi var idi. Onun ibadəti hamını təəccübə gətirmişdi. Bir gün peyğəmbərin yanında ondan söz açıldı. Onu tərif etdilər. Hz peyğəmbər (s) buyurdu: “Siz mənə elə bir şəxs haqqında danışırsız ki onun çöhrəsində şeytanın möhründən olan bir çirk görürəm. Elə bu vaxt o kişi içəri daxil olaraq salam vermədən əyləşdi. Peyğəmbər (s) soruşdu: Səni Allaha and verirəm, de görüm, bu məclisə daxil olanda ürəyindən belə bir fikir keçdi ki, sən burda
əyləşənlərdən daha üstünsən? O dedi: Allaha and olsun ki belədir.” (Bu kişinin adı Zül Xüveyris idi. Xəvaricin rəisi). Bütün bunları ona görə qeyd etdim ki, çünki Əbdülvahhab da belə bir iş görüb. Əbdulvəhhab deyirdi: “Muhamməd də mənim kimi insandı. O artıq ölüb.”
2-ci səbəb: Siyasi oyun: Müxtəlif dövrlərdə peyğəmbərləri və dini rəhbərləri insanların gözündən salmaq istəyirdilər. Nümunə üçün bir tarixi hadisəni qeyd edək. Peyğəmbər (s) bir gün beytul-maldan müsəlmanlara paylayırdı. Zul Xuveyris dedi:Ya peyğəmbər! Ədalətlə böl. Peyğəmbər buyurdu:Vay olsun sənə. Əgər mən də ədalətli olmasam kim ədalətli olacaq?
Alimlərin qeyd etdiyinə görə bəzi insanlar əsas bu iki səbəbə görə təvəssül və bu kimi mövzuları qəbul etmirlər.
Təvəssül Quranda
Sələfi-vəhhabilər müsəlmanlara irad tutaraq deyirlər: Siz niyə dualarda deyirsiz ki, peyğəmbərə xatir, Qurana xatir. Elə birbaşa Allaha dua edin, o da qəbul etsin. Məgər Allah demir ki; Dua edin qebul edim. (Muminun 60)
Məgər Allah demir ki; Mənə dua edənin duasın qəbul edərəm. (Bəqərə 186).                                                                                        Siz xəstə olanda niyə əl-ayağa düşürsüz? Məgər Quran demir ki; (Hz İbrahimin dilindən buyurur) Mən xəstə ikən yalnız Allah şəfa verir.
İrada cavab: Biz bu iradlara hədislərdə cavab verəcəyik. Bunu bilək ki, şəfa verən də, duanı qəbul edəndə Allahdır.Təvəssül isə o, saleh insanları vasitə qərar verməkdir. Çünki, bizim dua və niyazlarımız günahlarımız ucbatından qəbul olmur. Biz də o pak insanları vasitə qərar verib dua edirik. İbn Macə rəvayət edir: “Peyğəmbər (s) belə dua edərdi: “Ya Rəbbi! Sənə dua edib də, dualarını qəbul etdiyin kimsələrin xatirinə səndən istəyirəm.”  İslam peyğəmbəri (s) özü bu dualarla bizə yol göstərir. Qurani kərim də insanları təvəssülə çağırır. "Ey iman edənlər! Qorxun Allahdan. Allahın rəhmətinə qovuşmaq üçün vəsilə axtarın"(Maidə 35)  Bu ayə haqqında İbn Kəsir Qurtubi deyir: “O şeylər ki insanı Allaha yaxın edir o təvəssüldür.”
 Müasir türk təfsirçisi Elmali Hamdi “Hakk dini” təfsirinin 3 c s 233-234- də yazır: “İnsan təkcə imanla kifayət edə bilməz.Vəsilə şərtdir. Qurani kərim insanları təvəssülə çağırandan sonra bəzi nümunələr də göstərir.
1.Allahın adına təvəssül: "Ən gözəl adlar Allahındır. Allahı bu adlarla çağırın. (Əraf 180) Rəvayət olunur ki, peyğəmbər (s) sıxıntıya düşdükdə belə dua edərdi. Ey həyy və qəyyum olan Allahım! Sənin rəhmətindən kömək istəyirəm. (Tirmizi hədis nömrə 3524)                 2.Yaxşı işlərə təvəssül: Eləki, Hz İbrahim və İsmail Kəbəni tikib qutardılar, Allaha dua etdilər. Quran o hadisəni belə çatdırır: “İlahi bu xeyirli işi bizdən qəbul et. Bizim hər ikimizi müsəlmanlardan et. Nəslimizi də müsəlmanlardan et, tövbələrimizi qəbul et. (Bəqərə 127-128) Diqqət edin! Hz İbrahim və İsmail üç dua edir. 1-2. İlahi! Bizi və nəslimizi müsəlmanlardan et. 3.Tövbəmizi qəbul et. Nəyə xatir? Kəbəni tikdiyimizə görə. Hər iki peyğəmbər (Hz İbrahim və Hz İsmail) öz yaxşı işlərinə təvəssül edirlər.Hər bir yaxşı əmələ təvəssül oluna bilər (namaz, oruc, həcc, sədəqə və s.) Bu barədə bir hədis: İslam peyğəmbəri (s) əvvəlki ümmətdən üç nəfər dostun başına gələn hekayəni belə nəql edir: Üç nəfər dost səfərə çıxırlar. Səfər əsnasında yağış yağdığından mağaraya girirlər. Elə bu zaman böyük bir daş mağaranın ağzını bağlayır.Çarəsiz qalan dostlar qərara gəlirlər ki öz yaxşı əməllərinə təvəssül etsinlər.
Birinci dost deyir: İlahi! Mənim yaşlı anam-atam var idi. Hər gün ilk öncə onlara yemək verib, sonra özümüz yemək yeyirdik. Bir gün yenə də süd sağıb evə gəldim. Gördüm ki anam-atam yatıb. Onlar yatdığına görə uşaqlara da süd vermədim. Süd əlimdə səhərə qədər oyanmalarını gözlədim. İlahi! Mən bunu yalnız sənə görə etdim. Bu vaxt mağaranın ağzı bir az aralandı. İkinci dost deyir: İlahi! Bir dəfə şiddətli qıtlıq oldu. Bir gözəl qadın yanıma gələrək məndən buğda istədi. Pulu olmadığı üçün, mənimlə zina edəcəyi təqdirdə ona buğda vərəcəyimi söylədim. Buna razı olmayıb getdi. Aclığın şiddətinə dözə bilməyən qadın, bir müddət sonra yenidən yanıma qayıtdı. Ona yaxınlaşmaq istədikdə mənə dedi: Allahdan qorx. Bu sözdən sonra fikrimdən daşındım. Ona lazım olan qədər buğda verib yola saldım. İlahi! Mən bunu yalnız sənə görə etdim. Bu vaxt mağaranın ağzı biraz da aralandı.  Üçüncü dost deyir: İlahi! Mən sənin bəndələrinə zülm etmirəm. İlahi! Mən bunu yalnız sənə görə edirəm. Bundan sonra mağaranın ağzı tam şəkildə açıldı və onlar xilas oldular. (Buxari-Ədəb 5, Ənbiya 53, Zikr 100)
3.Saleh insanların duasına təvəssül:Eləki, Hz Yusifin qardaşları ona xəyanət etdilər və bu işlərindən peşman oldular. Onlar ataları Hz Yaqubun yanına gəldilər. Ardını Quran belə buyurur: “(Onlar dedilər:) Ey ata günahlarımızın bağışlanması üçün dua et.Yaqub (ə) dedi: Mən sizə tezliklə dua edərəm. O bağışlayandır, rəhm edəndir. Diqqət edin! Yaqub peyğəmbərin oğlanları deyəndə ki, ata bizə dua et deyir ki "tezliklə dua edərəm"  Hədisdə deyilir ki, Yaqub (ə) dua etməyi cümə axşamına saxladı. Çünki cümə axşamı dua tez qəbul olunur. Quranda təvəssüllə bağlı olan bəzi ayələr bunlar idi ki qısa şəkildə izah olundu. Ümumiyyətlə hər bir şey və ya hər bir şəxs ki, Allah yanında hörmətlidi, ona təvəssül etmək olar. İstəyir peyğəmbər, qeyri peyğəmbər, insanların öz əməlləri, daş, torpaq, kitab, şəhər, zaman, məkan və sair olsun.

Təvəssül hədislərdə.

Gəlin təvəssülü hədis baxımından araşdıraq.
1.Hz Adəm (ə) peyğəmbərə təvəssül edir: Hz Adəm Allahdan bağışlanma diləyəndə belə dua etdi. “İlahi! Mən səni Muhəmmədin haqqına and verirəm ki məni bağışlayasan. Allah buyurdu: Sən onu hardan tanıdın halbuki mən onu hələ xəlq etməmişəm. Adəm dedi: İlahi məni xəlq etdiyin zaman başımı qaldırdım və ərşin sütunlarında bu yazını gördüm. “Lə iləhə illəllah Muhəmmədər rəsulullah.” Mən başa düşdüm ki, sən öz adının yanına o, şəxsin adını yazarsan ki, o sənə hamıdan çox sevimlidir. Allah buyurdu: Düz dedin. O yaratdıqlarımın ən şərəflisidir. Muhəmmədin haqqına and verib məni çağır, mən də səni bağışlayım. (Müstədrək Hakim 2-ci cild s 615-672)                                                                                                                                                                                          2. Peyğəmbər (s) hələ uşaq ikən ona təvəssül edirlər:Eləki, Məkkədə quraqlıq oldu. Qüreyş qəbiləsi Əbu Talibin yanına gəldi. Dedilər: “Gəl Allahdan yağış istəyək. Əbu Talib kiçik yaşda olan peyğəmbəri qucağına alıb, kürəyini Kəbənin divarına yapışdırıb, peyğəmbərə təvəssül edərək belə bir şer dedi:
“Peyğəmbər elə nuranidir ki buludlar onun xatirinə yağış yağdırır,
Yetimlərin pənahı, dul qadınların keşikçisi olacaqdır.”

Bu hadisədən sonra Allah onlara yağış göndərir. (Fəthul-Bari 2-ci cild s 39-494, Sirəyi Ələvi 1 c s 116, Dəlailun nubuvvət- Beyhəqi c 2, s 126, Umdətul qari fi şərhi Səhihi Buxari c 7)

Ravi nəql edir: “Hər vaxt ki yağış yağardı peyğəmbər (s) buyurardı: Əgər Əbu Talib sağ olsaydı buna sevinərdi. Kim Əbu Talibin oxuduğu şeri oxuya bilər. Bu vaxt Hz Əli deyərdi: Ey Allahın Rəsulu! Siz bu beytlərimi deyirsiz? Və onu oxuyardı.”  
3.Peyğəmbər dünyada ikən kor kişi ona təvəssül edir: Bir kişi peyğəmbərin yanına gəlir və gözünün açılması üçün dua istəyir. Peyğəmbər (s): İstəyirsən dua edim və ya istəsən səbr et. Qoca kişi dedi: Yox mən istəyirəm ki gözüm açılsın. Peyğəmbər (s) buyurdu: "Get kamil şəkildə dəstəmaz al, iki rükət namaz qıl və belə dua et. İlahi mən səni çağırır və peyğəmbərin Muhəmmədin (s) rəhmət peyğəmbərinin vasitəsi ilə sənə doğru üz gətirirəm. Ey Muhəmməd! Mən öz hacətimlə Allah dərgahına üz gətirirəm ki, hacətim yerinə yetsin. Pərvərdigara ! Onu mənim şəfaətçim qərar ver."  Həmin kor kişi peyğəmbərin öyrətdiyi kimi dua elədi. Hədisin ravisi Osman ibn Umeyr deyir: Bir müddət sonra o kişi məclisə daxil oldu və korluğundan əsər əlamət yox idi. (Əhməd bin Hənbəl Musnəd 4 c, s 138, İbn Macə Müqəddimə 313, İbn Macə Sünən kitabi 1 c,1385-ci hədis, Hakim Müstədrək 1 c, Suyuti Camius- sağir, Tirmizi-Dəavat 118)        4. Xəstə qadın peyğəmbərə təvəssül edir: Peyğəmbər (s) zamanında bir qadın ürək xəstəliyinə tutulur.Tez- tez ürək keçməsi ilə rastlaşan qadın peyğəmbərin (s) hüzuruna gələrək ondan sağalması üçün dua etməsini xahiş edir. Peyğəmbər (s) buyurdu: “İstəsən dua edərəm. Əgər səbr etsən axirətdə əvəzini alarsan.”  Ravi deyir: Qadın getdi. Bir müddət sonra yenidən qayıdaraq  “ya Rəsulullah! Eləki bu xəstəlik məndə baş qaldırır, özümdən gedirəm üstüm açılır və övrət yerim görünür. Dua et qoy Allah mənə şəfa versin. Bu qadın peyğəmbəri vəsilə qılaraq dua edir və şəfa tapır.” (Buxari-Mərza bölümü s 6)   
5. Peyğəmbərin (s) vəfatından sonra ona təvəssül edirlər: Sünni aləminin məşhur alimlərindən olan Darəmi “Sünəni Darəmi” adlı kitabında Allahın peyğəmbərə (s) ölümündən sonra əta etdiyi kəramət və ehtiramlar bölməsində yazır: “Mədinədə qıtlıq baş verdi. Camaatdan bir qrupu peyğəmbərin (s) həyat yoldaşı Aişənin yanına gələrək çarə istədilər. Aişə dedi: Gedin peyğəmbərin (s) qəbrinə, qəbrin yuxarısındakı tavandan bir deşik açın, asiman görünsün sonra dua edin və nəticəni gözləyin.” Ravi deyir: “Necə deyilmişdi o cür də etdik. O gün o qədər yağış yağdı ki, bütün çöl yaşıllaşdı”. (Sünəni Darəmi 1 c, s 43)                                                                                  
6.Təvəssül o qədər əhəmiyyətlidir ki, hətta peyğəmbər (s) özü də təvəssül edir: Cabir ibn Abdullah, Ənəs ibn Malik və ibn Abbas rəvayət edirlər ki; Fatimə binti Əsəd vəfat etdi. Peyğəmbər (s) buyurdu: “Ey ana, anamdan sonra Allah sənə rəhmət eləsin.” Qəbir qazılıb hazır olduqda peyğəmbər (s) qəbrə girib uzandı. Bir qədər sakit dayandı. Daha sonra buyurdu: “Allah o kəsdir ki, dirildir öldürür. O diridir heç vaxt ölməz. İlahi, peyğəmbərinin və məndən qabaq olan peyğəmbərlərinin xatirinə anam Fatimə Əsəd qızını bağışla, onun yerini genişləndir.” (Bu hədisi Təbərani, Hakim, İbni Həyyan, İbni Əbi Şeybə də rəvayət edir). 

Hətta peyğəmbər olmayan şəxslərə də təvəssül olunur.
7.Peyğəmbərin əmisinə təvəssül: Xəlifə Ömər ibn Xəttabın dövründə Mədinədə qıtlıq oldu. Çarəsiz qalan əhali peyğəmbərin əmisi Abbasla birgə yağış duasına çıxdılar.
Dedilər: “İlahi, biz öz peyğəmbərimizə təvəssül edirdik. Sən də bizim üçün nemət göndərirdin.İndi isə peyğəmbərimizin əmisinə təvəssül edirik, bizim üçün yağış göndər. (Buxari İstisqa və Fəzailu əshabun nəbi 1 c, s 124, 2 c s 200, Sünəni Beyhəqi 3 c, s 352)                       
Təvəssül mövzusu sonrakı dövrlərdə də özünü göstərib. İnsanlar o şəxslərin qəbrinə təvəssül ediblər ki, hansi ki, sələfi-vəhhabilər onları çox yaxşı tanıyır və qəbul edirlər.                                              
 8. Əbu Hənifənin məzarı: İmam Şafei Bağdadda olduğu vaxt Əbu Hənifənin məzarını ziyarət edir və ona təvəssül edirdi. Ona salam göndərir və probləmlərin həlli üçün onun vasitəsi ilə Allaha dua edərdi. Əhməd ibni Hənbəl də Şafeiyə təvəssül edərdi. Mərakeşlilər İmam Malikə təvəssül edirdilər. Şafei bunu görəndə onlara mane olmurdu.Şafei özü belə deyir: Mən Əbu Hənifənin məzarını ziyarət edirəm. Bir problemlə qarşılaşdıqda iki rükət namaz qılıb problemlərin həllini onun məzarının yanında istəyirəm.” (Xulasətul-kəlam-Zeyni Dehlan s 252, Tarixu Bağdad c 7, s 123, Mənaqibu Əbu Hənifə-Xarəzmi c 2, s 199, Əl Qədir c 5 s 194, Tasavvuf s 406, İstanbul 2002-Osman Nuri Topbaş)                                                                            
9. Əhməd ibn Hənbəlin məzarı:İbn Covzi Əhməd ibn Hənbəli tərif edərkən Abdullah ibn Musadan belə nəql edir: Mən və atam, qaranlıq gecədə Əhməd ibn Hənbəli ziyarət etmək üçün yola düşdük.Bu zaman hava qaraldı. Atam dedi: Oğlum gəl bu əməlisaleh bəndə vasitəsi ilə Allaha təvəssül edək qoy yolumuz işıqlansın. Çünki mən 30 ildən çoxdur ki, ona təvəssül edirəm. (Mənaqibu Əhməd ibni Covzi s 297)
10. Buxarinin məzarı: Səmərqənd əhalisi yağış yağması üçün Buxarinin qəbrinin yanında Allaha dua edir və ona təvəssül edirdilər. (Məcməul Buldan c 2, s 356,Təbəqatuş-Şafiyyə c 2, s 234, Siyəru əlamin nubəla c 12, s 469)                                                                                                 
11. Əbu Əyyub Ənsarinin məzarı: Hakim deyir: İnsanlar onun qəbrinə doğru axışır və ziyarət edirdilər.Quraqlıq zamanı,qıtlıq yarandıqda yağış yağması üçün onun qəbrinə təvəssül edirdilər. (Müstədrək-Hakim c 3, s 518,5929-cu hədis, Sifətus-Səfvə c 1, s 470)                                                   
12.Şafei özü peyğəmbərin əhli beytinə təvəssül edirdi: Şafei öz şerində yazır:
"Peyğəmbərin xanədanı mənim vəsiləmdir.Onlar mənim Allaha yaxınlaşma vasitəmdir.Ümidvaram ki, qiyamət günü onları vasitəsi ilə mənim əməl dəftərim sağ əlimə veriləcək. (İbni Həcər-Əs səvaiq-Ət təvəssül ilə həqiqətit-təvəssül s 329)                                            
13. İmam Malikin sözü: İmam Malik Əbu Abdullah adlı bir şəxslə peyğəmbərin (s) ziyarətinə gəlir.Əbu Abdullah: “Peyğəmbərə (s) tərəf yoxsa qibləyə tərəf dönüb dua edim? İmam Malik: Əlbəttə ki, peyğəmbərə (s) tərəf dön. O, sənin və baban Adəm (ə)- in vəsiləsidir. Necə ola bilər ki sən ondan başqa bir tərəfə üz çevirərsən.”                                                                                                
 İslam peyğəmbəri (s) bir hədisində buyurur: "Tabeinlərin ən xeyirlisi Üveys Qəranidir.Onun anasına söyləyin, qoy sizə istiğfar etsin." (Nəvəvi, Fəzailus səhabə s 55, 2542-ci hədis)              
 14.Qurani kərimə təvəssül: Hz Muhəmməd (s) buyurur: “Quran oxuyun və Quranı vasitə qərar verərək Allahdan istəyinizi diləyin.” (Əhməd ibni Hənbəl-Musnəd)

Araşdırdı: Mahir Şəkərov – İlahiyyatçı yazar.






Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)