Ramazan ayının Quran və hədislərdəki adları
Mübarək Ramazan ayı barədə Quran və hədisləri mütaliə etdikdə görürük
ki, bu mübarək aya müxtəlif adlarla müraciət olunmuşdur. İndi qeyd edəcəyəmiz
adlar Quran və hədislərdə Ramazan ayı üçün zikr olunan adların bir qismidir.
Ramazan ayı: Bu mübarək ayın bir
adı da Ramazandır ki həm Quranda (Bəqərə 185) və həm də hədislərdə zikr olunmuşdur. Dini ədəbiyyatlarda
Ramazan – sözünün əsas iki mənası diqqət çəkir. Ramazan – Yəni yanmaq,
yandırmaq. Bu mübarək ay insanın günahlarını təmizləyib pakladığı üçün bu aya
Ramazan deyilir.
Ərəblər payızın əvvəlində yağan ilk yağışa
Ramazan deyirlər. Çünki o yağış, təbiətin bütün toz-torpağını yuyur, təmizləyir.
Ramazan ayı da insanın günahlarını yuyub pak etdiyi üçün ona bu ad verilmişdir.
Oruc ayı: Bu mübarək ad da,
Quranda (Bəqərə 183) və hədisdə keçməkdədir.Gərək yaşadığımız cəmiyyət,
Ramazanda elə mənəvi abu-hava yaşasın ki, hər kəs bu ayın Ramazan olduğunu başa
düşə. Odur ki, hətta üzrlü səbəblərdən dolayı oruc tuta bilməyənlər şəxslər də
gərək ictimai yerlərdə yemək, içmək və bu qəbildən olan işlərdən çəkinsinlər.
Çünki bu ayın orucu və ayın özü Allah yanında hörmətlidir. Bu hörməti sındırmaq
olmaz.
Bərəkət ayı: Allah bu ayda edilən
əməllərə bərəkət verir. Az bir əmələ saysız hesabsız mükafatlar verir. Necə ki
Allah Rəsulu (s) Şəbaniyyə xütbəsində buna diqqət çəkərək buyurur: “Allah ayı,
öz bərəkəti, rəhməti, və məğfirəti ilə sizə tərəf üz gətirir.Onun gecələri digər
bütün gecələrdən üstündür. Onun gündüzləri digər bütün gündüzlərdən üstündür.
Onun zamanları digər bütün zamanlaran daha üstündür.Allah bu ayda sizin çəkdiyiniz
nəfəsə də, yuxunuza da savab verir.”
Səbir ayı: Bu mübarək ay
insana səbri öyrədir. İnsan digər aylarda haram qarşısında səbir etdiyi kimi bu
ayda səbrini daha da kamilləşdirir və halal nemətlərdən də imtina edir. Hədis və
ayələrə əsasən səbir əsasən üç cür olur;
1.Müsibətdə səbir. 2. İtaətdə səbir. 3. Günahlar
qarşısında səbir.
Namaz ayı: Hədislərdə Ramazan
ayının bir adı da namazdır. Digər günlərdə namaz qılmayanlar belə bu ayda namaz
qılır və orucu tutmağa çalışır. Namaz bu ayda daha çox yada düşür.
Ayların sultanı:
Hər bir sahənin bir rəhbəri və böyüyü olduğu
kimi, ayların içərisində də Ramazan bütün ayların rəhbəri sayılır. Beləliklə
Ramazan, digər ayların içərisində ən üstün, ən şərəfli, ən fəzilətli aydır. Hədislərə
əsasən Allah Qiyamətdə Ramazanın məqam və dərəcəsini insanlara göstərəcək. Hədisdə
buyrulur: “Necə ulduzların içərisində ayın xüsusi yeri var, ayların içərisində
də Ramazan ayının xüsusi məqam və dərəcəsi var.”
Dua ayı: Allah Rəsulunun Şəbaniyyə
xütbəsində yenə bu məqama işarə olunaraq
buyrulur: “(Ramazan elə bir aydır ki) o ayda dualarınız qəbul olur.”
Allah bu ayda edilən duaların qəbulluğuna zəmanət
verir. Hədislərdə xüsusən namazlardan sonra edilən dualara diqqət çəkilib.
İbadət ayı: Bu ay insan bir çox
ibadətləri yerinə yetirir. Qəza namazları olan qəzalarını da qılmağa vaxt
ayırır. Bunu da qeyd edək ki, ibadət təkcə namaz deyildir. İnsanla Allah
arasında rabitə yaradan bütün xeyir əməllər ibadətdir. Sədəqə vermək, bir
orucluya iftar vermək, insanlara qarşı mehriban olmaq və s.
İtaət ayı: Allaha itaət bu
ayda daha çox gözə çarpır. Digər günlərdə ibadətdən yayınan kimsələr belə bu
ayda oruc və namazların yerinə yetirməklə Allaha itaət edir.
Allah dostlarının ayı: Allah Rəsulu bu aya
müraciət edərkən buyurur: “Salam olsun sənə ey Allahın əzəmətli ayı və Allah
dostlarının ayı.”
Hər kəs bu aydan öz elmi və istedadı qədərincə
istifadə edir.Bəziləri bu ayın orucunu özünə yük bildiyi kimi, bəziləri də bu
ayın orucunu özünə böyük qazanc və nemət bilir. Allah dostları bu ayı çox səbirsizliklə
gözləyirlər. Çünki onlar yaxşı bilirlər ki Allah onlara bu ayda hansı nemətləri
əta edəcək.
Bağışlanma ayı: Allah bu ayda tövbə
edən insanları bağışlayır. Şübhə yoxdur ki Allah hər zaman tövbə edən hər kəsin
günahını əfv edir. Amma bu mübarək ayda Allah dəstə-dəstə insanları bağışlayır.
Kiçik bir əməl müqabilində belə öz rəhmətin bəndələrinə nazil edir.
Tövbə ayı: Bu ayın adlarından
biri də tövbə ayıdır. Hədislərdə bu mübarək ayda insanları tövbəyə təşviq edən
hədislər mövcuddur.Allah bu ayda tövbələri daha çox qəbul edir, və bu iş daha
çox bu ayda özünü biruzə verir.
Əxlaq ayı: Bu ay özümüzü islah
etməyə bir fürsətdir. Oruc tutan şəxs təkcə yemək və içməkdən çəkinmir. O həm də
bütün bədən üzvlərini idarə etməyi öyrənir.Bir ayda onu Allahdan ayrı salan
daxili və xarici maniələrlə mübarizə
aparır, əxlaqını gözəlləşdirir.
Tilavət və
ya Quran oxunan ay: Qurani-Kərimi Ramazan ayında
oxumağın özünə məxsus savabı vardır. Nümünə üçün iki hədis oxuyaq.
Hədis: “Hər kim orucluqda Qurandan bir ayə oxusa
digər aylarda Quranı xətm etmiş kimidir.”
Hədis: “Allahdan istəyin ki bu ayın orucunu və
bu ayda Quran oxumağı sizə nəsib etsin.”
Şəfaət ayı: Ramazan ayı Qiyamətdə
oruc tutanlara şəfaət edəcək. Hədis: “Necə
ana balasını, bir izdihamın içərisində görsə tanıyar, eləcə də oruc da, Qiyamət
səhnəsində oruc tutanları bir-bir camaatın içindən seçər və şəfaət edər.”
İslam ayı: Hədis: “Bu ay İslam ayıdır.”
İslami ayinlər bu ayda daha çox yerinə
yetirilir. İslam bu ayda daha çox yada düşür.
Xalis ay: Gərək çalışaq ki
bu ayda əməllərimiz daha xalis ola. Günahlara aludə olmayan bir halətdə Allaha
tərəf pərvaz edə.
Təmizlənən ay: İnsanı paklaşdıran
və təmizləyən bir aydır Ramazan. İnsan günah və mənəvi xəstəliklərdən azad olur
təmizlənir.
QEYD: Mübarək Ramazan ayının bu adları, Quran və
hədislərdə rast gəldiyimiz və toplaya bildiyimiz adlar idi ki sizlər ilə
paylaşdıq.
Mahir Şəkərov/ İlahiyyatçı yazar
Yorumlar
Yorum Gönder