İlahi peyğəmbər və əvliyaların məzarı üstə tikili tikmək, yaxud məqbərə ucaltmaq – Quran və Sünnədə.
Bu mövzuda öyrənəcəyik ki, görəsən Allah əvliyalaraının, dostlarının ilahi peyğəmbərlərlərin məzarı üzərində hər hansı bir tikili, məqbərə ucaltmaq olarmı? Bu sözümüzə cavab olaraq ilkin mərhələdə Quran ayələrindən istifadə edəcəyik.
ذَلِكَ وَمَن يُعَظِّمْ شَعَائِرَ اللَّهِ
فَإِنَّهَا مِن تَقْوَى الْقُلُوبِ
Budur (həcc əməlləri)! Kim Allahın (buyurduğu həcin və
Onun dininin) nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki
təqvadan hasil olur. (Həcc 32)
- Nişanə,
əlamət və s. “Şəair” ərəb sözü olub “şəirə” sözünün cəmidir -
شَعَائِرَ
Qurani Kərim bir sıra məsələləri Allahın, dinin
nişanələri kimi təqdim edərək onlara hörmət və ehtiramı iman və təqvaya
bağlayr. (Həcc 32)
Təfsiri Qurtubi şəair sözünə belə təfsir verir: “
“Şəair” insanı bir yönə sövq edən dəlil, əlamət. Ayədəki şəairillah isə, insanı
Allaha tərəf yönəldən əlamətlərə deyilir.” (Təfsiri Qurtubi c 12, səh. 56)
Qurani Kərimə nəzər saldıqda bizi Allaha yönəldən
əlamətlərin nümünəsini görürük.
1. Mərvə və Səfa dağı: “(Ey möminlər!) Həqiqətən,
Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi
(Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları
təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən
əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən)
razı qalandır (əvəzini verəndir), (onu) biləndir.” (Bəqərə 158)
2. Dəvələr: “Biz qurbanlıq kök dəvələri
(də həcc mərasimində) sizin üçün Allahın (dininin) əlamətlərindən (rəmzlərindən)
etmişik. (Həcc 36)
3. Müzdəlifə (Məşərul-həram): "Ərəfatdan qayıdarkən
Məşərulhəramda (Müzdəlifədə) Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün
Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan
idiniz!" (Bəqərə 198)
4. Məscid və ilahi məkanlar: “(Bu ilahi nur) Allahın
(ad, məqam və binalarının) ucaldılmasına və orada Öz adınıb çəkilməsinə icazə
verdiyi evlər (məscidlər)dir. Həmin evlərdə səhərlər və axşamlar Onu pak
sifətlərlə mədh edərlər.” (Nur 36)
Bu ayədən istifadə edərək deyə bilərik ki, ilahi
əvliya və peyğəmbərlərin də evi bu kateqoryaya daxildir. Tarixdən və Quran
ayəsindən bizə məlumdur ki, hətta peyğəmbər (s) evinin qarşısında yüksək səslə
qışqırmaq və peyğəmbəri o cür səs tonu ilə çağırmaq qadağan edilmiş və bu işi
edənlər məzəmmət olunmuşdur. (Bax: Hucurat sürəsi 2-3-4-5) (Bax: Cəlaləddin
Suyuti –Ədd-Durrul-Mənsur təfsiri c 5, səh. 50)
5. Əshabı Kəhf mağarası: “...(Nəhayət, əshabi-kəhf
öldükdən sonra kafirlər) dedilər: "Onların üstündə bir bina tikin. Rəbbi
(onların öldüyünü, yaxud yenidən yuxuya getdiyini və nəyə etiqad etdiyini) daha
yaxşı bilir!" Onların (əshabi-kəhfin) haqqındakı mübahisədə qalib gələnlər
(mö’minlər) isə: "Onların (məzarı) üstündə (Allaha ibadət etmək məqsədilə)
bir məscid tikəcəyik!" - dedilər.” (Kəhf 21)
Diqqət edirsinizsə Allah əvliyası olan və mağarada
yenidən dünyalarını dəyişən şəxslərin yerləşdiyi mağara üzərində məscid tikilir
və Quran o hadisəni bizə nümunə kimi göstərir.
Səhihi Buxarinin yazdığına görə “Həsən adlı (Hz Həsənin
oğlu) bir şəxs dünyasını dəyişdikdə xanımı onun məzarı üstə bir illik bir qübbə
ucaltdı və orada əzadarlıq etdi.” (Səhihi Buxari, Cənaiz 62-ci hədis)
İbn Səd özünün Təbəqat kitabında yazır: “Osman ibn
Məzunu dünyasını dəyişdikdən sonra Bəqidə dəfn etdilər. Allah Rəsulu (s)
buyurdu: “Onun məzarı üzərində bir daş qoyun.” Daş ağır olduğundan peyğəmbərdə
(s) də onlarla köməkləşib daşı məzar üstə qoydular, daha sonra Allahın
peyğəmbəri (s) buyurdu: “İstəyirəm ki, bu bir nişanə olsun.” (Təbəqat 3-cü
cild, səh. 291; həmçinin bax: Sünən Əbu Davud c 3, səh. 211)
Aişə öz qardaşı Əbdur-rəhman bin Ovfun məzarı üstə bir
çadır qurdu və bir nəfəri təyin etdi ki, ona nəzarət etsin. (Buxari c 2, səh.
119)
Quranın buyurduğu ayələrdən gördüyümüz kimi, Səfa və Mərvə dağı, bir sıra ilahi məkanlar Allahın nişanələri kimi təqdim edilir, onlara hörmət və ehtiram şərt və vacibdir. Onların bərpası, qorunub saxlanılması da dinimizin bir tövsiyəsidir. Qurani-Kərim bizə keçmişdən ibrət almağa çağırır, yer üzərində gəzərək keçmiş ümmətlərin başına gələcək hadisələrdən öyüd almağımız istənilir. Əgər bu ilahi məkanlar, qorunub saxlanılmasa necə ibrət mənbəyi olar? Odur ki gərək onları qoruyub saxlayaq. Necə ki, Quran “Əshabi-kəhfi” buna nümunə göstərir.
Quranın buyurduğu ayələrdən gördüyümüz kimi, Səfa və Mərvə dağı, bir sıra ilahi məkanlar Allahın nişanələri kimi təqdim edilir, onlara hörmət və ehtiram şərt və vacibdir. Onların bərpası, qorunub saxlanılması da dinimizin bir tövsiyəsidir. Qurani-Kərim bizə keçmişdən ibrət almağa çağırır, yer üzərində gəzərək keçmiş ümmətlərin başına gələcək hadisələrdən öyüd almağımız istənilir. Əgər bu ilahi məkanlar, qorunub saxlanılmasa necə ibrət mənbəyi olar? Odur ki gərək onları qoruyub saxlayaq. Necə ki, Quran “Əshabi-kəhfi” buna nümunə göstərir.
Necə mümkün ola bilər ki, dağ, dəvə, məscid ilahi
nişanə olsun lakin, bu həqiqətləri insanlara çatdıran, ömrünü Allaha və Onun
dininə həsr edən ilahi peyğəmbər və əvliyalar ilahi nişanə olmasın? Bir Allah
əvliyası yaxud peyğəmbərin məzarıda ilahi nişanə və əlamətdir. İnsanları Allaha
tərəf sövq edən dəlildir. Odur ki, onların qorunması, bərpası hər bir
müsəlmanın vəzifə borcudur. Quranın bəyanına görə qəlbdə olan ilahi təqvanın
göstəricisidir. Bu ilahi təqvadan məhrum olan müxaliflər daim ilahi insanların
qəbir və məzarlarını dağıtmaq və uçurtmaq ənənəsinə əməl etmişlər. Tarixə nəzər
saldıqda görürük ki, bütün xalq və millətlət öz liderlərinin məzar və qəbirlərini
çox hörmətlə qoruyub saxlamışlar.
Bu gün ilahi insanların məzarına qoyulan ehtiram elə
onların özlərinə qarşı edilən hörmət və sayğıdır.
“Biz qurbanlıq kök dəvələri (də həcc mərasimində)
sizin üçün Allahın (dininin) əlamətlərindən (rəmzlərindən) etmişik. (Həcc 36)
Bu ayənin bir qədər də izahına baxaq. Allah evini
(Kəbəni) ziyarət edənlərdən bəziləri qurbanlıq üçün özləri ilə dəvə aparırlar.
Qurbanlıq əlaməti olaraq heyvanın boynundan zınqırov asırlar. Bununla da həmən
dəvəni başqa dəvələrdən ayırırlar. Bundan sonra bu dəvə Allahın nişanələrindən
hesab olunur. Ayədə buyurulduğu kimi, Allahın nişanələrinə ehtiram edilməlidir.
Məsələn, qurbanlıq üçün ayrılmış dəvədən minik heyvanı kimi istifadə etmək
olmaz. Vaxtlı-vaxtında suyunu və otunu vermək lazımdır. Əgər bir nəfər Məkkədə
Allah evinin yanında qurbanlıq üçün dəvə kəsirsə, bu dəvəyə özünə layiq
(suyunu, otunu vermək, minik heyvanı kimi istifadə etməmək və s.) ehtiram
edilirsə, nəyə görə Allahın ən yaxın bəndələri və nişanələri sayılan, canlılardan
keçmiş, dinə xidmət etmiş, Allah və bəndələr arasında vasitə olmuş
peyğəmbərlərə, imamlara, alimlərə, şəhidlərə və başqalarına vəfatından sonra
ehtiram edilməsin? Əgər, həqiqətən, mahiyyəti cansız təbiət olub daşdan və
gildən ibarət olan Kəbə, Səfa, Mərvə, Mina və Ərəfat dağlarına Allahla sıx
əlaqəli olduqlarına görə ehtiram olunursa və Allahın nişanələri sayılırsa, bəs
nə üçün peyğəmbərlər, kəramət sahibləri, dini təbliğ edib, qoruyub saxladıqları
halda Allahın nişanələri adlanmırlar?
Mövzu bağlı qeyd etdiyimiz ayələrdən öyrənəcəyimiz dərslər.
1) Keçmiş ümmətlərdə qəbrin tə`miri və iman əhlinin
qəbirlərinə ehtiram edilməsi: Quran ayələrindən açıq-aşkar bəlli olur. Allah
Əshabi-Kəhf haqqında buyurur:
Camaat Əshabi-Kəhf əhvalatından xəbərdar olduqdan
sonra mağaraya girib onların dəfni üçün iki fikir irəli sürdü:
Bəzisi dedi: “Onların məzarı üzərində məqbərə tikin.”
Bu işdə üstün gəlmiş dəstə isə dedi: “ – Onların
məzarı üzərində Allaha ibadət etmək məqsədi ilə bir məscid tikəcəyik.” (Kəhf
surəsi, 21-ci ayə)
Quran bu iki fikri heç birinə tənqidi münasibət
bəsləmədən nəql edir. Hər halda, Allah dostlarının, kəramət sahiblərinin
qəbirlərinin qorunması bu iki nəzəriyyədən aydın olur. Hər üç ayəyə diqqət
yetirsək, görərik ki, Allah dostlarının, kəramət sahiblərinin məzarlarını
tikmək və tə`mir etmək heç də haram və məkruh iş deyil. Əksinə, Allah
nişanələrinə bir növ ehtiram əlamətidir.
2) Xüsusi evlərin tikilib ucaldılması: Quran çox gözəl, incə bir məsələni müzakirə etdikdən
sonra Allah nurunu içində çıraq olan taxçaya bənzədir. Bu ifadə Quranda “Allah
yerlərin və göylərin nurudur” kəlməsi ilə başlayıb və “Allah hər şeyi biləndir”
kəlməsi ilə tamamlanır. Bu məsələnin müzakirəsindən sonra deyilir:
“(Həmin taxça və çıraq) Allahın tikilib ucaldılmasına
və öz adının zikr edilməsinə izn verdiyi o evlərdədir (o məscidlərdədir) ki,
orada səhər-axşam onu təsdiq edib şəninə təriflər deyərlər.” (Nur surəsi,
36-37-ci ayələr).
Bu ayəni açıqlamaq üçün ilk növbədə iki məsələni
aydınlaşdırmaq lazımdır:
a) “Evlər” kəlməsində məqsəd nədir?
b) “Ucaltmaq” dedikdə nə nəzərdə tutulur?
“Evlər dedikdə yalnız “məscidlər” nəzərdə tutulmur.
Məscidlərlə yanaşı Peyğəmbər (s)-in, Allah dostlarının və kəramət sahiblərinin
də evləri qeyd olunub. Bu məqsədlə də “ev” sözü cəmdə “evlər” şəklində işlənmişdir.
Bu evlər Allah nurunun mərkəzi sayılır. “Ev” dedikdə məscid nəzərdə tutulmur.
Çünki dörd divardan və tavandan ibarət olan mülk “ev” adlanır. Əgər “Kəbə”
Allah evi adlanırsa, bu ona görədir ki, dörd divar və bir tavandan ibarət olan
müqəddəs evdir. Lakin məscidlər tavansız da ola bilər. İndinin özündə də,
“Məscidül-Həram” tavansız bir məsciddir. Quran ayələrindən də bəlli olur ki,
tavanlı tikiliyə “ev” deyilir. Zuxruf surəsinin 33-cü ayəsində Allah taala
buyurur:
“Əgər insanların (müşriklərin cah-cəlal içində
yaşadıqlarını görüb cahillikləri üzündən küfrdə birləşəcək) bir tək ümmət olmaq
ehtimalı olmasaydı, Rəhmanı inkar edənlərin (axirətdə əzabını daha da artırmaq
məqsədilə) evinin tavanlarını gümüşdən edərdik.”
Hər halda “evlər” kəlməsi məsciddən başqasına və yaxud
həm mənzilə, həm də məscidə şamil olur.
“Ucaltmaq” sözünün izahı:
Ayədə deyilir: “Allah bu evlərin ucaldılmasına izn
verib.”
Ucaltmaqdan zahiri məqsəd divarları və sütunları
hündür etmək, bunun əksi isə viran və dağıtmaqdır. Quranda “ucaltmaq”
kəliməsinin zahiri mənası divarların hündür olması və təmiri mənasında işlənib.
Bəqərə sürəsinin 127-ci ayəsində deyilir:
“Onu da yadına sal ki, İbrahim və İsmail evin
(Kəbənin) bünövrəsini ucaltdıqları zaman.” Əgər “ucaltmaq” da mənəvi məna olsa,
Allah belə evlərə yüksək qiymət verir, məqamını daha da ucaldır.
Əgər bu söz zahiri məna da daşısa, ayədə adı çəkilən
“evlər” kəlməsi peyğəmbərin, övliyaların mənzillərinə aid olur. Çünki belə
evlərin (Allah orada zikr oldunduğuna görə) təmiri və abadlaşması istər həyatda
olduqları zaman, istərsə də vəfatlarından sonra layiq bir işdir. Əgər
“ucaltmaq” sözü mənəvi mənada işlənmişsə, yenə də Allah belə evlərə ehtiram
edilməsinə icazə verib. Bu evlərə ehtiram, onları abadlaşdırmaq, təmiz
saxlamaqdır.
Hər iki mənada (zahiri-batini) “ucaltmaq” buna görədir
ki, övliyalar və peyğəmbərlər Allahın yaxın bəndələri və dostlarıdır. Quranda
bu və bu kimi ayələrin olmasına baxmayaraq, sələfi-vəhhabilər kişi və
qadınların gecə-gündüz Allahı zikr etdiyi yerləri Bəqi qəbiristanlığı və s
övliyaların məqbərələrini viran edib dağıtdılar. İnsanların cəmləşib dua və
münacat etdikləri yerlər indi xarabalığa çevrilib. Bununla da öz keçmiş kin və
küdurətlərini Peyğəmbərin (s) ailəsi və onun səhabələrinə qarşı büruzə
verdilər.
İslam ümməti və qəbirlərin təmiri ənənəsi.
İslam dini Ərəbistan yarımadasında inkişaf etdiyi və parlaq nuru orta Asiyanı əhatə etdiyi zamanda peyğəmbərlərin dəfn olunduqları yerlər və qəbirlər tanınmağa başlandı.
Elə o vaxtdan bu qəbirlərin bəziləri tam və
yarımdairəvi şəkildə olan tavandan (günbəzdən) ibarət olmuşdur. Hal-hazırda
bunlardan bəziləri öz əvvəlki vəziyyətində qalmaqdadır.
Məkkə şəhərində İsmailin və anası Hacərin qəbri
otaqda, Şuş şəhərində Daniyel peyğəmbərin, İraq ölkəsində Hud, Saleh, Yunis və
Zul-Kifl peyğəmbərlərin qəbirləri, həmçinin İbrahimi-Xəlil və oğlu İshaqın qəbirləri
vardır. Yəqub və Yusif peyğəmbərlərin qəbirlərini həzrəti Musa Misir şəhərindən
gətirib Beytül-Müqəddəs şəhərində dəfn etdi.
Hal-hazırda bu qəbirlər tikili və abadlaşmış
vəziyyətdə olaraq qalır.
Həvvanın qəbri Ciddə şəhərindədir. Səudilər bu şəhəri əhatə
etdikdən sonra bu qəbirdən heç əsər-əlamət qalmayıb. Deyilənlərə görə, Həvvanın
qəbri orada olduğu üçün bu şəhər Ciddə, yəni “nənə” adlanıb. İslamın yeni
yayıldığı zaman müsəlmanlar bu şəhəri fəth etdikdə həmin qəbirləri viran edib
xaraba qoymurdular.
Əgər, həqiqətən, qəbirləri təmir edib, tikmək
haramdırsa, müsəlmanlar fəth etdikləri İraq, İordaniya və s. ölkələrdə yerləşən
qəbirləri nəyə görə uçurmadılar və bu qəbirlərin yenidən tikilməsinin nə üçün
qarşısı alınmadı? Əksinə, keçmiş peyğəmbərlərin qəbirləri abadlaşdırıldı. On
dörd əsrdir bu qəbirlər qorunub saxlanılır. Onlar məzarları qoruyub saxlamağı
onun sahibinə ehtiram əlaməti hesab edib, bu işlə xeyirxah əməl sahibinə
çevrilirdilər. İbn Teymiyyə “əs-Siratil müstəqim” kitabında deyir:
“Beytül-Müqəddəs fəth olunan zaman peyğəmbərlərin
qəbirləri tikilmiş və məqbərə vəziyyətində idi. lakin dörd yüzüncü hicri ilinə
kimi bu məqbərələrin qapıları bağlı olub.”
Əgər, həqiqətən, məqbərə tikmək haramdırsa, nə üçün
müsəlmanlar bu qəbirləri viran etmədilər? Sözsüz ki, bu iş haram olsaydı, istər
məqbərənin qapısı bağlı olsun, istərsə də açıq, qəbirləri dağıtmaq vacib bir
əməl sayılardı. Müsəlmanlar məqbərələrin bağlı olmasına baxmayaraq, onları
külünglə belə dağıdıb viran edərdilər.
İslam rəhbərləri və alimlərinin gözlərinin qarşısında
belə qəbirlərin olması və qorunub saxlanılması müqəddəs İslam dini tərəfindən
bu işin icazə verilməsinə dəlalət edir.
İslam tarixi abidələri dinin əsasıdır.
Peyğəmbərlərin, xüsusi ilə əziz İslam Peyğəmbərinin (s), onun həyat yoldaşlarının, övladlarının, səhabələrinin və dostlarının yaşadığı mənzilləri, dəfn olunduqları yerləri, ibadət etdikləri məscidləri, tarixi abidə kimi qoruyub saxlamağın çox böyük əhəmiyyəti vardır.
Bu gün həzrəti
Məsihin (həzrəti İsa (ə)) doğulduğu gündən iyirmi əsr keçməsinə baxmayaraq,
Məsihin özü, anası Məryəm, ona nazil olan “İncil” kitabı Qərbdə tarixi əfsanə
kimi formalaşmışdır. Bəzi Şərq ölkələrinin əhalisi həzrəti Məsihə, anası
Məryəmə və “İncil”ə şübhə ilə yanaşırdılar. Və bunu “Məcnuni Amiri” və onun
mə`şuqəsi “Leyli”nin əfsanəsinə bənzədirdilər. İnsanlar tarixdə olan əsl
həqiqəti nə üçün əfsanəyə oxşadırlar?
Buna görə ki,
həzrəti Məsihdən heç bir tarixi əsər və abidə qalmayıb.
Məsələn, əgər
Məsihin doğulduğu yer, yaşadığı ev, xristianların əqidəsinə görə dəfn olunduğu
yer mə`lum olsaydı, onun asimani kitabı “İncil” təhrif olunmasaydı
(dəyişilməsəydi) və nəhayət, İncildə dördlük yaranmasaydı və bu incillərin
dördü də onun ölümünə və dəfninə iqrar etsəydi və bütün bunlar qorunub
saxlansaydı, onda bu xəyalpərəst və şübhədə qalan insanlar üçün heç bir
şəkk-şübhə yeri qalmazdı. Bu səbəbə görə bəzi tədqiqatçılar bu həqiqəti ikinci
əsrin ədəbiyyat əsəri kimi adlandırmışlar.
Müsəlmanlar isə
cəsarətlə dünyaya üz tutub deyirlər: “Ey insanlar! Min dörd yüz il bundan qabaq
bəşərə rəhbərlik etmək üçün Ərəbistan yarımadasından bir şəxs peyğəmbərliyə
seçildi. Bu yolda böyük uğurlar qazandı. Onun həyat yolu belə dəyişmədən
qorunub saxlanılmışdır. Hətta doğulduğu ev, vəhy nazil olunan Hira dağı, namaz
qıldığı məscid, dəfn olunduğu yer, övladlarının, həyat yoldaşlarının,
qohumlarının evləri və məzarları olduğu kimi qalır...”
İndi, əgər bu
tarixi abidələri məhv etsək və bunlardan heç bir əsər-əlamət qalmasa, İslam
düşmənləri üçün dini inkar etməyə böyük dəlil tapılar.
Peyğəmbər (s)-in
və onun pak övladlarının tarixi abidələrini (ev, qəbirlər...) dağıtmaq, viran
etmək ehtiramsızlıq olmaqla yanaşı, İslam dininə qarşı mübarizə etmək deməkdir.
İslam Qiyamət
gününə kimi bütün yer üzü insanlarının əbədi və həmişəyaşar dinidir. Min ildən
sonra gələn nəsillər də bu dinin köklü din olduğuna inanmalıdırlar. Belə bir
məqsədi doğrultmaq üçün, dinin köklərini, onun əlamət, nişanə və tarixi
abidələrini qoruyub saxlamalıyıq. Bu dinin gələcək əsrlərə ötürülməsi üçün yeni
nailiyyətlər əldə etməliyik. Elə bir iş görməliyik ki, İslam Peyğəmbərinin
peyğəmbərliyinin aqibəti həzrəti İsanın peyğəmbərliyinin aqibəti kimi olsun.
Peyğəmbərin vaxtında yaşayan müsəlmanlar ona dərin məhəbbət bəslədiklərindən
onun bütün xüsusiyyətlərini, o cümlədən, üzüyünün, ayaqqabısının, diş
fırçasının, qılıncının, hirehinin, nizəsinin, atının, dəvəsinin, qulamının,
hətta su içdiyi quyuların, vüquf etdiyi yerlərin nişanə və əlamətlərini,
bunlardan daha da üstün, yol getməyinin və yemək yeməyinin tərzini, saqqalının
formasını yadda saxlamağa çalışmışlar. İndinin özündə də bunlardan bə`zisi
qalıb.
Müsəlman
ölkələrini gəzib dolansaq və tarixlərinə nəzər salsaq, görərik ki, qəbri tə`mir
edib saxlamaq qədim adət və ən`ənə olmaqla yanaşı, bir növ ehtiram əlaməti
sayılır. Hal-hazırda bütün İslam ölkələrində peyğəmbərlərin, övliyaların və
saleh adamların qəbirləri məzar və məqbərə şəklində qorunub saxlanılır. Çox
vaxt bu qəbirlərin üzərində yüksək sənətkarlıq işləri aparılmış və indiyə kimi
də qalmaqdadır. Və ora yığılan pullar oranın qorunub saxlanılması üçün sərf
edilir...
Vəhhabi məzhəbi
yaranmamışdan öncə Nəcd şəhərində (Məkkə-Mədinə) müsəlmanlar övliyaların
məzarlar və ziyarətgahlarına böyük hörmət və qayğı göstərirdilər. Alimlərdən
heç biri buna irad tutmurdu. Təkcə İranda deyil, bütün müsəlman ölkələrində, o
cümlədən Misir, Suriya, İran, Tunis və s-də övliyaların və alimlərin qəbirləri
məzar və məqbərə şəklində düzəldilib və müsəlmanlar tərəfindən böyük hörmətə
malikdir.
Müsəlmanlar
dünyanın hər yerindən dəstə-dəstə bu müqəddəs yerləri ziyarət etməyə gəlirlər.
Bu müqəddəs
məkanların xüsusi xadimləri, xidmətçiləri vardır. Bütün bunlardan sonra necə
demək olar ki, qəbri tə`mir etmək haramdır. Belə ki, bu iş İslamın əvvəlindən
indiyə kimi “Müsəlmanların davranış və əxlaqı” adı ilə davam etmişdir. Bu
hərəkətin kökü Peyğəmbər (s)-ə qayıdır və heç kim tərəfindən buna e`tiraz
olunmayıb (əksinə, bəlkə də bəyənilib).
Bu mətləbin
əhəmiyyəti yüksək dərəcədə olduğu üçün hətta “vəhabi” yazıçılarından bir nəfər
bunun zəruriliyini e`tiraf edərək deyir:
“Bu iş bütün
Şərq və Qərb ölkələrinə yayılmışdır. Elə bir İslam ölkəsi yoxdur ki, orada
qəbir (məqbərə), ziyarətgah olmasın.
Hətta
müsəlmanların məscidlərində də bunlar vardır. Bunun haram olması və İslam
alimlərinin bunun müqabilində sükut etməsi ağıl tərəfindən qəbul olunası
deyildir.”
Lakin etiraf
etməsinə baxmayaraq öz inadkarlığından əl çəkməyərək deyir:
“Bir işin
yayılması və alimlərin sükut etməsi həmin işə icazə verilməsini sübut etmir.
Əgər alimlərdən bə`ziləri bu haqda söz deməmişlərsə, sözsüz ki, başqa alimlər
buna e`tiraz etmişlər. Bu da zamanın və mühitin şəraitindən asılıdır.”
Amma bu sözün
cavabı çox aydındır. Çünki İslam alimləri yeddi əsr bu əmələ heç bir sözlə
e`tiraz etməyiblər. Onların hamısı bu müddətdə İslamın keşiyində durmuşdularmı?
Nəyə görə ikinci xəlifə “Beytül-Müqəddəsi” fəth etdikdən sonra orada olan
peyğəmbərlərin qəbir və məqbərələrini viran etmədi? Məgər o da öz zamanının
müşriklərinə güzəşt edirdi?
Mədinə
alimlərinin verdikləri cavab çox təəccüblüdür. Onlar deyirlər:
“Qəbri tikmək
səhih hədislərdə haram olduğuna görə alimlər bunu qadağan etmişlər. Elə buna
görə də bir çox alimlər belə qəbirləri dağıtmağa icazə vermişlər.”
Müsəlmanlar əziz
Peyğəmbərimizin (s) həyat yoldaşı Aişəni otağında dəfn etdikləri halda məzar
tikməyin haram olmasını necə etiraf etmək olar? Sonra Əbu Bəkr və Ömər təbərrük
üçün o Həzrətin yanında dəfn olundular. Aişənin otağını ortadan iki yerə
böldülər. Bir hissəsini onun yaşaması üçün, digər hissəsini isə Peyğəmbər (s)
və Şeyxeynin (Əbu Bəkr, Ömər) qəbirləri üçün ayırdılar. Ortadan ayrılan divar
Əbdillah ibn Zübeyrin vaxtında ucaldıldı. Sonralar hər dövrün memarlıq
xüsusiyyətlərinə görə Peyğəmbər (s)-in dəfn olunduğu yer abadlaşır və təmir
olunurdu. Xüsusilə də Əməvi və Əbbasi xəlifələrinin vaxtında onun dəfn olunduğu
yerə daha çox diqqət yetirilirdi.
Peyğəmbər (s)-in
qəbrinin üstündə axırıncı abadlıq və tikinti işləri sultan Əbdül-Həmidin
vaxtında aparılıb. Bu 1270-ci ildə başlandı və dörd il davam etdi. Siz İslam
tarixindən və dövründən Səmhudi əsrinə kimi Peyğəmbər (s)-in qəbrinin tikintisi
və abadlaşması haqqında məlumat almaq üçün Səmhudinin “Vəfaül-Vəfa” kitabını
oxuya bilərsiniz. Həmçinin Mədinə şəhərinin tarixinə aid olan kitablardan da,
məlumat ala bilərsiniz.
Növbəti mərhələdə bu yöndə olan hədisləri daha
geniş araşdırmasını sizlərə təqdim edəcəyik.
Mahir Şəkərov – İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder