Qəbirlərin dağıdılması ilə bağlı hədislərin araşdırılması.
İndi isə qəbirlər mövzusunda olan hədislərlə yaxından elmi şəkildə tanış
olaq.
Əbil Həyyacın hədisi.
İndi isə vəhhabi
alimlərinin əsaslandığı hədisi araşdıraq.
"Səhih
Müslim" kitabında qeyd olunur ki, “Səhih” kitabının müəllifi bu hədisi
Yəhya, Əbu Bəkr və Züheyrdən nəql edərək deyir:
Vəki adlı bir
nəfər Süfyandan, Həbibdən, Əbi Vaildən və Əbil Həyyacdan belə rəvayət edir: Əli
ibn Əbu Talib Əbil Həyyaca deyir:“Peyğəmbər (s)
mənə tövsiyə etdiyi işi sənə tövsiyə edirəm. Harada rəsm əsəri və hündür qəbir
gördün, məhv et.”
Vəhhabilər
hədisin sənədinin düzgünlüyünü yoxlamadan onu əsas tutaraq belə yanlış nəticəyə
gəlmişlər.
İlahi ehkamdan
bir hökmü əldə etmək üçün hədisə əsaslanıb nəticə çıxarmaq istəyiriksə, onda
gərək iki şərti unutmayaq:
1. Hədisin
sənədi gerçək və doğru olmalıdır, yəni onu rəvayət edənlərin sözlərinə inanmaq və
istinad etmək olsun.
2. Bizim məqsəd
və hədəfimiz üçün hədisin mənası (cümlə) əsas və sübut olmalıdır, yəni mövzu
ilə onun mənası uyğunlaşsın.
Belə ki, hədisi
xəbərdar (işlə tanış olan) adama versək, bizim mövzunu başa düşdüyümüz kimi, o
da elə başa düşər.
Çox əfsuslar
olsun ki, bu hədis hər iki cəhətdən nöqsanlıdır. Xüsusən ikinci şərtlə ki,
mövzu ilə hədisin mənası bir-birinə uyğun gəlmir. Amma birinci şərtə görə,
hədis alimləri bu hədisi rəvayət edənlərin heç birini “mühəddis” kimi
tanımırlar. Hədis bu dörd nəfərdən rəvayət olunub:
1) Vəki 2)
Süfyan əs-Səuri 3) Həbib ibn Əbi Sabit 4) Əbi Vail əl-Əsədi.
Böyük hədis
alimi Hafiz ibn Həcər Əsqəlani “Təhzibüt-təhzib” kitabında bu dörd nəfəri
tənqid edib. Belə ki, onların söylədiyi hədislər düzgün deyil.
Məsələn: Vəki`
haqqında Əhməd ibn Hənbəl nəql edir:
“O, (Vəki`) beş
yüz hədisdə xətaya və səhvə uğramışdır.”
Həmçinin onun
haqqında “Məhəmməd ibn Nəsri Mərizi söyləmişdir:
“Vəki! hədisi
istədiyi mənaya yozurdu (hədisin mətnini, kəlmə və cümlələrini söyləmirdi) bir
halda ki, ərəb deyildir.”
Süfyan Səuri
haqqında İbn Mübarəkdən belə nəql edirlər:
“Süfyan hədis
deyirdi, mən gəlib çatanda gördüm qondarma və yalan hədis danışır. Məni görəndə
xəcalət çəkdi.”
Qondarma hədis
danışdığı, həqiqəti söyləmədiyi üçün onu ədalətli və düzgün adama adlandırmaq
olmaz.
Yəhya əl-Qutan
deyirdi: “Süfyan yalançı bir şəxsi mənə doğruçu kimi tanıtdırmaq istəyirdi.
Lakin bacarmadı.”
Həbib ibn Əbi
Sabit haqqında Əbi Həbban belə deyir: “O, qondarma və yalançı hədislər
söyləyirdi.”
Qutan deyir: “Onun
(İbn Əbi Sabitin) söylədiyi hədislərə inanmaq olmur, çünki söylədiyi hədislər
düzgün deyil.”
Əbi Vail
haqqında söyləyirlər: “O nasibilərdən və imam Əmirəl-mö`minin Əlinin
düşmənlərindəndir.”
Burada bir
məsələ diqqəti özünə cəlb edir. O da budur ki, Əbil Həyyac səhih kitablarının
altısında vur-tut cəmi bir hədis söyləyib. Peyğəmbər (s)-dən təkcə bir hədis
rəvayət etmək isə həmin hədisi rəvayət edənin ravi olmadığını sübut edir.
Bu sürətdə ona
etimad edib inanmaq düzgün deyil.
Heç bir alim bu
qədər səhvi və nöqsanı olan hədisə əsaslana bilməz. İndi isə hədisin
cümlələrinə diqqət yetirək.
Əbil Həyyacın
nəql etdiyi hədisin axırında ərəbcə belə bir kəlmə işlənib:
“Və la qəbrən
müşrifən illa səvvəytəhu.”
a) “Müşrif” sözü
lüğətdə uca və hündür mənasındadır. Bəzi lüğət alimlərinin fikrincə, “Müşrif”
hündür yer və başqasını ələ keçirmək mənasındadır.”
“Qamus” adlı
izahlı lüğətdə “Şərəf” sözü hündür yer və dəvənin hürgücü kimi açıqlanır.
“Müşrif” kəlməsi də hər yerdə hündür, xüsusən dəvənin hürgücü mə`nasında
işlənir. Yuxarıdakılara nəzər salmaqla, hədisdə “hündürlük” sözünün hansı
mə`nada işləndiyini dərk etmək heç də çətin deyil.
b) “Səvvəytəhü”
sözü lüğətdə bərabər etmək və əyriliyi düzəltmək mə`nasındadır. Ərəblər bu
kəlməni belə işlədir:
“Səvvəytü əl-müəvvəcə
fəmastəva; Sənəəhü mustəviyən.”
Yəni: “Əyriliyi
düzəltmək istəyirdim, düzəlmədi,” “onu düz düzəltdi.”
Qur`ani-kərimdə
Allah buyurur: “Əlləzi xaləqə fəsəvva”
“O, Rəbbin ki,
(hər şeyi) xəlq etdi və nizama saldı.”
Sözlərin bir-bir
mənasını müəyyənləşdirdikdən sonra hədisin hansı mənada işləndiyini
aydınlaşdırmaq istəyirik. Bu hədisin ibarələrinə nəzər salmaqla iki mənası ola
bilər:
1) Həzrət Əli
(ə) Əbil Həyyaca dedi: “Hündür qəbirləri viran edib yerlə bərabər et.”
Vəhhabilər
hədisin bu mənada olduğunu ağlabatan hesab edirlər. Bu fikir bir neçə səbəbə
görə təmamilə səhvdir:
a) “Səvvəytəhu”
kəlməsi heç bir yerdə viran etmək və dağıtmaq mənasında işlənməyib.
Əgər belə
olsaydı, onda hədis bu ifadə ilə deyilərdi:
“Onu (qəbri)
yerlə bərabər et.” Halbuki hədisdə bu mənanı ifadə edən sözdən istifadə
olunmayıb.
b) Vəhhabilərin
söylədikləri düzgün, məntiqə uyğundursa, bəs nə üçün İslam biliciləri belə bir
hökm verməyiblər?
Çünki məzarları
məhv etmək İslam qayda-qanunlarının ziddinədir. Dinə görə, qəbrin yerdən bir az
hündür olması daha münasibdir. Bütün İslam alimləri qəbrin yerdən bir qarış
hündür olmasını bəyənilmiş bir əməl hesab edirlər.
“Əl-fiqhü
ələl-məzahibil-ərbəə” kitabında dörd məzhəb (Hənbəli-Hənəfi-Şafei-Maliki)
alimlərinin verdikləri hökm yuxarıdakı ilə uyğunlaşır:
“Qəbul olunur
ki, qəbrin torpağı yerdən bir qarış hündür olsun.”
Yuxarıdakı
ibarələrə diqqət yetirməklə hədisi başqa cür izah etmək olar:
2) “Qəbri
bərabər et” ifadəsində məqsəd, yəni qəbrin üzərini düz və hamar et. bu da
hürgüc və heykəl (büst) şəkildə olan qəbirlərə aiddir.
Hədisdən belə
başa düşülür ki, qəbrin üstü (sinə daşı) düz və hamar olmalıdır. Çünki “Şafei”
məzhəbindən başqa, bütün məzhəblər hürgüc və heykəl şəklində olmasını məqbul
hesab edirlər.
İslam alimləri
isə bu məntiqli cavabı qəbul edir ki, “qəbir yerdən hündür və hamar olmalıdır.”
“Səhih”
kitabının müəlifi Müslim, həmçinin Tirmizi və Nəsai öz kitablarında hədisi
“Qəbrin hamar olması” fəslində qeyd etmişlər. Bu da onu bildirir ki, gərək
qəbrin üstü düz və hamar olsun. Əgər məqsəd qəbirləri dağıtmaq olsaydı. Fəslin
adı belə olardı: “Qəbirləri dağıtmaq və yerlə bərabər etmək” fəsli.
Ərəb dilində
“təsviyyə” sözü “bir şeyi hamar və düz etmək” deməkdir.
Başqa bir hədisi
Müslim öz “Səhih” kitabında nəql edir və biz bu hədisin mə`nasını təsdiq
edirik: “Ravi deyir: Füzalə ilə Rum diyarında idim və bizim yoldaşlarımızdan
biri vəfat etmişdi. Füzalə onun qəbrinin düz və hamar olmasını əmr edib dedi:
– Allahın
Rəsulundan eşitdim:“Qəbirləri düz və hamar edin.”
“Səvvəytühu”
sözünün leksik mənasını bilmək hədisin başa düşülməsində böyük rol oynayır. Bu
mövqedən çıxış edərək hədisi üç formada izah etmək olar:
1 – Qəbirlərin
günbəzini dağıtmaq. Bu ehtimal yanlışdır. Çünki Mədinədə olan qəbirlərin heç
birinin günbəzi yox idi.
2 – Qəbri yerlə
bərabər etmək İslam qanunlarının ziddinədir. Çünki qəbir yerdən heç olmasa bir
qarış hündür olmalıdır.
3 – Hürgüc
şəklində olan qəbirləri düz və bərabər etmək. bu, hədisin daha doğru və gerçək
mənasıdır. Bunun vəhhabi əqidə və məqsədinə heç bir aidiyyəti yoxdur. İndi
görək "Səhih Müslim" kitabının tanınmış şərhçisi Nəvəvi hədisi necə
təfsir edir:
“Qəbrin yerdən
hündür olması “sünnət” – qanun sayılır. Məzar hürgüc şəklində, hündür və hamar
olmalıdır.”
Buradan belə
aydın olur ki, Nəvəvi “Səvvəytu” sözünü “düzəltmək”, “hamar etmək” mənasında
təfsir edib.
Həzrət Əli (ə)
qəbirlərin hürgüc və heykəl şəklində deyil, hamar olmasına göstəriş verib. Bundan
başqa, Əhməd Qəstəlani “İrşadus-sari fi şərhi Səhihil Buxari” kitabında da
hədisi belə təfsir edir. O deyir: “Qəbri düz və hamar etmək sünnət sayılır. Düz
və hamar etmək” Rəvafizin əlaməti və nişanəsi olsa belə, biz sünnəti tərk edə
bilmərik. Qəbri hamar etmək sünnət sayılırsa, Əbil Həyyacın söylədiyi hədislə
heç bir ziddiyyəti yoxdur. Çünki qəbri yerlə bərabər etmək düzgün deyil, belə
qəbrin yerdən hündür olması ilə yanaşı, hamar və düz olması da şərtdir.”
Bundan əlavə,
imamın verdiyi göstəriş qəbirlərin günbəz və məqbərələrini uçurtmaq idisə, nəyə
görə imam Əli (ə) İslam ölkələrinin hakimi olduğu zaman peyğəmbərlərin məqbərə
və günbəzlərini viran etmədi. Bir halda ki, Fələstin, Suriya, Misir, İraq, İran
və Yəmən vilayətlərində peyğəmbərlərin qəbirləri günbəz və məqbərədən ibarət
idi.
Biz bunların
hamısına göz yumuruq. Əgər İmam Əbil Həyyaca məzarları yerlə bərabər etmək
haqqında göstəriş verirsə, bu heç də onları viran edib dağıtmağa dəlalət etmir.
Çünki o buyurmuşdu: “Qəbirləri bərabər et.” Əli (ə) məzarların üstündə olan
məqbərə və günbəzlərin viran edilməsi haqqında heç bir göstəriş verməyibdir.
Çünki insanlar onların kölgəsində Quran, dua, namaz və başqa ibadətlərlə məşğul
olurdular. Bir halda ki, məqbərələr və günbəzlər Quran oxuyub, namaz qılmaq və
camaatı istidən, soyuqdan qorumaq üçün şərait yaradır, onda bu hədis belə
məqbərələrin viran edilməsinə necə sübut və dəlil ola bilər?
Qəbrin üzərindəki tikili haqqında əhli sünnə məzhəbinin alimlərinin fətvaları.
“Qəbrin üstündə
ev, günbəz, mədrəsə və yaxud məscid tikmək məkruhdur.”
Nəcd şəhərinin
qazısı qəbrin üstündə tikili olmasını haram bilir. Halbuki sünni məzhəbləri bu
işi məkruh hesab edirlər. Əgər məscid və yaxud günbəzin qəbir üzərində olması
ziyarət edənlər üçün namaz qılmaq və Quran oxumaq şəraiti yaradırsa, bunun
məkruh olması fikri də düzgün deyil.
1. Cabirin
hədisinə əsasən dəlil və sübutlar.
Cabirin hədisi
vəhhabilərin qəbri haram hesab etmələri haqqında əsas sənəddir. Bu hədis sünni
məzhəblərinin “Sünən” və s. “Səhih” kitablarında müxtəlif şəkildə nəql olunub.
Hədisin bütün sənədlərində “İbn Cərih” və “Əbu Zübeyr”in adları çəkilib. Biz bu
dini kəlamın bütün surət və sənədlərini təhqiq etdikdən sonra öz nəzərimizi
(vəhhabilərin bu hədisi əsas götürməsi haqqında) açıqlayacağıq. İndi isə,
hədisin bütün növlərini “Sünən” və “Səhih” kitablarından nəql edirik.
Müslim öz
“Səhih” adlı kitabında “Ən-nəhyu ən təcsisil-qəbri vəl-binai ələyhi” fəslində
bu hədisin iki variantını vermişdir:
1) Əbu Zübeyr
ibn Cərihdən, ibn Cərih Həfs ibn Ğiyasidən, Həfs ibn Ğiyasi Əbu Bəkr ibn Əbi
Şəybədən, o isə Cabirdən nəql edir:
“Peyğəmbər
qəbirlərin əhənglənməsini nəhy edib.”
Tirmizi “Səhih”
kitabının “Kərahiyyətü təcsisil-qüburi vəl-kitabəti ələyha” fəslində Cabirdən
hədisi belə nəql edir.
3) “Peyğəmbər
qəbirlərin əhənglənməsi, üzərində yazı yazılması, tikili bina tikilməsi və yol
getməyi nəhy edib.
Sonra Tirmizi
Həsən Bəsridən və Şafeidən nəql edərək deyir: Bu iki nəfər qəbirlərin üzərində
gül əkməyə icazə veriblər.
İbn Macə “Səhih”
kitabının “Ma caə fin-nəhyi ənil-binai ələl-quburi və təcsisiha vəl-kitabətü
ələyha” fəslində bu hədisi iki cür nəql edir:
4) Hədisi şərh
edən Hakimdən nəql edərək deyir:
Həkim bu hədisin
sənədini düzgün qəbul edir. Lakin bu hədisə əməl etməyi İslam alimləri düzgün
hesab etmirlər. Çünki şərqdən məğribə doğru İslamın bütün qabaqcıl insanları bu
işi görürdülər və bu iş gələcəkdəkilərin keçmişdəkilərdən öyrəndiyi bir işdir.
5) Nəsai “Səhih”
kitabının “Əl-binaü ələl qəbri” fəslində bu hədisləri nəql edir.
6) Əbu Davud
“Sünən” kitabında bu hədisləri belə rəvayət edir:
“Peyğəmbər (s)
insanları qəbrin üzərinə yazı yazmaq və bir şey əlavə etməkdən çəkindirib.”
7) Əhməd ibn
Hənbəl də bu hədisi Cabirdən başqa cür nəql edir.
Bu, hədisin
müxtəlif sənədləri və mətnlərlə nəql olunmuş 11 variantından bir neçəsidir.
İndi görək buna əsaslanmaq olarmı?
Hədisin nöqsanları.
Bu hədisin bir çox
nöqsanları olduğuna görə əsaslanmaq olmaz.
1) Hədisin bütün
sənədlərində “İbn Cərih” və “Əbu Zübeyr” in adları çəkilib. Halbuki bu iki
nəfərin şəxsiyyəti bəlli olsa, sənəddə adları çəkilmiş başqaları haqqında
söhbət aparmağa ehtiyac olmaz. Baxmayaraq ki, bu hədisi rəvayət edənlərin bir
çoxu cahil və elmi cəhətdən zəif adamlardır.
İbn Həcər
“Təhzibüt-təhzib” kitabında rical alimlərindən söhbət açarkən “İbn Cərih”
haqqında belə demişdir:
“Yəhya ibn Səid
deyir: “Əgər ibn Cərih kitab üzündən hədis söyləməsə, ona inanmaq olmaz.”
Əhməd ibn Hənbəl
deyir: “Əgər ibn Cərih desə ki, “filankəs və filankəslər belə söyləmişlər”,
yalançı hədislər nəql etmiş olur.”
Malik deyir:
“İbn Cərih hədis toplusunda (cəm etdiyi zaman) gecə qaranlıq vaxtı odun yığan
adama oxşayır. (Sözsüz ki, gecə vaxtı əlini əqrəb və ilan sanca bilər).”
Daru Qütnidən
belə söyləmişlər:
“İbn Cərihin
hiyləsindən uzaq gəz. Çünki həddən artıq hiylə işlədir və batili haqq kimi
cilvələndirir. Yalançı adamdan eşitdiyi hədisi elə bəzəyir ki, sanki doğru və düzgün
adamdan eşitmişdir.”
İbn Həbbandan
eşitmişlər ki, İbn Cərih hədisdə hiylə işlədirdi.
Rical və hədis
alimlərinin verdikdəri hökmlərə əsasən müsəlmanların həyat tərzi sayıldığı
əməlin (qəbirləri tə`mir və ehtiram etmək) müqabilində belə bir raviləri olan
hədisə əsaslanmaq olarmı?
İbn Həcər Əbu
Zübeyr haqqında deyir: “Əhməd ibn Hənbəlin oğlu Əhməddən, o da Əyyubdan nəql
edərək deyir: O (Əyyub), Əbu Zübeyri zəif (elmi və iman cəhətdən) adam kimi
tanıyırdı. Şöbənin dediyinə görə, Əbu Zübeyr namazı yaxşı bilmirdi.”
Şöbə deyir: “Bir
gün Məkkədə idim. Bir kişi gəlib Əbu Zübeyrdən söz soruşdu. O, qəflətən həmin
kişiyə iftira etdi. Mən isə ona müsəlman kişiyə töhmət vurduğunu söyləyəndə Əbu
Zübeyr cavabında kişinin onu narahat etdiyini bildirdi.
Sonra insanı narahan
etdiyi üçün adamlara iftira etməyin düzgün olmadığını və bundan sonra bir daha
onun adından hədis söyləməyəcəyimi dedim.”
Şöbədən
soruşdular:
– Nəyə görə Əbu
Zübeyrdən hədis söyləmirsən?
Şö`bə: “O, pis
və yaramaz işlər görüb.” – dedi.
İbn Əbu Hatəm
atasından soruşdu:
– Əbu Zübeyr
necə adamdır?
O, cavab verdi:
– Onun yazdığı
hədisə əsaslanmaq olmaz.
Əbu Hatəm Əbu
Zər`ədən soruşdu:
– Camaatın Əbu
Zübeyrdən nəql etdiyi hədislərə əsaslanmaq olarmı??
Dedi:
– Düzgün və
doğru söylədiyi hədisə əsaslanmaq olar. (Yə`ni Əbu Zübeyr düzgün adam deyil).
Belə ədalətsiz
adamların söylədikləri hədislərə inanmaq olarmı?
Bir şərtlə buna
inanmaq olar ki, adı çəkilən digər adamlar xalq arasında doğru danışan və
düzgün kimi tanınsınlar.
Lakin bu hədisin
sənədlərinin bir çoxunda Əbdürrəhman ibn Əsvədin adı çəkilib ki, o da yalançı
olub.
Belə etibarsız
hədisə əsaslanıb, Peyğəmbər ailəsinin və səhabəsinin məzar və məqbərələrini
uçurmaq və müsəlmanların on dörd əsrlik tarixi abidələrini xaraba qoymaq nə
dərəcədə düzgündür?
2) Rəvayət
edənlər hədisin məzmununa diqqət yetirmədiklərindən bu cəhətdən çox
dolaşmışlar. Bu qarışıqlıq insanın hədisə olan inamını itirir.
Dədisin mətninin
nöqsanları: Peyğəmbər (s) bu hədisi bir formada deyibsə, lakin Cabir hədisi
yeddi variantda nəql edib. Biz bu variantların hamısını sizə açıqlayırıq.
1. Peyğəmbər
qəbirlərin əhənglənməsini, qəbrə söykənməyi və üzərində tikinti işləri görməyi
düzgün hesab etməyib.
2. Peyğəmbər (s)
qəbirləri əhəngləməyi düzgün hesab etməmişdir.
3. Peyğəmbər (s)
insanlara qəbirlərin əhənglənməsi, üzərinə yazı yazılması, tikinti işləri
aparmaq və yol getməkdən çəkindirmişdir.
4. Peyğəmbər (s)
qəbrin üzərində yazı yazmağı qadağan etmişdir.
5. Peyğəmbər (s)
qəbrin üstündə oturmağı, əhəngləməyi və tikinti işi aparmağın qarşısını
almışdır.
7. Peyğəmbər (s)
qəbrin üstündə oturmağı, əhəngləməyi, üzərində tikinti işi aparmağı və yazı
yazmağı qadağan etmişdir.
Bundan əlavə,
məzarın torpağını hündür etmək və yazı yazmaq qadağan olunmuşdur.
Bəzi vaxtlar
ibarələr arasında fərq olur.
Məsələn: Birinci
variantda qəbrə söykənmək, üçüncü halda qəbir üstündə yol getmək, beşinci və
altıncı variantda oturmaq qadağan olunmuşdur. Sözsüz ki, söykənmək və oturmaq
yol getmək mə`nasında deyildir.
Belə bir hədisə
heç bir fəqih əsaslana bilməz.
3) Tutaq ki, bu
hədisin sənədi düzdür, lakin bu o demək deyildir ki, Peyğəmbər (s) qəbrin
üstündə tikinti işləri aparmağın qarşısını almışdır. Çünki bir şeydən insanları
çəkindirmək heç də, onun haram olması demək deyil.
Nəhy dedikdə,
haram və yaxud məkruh işlər nəzərdə tutulur. Peyğəmbərlərin və dini rəhbərlərin
danışıqlarında işlənən nəhy (çəkindirmə) çox vaxt məkruh işlərdə də
işlədilmişdir.
Düzdür, nəhyin
ibtidai və həqiqi mə`nası məkruhluğa aid olan başqa bir ibarə ilə işlənməyincə
harama dəlalət edir. Lakin alimlər bu hədisin məkruhluğa aid olduğunu iqrar
edirlər.
Məsələn, Tirmizi
öz “Səhih” kitabında bu hədisi “kərahiyyətü təcsisil-qüburi və ...” adı altında
nəql etmişdir.
Məkruhluğuna ən
aydın şahid İbn Macənin “Səhih” kitabının şərhçisi “Sənədi”nin hakimdən nəql
etdiyi hədisdir. O deyir:
“Müsəlmanlar bu
nəhyi haram kimi qəbul etməmişlər. Odur ki, bütün müsəlmanlar qəbrin üzərində
yazı yazdırmışlar (ölən şəxsir adı, familiyası, doğulduğu və vəfatı günü...).
Məkruh olmasına
başqa bir sübut budur ki, İslam məzhəblərinin alimləri qəbrin üzərində tikinti
işi (məqbərə, günbəz, məscid..) aparmağa icazə vermişlər. Bir şərtlə ki, yer
vəqf edilmiş olmasın. "Səhih Müslim", kitabının şərhçisi bu hədisin
şərhində deyir:
“Qəbrin üzərində
tikinti işi aparmaq qəbir sahibinin mülkündə məkruh, vəqf olunmuş yerdə isə
haram sayılır.”
Şafei bu fikri
qəbul edib, hədis barəsində “Kərahətu təcsisil-qəbri vəl-binai ələyh” fəslində
də söhbət açıb.
Bə`zi əməllər
məkruh işin pis nəticəsinin aradan qaldırılmasına səbəb ola bilər. Məsələn:
İslamın əsilliyini qoruyub saxlamaq üçün qəbri tə`mir etmək, qəbir sahiblərinə
hörmət etmək, İslamın əsasını qoruyub saxlamaq, müsəlmanların istidən, soyuqdan
qorunması üçün məzarın üzərində tikilən məqbərələrdə Qur`an, dua oxumaq, ibadət
etmək və bu kimi faydalı işlər məkruhluğun qarşısını alar. Bütün bunlar İslamın
əsaslarını qoruduğu üçün müstəhəb və bəyənilmiş sayılır.
Məkruh və
müstəhəb hökmlər bir sıra səbəblərlə biri digərinə çevrilə bilər.
Bir şeyin məkruh
və ya müstəhəb olub-olmaması həmin şeyin zamanın tələblərinə nə dərəcədə uyğun
gəlməsindən, göstərdiyi tə`sir gücündən çox asılıdır. Əgər hər hansı bir məkruh
işin pis nəticəsi və başqa maneələr olmasa, bu dində bəyənilmiş sayılır. Bütün
bunlar İslam fiqhini daha dərindən bilən alimlər üçün bəllidir.
Üç başqa hədisə
istinad edilməsi
İndi isə,
vəhhabilərin istinad etdiyi daha başqa hədisləri araşdıraq.
1. İbn Macə öz
“Səhih” adlı kitabında belə nəql edir:
Məhəmməd ibn
Yəhya → Məhəmməd ibn Abdullah Riqaşi → Vəhb → Əbdürrəhman ibn Yəzid ibn Cabir →
Qasib ibn Müxəymərə isə Əbu Səiddən belə rəvayət edir : “Həqiqətən, Rəsulullah
qəbrin üstündə tikinti işləri görməyi qadağan edib.”
2 – Həsən → İbn
Ləhyiə → Burid ibn Əbu Həbib → Naim Mövla Ümm Sələmədən belə nəql edir:
“Rəsulullah qəbrin üstündə tikinti işləri görməyi və əhəngləməyi qadağan
etmişdir.”
3 – Əbi ibn
İshaq → Abdullah ibn Ləhyiə → Burid ibn Əbu Həbib Naim Movla Ümm Sələmədən
söyləmişdir: “Peyğəmbər qəbrin üstündə tikinti işləri görməyi və oturmağı
qadağan etmişdir.”
Rəvayət söyləyənlərin
də Vəhbin şəxsiyyətinin namə`lum olmasını bildirmələri rəvayətin zəifliyinə
dəlalət edir. Vəhbin kim olduğu heç kəsə bəlli deyildir.
“Mizanül-E`tidal”
kitabında “Vəhb” adı on yeddi yerdə işlənib. Vəhbin bunların hansı olduğu bəlli
deyil. Bunların çoxu o zamanın hədis qondaranları və yalançıları olublar.
İkinci və üçüncü
hədisin zərəri və müsibəti Abdullah ibn Ləhyiədir. Zəhəbi onun haqqında yazır:
“İbn Müəyyən deyir: O, zəifdir və hədislərinə istinad edib əsaslanmaq olmaz.
Heç İbn Səid də ona (İbn Ləhyiəyə) hörmət etmir.”
Biz burada
sənədləri araşdırmadan hədislərin üstündən keçib, mühüm bir məsələni yada
salırıq:
Tarix yazanlar
və İslam hədislərini nəql edənlər Peyğəmbərin pak bədəninin onun səhabəsinin
göstərişi ilə evdə, Ayəşənin otağında dəfn olunduğunu deyirlər. Bu işi görən
səhabə Əbu Bəkr Peyğəmbərdən nəql etdiyi hədisə əsasən, Peyğəmbəri evdə dəfn
etmişdir.
Hədis belədir: “Hər
bir Peyğəmbər harada vəfat etsə, orada də dəfn olunmalıdır.”
Sual olunur: Əgər, həqiqətən, Peyğəmbər (s) qəbrin üstündə
tikinti işi görməyi qadağan etmişdirsə, nəyə görə onu evdə tavanın altında dəfn
etdilər? Nəyə görə müsəlmanlar o cənabın qəbrinin üzərində tikinti işləri
aparmaqla onu abadlaşdırdılar? Vəhhabilərin bəzi fanatik yazıçıları bu
barədə çox gülünc bir fikir söyləmişlər: “Qəbrin üzərində ev, məqbərə, məscid,
günbəz və s. tikmək haramdır, lakin evdə və yaxud tikili yerdə cənazəni dəfn
etmək haram sayılmır. Peyğəmbərin (s) qəbri üzərində tikinti işi aparılmayıb,
əksinə, onu hazır bir evdə dəfn etdilər.”
Onlar hədisi
belə təfsir etməklə əsl həqiqətə (Peyğəmbər (s)-in evdə dəfn olunmasına) bəhanə
gətirdilər. Əgər vəhhabilər belə bir həqiqətlə üzləşməsəydilər, hər iki hökmü
(evdə dəfn etmək və qəbrin üstündə tikinti işi aparmaq) haram sayardılar.
Biz onlardan soruşuruq: “Məzarın üzərində tikinti işləri görmək haramdır, yoxsa
hazır tikili olan yerdə cənazəni dəfn etdikdən sonra həmin tikilini orada
saxlamaq, dağıtmamaq haramdır?”
Birinci halda,
əgər qəbrin üzərində tikinti işi aparmaq haramdırsa, bəs nə üçün Səud hökuməti
Peyğəmbər (s)-in əhli-beytinin, səhabəsinin və övladlarının qəbirləri üzərində
inşa edilmiş tikililəri viran etdi? Tikili inşa etmək haramdırsa, tikili
saxlamaq necə haram sayılmır? Tutaq ki, tikilini inşa edənlər günah iş
görmüşdülər, tikilini ki, qoruyub saxlamaq haram iş deyildi, bəs nə üçün bu
müqəddəs yerləri dağıtdılar?
Bundan əlavə,
vəhhabilərin İbn əl-Qeyyim və İbn Teymiyyə kimi sələfləri də bu fərziyyənin
əleyhinə çıxıblar, İbn əl-Qeyyim deyir: “Qəbrin üzərində inşa edilmiş
tikililəri dağıtmaq vacibdir. Əgər uçurmağa imkan olsa, tikililəri bir gün belə
saxlamaq düzgün deyildir.”
Belə məlum olur
ki, vəhhabilər qəbrin üzərində tikili inşa etməyin və bu tikilinin qorunub
saxlanılmasının haramlığını təkid edirlər.
Burada belə bir
sual ortaya çıxır: Nəyə görə müsəlmanlar Peyğəmbər (s)-in pak cənazəsini evdə
dəfn etdilər? Düzdür, qəbrin üzərində tikili inşa etmədilər, lakin elə bir iş
gördülər ki, Peyğəmbər (s)-in qəbri tikili inşaya çevrildi.
Vəhhabilərin bu
sualdan boyun qaçırması üçün bir çıxış yolu var, o da müsəlmanların əməllərinə
bəhanə gətirərək belə bir fikir söyləmələridir: Qəbrin üzərində sonradan inşa
edilmiş tikilinin qorunub saxlanılması haram sayılır. Ancaq tikili inşa edilən
zaman orada heç bir qəbir olmasa, onu qoruyub saxlamaq haram deyil. Baxmayaraq
ki, tikili məzar üzərində inşa edilmiş tikili formasındadır. Bu da həqiqətə və
müsəlmanların əməllərinə gətirilmiş bir bəhanədir.
Vəhhabilər əqidə və əməl baxımından müsəlmanlarla
müxalifətdədirlər.
Yuxarıda qeyd
olunan məsələ vəhhabilərin müsəlmanlarla əqidə və əməl baxımından yeganə zidd
və müxtəlif olduqları fikir deyildir. Onlar bir çox məsələlərdə müsəlmanların
əqidə və əməlləri ilə müxalifdirlər. Və nə qədər çalışırlarsa da, bir çıxış
yolu tapa bilmirlər.
Vəhhabilər
Peyğəmbər (s)-in qəbrinə və s.-yə təbərrük etməyi qadağan etmişlər. Onların
gətirdikləri dəlil də budur:
Daşın, gilin və
torpağın insana heç bir faydası yoxdur. Amma bu biri tərəfdən də müsəlmanlar
Hacərül-əsvəd daşını, Kə`bənin divarını və pərdəsini təbərrük kimi öpürlər. Elə
bunlar da vəhhabilərin faydasız sandığı daş-torpaqdır.
Vəhhabilər
övliyaların qəbri kənarında məscid tikməyi haram bilirlər. Halbuki bütün İslam
ölkələrində, övliyaların qəbri kənarında məscidlər tikilib, hətta Həmzənin
məzarının kənarında məscid var idi. Lakin Səudiyyə cinayətkarları bu məscidi
viran etdilər. İndinin özündə də, əziz Peyğəmbər (s)-in qəbrinin yaxınlığında
məscid var və müsəlmanlar bu qəbrin ətrafında namaz qılıb ibadət edirlər.
Həqiqəti görmək əvəzinə bəhanə gətirmək.
Bəhanə: Vəhhabilər Bəqi qəbiristanlığında dəfn olunmuş qəbirləri
viran edib dağıtmaq üçün belə bir bəhanəyə əl atdılar: “Bəqi qəbiristanlığı
vəqf olunmuş yerdir. Bu yerlərdən vəqf niyyəti ilə istifadə etmək lazımdır.
Orada maneə törədən hər bir şeyi aradan götürmək lazımdır. İmamların qəbri
üzərində inşa olunmuş tikililər Bəqi qəbiristanlığında lazım olduğu kimi
istifadə etməyin qarşısını alır. Çünki bu məqbərələrin hasara alınmış divarları
bir çox yerləri qəsb edir. Elə buna görə də, bu tikililər viran edilməli və
hamı bu yerdən istifadə etməlidir.”
Cavab: Bu bəhanəni aradan qaldırmaq üçün belə bir cavab
verməyi özümüzə borc bildik: “Şübhəsiz ki, belə bir dəlilə əsaslanmaq bəhanədən
başqa bir şey ola bilməz. Vəhhabilərin qazısı nəyin bahasına olur-olsun, bu
tarixi abidələri məhv etmək istəyirdi. Əgər bəhanə tapıb sübut gətirməsəydi, bu
tikililəri zor gücünə də viran edəcəkdi. Deməli, həmin bəhanə qabaqcadan
hazırlanmış, planlaşdırılmışdır. Bunun üçün də onlar Bəqinin vəqf olunmuş yer
olduğunu iddia edirdilər. Lakin bu, sadəcə olaraq bir bəhanədir. Çünki heç bir
hədis və tarix kitablarında Bəqi`nin vəfq olunmuş yer olduğuna işarə olunmayıb,
əksinə, Mədinə əhli öz ölülərini orada dəfn edirdi. Belə olan halda bu
qəbiristanlıqdan hər kim istəsəydi, istifadə edə bilərdi.
Qədim zamanlarda
əhali münbit olmayan və xam torpaqlara yiyələnmirdi. Çünki bu torpaqları
abadlaşdırmaq çox çətin idi. kəndlilər şəhərə axışıb gəlmirdilər. “Yer”, “yer
sahibi”, “yer alqı-satqı müəssisələri” və bu kimi məsələlər yaranmamışdı. Çox
yerlər sahibsiz idi. hər kim istəsəydi, bu yerlərə sahib ola bilərdi. Şəhər,
kənd və yaxud qəsəbə əhalisi belə yerlərdən bir hissəsini ölülərini dəfn etmək
üçün ayırmışdı.
Əgər bir kəs
sahibsiz, boş yerdə ilk dəfə olaraq öz ölüsünü dəfn etsəydi, hamı bunu davam
etdirər və həmin yeri qəbiristanlıq adlandırardı. Heç kim bu yerlərə
(qəbiristanlıqlara) sahib olub vəqf edə bilməzdi.
Bəqi
qəbiristanlığı da belə ərazilərdən biridir. Hicaz və Mədinə şəhərlərində yerin
qiyməti yox idi. mədinə şəhərində heç bir ağıllı adam münbit torpağı
qəbiristanlıq üçün vəqf etməzdi. Bir halda ki, münbit olmayan torpağın sahisə
münbit torpağın sahəsindən çoxdursa, onda əhali ölüləri dəfn etmək üçün
qeyri-münbit torpaq sahəsindən istifadə edərdi.
Bu həqiqəti
tarix də təsdiq edir. Səmhudi “Vəfaül-Vəfa fi əxbari darül-Mustafa” kitabında
yazır: “Bəqi` də ilk dəfə Peyğəmbər (s)-in səhabəsi Osman ibn Məz`un dəfn
olunmuşdur. Peyğəmbərin oğlu İbrahim vəfat etdikdən sonra o, oğlu İbrahimin
Osmanın yanında dəfn olunmasına göstəriş verdi. O vaxtdan hamı öz yaxın
adamlarının cənazəsini Bəqi`də dəfn etməyə başladı. Ərazi kolluqlardan
təmizləndikdən sonra qəbilələr arasında bölüşdürüldü. Bəqi`də Ğürqəd adlı bir
ağac var idi. Osman ibn Məz`un dəfn olunan zaman o ağacı kəsdilər.”
Ğürqəd Mədinə
şəhərinin səhra və çöllüklərində bitir. Buradan aydın olur ki, Bəqi` münbit
ərazi olmamışdır.
Əksinə, tarix
imamların Bəqidə dəfn olunduğu yeri Əqil ibn Əbu Talibin evi olduğunu təsdiq
edir. İmamlardan dörd nəfərinin pak və müqəddəs cənazələri Bəni-Haşimə məxsus
olan bir evdə dəfn olunub.
Səmhudi yazır: Əbbas
ibn Əbdül Müttəlib (Peyğəmbərin əmisi) Bəni-Haşim məqbərəsində, Əqilin evində,
Fatimə bint Əsədin (Həzrət Əli (ə)-ın anası) yanında dəfn olunub.
Səid ibn
Cübeyrdən belə nəql edilir: “O, (Səid) Peyğəmbərin oğlu İbrahimin qəbrini
Məhəmməd ibn Zeyd ibn Əlinin evində (məqbərəsində) görmüşdür.
Deyliənə görə,
Peyğəmbər Səd ibn Məazın cənazəsini Bəqi` ətrafnda olan İbn Əfləhin günbəzli
evində dəfn etdi.”
Bu cümlələrdən
Bəqinin vəqf olunmuş yer olmadığı bəlli olur. Bizim imamlarımız özlərinə məxsus
olan yerdə dəfn olunublar. Vəqf bəhanəsi ilə Peyğəmbər övladlarının məzarlarını
uçurmaq nə dərəcədə düzgün sayılır?
Tutaq ki, Bəqi`
qəbiristanlığı vəqf olunmuşdur. Bəlkə vəqf edən böyük bir şəxsiyyətə aid
qəbirlərin üzərində tikinti inşa etməyə icazə vermişdir? Əgər icazə
verib-verməməsini bilmiriksə, onda möminin gördüyü iş düzgün olduğu üçün onu
günahkar hesab edə bilmərik. Belə olan halda məqbərələri, günbəz və məscidləri
viran edib uçurtmaq haram sayılır.
Qazı İbn
Büləyhəd çox yaxşı bilirdi ki, “vəqf” sadəcə olaraq bir bəhanədir. Əgər bu
bəhanə də olmasaydı, yenə də, bu yerləri viran edəcəkdilər. Bu onların birinci
əməli deyildi. Onlar 1221-ci ildə (1801) Mədinəni ələ keçirtdikdən sonra
Peyğəmbər ailəsinin tarixi abidələrini viran etdilər. Sonradan Osmanlı
imperatorluğu hakimiyyəti dövründə bu yerlər təmir olundu.
Yorumlar
Yorum Gönder