Quranı pulla öyrətmək və oxumaq peyğəmbər (s) sünnəsində

  Quranı pulla öyrətmət olarmı?

Bu məsələnin iki yönü var.
1. Quran müəlliminə dövlət tərəfində ayrılan xüsusi məvacib (maaş).
2. Müəllimin özünün tələbədən pul tələb etməsi.
Birinci qrup insanların pul almasında heç bir ixtilaf yoxdur. Çünki, müəllim dərs deyir və bu dərsinin müqabilində pul alır. Səhihi Buxarinin nəql etdiyinə görə xəlifələr zamanında da Quran müəllimlərinə maaşlar verilirdi. (Beyhəqi, Əssünənul-Kubra c. 6, səh. 124). Necə ki Həsən Bəsri də Quran müəllimlərinə maaş verərdi. (Buxari, İcarə 16)
İkinci qrup insanlara gəlincə, əgər bir şəxs savabını Allahdan gözləyərək bu işi görsə, çox böyük əcr və mükafata sahib olar. Amma bir kimsə, Quranı öyrətmək müqabilində pul tələb etsə çəkdiyi zəhmətinin əvəzi mütləq verilməlidir. Bunda qəti şəkk yoxdur. Bəziləri bu işin caiz olmamasını söyləsə də, bu fikri müdaifə edənlər Səhihi Buxaridəki hədisi sözlərinə dəlil kimi qeyd edirlər. Qeyd edək ki, İmam Şafei, Hənbəli, Maliki də bu hədisə əsasən Quranı pulla oxumaq olar fikrini dəstəkləmişlər. Yalnız Əbu Hənifə bunun əksinə olaraq bunu caiz bilməmişdir. Abdullab bin Abbas nəq etmişdir: “Allah Rəsulu (s) buyurdu: Qarşlığında ücrət aldığınız şeylərin ən haqlı olanı, Allahın kitabı müqabilindəki ücrətdir.” (Səhihi Buxari, İcarə 16; Hədisin daha geniş formasına Buxarinin Tibb 33-34 bölməsindən baxa bilərsiniz.) Quranı pulla öyrətmək olmaz deyənlərin gətirdikləri dəlil isə hədis elmi baxımından zəifdir. Həmin hədisi oxuyaq.
Zəif hədis: “Ubadə bin Samit belə demişdir. Suffə əhlindən bəzilərinə Quran və yazı öyrətdim. Onlardan birisi mənə ox atılan bir yay hədiyyə etdi. Öz-özümə dedim. Bu bir mal deyildir. Mən bununla Allah yolunda ox atacağam dedim. Bunu peyğəmbərə (s) deyincə Allah Rəsulu (s) buyurdu: “Əgər Qiyamət günü boynuna atəşdən bir halqa dolanmasını istəyirsənsə, onu qəbul et.” (İbn Macə, Ticarət 8; Əbu Davud Cadu 36)
 Diqqət! Eyni mənbədə hədisin zəif və ravinin məchul olması da qeyd olunur)
Eyni mətnlə gələn bir hədis də Ubey bin Kəbdən gəlmişdir. Bu hədislərdə bir neçə müəmmalı məsələ vardır.
1. Suffə əhli niyə həmişə Quran öyrədənlərə yay hədiyyə edir? Başqa verəcək bir şeyləri yox idimi?
2. Səhihi Buxaridə qeyd olunan hədis və bu hədis bir-birin ziddir. Necə ola bilər ki, peyğəmbər (s) eyni mövzuda iki fərqli və ziddiyətli fikirlər söyləsin?
3. Fərz edək ki, hədis doğrudur, belə olduqda niyə xəlifələr zamanında Quran müəllimlərinə xüsusi maaşlar təyin edilirdi?
4. Hədisin mətnində “mənə hədiyyə etdi” ifadəsi gəlmişdir. Məgər hədiyyə və ücrət eynidir? Əgər eynidirsə niyə əhli sünnə fətvalarında “hədiyyə niyyəti ilə heç bir eybi yoxdur” cümləsinə rast gəlirik? (Buna aşağıda toxunarıq).
5. Bu kimi hədislər niyə hədis kitablarında tənqid edilir?
Bu kimi hədislər yenə də vardır, amma həmin hədislər bunlardan daha zəif olduğundan qeyd etmirik. Bu kimi hədisləri İbn Həzm, Əl-Muhəllə c. 9, səh. 23-də tənqid etmişdir.
Əhli sünnə alimlərinin mövzu ilə bağlı fikirləri.
1. İmam Şafei, Maliki və Hənbəli və bu şəxslərin ardıcılları Quranı pulla oxumaq və öyrətməyin tərfdarlarıdır. Dəlilləri də Səhihi Buxaridə qeyd olunan hədisdir.
2. Əbu Hənifəyə görə isə Quranı pulla həm oxumaq və öyrətmək caiz deyildir. Əbu Hənifənin bu fikri birmənalı qarşılanmamışdır. Hənəfi alimlərindən bəziləri (Merginani) bu işin istisna hallarında caiz olduğunu qeyd etmişlər. (Merginani, Əl-Hidayə c 3, səh. 240)
Əbu Hənifə, bu işin namaz və oruc kimi vacib ibadət saymış və bu üzdən bu fikrə gəlmişdir. Lakin, Maliki məzhəbindən olan müfəssir Qurtubi bu fikrə qarşı çıxaraq Quran mövzusunu namaz və oruc ibadəti ilə müqayisəsinin doğru olmadığını vurğulamışdır. (Qurtubi, Ət-Təzkar səh. 105)
Hənəfi fiqh alimlərindən belə Quran qarşılığında pulun alına bilcəyini söyləyən alimlər vardır. Hətta Molla Hüsrev kimi alimlər bu pulun zorla alına biləcəyini qeyd edir.
3. Həsən Bəsri, İbrahim Ən-Nəhai, İbn Sirin, Ata b. Əbi Rəban, Şəbi, Nəvəvi, Suyuti, Qurtubi kimi alimlər də “heç bir şərt qoşmadan pulun alına biləcəyini söyləmişdir. Çünki, bu hədiyyə bölümünə daxil olar ki, bu da İslamda caizdir. (Bax: Zərkəşi Əl-Burhan, c 1 səh. 457; Suyuti, Əl-İtqan c 1, səh. 103; Nəvəvi, Ət-tibyan səh. 43; və s.)
Quranı pulla oxumaq.
Əbu Səid Xudri belə rəvayət etmişdir. Allah Rəsulunun (s) səhabələrindən bir dəstə mücahid onlara verilən tapşırığı yerinə yetirmək üçün bir məntəqəyə səfər etdilər. Ərəb qəbilələrindən birinə gedib müvəqqəti olaraq özlərini qonaq etmələrini istəsələrdə qəbilə razılıq vermədi. Onlar da həmin məntəqəyə yaxın ərazidə yerləşməyə qərar verirlər. Bu zaman qəbilə başçısını əqrəb sancır. Heç bir çarə tapa bilməyən qəbilə, “bəlkə bu yeni gələnlərin içərisində həkim yaxud dərdimizə çarə olacaq biri vardır” fikri ilə onlara müraciət edir. İçlərindən biri, bir sürü qoyun müqabilində bu işi edəcəyini vəd edir və Fatihə sürəsini oxumaqla onu sağaldır. Bu hadisəni Allah Rəsuluna (s) dedikdə, peyğəmbər (s) onlara etiraz etməmiş və “mənə də bir pay ayırın” deyərək zarafat və təbbəssümlə bu işin icazəli olduğunu bildirmişdir.” (Buxari, İcarə 16, Muslim , Salam 65, Əbu Davud, Tibb 19, Tirmizi Tibb 20)
Qeyd: Əbu Davud Fatihəni səhər-axşam üç gün oxuduğunu, Tirmizi isə yeddi dəfə oxuduğunu və 30 qoyun aldığı zikr edilməkdədir.
Bəziləri bu hədisə irad olaraq bildirirlər ki;
1. O qəbilə kafir qəbilə idi, bu səbəbdən onların mallarını almaq caizdir.
2. Qonağa hörmət vacib ikən, onlar müsəlmanları rədd etmişlər.
3. Dua etmək xalis ibadət olmadığından ücrət almaq icazəlidir.
İndi isə gəlin bu üç iddianı rədd edək.
1. “Kafirlərin malını almaq olar” qanunu harada yer alır? İslam dini hətta yəhudi və xristianların müqabilində belə haqsızlığa göz yummayıb. Tarixdə bunun nümunələri olduqca çoxdur. Müsəlman olan yəhudi çobanına “qoyunları yəhudilərə (sahibinə) qaytar” deyə əmr edən peyğəmbərin (s) ümməti deyilik?
2. Qonağa hörmət, müsəlmana aid olan bir əməldir. Müsəlman olmayana bu hökm vacib olmadığı kimi bunu dəlil kimi gətirmək də yanlışdır.
3. “Dua ibadət xalis ibadət deyil” demək yanlış olardı. Quranın “Duanız olmasa Allah sizə nə dəyər versin” (Furqan 77) ayəsi və “Dua ibadətin özüdür” hədisi sözümüzün dəlilidir.
Hədisə irad bildirənlər bir məsələni gözdən qaçırmışlar. Bu hədislərin mənbələrinə və hədis kitbalarında yer alan bölümlərinə baxdıqda görəcəyik ki, hədis ya “Tibb” bölümündə ya da “Xəstəyə dua oxuyub, şəfa diləmək” bablarında yer almışdır. Deməli, anlaşılır ki, bu tibbi məsələdir və həmin səhabə də o xəstəyə tibbi yardım göstərmiş, Quran ayələri ilə xəstəliyini müalicə etmişdir. Alınan qarşılıq da məhz bu tibbi yadıma görə idi. Əziz İslam peyğəmbərinin (s) həyatına baxdıqda görürük ki, peyğəmbər (s) qan aldırmış və bunu edən şəxsə buğda yaxud xurma vermişdir. (Bax: Buxari Tibb 13 və 17)
Quranı pulla oxumaq və ya oxutdurmaq olarmı?
Əvvəla bunu bilmək lazımdır ki, insanın dünyasını dəyişənlər üçün Quran oxuması və ya oxutdurması ixtiyari bir işdir. Dünyasını dəyişənlərə Quran oxuyaraq savabını onlara hədiyyə etmək savab və bəyənilən bir əməldir ki, biz bunları əziz peyğəmbərimizin (s) tövsiyələrinə uyğun olaraq həyata keçiririk.

“Ölənlərə Yasin oxuyun” hədisinin mənbələri;
1. Səhihi Müslim c 5, səh 73-78
2. Nəvəvi - Riyazus-Salihin səh 293.
3. Səhihi Müslim c 3, səh 202.
4. Səhihi Müslim c 1, səh 61.
5. Tirmizi c 8, səh 306.
6. Nəsai c 6, səh 117.
7. Qunduzi Əl-Hənəfi - Yənaibul-Məvəddət səh 55.
8. Tirmizi c 5, səh 306.
9. Əhməd ibni Hənbəl c 1, səh 95.
10. Səhihi Muslim c 2, səh 360.
11. Cəlaləddin Suyuti – Tarixul-Xuləfa səh 190.
12. Büyük Şafii İlmihali səh 198, türkçə
13. Şərhul-Səhihi Muslim c 3, səh 202.
14. Müsnədi Əhməd c 5, səh 26.

İndi keçək Quranın pulla oxunub oxunmaması məsələsinə. Hər bir müsəlman şəriətdə qeyd edilən hökmləri bilməli və bacardıqca ona əməl etməlidir. Əgər bir şəxs, şəriətdə deyildiyi kimi, atası-anası vəfat edən zaman, onun cənazəsinə özü qüsl verməyib, bu işi başqasına tapşırırsa, onun kəfənlənməsi, qəbrinin qazılması, onun ruhuna Quran oxumaq və bu kimi bütün işlərin öhdəsindən gələ bilmirsə və bu deyilən işləri başqasına həvalə edirsə, qarşı tərəf də bunu tələb edirsə deməli onun haqqını da verməlidir. Kimsə bir işi bacarmırsa, və başqasına o işi gördürürsə, onun haqqını verməməlidir?
Biz dünya həyatımızda bir çox sahələrində başqalarından yardım istəyirik. Bir evin inşa edilməsi, maşın nasaz halda olduqda, hər hansı bir əşyamız sıradan çıxdıqda və s. Biz, bütün bu işlərə görə başqalarına iki səbəbdən dolayı ücrət, haqq veririk.
1. O işi özümüz bacarmırıq.
2. İş tapşırdığımız şəxsin vaxtını alır və öz şəxsi işimizlə onu məşğul edirik.
Biz heç bir haqla, bizim üçün ən sadə bir işi görənə də haqqını verməmək kimi bir jesti həyata keçirə bilmirik. Çünki, dediyimiz iki səbəb burada vardır. Quran mövzusu da bu qəbildəndir.
Əvvəla, heç kimi məcbur edən yoxdur ki, kiməsə pul verib Quran oxutdursun. Heç Allah da bunu bizdən tələb etmir. Hər kəs könüllü şəkildə bu işi görür. Heç kim iddia edə bilməz ki, filan Quran oxuyan məni atam üçün Quran oxumağa, məcbur edib. Hər kəs könüllü özü bu işi görməkdədir. Çünki ya özü bacarmır, ya da buna vaxt sərf etmək istəmir. Odur ki, bu işi görmək üçün birini təyin edir.
Kimsə Quran oxuya , yaxud digər bir işi özü görə bilmirsə və bunu bacaran bir şəxsə həvalə edirsə onun haqqını da verməlidir. Bu İslam dininin əsas prinsiplərindəndir. Hədisi-Qudsidə buyurulur: “Allah buyurur ki: “Üç qrup insan vardır ki, Qiyamət günü Mən onların qənimiyəm. Mən, kimə qənim kəsilərsəm, onu həlak edərəm. O üç qrup insan bunlardır:
1. Mənə söz verib, sonra vədindən dönən
2. Azad bir insanı (kölə kimi) sataraq pulunu yeyən
3. Bir nəfərə iş gördürüb, ondan istifadə etdikdən sonra pulunu verməyən kimsələrdir.” (Sünəni-İbn Macə, Babur-Ruhun, 2143.)”
Allah özü buyurur ki, bir insana iş gördürsəniz onun haqqını verin.
Deməli, bir kəs bacarmadığı bir işi başqasına gördürürsə onun haqqını da verməlidir. Bu, bütün işlərdə belədir. Quranı pulla oxumaq da bu qəbildəndir. Yox, əgər kimsə pul vermək istəmirsə zəhmət çəkib öz işini özü görsün. Yoxsa kimdənsə tələb etməsin ki, atama-anama, qardaşıma müftə Quran oxu. Bu həm İslama, həm də ağıl və məntiqə ziddir.
Bziləri qeyd edir ki, “qəbirstanlıqda pulla Yasin oxutmağın savabı ölülərimizə nəinki çatmayacaq, hətta onu oxuyanlar və oxutduranlar üçün bir vəbalı (bəlası) da toxunacaqdır.”
Deməli Yasin pulsuz oxunsa ölüyə çatar? Quranı oxuyanlara və oxutduranlara bu işin nəinki vəbalı (bəlası) toxunacaq, əksinə, bu işi gördüklərinə görə savab qazanacaqlar. Necəki, Abdulllah ibni Ömər insanlara tövsiyə edirdi ki, öz ölənləri üçün Quran oxusunlar. (Beyhəqi c. 4, səhə 56)
Əgər bu işin bəlası var idisə nə üçün Abdullah ibni Ömər bu işi camaata tövsiyə edirdi?

Quranı pulla oxumaq Allahın ayələrini satmaqdır?
Bəziləri öz sözlərinə dəlil olaraq deyirlər ki, “Allah Bəqərə sürəsində bizə “Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun.” (“Bəqərə” surəsi, 41) deyir. Allahın ayəsini ucuz qiymətə satmağın növlərindən biri də onu ölülərə oxumaqdır.”
Bu ayəniz təfsir və nazil olma səbəbinə baxdıqda, mövzunun tamamilə fərqli olduğunu görəcəyik. Allah bu ayədə yəhudi alimlərinin öz əhdlərinə - Tövratda peyğəmbərin gəlişi ilə bağlı qeyd olunan ayələri camaatdan gizlədərək, peyğəmbərə qarşı çıxmalarından, danışır. Onlar Allahın ayələrinə qarşı kafir oldular. Alimlərin susmasının və haqqı gizlətməsinin səbəbi, onların maddiyyata bağlılıqları idi. Allah da onların bu əməllərini rəmzi olaraq “ayələri satmaq” adlandırır. Quranın bu ayələrində sui istifadə edərək insanları aldatmaq doğru deyildir.


Mahir Şəkərov – İlahiyyatçı araşdırmaçı.



Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)