Ramazan ayı ilə söhbət və Qədr gecəsi.
Qeyd: Yazı,
Quran, hədis və hədisi qüdsilər əsasında yazılmışdır.
-
Salam ey Allahın
ayı! Səni yenidən görmək nə xoş səadət.
-
Salam ey Allahın bəndəsi!
Artıq gediş vaxtım yaxınlaşır.
-
Gediş vaxtın?
-
Bəli, məgər görmürsən
ayın çevrəsi getdikcə azalır?
-
Axı səndən kifayət
qədər istifadə edə bilmədik...
-
Hələ yenə də fürsət
var. Tələs.
-
Axı şeytan...
-
(gülərək) Şeytan?!
-
Bəli, şeytan. Səni
güldürən nədir?
-
Ey bəndə! Allah bu
ayda şeytanlara zəncir vurur. Yəni, onun insan üzərində hökmdarlığına bu ayda məhdudiyyət
qoyulur. Cəhənnəm qapıları bağlanır, Cənnət qapıları üzünüzə açılır. Bu ayda
şeytanı yox, özünüzü ittiham edin. Bu ay sizə, sizin özünüzü tanıtdıran aydır.
-
Mən bu sayılı günlərdə
yenə özümü islah edə bilərəm?
-
Əlbəttə. Bu ayın hər
saatı, hər anı qiymətlidir. Bu ayın son gününə qədər özünüzü bağışlatdırın.
Yoxsa...
-
Yoxsa nə?
-
Sadəcə bu hədisi
demək istəyirəm özün anla hər şeyi. Hədis: “Ramazan ayında özünü
bağışlatdırmayan şəxs bəs hansı ayda bağışlatdırar?”
-
Mənə yol göstər. Mənə
elə bir şey de ki, onun vasitəsi ilə az
zamanda Allaha yaxınlaşıb, özümü bağışlatdırım.
-
Elə isə Qədr gecələrini
ibadətlə keçir. O gecə oyaq qalıb ruhunu təmizlə.
-
Mənə o gecədən
danış.
-
O gecə üstünə
qaranlıq çökən bütün gecələrin ən üstünü, ən fəzilətlisidir. O gecə Quranın
nazil olduğu gecədir. Qədir-qiyməti danışmaqla bitməyən bu gecəyə Qədr gecəsi
deyilir.
-
Niyə ona Qədr gecəsi
deyilir?
-
Çünki o gecə təqdir, müqəddərat gecəsidir. Çünki o gecə,
az bir zamanda çox uzun bir yol qət etmə imkanınız var. O gecə sizin müqəddəratınız
müəyyən olur.
-
Müqəddərat?
-
Bəli. Ölüm, həyat,
ruzi, xoşbəxtlik, bədbəxtlik və bunun kimi digər hadisələr ki, qarşıda sizi
gözləyir. Odur ki bu gecənin qədrini bilin.
-
O gecəni mənə kamil
şəkildə başa sal.
-
Bu mümkün deyil bəşər!
Ən kamil əqlin sahibinə Quran buyurur ki; “Sən nə bilirsən ki, Qədr gecəsi nədir?” (Qədr sürəsi
2) Məgər bu ayə sizə kifayət etmir?
-
O gecəni sənin dilinlə tanımaq istədim sadəcə...
-
Elə isə Quran oxu.
Quran o gecə barədə buyurur: “Qədr gecəsi min aydan daha xeyirlidir.” (Qədr sürəsi
3)
-
Min ay?
-
Bəli, niyə təəccülənirsən?
-
Yəni, həqiqətən
Allah bizə min ayın savabını əta edəcək ya bu söz mübaliğə üçündür?
-
Allah bu gecəni dərk
edib onu ibadətlə keçirən şəxsə min ayın savabını əta edəcək. Sonsuz rəhməti
olan, kərim Rəbbiniz üçün bu çox asandır.
Məgər bu ümmət Allahdan min ayı istəmədimi? Və Allah da sizə bunu əta edərək
Qiyamətdə bəhanənizi kəsdi. Məgər bu barədə olan hədisi oxumayıbsan?
-
Hansı hədis?
-
Hədis: “Bir gün Həzrəti
Peyğəmbər (s) səhabələr üçün Bəni-İsrail ümmətindən olmuş və min ay düşmənlərlə
cihad etmiş bir nəfərin əhvalatını danışdı. Səhabələr qibtə ilə soruşdular ki,
görəsən, biz də belə savab qazana bilərikmi? Peyğəmbər (s) onlara cavab verdi
ki, Qədr gecəsində yatmayıb ibadət etsələr, onlar da bu qədər savab qazana bilərlər.”
-
Bəzən ibadət etmək
bizə çətin gəlir.
-
Bu gecə elə dəyərli
gecədir ki, hətta təkcə oyaq qalmağınız belə sizə savab qazandıracaq. Çünki, bu
gecənin bir əməli də sırf oyaq qalmaqdır. Əlbəttə heç bir günaha yol vermədən...
-
Allah bu gecə bütün
günahlarımı əfv edərmi?
-
Bəli, yetər ki sən
ona tərəf üz tut.
-
Axı mənim günahım
çoxdur.
-
Bəs bu hədisi eşitməyibsən
ki Allahın peyğəmbəri (s) buyurur: “Hər kim Qədr gecəsi oyaq qalsa, günahları
bağışlanar; hətta günahları göydəki ulduzların sayı, yerdəki dağların ağırlığı,
dənizlərin tutumu qədər olsa da.
-
Həqiqətən Allah
sonsuz mərhəmət sahibi, lütflər edən və ən kərimdir.
-
Bir hədisdə deyim.
Hədis: “Qədr gecəsində səmanın qapıları açılar. Hər kim bu gecədə namaz qılsa,
hər səcdəsinə görə Allah ona Cənnətdə elə bir ağac verər ki, o ağacın altında
süvarı min il çapsa kölgəsi qurtarmaz. Hər oxuduğu ayəyə görə Allah ona Cənnət
taclarından bir tac verər.”
-
Bu gecə necə oyaq
qalım?
-
Sənə yenə öz sözümü
yox, peyğəmbərin (s) sözünü çatdırıram. O həzrət (s) buyurur: “Hər kim iman və
mühasibə ilə Qədr gecəsində oyaq qalsa, bütün keçmiş və gələcək günahları
bağışlanar.”
-
Kaş bu deyilənləri
kamil şəkildə yerinə yetirə biləydim.
-
Tələs bəndə, tələs. Bu fürsətləri əldən vermə ki, ziyankarlardan
olarsan. Qəza namazın varsa ilk növbədə onları qıl. Əgər yoxdursa nafilə
namazlarınla axirət yurdunu bəzə. Quran və dualarla üns qur. Əvvəl özünü
bağışlatdır ki, etdiyin dualar da Allah dərgahına ucalsın. Axı, günah duaların
qəbuluna maniədir. Allahın pak bəndələrinə təvəssül et.
-
Təvəssül?
-
Bəli, Allaha onlar
vasitəsi ilə yaxınlaş. De ki: “İlahi! Mən
günah etməklə özümə zülm etmişəm və bu günahlarım dualarımı həbs edib. Elə isə
səni, and verirəm pak bəndələrinə, onlara xatir duamı qəbul et və günahımı
bağışla. Öz əziz peyğəmbərinə (s) xatir
günahlarımı bağışla.”
Və çoxlu salavat de.
-
Salavatı necə
deyim?
-
Belə de: “Allahummə
salli əla Muhəmmədin və ali Muhəmməd.” Budur kamil salavat.
-
Daha nə edim?
-
Səcdəyə get, səcdə
halında Allah ilə üns qur. Çünki bəndəçiliyin ən gözəl nişanəsi səcdədir. Səcdə
halında Allahdan bağışlanma dilə. Etdiyin günahları Allah qarşısında etiraf et
və səcdələrini uzat. Sən dünyada başını Allah qarşısında yerə qoy ki, Allah o
başını Qiyamət günü yerə vurmasın.
-
Dediyini edərəm. Səcdə
edib, özümü çoxlu dua edərəm.
-
Təkcə özünü yox!
Xudbin olma bəndə! Bütün insanlığı dua et. Bütün müsəlman və möminləri.
-
Axı bəzilərindən
xoşum gəlmir... Və qəlbimdə...
-
Əfsus sənin halına əfsus... Belə mübarək ayda sən hələ də qəlbini təmizləməyib
kin saxlayırsan? Hətta nifrət etdiyin mömin və müsəlmanları belə dua et. Unutma! Qədr gecəsi fədakarlıq gecəsidir. Sən
başqalarını dua et ki, Allah da bu fədakarlığın müqabilində sənə nəzər edib, səni
əfv etsin.
-
Axı bəziləri
haqqımı tapdalayıb.
-
Bəs sən Allahın
haqqını heç tapdalamamısan? İstəmirsən Allah səni əfv etsin?
-
Əlbəttə istəyirəm.
-
Sən öz haqqından Allaha xatir keç başqalarını əfv et ki, Allah
da öz haqqından keçib səni əfv etsin. Budur İslamın gözəlliyi və sizə tövsiyəsi...
-
Ey Allahın ayı elə
isə şahid ol! Mənə bilərək və bilməyəkdən zülm edən və incidən hər kəsi
Allaha və bu aya xatir əfv etdim.
-
Allah da səni əfv
etsin. Artıq getməliyəm...
-
Səndən ayrılmaq mənə
çətin gəlir ey Allahın ayı. Gələn il səni görüb görə bilməyəcəyimiz isə müəmmalıdır.
-
Allahdan istəyin ki
gələn ilin Ramazan ayını da sizə qismət eləsin.
-
Gələn il yenidən
görüşmək ümidi ilə. Qiyamət səhnəsində bizi unutma ey Allahın ayı!
Mahir Şəkərov / İlahiyyatçı yazar
Yorumlar
Yorum Gönder