Şəhid məzarları, məscid və məbədlər ilahi şəairdir – Dağıtmayaq, bərpa edək...
Şəhid məzarları bu dünyada bizim üçün əlçatan və eyni zamanda ən böyük mənəvi xəzinələrdən biridir. Bu mənəvi xəzinənin əsl mahiyyətindən xəbərsiz olduğumuzdan, ondan lazımı qədər istifadə edə bilmirik. Şəhid məzarları, dualarımızın qəbul olunduğu müqəddəs məkanlardan heç də dala qalmır. Şəhid məzarları bizlər üçün təvəssül və təbərrük qaynağıdır. Bu fəzilətləri artırmaq olar. Hədislərə əsasən şəhid o kəsdir ki, ilk damcı qanı yerə töküldüyü andan etibarən bütün günahları bağışlanır. Deməli şəhid = Pak, təmiz bir insan nümunəsi.
Şəhid yeganə şəxsdir ki, dünyaya təkrar qayıdıb şəhid olmaq istəyər.
Deməli şəhid = Fədakar insan nümunəsi. İlahi bəxşişlərə şahid olan kimsə.
Şəhid Qiyamətdə yetmiş min insana şəfaət edər. Deməli şəhid = Şəfaətçi.
Görəsən biz də bu yetmiş min nəfərdən biri ola bilərik? Sadə cavabı
budur ki, əgər biz də o mübarək məzarları ziyarət etsək, ilahi şəari uca tutub
hörmət bəsləsək Allah da bizə bu şansı verəcək. Bəli, şəhid məzarları da ilahi
şəairdir. Nədir ilahi şəair?
ذَلِكَ وَمَن يُعَظِّمْ
شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِن تَقْوَى الْقُلُوبِ
Budur (həcc əməlləri)! Kim Allahın
(buyurduğu həcin və Onun dininin) nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu
ehtiram) qəlblərdəki təqvadan hasil olur. (Həcc 32)
شَعَائِرَ
- “Şəair” ərəb sözü olub “şəirə” sözünün cəmidir, nişanə və əlamət, simbol deməkdir.
Qurani Kərim bir sıra məsələləri Allahın, dinin nişanələri kimi təqdim edərək
onlara hörmət və ehtiramı iman və təqvaya bağlayr. (Həcc 32)
Təfsiri Qurtubi şəair sözünə belə təfsir
verir: “ “Şəair” insanı bir yönə sövq edən dəlil, əlamət. Ayədəki şəairillah isə,
insanı Allaha tərəf yönəldən əlamətlərə deyilir.” (Təfsiri Qurtubi c 12, səh.
56)
Qurani Kərimə nəzər saldıqda bizi
Allaha yönəldən əlamətlərin nümünəsini görürük.
1. Mərvə
və Səfa dağı: “(Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir
(ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə)
ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir
günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə,
Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir.”
(Bəqərə 158)
2. Dəvələr: “Biz qurbanlıq
kök dəvələri (də həcc mərasimində) sizin üçün Allahın (dininin) əlamətlərindən
(rəmzlərindən) etmişik. (Həcc 36)
3.
Müzdəlifə (Məşərul-həram): "Ərəfatdan qayıdarkən Məşərulhəramda (Müzdəlifədə) Allahı
xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin),
çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz!" (Bəqərə 198)
4. Məscid
və ilahi məkanlar: “(Bu ilahi nur) Allahın (ad, məqam və binalarının) ucaldılmasına və
orada Öz adınıb çəkilməsinə icazə verdiyi evlər (məscidlər)dir. Həmin evlərdə səhərlər
və axşamlar Onu pak sifətlərlə mədh edərlər.” (Nur 36)
Bu ayəyə əsasən məscid də Allahın yer üzündəki bir nişanə və əlamətidir.
Təsadüfi deyil ki, məscidə “Allahın evi” deyilir. Məlumdur ki, Allahın xüsusi
evə ehtiyacı yoxdur. Bu ilahi məkanların əzəmət və böyüklüyünü göstərmək üçün bu
cür adlandırılmışdır.Yer üzünün cənnəti kimi təsvir edilən bu ilahi məkanlar zaman-zaman terror aktlarına, düşmən gülləsinə tuş gəlir. Məscidlər içində namaz qılındığı halda partladılır, dağıdılır, sökülərək viran olunur. Bu hallar "Allahın evləri" üçün yol verilməz hallardır. Öz evimizə göstərdiyimiz diqqətin bir hissəsini bu ilahi məkanlara yönəltsək, bərpa edib qursaq dünya və axirət xoşbəxtlərindən olarıq.
Bu ayədən istifadə edərək deyə bilərik ki, ilahi əvliya və peyğəmbərlərin
də evi bu kateqoryaya daxildir. Tarixdən
və Quran ayəsindən bizə məlumdur ki, hətta peyğəmbər (s) evinin qarşısında yüksək
səslə qışqırmaq və peyğəmbəri o cür səs tonu ilə çağırmaq qadağan edilmiş və bu
işi edənlər məzəmmət olunmuşdur. (Bax: Hucurat sürəsi 2-3-4-5) (Bax: Cəlaləddin
Suyuti –Ədd-Durrul-Mənsur təfsiri c 5, səh. 50)
5.
Əshabı Kəhf mağarası: “...(Nəhayət, əshabi-kəhf öldükdən sonra kafirlər) dedilər:
"Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən
yuxuya getdiyini və nəyə etiqad etdiyini) daha yaxşı bilir!" Onların (əshabi-kəhfin)
haqqındakı mübahisədə qalib gələnlər (mö’minlər) isə: "Onların (məzarı)
üstündə (Allaha ibadət etmək məqsədilə) bir məscid tikəcəyik!" - dedilər.”
(Kəhf 21)
Diqqət edirsinizsə Allah əvliyası
olan və mağarada yenidən dünyalarını dəyişən şəxslərin yerləşdiyi mağara üzərində
məscid tikilir və Quran o hadisəni bizə nümunə kimi göstərir. Bu ayələr bizə öyrədir
ki, ilahi şəair sayılan ilahi məkanları daim qorumaq, abadlaşdırmaq və o pak məkanlardan
axirətimizi abadlaşdırmaq naminə istifadə etməliyik.
Mahir Şəkərov – İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder