Mücadilə sürəsi peyğəmbəri (s) danlamır



قَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّتِي تُجَادِلُكَ فِي زَوْجِهَا وَتَشْتَكِي إِلَى اللَّهِ وَاللَّهُ يَسْمَعُ تَحَاوُرَكُمَا إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ

“Şübhəsiz, Allah əri barəsində səninlə mücadilə (mübahisə) edən və Allaha şikayət edən qadının sözünü eşitdi və qəbul etdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah eşidən və görəndir.” (Mücadilə 1)

 تَشْتَكِي   - Tərcümələrdə “şikayət” mənası qeyd edilsə də əsasən narahatçılığı izhar etməyə deyilir. Tam mənası ilə şikayət deyildi.

Zihar ərəbcədən bir isimdir. Məsdəri “zəhr”dir. “Bel” mənasına gəlir.
Zihar - İslamdan öncə cahili ərəbdə olan bir qaydadır. Belə ki, ər həyat yoldaşına "Sən artıq mənim anam kimisən" deyərdi və onunla yaxınlıq etməkdən imtina edərdi. İslamda bu haramdır və kəffarəsi də var. Bu iş cahiliyyət dönəmində talağın bir növü və ən şiddətlisi idi. Əksər zamanlar öz xanımını anasına yaxud bacısına bənzədərək, “sənin belin onun beli kimidir”, yaxud xanımına “ey bacım” olaraq xitablar edilirdi. Əbu Davudun rəvayətinə əsasən öz xanımına “bacım” deyərək xitab edən şəxsə peyğəmbər (s) bu işi qadağan etmiş və o şəxsə “o sənin həqiqətdə bacındırmı?” deyərək bu sözün xoaş gəlməz söz olduğunu diqqətinə çatdırmışdı. (Əbu Davud, Talaq 15-16)
Zihar sözü “İki şeyi bir-birinə oxşatmaq,” “bərabərləşdirmək” kimi mənaları da verir. Allah Rəsulunun (s) Uhud günü iki zireh geyməsi də “zəhəra” feli ilə hədislərdə gəlmişdir. Hilyətul-Fuqaha kitabının müəllifi (Dr. Cəbr Mahmud əl-Fəzilət) bu sözün “üst” “ucalıq” kimi mənalara gəldiyini qeyd edir və sözünə dəlil kimi Kəhf 97-ci ayəni göstərir. Çünki, Yəcuc və Məcucun səddi aşması “yəzhəru” feli ilə ifadə edilmişdir. Lüğət alimləri bu sözlə bağlı çoxlu sözlər buyurmuşlar ki, biz bununla kifayətlənir və ayənin izahına keçid alaq.
قَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّتِي  - “Allah o qadının sözünü eşitdi ki...
Bu ayədə eşitməkdə məqsəd “qadının istəyinin, tələbinin həyata keçməsi”dir. Allah zatən hər şeyi eşidən və biləndir. Hətta ürəklərdə zahir olmayan fikir və düşüncələri belə biləndir. (Mücadilə 7)
Bu ayədə eşitmək, istəyə cavab vermək kimi başa düşülməlidir. Mücadilə 2-ci ayədə isə Allah bu batil adəti tamamilə aradan aparacaq kəlamı buyurur: “Sizlərdən öz qadınlarını anaya bənzədərək özlərinə haram edənlərin zövcələri onların anaları deyillər. Anaları ancaq onları doğmuş qadınlardır. Onlar yaramaz və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, Bağışlayandır.”
Sonrakı ayələrdə isə bu məsələ ilə bağlı ümumi hökmləri də izah edir.
Mücadilə 3: “Qadınlarını anaya bənzədərək özlərinə haram edib, sonra sözlərini geri götürənlər onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüd-nəsihətdir. Allah nə etdiklərinizdən xəbərdardır.”
Mücadilə 4: “Buna imkan tapa bilməyən kəs, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çatmayan kimsə altmış yoxsulu yedirtməlidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın hüdudlarıdır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir.”
Bu hökmlər barədə həm təfsirlərdə və həm də fiqh kitablarında geniş izahlar var. Bu ayəyə toxunmaqda məqsəd, peyğəmbərə (s) irad tutmağa adət etmiş bəzilərinin “Allah bu sürədə qadına haqq verdi” deyərək sanki, peyğəmbər burada günah bir işə mürtəkib olmuşcasına bir hərəkət nümayiş etdirirlər. Həmin şəxslərdən soruşmaq lazımdır ki;
1.Peyğəmbər (s) bu məsələdə qarşı tərəfin fikrini rədd edən bir söz buyurdumu?
2. Peyğəmbər (s) bu əməli görən şəxsə haqq qazandırdımı?
3. Məgər peyğəmbər (s) həmin şəxsə bu işi təkrar etməməsini təkidlə söyləmədimi?
Ayənin nazil olma səbəbinə baxdıqda şikayət edən qadın sözünü bitirər-bitirməz Hz Cəbrailin ayəni gətirməsi qeyd olunur. (Bax: Cəlaləddin Suyuti, Ədd-Durrul-Mənsur Mücadilə sürəsinin təfsirində, İbn Macə, İbn Əbi Hatəm və s)
Digər bir rəvayətdə oxuyuruq ki, Ənsardan olan qadın Allah Rəsuluna (s) ərinin ona “zihar” etməsi ilə bağlı şikayət etdi. Qadın dedi: Mən öz cavanlığımı və özümü onun ixtiyarında qoydum və heç bir zaman onunla sərt olmadım. İndi ondan sizə şikayətim var.
Peyğəmbər (s) buyurdu: Şikayət edirsən?
Qadın dedi: O mənə dedi ki, sən mənə haramsan və məni anası ilə müqayisə etdi və evdən qovdu. İndi mənə bir çıxış yolu göstərin.
Peyğəmbər (s) buyurdu: Bu barədə Allah heç bir ayə nazil etməmişdir ki, mən ona əsaslanaraq sən ərin arasında hökm edəm. Və mən aydın cavab verə bilməyən kəslərdən olmaq istəmirəm.
Qadın ağlayaraq Allah dərgahına şikayət etməyə başladı və peyğəmbərin (s) hüzurundan ayrıldı. Allah bu hadisədən sonra Mücadilə 1-ci ayəni nazil etdi.
Peyğəmbər (s) o qadına xəbər göndərərək əri ilə bigə yanına gəlməsini istədi. Hər ikisi peyğəmbərin (s) hüzuruna gəldikdə Allah Rəsulu (s) həmin kişiyə buyurdu: “Sən bu qadına bu sözləri demisən?” Dedi: Bəli. Allah Rəsulu (s) buyurdu: “Allah sənin gördüyün bu iş və qadının barədə ayə nazil etdi və ayəni onlara oxudu. Daha sonra buyurdu: “Öz xanımını evinə apar, həqiqətən sən çox pis söz demisən. Allah günahından keçdi və bir daha bu işi təkrar etmə.”
Kişi də öz etdiyindən peşman olduğundan Allah ziharın hökmlərini də sonrakı ayələrdə göndərərək onlara çıxış yolunu göstərdi. (İbn Macə, 2063; Əbu Davud, 2214; İbn Kəsir; Təbəri, s; Qurtubi, Mətbəə tu Dari1-Kütübi1-Misriyyə, Qahirə -1945, s.17/269-270)
Hədis və ayələrdən göündüyü kimi, burada peyğəmbərə (s) tənə olacaq bir əməl yoxdur. Bəzilərinin “Allah qadına haqq verdi, qadının sözünü Allah təsdiqlədi” deməsi və bu yolla peyğəmbərə (s) irad tutmaq istəməsi heç başa düşülən deyil. Allah qadının haqqını müdafiə etməməli idi? Yuxarıda da soruşduğumuz kimi, məgər peyğəmbər (s) qadını rədd edərək ərinə bəraət qazandırdı, yaxud ona şəriətdən kənar bir söz söylədi ki, bəziləri tez peyğəmbərə (s) irad tutur?
Nəticə: Bu sürə dilimizi idarə etməyi bizə öyrədən bir sürədir. Bu sürənin digər ayələrində də dil ilə bağlı məsələlər vardır. Bu ayələrdə peyğəmbərə (s) irad olacaq heç bir məsələ yoxdur əksinə qadını müdafiə etməsi gözə çarpır ki, bu da Allahın ayələri ilə müvafiqdir.

Mahir Şəkərov – İlahiyyatçı yazar.


Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)