“Sən oruc deyilsən.”
Müqəddəs
Ramazan ayının başlaması ilə ilahi rəhmət, bərəkət və məğfirət onu istəyən və tələb
edən bəndələrinə şamil olur. Allah Rəsulunun (s) buyurduğu kimi; "Ramazanın əvvəli rəhmət, ortası məğfirət
sonu isə Cəhənnəmdən qurtuluşdur."
Allah Rəsulunun
(s) buyurduğu bu üç halın bizə də şamil
olunması üçün, lazımdır ki, Ramazanın əsl mahiyyətindən xəbərdar olaq. Buğdanın bitməsi üçün münbit və əlverişli torpağın olması şərtdir. Əks
halda daş-kəsək dolu bir sahəyə səpilən buğda, sahibinə əlavə zəhmət və xərcdən
başqa bir şey qazandırmaz. Buğda hər nə
qədər keyfiyyətli olsa belə, onun hansı torpaqda əkilməsi mühum şərtdir. Bu
ayda da ilahi rəhmət qapıları sözün əsl mənasında taybatay insanların üzünə
açılmışdır. Əgər biz özümüzdə buğda və torpaq
misalında olduğu kimi, bu ayda ilahi rəhmətin bizə şamil olması üçün əlverişli
zəmin yaratmasaq onda bizdə buğdanı daş kəsək dolu sahəyə əkmiş əkinçi kimi
peşimançılıq çəkəcəyik. Elə bir
peşimançılıq ki, faydası da yoxdur.
Odur ki
biz gərək başa düşək və anlayaq ki, niyə oruc tuturuq? Əgər biz həqiqətən də
orucun ilahi bir əmr (Bəqərə 183-188) olduğunu nəzərə alıb, ona xatir oruc
tuturuqsa, deməli artıq birinci qədəmi götürmüşük. Amma bu hələ hər şey demək
deyildir. Orucu necə tutaq? sualına cavab axtarmalıyıq. Bu sualın cavabı qısa
da olsa fiqh kitablarında hər kəsin başa düşəcəyi şəkildə qeyd olunub. Biz
ikinci qədəmi də götürdük. Amma hələ tam mənası ilə "biz oruc
tutmuşuq" deyə bilmərik. Hətta tutduğumuz oruclar şəri cəhətdən, fiqh kitablarına əsasən kamil olsa da... Məsələyə düzgün prizmadan yanaşıb, təhlil etməyiniz xahiş olunur.
Demək istədiyim əsas mətləb budur ki, oruc (digər ibadətlər də bu
cürdür) ibadətinə, fiqh kitabları səviyyəsində əməl etsək, Ramazan ayının
kitablara sığmayan dərya dolu feyz və bərəkətindən binəsib qalacağıq. Necəki, məhşur bir hədisi,
dediklərimə dəlil gətirmək istəyirəm.
İslam
peyğəmbərinin (s) dövründə üç qadın Hz. peyğəmbərin (s) yanına gələrək iftar
etmək üçün xurma istədilər. Peyğəmbər (s) buyurdu: Siz oruc deyilsiniz!
Qadınlar: Xeyr ey Allahın Rəsulu (s) biz oruc tutmuşuq. Peyğəmbər (s) buyurdu: Siz
oruc deyilsiniz! Qadınlar israr etdikdə peyğəmbər (s) onlara bir qab uzatdı və
onlar hərəsi bir tikə ət qusdu. Qadınlar bu işə təəccüb etdikdə peyğəmbər (s)
buyurdu: Niyə təəccüb edirsiniz? Məgər Quranın bu ayəsindən xəbərsizsiniz? Hər
şeydən pak və münəzzəh olan uca xaliq buyurur: “Bir-birinizin qeybətini etməyin.Sizdən
biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?...”
Ayə və hədisin
izahından başa düşüldüyü kimi qeybət edən əslində ölü əti yeyir.
Quranın
ifadə etdiyi "ölü əti yemək"
şablon bir ifadə deyil, əksinə məsələnin əsl həqiqətdir. Məgər Quran nəuzubillah şablon cümlələr yığınıdır?!
Deməli
biz sadəcə sübhdən axşama qədər ac qalmaqla kifayət etməməli, cismimiz kimi
ruhumuz da bu ilahi feyzlərə tərəf pərvaz etməlidir. Əks təqdirdə Allah Rəsulunun
(s) bu hədisi bizə də şamil olar.
Hz peyğəmbər
(s) buyurmuşdur. " Nə çox oruc tutanlar var ki, onlara aclıq və
susuzluqdan başqa bir şey qalmaz."
Deməli əgər
bizdə sadəcə yemək və içmək kimi şeyləri tərk edib, bədən üzvlərimizi Allah istəyən
kimi idarə edə bilmiriksə onda Allah qorusun bizdə əziz peyğəmbərimizin (s)
buyurduğu zümrəyə daxil olmuş olarıq.
Bir hədisə də diqqətinizi cəlb edim: Ramazan ayında İslam peyğəmbəri (s) bir evin
yanından keçərkən öz kənizinə söyən qadının səsini eşitdi və o qadına buyurdu:
"Get yemək ye!" Qadın dedi: Ey
Allahın peyğəmbəri (s) mən orucam. Allah Rəsulu (s) buyurdu: "Sən oruc
deyilsən. Sən necə oruc tutursan ki, söyüş söyürsən!"
Müqəddəs
Ramazan bayramının əməllərinə qısa nəzər salmaq üçün İslam peyğəmbərinin ( s),
Şaban ayının son cüməsində oxuduğu xütbənin bir qismini sizlərə təqdim edirik.
Ramazan ayının əməlləri İslam peyğəmbərinin (s) dili ilə. (ixtisarla)
"Ey
insanlar! Allah ayı sizə tərəf üz gətirir. O öz rəhmət, bərəkət və məğfirəti ilə
sizə tərəf gəlir. O elə bir aydır ki, bütün aylardan üstündür. Onun günləri də
gecələri də digər günlərdən və gecələrdən daha fəzilətlidir.Onun saatları
(zamanları) da digər günlərin saatlarından daha da üstündür.
Bu elə
bir aydır ki Alla sizi qonaqlığa dəvət edir. Bu elə bir aydır ki, bu ayda çəkdiyiniz
nəfəslərə Allah təsbih savabı verir. Bu elə bir aydır ki, sizin yuxunuza da
Allah savab verir.
Bu ay
duaların qəbul olunduğu aydır. Kasıblara, yetimlərə kömək edin.Yaşlılara,
qocalara hörmət edin. Kiçik uşaqlara rəhm edin. Qohum əqrabanızı ziyarət edin.
Dilinizi
pis sözlərdən qoruyun. Etdiyiniz günahlara görə Allaha tövbə edin.
Və hər kəs
sizdən bir orucluya iftar versə elə bil,
sanki bir qul azad edib. Hər kim bir orucluya iftar versə, Allah onu
günahlarını bağışlayar.
Bu zaman
bir nəfər ayağa duraraq soruşdu: Ey Allahın Rəsulu! (s) Mənim iftar verməyə imkanım olmasa nə edim?
Allah Rəsulu
(s) buyurdu: Yarım xurma ilə də olsa bunu yerinə yetir.
Həmin şəxs
təkrar soruşdu: Əgər mənim yarım xurmam
da olmasa onda nə edim?
Allah Rəsulu
(s) buyurdu: Bir qurtum su ilə də olsa bunu yerinə yetirin."
Ramazan
ayının bir adı da "Xalis"dir.
Gəlin bu mübarək ayda az əməl etsək də
xalis niyyətlə yerinə yetirin. Unutmayın! İnsanı Allahdan uzaqlaşdıran və onu məğrur
edən çox əməl, insanı Allaha yaxınlaşdıran az əməldən daha yaxşıdır.
Mahir Şəkərov - İlahiyyatçı yazar.
Mahir Şəkərov - İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder