Baxışımız düzəlməsə.
Bir gün İsa (ə) öz həvariləri ilə yol gedərkən, ölmüş bir it cəsədi ilə rastlaşırlar. Həvarilərdən bəziləri ölmüş itin cəsədinin üfünətli qoxusundan, bəziləri onun xəstəlik mənbəyi olmasından və bu kimi iradları bildirərkən, Hz İsa (ə) buyurur: "Onun nə gözəl dişləri vardır."
Həvarilər bu sözü
eşidəndə bir anlıq fikrə dalır və etdikləri səhvin fərqinə varırlar. Onlar
anlayırlar ki, bu mənzərə qarşısında onlar imtahan olundular...
Bu ibrətamiz hadisə
ilə sözümüzə başlamağımız heç də əbəs deyildir. Bəli hamı görən gözə malikdir,
hamı baxır, görür... Maraqlıdır görəsən
biz, Allahın "gör" dediyi yerdən görür və Allahın "bax"
dediyi yerdən baxırıq?!
Bir hadisə ilə
qarşılaşdıqda hansı mövqeyi nümayiş etdiririk? Görəsən hadisələr qarşısında
baxışlarımız Allah deyəni edir ya nəfsimiz istəyəni?!
Bu məsələ olduqca
mühum məsələdir. Əgər insan özü bu məsələ haqqında düşünüb, özünü islah etməsə
hətta həvarilər kimi, daim İsa (ə)-ın ətarfında olsa da bu məsələni tam şəkildə həll etmir.
Digər bir nümunəni əziz
İslam peyğəmbərimizdən (s) çəkmək istəyirəm. "Bir gün Allah Rəsulu (s)
qoyun kəsdi. Bir neçə səhabə də o həzrətin ətafında var idi. Allah Rəsulu (s) qoyunun ətini hissələrə ayırır və
ayırdıqca da fəqirlərə göndərirdi. Sonda qoyunun bir budu qaldı. Bəzi səhabələr
dedilər: Ey Allahın Rəsulu (s) bizə qalan təkcə budu oldu?
Allah Rəsulu (s)
buyurdu: Təkcə budu bizə qalmadı. Budundan başqa bütün hissələri bizə
qaldı."
Çox düşündürücüdür
elə deyilmi? Bəziləri verilən ətin əlindən
çıxdığını, yerdə qalanın isə ona qaldığını düşünərkən, Allah Rəsulu (s) bunun tamamilə əksini onlara bəyan edir və məsələyə ilahi baxışla baxmağı tövsiyə
edir.
Yaşadığımız dünyada
baş verən bütün hadisələr zamanı bu ilahi baxış əvəzsiz rola malikdir. Əgər baxışımızı düzəltməsək onda,
bizdə başqa bir ruhi xəstəlik yaranacaq
- "EYİB AXTARMAQ..."
Bu xəstəliyin
yaranma səbəblərindən biri də budur ki, biz həmin şəxs də eyib və nöqsan
axtarmaq fikrinə düşdüyümüzdən, baxışımız tamamilə ilahi baxışın əksinədir. Biz
artıq "görmək istədiyimizi görürük"
və qarşı tərəfi nəyin bahasına olursa olsun, o cür görür və o cür təqdim
etməyə başlayırıq. Baxışımızın bu formada inkişaf etməsi bizdə daha bir mənfi
xüsusiyyəti yaradır - BƏHANƏ."
İnsan bəzən etdiyi pis əməllərə bəhanə
axtarır.Və bu bəhanə axtarmaq onu yenidən əvvəlki səhvini təkrar etməyə vadar
edir. Çox maraqlıdır ki, bəzən insan, etdiyi əməllərə ilahi baxışla baxmaq
yerinə, öz nəfsinin "bax"
dediyi yerdən baxır və nəticədə insanı günah bataqlığına sürükləyən, xoşagəlməz
mənzərələr meydana gəlir. Bəzən insan özünə haqq qazandırmaq üçün istənilən bəhanə
və yollara əl atır və bundan çəkinmir də. Təki özünü pak göstərsin, hətta bu
paklıq başqalarını ləkələmək yolu ilə də olsa. Amma deyəsən unudurlar ki,
başqasına palçıq atanların, ilk öz əli
bulaşır. Məsələ barəsində bir iki misal
çəkmək yerinə düşərdi. Bir nəfərə "namaz qıl" yaxşı işlər gör" və
bu kimi yaxşı xüsusiyyətləri tövsiyə edərkən, həmin işləri etməmək, və bu işləri
boynundan atmaq üçün tez bəhanəyə əl atırlar və deyirlər: "filankəs də
namaz qılandır, o da dindardır amma gör nə oyun çıxardır?!" Bu sözlər zahirən düz sözlər olsa da, dediyi şəxslər
o işlərin yiyələri olsalarda bu bəhanədən başqa bir şey deyildir. Maraqlıdır
niyə ancaq onda olan mənfi xüsusiyyəti görür? Niyə ancaq özünə bu kimi şəxsləri
nümunə seçir? Nümunə üçün Quranın buyurduğu ən gözəl əxlaq sahibi (Qələm 4), ən
gözəl nümunə Hz Muhəmmədi (s) (Əhzab 21) seçmək daha məntiqli deyilmi?!
Deməli qarşı tərəfə
nə nümunə və nə də o nümunəvi şəxsin əməl
və hərəkətləri lazım deyildir. Odur ki, o "bəhanə" metodunu seçir və
hadisəyə baxarkən, o prizmadan yanaşır. Əks halda görünən kəndə nə bələdçi?!...
Hadisəyə olan
baxışımız düz olmasa daha bir mənfi
xüsusiyyət sorağımıza gələr – "TƏKƏBBÜR."
Bu növ işlər əsində
şeytanın etdiyi işlərdir. "Adəmə səcdə
et" əmrinin qarşısında, o da dediyimiz eyni yolları istifadə etdi. Diqqət
edin!
Allah şeytana səcdə əmri
verdikdə o, bu mənzərə qarşısında
imtahandan keçə bilmədi. (Bəqərə 34)
Məsələyə ilahi baxışla baxmadı, öz istəyi ilə baxdı. Bu səbəb
oldu ki, eyib axtarmaq xüsusiyyəti onda baş qaldıra və:
"Allah dedi: "Ey İblis! Nə üçün sən səcdə edənlər
arasında deyilsən?" (Hicr 32)
İblis dedi: "Sənin, başqa şəkilə düşmüş qara
palçıqdan, toxunduqda isə saxsı kimi səs çıxaran quru gildən yaratdığın insana
səcdə etmək mənə yaraşmaz. (Hicr 33)
Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin" –
dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və
kafir oldu. (Bəqərə 34)
Bu ilahi kəlamları bir cümlə ilə yenidən izah edim. Əziz
müsəlmanlar! Çox diqqət etmək lazımdır. Şeytana
"Adəmə səcdə et" deyildikdə o, bu əmrin ilahi əmr olmasına
baxmayaraq məsələyə öz nəfsi ilə cavab verir. Etdiyi əməlin pisliyinə tövbə
edib peşiman olmaq əvəzinə isə, Hz Adəmdə eyib axtarmaq (bu şeytanın baxışı
idi. Halbuki bunlar eyib deyildir) fikrinə düşür. Və Quran buyuran kimi sonda təkəbbür
günahına da mürtəkib olur. Bu etdiyi günahlar səbəb olur ki, Hz. Adəmdə olan
üstün keyfiyyətləri görə bilmir. Hətta iş o həddə çata bilir ki, Allahın da
etdiyi xəbərdarlığı və dediyi:
"Allah dedi: "Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə
etməyinə nə mane oldu? Təkəbbürlük göstərdin yoxsa doğurdanda üstünlərdənsən?!
(Sad 75) sözü belə eşitmir və Allahın müqabilində yenidən təkəbbürlüyünü
nümayiş etdirir və səcdə etməməyinə səbəb isə bu bəhanəni gətirir: "Dedi: Mən ondan daha yaxşıyam. Çünki mən
oddan, onu isə gildən yaratmısan. (od gildən daha yaxşıdır) (Sad 76)
Allah isə bu bəhanəni rədd edir və onu dərgahından qovaraq ona əbədiyyən lənət göndərir və onu Cəhənnəm
əzabı ilə müjdələyir. (Daha ətraflı bax:
Sad sürəsi,
77-78-79-80-81-82-83-84-85)
Çox təəccüblüdür
çox... Şeytana lənət göndrən bizlər bu
hadisələrdən ibrət dərsi alırıqmı? Yoxsa
"Mən nə etmişəm ki" deyərək bəhanələr içində qərq olmuşuq? Şeytanın bir
məsələ qarşısındakı baxışı onun bütün həyatını alt- üst etdi. Hz Əli (ə)
şeytanın başına gələnlərdən dərs almağımız üçün sanki fəryad edir: "Ey
insanlar! Şeytanın başına gələnlərdən ibrət götürün. Çünki o, 6 min il Allaha
ibadət etdi."
Elə isə niyə ibrət götürmürük? Bu fani dünyanın aldadıcı həvəsləri hələ
çoxmu bizi özünə bağlayacaq?
Gəlin hadisələrə qarşı baxışımızı düzəldək. Eyib axtaran
olmayaq. Bir alimdən götürə biləcəyimiz ibrətlər, olduğu halda onda var olan (bəlkə
ona görə peşimançılıq belə çəkdiyi ) əməlləri özümüzə bəraət qazandırmaq üçün
sui-istifadə etməyək. Və beləliklə də düşmənin dəyirmanına su tökən nadan və
cahillərdən (düşmən muzdurlarından)
olmayaq. Mömin eyib axtaran olmaz. Bir mübarək hədisdə Allah Rəsulu (s) buyurur:
"Canım qüdrət əlində olan Allaha
and olsun ki, mömin, təmiz yeyən, olduğu yeri dağıdıb tökməyən bal arısı kimidir.
Eyib axtaran və paxıl şəxs isə sağlam yerlərdə deyil, həmişə yara-xoranın
üstündə olur."
Düz deyiblər: Milçək özü bir şey olmasa da ürək
bulandırır.
QEYD: Kimsə sizə eyiblərinizi deyirsə ondan qorxmayın.
Eybinizi sizə deməyən və onu sizdən gizlədənlərdən qorxun. Bu Hz Əlinin (ə)
sözüdür. O həzrət buyurur: "Kim sənin eybini üzünə desə, dalınca sənin
abrını qoruyar. Kim eyiblərini sənə deməkdə ehtiyat edib çəkinsə, arxanca sənin
eybini deyər."
Mahir Şəkərov
– İlahiyytaçı araşdırmaçı.
Yorumlar
Yorum Gönder