Peyğəmbərin (s) xanımları və çox evliliyinin hikmətləri
Allah Rəsulunun (s) izdivacları. (Xanımların ad və sayları).
1. Hz Xədicə
- Allah Rəsulunun (s) ilk evliliyi Hz Xədicə ilə 25 yaşında baş tutmuşdur. Hz
Xədicənin yaşı və onun peyğəmbərdən (s) öncə evli olması ilə bağlı deyilənlər
bir mənalı deyildir. Bu mövzuda ixtilaf vardır. Bu ixtilaflı məsələ ayrıca bir
araşdırmanın mövzusudur. Qısaca demək lazımdır ki, Hz Xədicə peyğəmbərlə (s) evləndiyində
25-27-29 yaş aralarında və bakirə olmuşdur. Hz Xədicə İslamı ilk qəbul
edənlərdən olmaqla yanaşı, iffət və paklığı ilə də tanınırdı. Bu evliliyin
kökündə xüsusi bir amil dayanmırdı. Dünya qanunlarına görə peyğəmbər (s) də ailə
həyatı qurdu. Bu evlilik üçün təklif, Hz Xədicədən gəlmişdi. Burdan bunu da
anlaya bilərik ki, təkcə oğlan tərəfi qıza elçi göndərməz, qız evi də oğlan
evinə bu təklifi edə bilər. Buna pis baxanlar nə Hz Xədicədən daha artıq iman
əhli deyillər və nə də Hz Muhəmməddən (s) paklıqda iffətdə daha ali kişi
deyillər. Hz Xədicə “Xayrun-nisə” “xeyirli qadın” ləqəbi ilə də
məşhurdur.
2. Səvdə
binti Zəmə – O dul xanım idi. Əri Səkran İslamın öncələrində müsəlman olmuş,
Məkkədə müsəlmanlara olunan zülmlərə görə Həbəşistana hicrət etmişdir. Bəzi
mənbələrdə onun məsihi olması və Həbəşistanda vəfat etməsidə qeyd olunur. Ərinin
vəfatından sonra Səvdə iki seçim arasında qaldı.
1.Ya müşrik qohumlarının yanına qayıtmalı. (Bu halda
onu müşrik olmağa məcbur edə bilmələri ehtimalı da vardır.)
2.Ya da tənha həyat sürməklə maddi çətinliklər
arasında ölüb getməli.
Allah Rəsulu (s) bu mömin xanımı himayə etmək dünya və
dinini qorumaq
məqsədi ilə onunla evləndi. Bu evliliyin başlıca səbəbi dul xanıma sahib
çıxmaq və onu qorumaq dururdu. (Başqa sözlə sosial səbəb).
3. Hz
Rəsulullahın (s) bakirə olan ikinci xanımı 15-16 yaşlı Aişə binti Əbu Bəkr
olmuşdur. Bu izdivac barədə də (xanımın yaşı və evlilik səbəbləri) müəyyən
fikir ayrılıqları tarixi mənbələrdə mövcuddur. İslam düşmənləri bu evliliyi
Allah Rəsuluna (s) tənə vurmaq məqsədi ilə də istifadə edirlər. Bir məsələni
qısaca demək lazımdır ki, coğrafi məntəqələrin şəraitinə uyğun olaraq bioloji
inkişafda da fərqlər özünü göstərir. Bu cür məntəqələrdə olan 16-17 yaşlı
qadınlar, soyuq ölkələrdə olan 20-22 yaşlı bir qadın deməkdir. Evliliyin
kökündə siyasi səbəblər durur.
4. Ümmü
Sələmə - Həyat yoldaşı Uhud döyüşündə ağır şəkildə yaralandıqdan sonra şəhid
oldu. Yetim qalmış uşaqları ilə təkbaşına qalmış Ümmü Sələmə peyğəmbərin (s)
təklifi ilə onunla ailə həyatı qurur. Ümmü Sələmə tarixi mənbələrdə bir çox
hədisin ravisi olaraq da nəql olunmaqdadır. Allah Rəsulunun (s) onun
barəsində “aqibətin xeyirli olacaqdır” sözü də hədislərdə gəlməkdədir.
Evliliyin səbəbi yenə sosial səbəbdir.
5. Həfsə -
Həfsə də dul qadın idi. O, Xuneys adlı bir şəxslə evli idi. Ərinin vəfatından
sonra peyğəmbərlə evliliyi baş tutmuşdu. Bu evlilik təklifi peyğəmbərdən
gəlmişdi. Həfsə o zaman 21 yaşında idi. Evliliyin kökündə siyasi səbəblər
durur.
6. Ümmü
Həbibə - İslamı qəbul edib, bütün maniələrə baxmayaraq dində sabit qalan dul
xanım idi. Əri, sonralar dindən dönərək xristian olmasına rəğmən o sonacan
dinindən dönməmişdir. Allah Rəsulu (s) dininə bağlı olan bu xanıma həm siyasi
və həm də sosial səbəblər üzündən evlilik təklif etmiş, nəticədə peyğəmbərin (s) kəbininə
daxil olmuşdur. Bu xanımın peyğəmbərlə (s) münasibəti səmimi və mehriban
olmuşdur.
7. Cuveyriyyə
- Bəni Mustaliq qəbiləsinin başçısı Sabitin qızıdır. Həmin qəbilə ilə döyüşdə
alınan əsirlərdən biridə bu xanım olmuşdur. Daha sonra azad olunmuş və
peyğəmbərlə (s)
evlənmişdir. Bu xanımla evliliyin səbəbi də həmin qəbiləyə qarşı səmimiyyət
nümayiş etdirmək idi və bu iş nəticə də baş verdi. Bu evlilik baş tutduqdan
sonra həmin qəbilədən olan əsirlər də azad edildi. Çünki, heç kim peyğəmbərə
(s) qohum olan bu qəbilənin insanlarını qul kimi işlətməyi özlərinə rəva
bilmədilər. Cuveyriyyənin atası və sonra qəbiləsindən çoxlu insan İslamı qəbul
etdi. Bu evliliyin də kökündə siyasi və sosial səbəblər durmaqdadır.
8. Mariya
Qibti – Misir hökmdarının Allah Rəsuluna (s) göndərdiyi kənizdir. Bu xanım
İslamı qəbul etməklə kənizlikdən Allah Rəsulunun (s) həyat yoldaşı olmaq
iftixarına layiq oldu. Tarixi mənbələrə əsasən bu xanımdan İbrahim adlı bir
uşaq dünyaya gəlmiş və 18 aylığında vəfat etmişdir. Bu evliliyin səbəbini də
sosial olaraq qəbul etmək olar. Hz peyğəmbər (s) Mariyanın özgə bir diyardan
gəlməsini, sevgiyə və aramlıq bəxş edən bir yuvaya ehtiyac duyması kimi
səbəbləri nəzərə alaraq bu evliliyi həyata keçirtdi.
9. Məymunə -
Məymunə Haris ibni Həzn qızı. Hicrətin yeddinci ilində Ümrətul-qəza səfərində
Peyğəmbərlə (s) izdivac etdi. Əri öldükdən sonra peyğəmbərlə (s) izdivac etməyi
təklif etmiş, peyğəmbər (s) də qəbul etmişdir. Məymunə özü də
imanlı bir ailədən olmuş peyğəmbərin (s) əmisi Abbasın baldızı idi. Evlilik yenə də
sosial səbəbə, bu xanıma sığınacaq vermək məqsədi ilə baş tutdu.
10. Zeynəb
binti Cəhş – Zeynəbin evlənmə hadisəsi tarixdə hətta Quranda (Əhzab 37) yad
olunan hadisədir. Zeynəbin evlilik hadisəsi ilə o zaman cəmiyyətdə olan iki
batil inanc həllini tapır. Zeynəbin Zeydlə evliliyi çox uzun çəkmir və iş
boşanma həddinə yetişir. Daha sonra Allah Rəsulu (s) Zeynəblə evlənir. Əhzab
37-ci ayənin izahında bu mövzuya daha əhatəli şəkildə toxunduq deyə burada
yenidən izaha ehtiyac duymuruq. (Daha ətraflı bax:
http://mahir-shekerov.blogspot.com/2017/03/hzab-37-peygmbri-s-mzmmt-etmir-trif.html)
11. Səfiyyə - Xeybər qalalarının fəthi əsnasında əsir
alınmışdır. Əri həmin döyüşdə müsəlmanlar tərəfindən öldürülmüşdü. İslama olan
meyli, onun əsirlikdən azad olmasına və peyğəmbər (s) xanımı olmasına səbəb
oldu. Bu evliliyin də ən mühüm səbəbi sosial səbəbdir.
12. Zeynəb binti Xuzeymə - Bu alicənab qadın hələ
cahilliyyət zamanında belə öz iffəti və alicənablığı ilə tanınırdı. Yetim və
fəqirlərə olan diqqət və qayğısından, ona “ummul-məsakin” “miskinlər anası”
ləqəbi verilmişdi. Uhud döyüşündə əri öldükdən sonra, kimsəsiz və tənha
qalmasın deyə peyğəmbərlə ailə həyatı qurmuş, bir neçə ay sonra isə vəfat
etmişdir.
13. Ummu-Şərik Qəziyyə kimi tanınmış Cabir ibni Həkim
qızı. O, özünü mehriyyəsiz olaraq peyğəmbərə (s) bağışladı.
Allah Rəsulunun (s) çox izdivac etməsinin hikmət və fəlsəfəsi.
Allah Rəsulunun
(s) izdivaclarının sayı barəsində fərqli rəqəmlər mövcuddur. Belə ki,
xanımların sayı, ən çoxu 23, ən azı isə 11 olaraq qeyd edilir. Bu Allahın
peyğəmbərə (s) verdiyi xüsusi üstünlük, (xüsusi izn) idi. Çünki, adi halda
müsəlmanlar ən çox halda dörd qadınla evlənə bilərlər. Bunu da qeyd etmək
yerinə düşərdi ki, bu evliliklər bəzilərinin düşündüyü kimi heç də nəfsani və
şəhvani istəklər üzündən deyildir. Tarixi mənbələr təsdiq edir ki, Allah Rəsulu
(s) bəzi xanımları ilə ümumiyyətlə intim münasibət qurmamışdır. Onların sayı
dörd olaraq qeyd edilir. Peyğəmbər (s) hələ Məkkədə ikən üç qadınla
evlənmişdir. Onlar; Hz Xədicə, Aişə və Səvdə idi. Digər evliliklər isə Mədinəyə
hicrət etdikdən sonra baş tutmuşdur. Peyğəmbərin (s) izdivaclarını şəhvət və
nəfsani istəkləri ilə əlaqələndirib, əziz peyğəmbərimizə (s) böhtan atanlara
qısa şəkildə cavab verək;
1. Ərəblərin mədəniyyətində çox evlilik məqbul sayılan
bir haldır. Bu günün özündə belə bu məsələ gündəmdədir.
2. Peyğəmbərin (s) evliliyin əsas səbəbləri yuxarıda qeyd
etdiyimiz kimi, əsasən sosial səbəblərdir. Peyğəmbər (s) ya dul qalmış xanımın
iffətinin qorumaq, ya onu səfalət içində qoymamaq, ya yetim uşaqları düzgün
tərbiyə ala bilsin, ya bir qadını əqdinə keçirtməklə bir qəbilənin, toplumun
dinə daxil olması, ya bir döyüşün sona yetməsi, ya İslama düşmən olanların dinə
olan münasibətinin müsbət məcrada inkişaf etməsi kimi səbəblərdən ötrü, bu
evlilikləri həyata keçirtmişdir.
3. İslam peyğəmbərindən (s) iyirmi beş yaşına qədər
(ondan sonra da) heç bir əxlaqa zidd bir əməl müşahidə edilməmişdir. Əgər o
həzrətin həyatında zərrə bir məfi hal olmuş olsaydı İslam düşmənləri və
müxalifləri onu peyğəmbərə (s) irad tutar və qınayardılar. Amma biz bunu heç
bir tarixi mənbədə müşahidə etmirik.
4. Əgər peyğəmbər (s) şəvhət və nəfsani istəklər üzündən
qadınlarla evlənsəydi onda gərək cavan qızlarla evlənəydi, dul və yetimləri
olan himayəsiz qadınlarla yox.
5. Hz Xədicə həyatda ikən heç bir qadınla evlənməmişdir.
Hz Xədicə vəfat etdiyində isə peyğəmbərin 50 yaşı vardı. Digər evliliklər 53
yaşından sonra baş tutmuşdur. Nəfsani istəklər dalınca olan şəxs, cavan
yaşlarında daha çox bu işlərin arxasınca gedər, 50 yaşından sonra yox.
6. Evləndiyi xanımların yaşı (bir ikisini çıxmaqla) otuz
altı və əlli yaş arası idi.
7. Bu evliliyin bəziləri ilahi vəhy ilə olmuşdur.
(Zeynəblə evlənməsi və cəmiyyətdə baş qaldıran cahili adəti bu evliklə aradan
aparması kimi. Əhzab 37).
8. Bu məsələdə ən gözəl dəlillərdən biri də Quran
ayəsidir. Quran peyğəmbərin (s) xanımlarına zöhd və təqvalı bir həyatı təklif
edir, əks halda onları boşanmaqda azad buraxır.
Əhzab 28: “Ya
peyğəmbər, zövcələrinə de: Əgər siz dünya həyatını və onun bər-bəzəyini
istəyirsinizsə (və peyğəmbərin evinin mövcud vəziyyətindən narazısınızsa), onda
gəlin sizi (mehriyyələriniz yaxud ondan artığını verməklə) bəhrələndirim və
gözəl bir tərzdə (təlaq verməklə) azad edim.”
Peyğəmbər (s) bu
sözü Allahın əmri ilə xanımlarına demişdir. Şəhvət və arxasınca olan bir şəxs
bu sözü heç vaxt qarşı tərəfə deməz. Əksinə çalışar ki, qarşı tərəfi hər yolla özündən
razı sala.
Bu kimi
cavabları artırmaq olar. Burada bir sual yarana bilər ki, əgər məqsəd köməklik
idisə peyğəmbər (s) niyə xanımları öz əqdinə keçirirdi, dolayı yollarla kömək
edə bilməzdi?
Cavab: Bir daha qeyd etmək lazımdır ki, “kömək və yardım”
peyğəmbərin (s) evliliyinin sadəcə bir səbəbidir. Ərəblərdə adət idi ki,
birinin himayəsində olan şəxsə heç vaxt hörmətsizlik olunmazdı. Digər yöndən o
evlilik peyğəmbər (s) üçün yox, o xanımlar üçün bir iftixar idi. Bəzən də
peyğəmbər (s) bir xanımda olan müsbət mənəvi keyfiyyətləri nəzərə alaraq onu
daha da şərəfləndirmək, müsbət keyfiyyətlərinin aradan getməməsinə zəmin
yaratmaq üçün bu addımı atırdı. Bir daha təkidlə qeyd etmək istərdim ki, Allah
Rəsulunun (s) evliliklərinin mədəni, ictimai və siyasi səbəbləri var idi ki,
onlara qısa da olsa toxunduq.
Mahir Şəkərov – İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder