“Peyğəmbərə (s) cadu edilib” deyənlərin iddiası, Quran, hədis və tarix baxımından yanlışdır.


İslam peyğəmbəri (s) barədə çox geniş yayılan bir mövzuda, peyğəmbərə (s) cadu edilməsidir. Lakin, Quran bu iddianı rədd edir. Gəlin ilk öncə sehr və cadunun ümumən nə anlama gəldiyini öyrənək.
Dinə əks, şəriətə zidd olan üsullarla, həm təbii, həm də qeybdən olan qüvvələrin (cinlərin və s-nin) yardımı ilə adətən müəyyən insanlara zərər yetirmək, bəzi işləri pozmaq, nadir hallarda isə xeyir vermək məqsədilə söz, yazı və əməl şəklində həyata keçirilən fəaliyyətə “sehr” “cadu” deyilir.
Sehr bir neçə mənaya malikdir;
1. Hiylə, kələk. Həqiqətin yanlış kimi əks etdirilməsi, Olmayan bir şeyi həqiqi bir şey kimi qəbul etmə; yanlış, səhv təsəvvür; xəyal. İlluziya. ( İlluziya (latınca illusio — yanlış fikir, yalan) — real, mövcud olan obyektin və ya hadisənin təhrif olunmuş qavrayışıdır.)
Fikrimizi Quran ayəsi ilə əsaslandıraq;
“Dedi: Siz atın. Beləliklə elə ki, (cadugərlik alətlərini) atdılar cammatın gözlərini (sehrlə) bağladılar və onları çox qorxutdular və böyük bir sehr yaratdılar.” (Əraf 116)
“Musa dedi: Xeyr, siz atın. (Onlar atdılar) Beləliklə onların kəndir və əsaları sehr nəticəsində birdən Musanın xəyalında sürətlə (ora-bura) gedən təsəvvürü yaratdı.” (Taha 66)
Əraf 116-da görürük ki, sehrbazların elədiyi sadəcə bir illuziyadır. Göz aldadıcı fəndlərlə sehr göstərdiyini sanırlar. Taha 66-dan da iplərin ilan olmasının bir gözbağlayıcı fənd olduğunu öyrənmiş olduq. Taha 69-da isə bütün bunların cadugər hiylələri olduğu bildirilir.
2. Şeytana yaxınlaşmaq yolu ilə, onun diqqətini cəlb etmək.
“Şeytanların kimə nazil olduğunu sizə xəbər verimmi?”

“(Onlar) hər bir yalançı (böhtançı) və günahkara nazil olarlar.” (Şuəra 221-222)

“...Lakin, şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil diyarına nazil olmuş iki mələyə - Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular... (Bəqərə 102)
3. Bəzən bu söz hədis və rəvayətlərdə müsbət mənada da istifadə olunmuşdur. Belə ki, ilahi sözlərin insanlarda təsir qoyması “sehr” sözü ilə gəlmişdir.
Peyğəmbərə (s) cadu edilməsini söyləyən hədis və rəvayətlər Quranla ziddiyyət təşkil etdiyindən biz o rəvayətləri mötəbər hesab etmirik. Maraqlıdır ki, bu uydurma hədislər peyğəmbərə (s) və zövcələrinə nisbət verilib. Nümunə üçün ikisinə işarə edirik;
Səhih Buxaridə kitabul-cizyə, bab 839, 1342-ci hədisdə Aişədən belə nəql edir: “Peyğəmbərə cadu edilmişdi, elə bilirdi ki, bir iş görüb hansı ki, bir iş görməmişdi”.
“Sunəni-Nəsai”nin yeddinci cildində səhifə 113-də Zeyd bin Ərqəmdən belə nəql edir: “Yəhudi bir şəxs peyğəmərə cadu etmişdi, peyğəmbər də buna görə neçə gün əziyyət çəkirdi, (nəhayət) Cəbrail (ə) nazil olub dedi ki, “yəhudi Səni cadulayıb və filan yerdə Səni düyünləyib...”.

Peyğəmbərə (s) cadu edilməsi hadisəsi Quran, rəvayət və tarix baxımından yanlışdır.
Mənbələrdə bu hadisə belə qeyd edilir;
 Saxta hadisə:  “Hüdeybiyyə sülh sazişindən sonra Rəsulullah (s) Mədinəyə döndü. Hicrətin 7-ci ilində Xeybər yəhudilərinə Mədinədən bir heyət getdi. Orada məşhur sehrbaz, cadugər Lübeyd ibn Asim ilə görüşdülər. Heyət Lübeydə belə müraciət etdi: Bilirsən, Məhəmməd bizə nə edib? Bir neçə dəfə ona cadu etmək istədik, amma alınmadı. İndi də sənin yanına gəlmişik. Çünki sən bizdən daha böyük sehrbaz və cadügərsən. Bu üç qızılı götür və Mühəmmədi güclü əfsunla. O dövrdə Rəsulullaha (s) bir yəhudi uşağı xidmət edirdi. Onlar bu uşaq vasitəsilə Rəsulullahın (s) darağını və saç tellərini ələ keçirdilər. Lübeyd də bu saç və daraqdan istifadə edərək Rəsulullaha (s) cadu etdilər. Sonra bu cadunu xurmadan düzəldilmiş bir qılıfın içinə yerləşdirdilər. Lübeyd bu sehri bir quyunun içindəki daşın altında gizlətdi. Bir müddət sonra Rəsulullah (s) səhhətində bəzi narahatlıqlar hiss etməyə başladı. Etmədiyi bəzi işləri etmiş kimi, bəzi işləri də etmədiyi halda etmiş kimi xatırlamağa başladı.
Uydurma hədisin davamında qeyd olunur ki, daha sonra, o cadunun hansısa bir quyuda gizlədilməsi və peyğəmbərin (s) o düyünləri üfürərək açması da qeyd olunur.
Uydurulmuş hədisin mətnindən də göründüyü kimi, burada peyğəmbərə (s) qarşı ədəbsizlik olunmuşdur. Guya peyğəmbər (s) dəli və divanə şəxslər kimi olmuş və etmədiyi işləri etmiş kimi davranırmış. Bu çox yanlış ifadələrdir ki, peyğəmbərlik zirvəsinin ən uca pilləsində qərar tutmuş şəxsə nisbət verilir.
Peyğəmbərə (s) cadu edilməsinin Quran baxımından yanlışlığı.
Qurani-Kərim peyğəmbərə (s) cadu və sehri nisbət verənləri zalım adlandırır.
وَقَالَ الظَّالِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَّسْحُورًا
“Və zalımlar (camaata) dedilər: Siz yalnız ovsunlanmış (sehlənmiş) bir kişiyə tabe olursunuz?” (Furqan 8)
وَقَالَ الظَّالِمُونَ – “Və zalımlar dedilər...” - Deməli, peyğəmbərə (s) nisbət verilən “cadu” və “sehr” sözünü deyən zalımlar olmuşlar.
Ayədən göründüyü kimi, hətta kafirlərin nəzərində belə cadu və sehrə düçar olmuş şəxsin sözünü etibarsız və dəyərsiz sayırlar. Belə olan halda bu cür mənfi bir halı necə peyğəmbərə (s) şamil etmək olar? (Həmçinin bax: İsra47)
Deməli, vəhyin qarşısını almaq üçün müşriklər “Bu adam ovsunlanıb”, “ona cadu olunub” deyə şaiyə yayıblar. Bu şaiyə də ayədə bildirilib. Buna inananlar da olub. Allah da o inananlara, peyğəmbərə (s) cadu edilməsini qəbul edənlərin yollarını azdıqları qeyd edib;
“Gör sənə (şair, sehrbaz, kahin, divanə və ovsunlanmış kimi) necə məsəllər çəkdilər. Beləliklə onlar azıblar və (haqqa tərəf gedən) heç bir yol(u tapmağ)a (və onunla getməyə) qüdrətləri yoxdur.” (İsra 48)
Deməli, Quran baxımından peyğəmbərə (s) cadu və sehri nisbət verənlər yollarını azıblar.
Qələm 2: “Sən Rəbbinin neməti və lütfü sayəsində divanə deyilsən.”
Allah bu ayədə də peyğəmbərini (s) müdafiə edir. Bəzi rəvayətlərdə peyğəmbərə (s) cadu edildiyi zamanlarda guya nə etdiyini bilməməsi və sərgərdan olması qeyd olunur. Allah bu ayə ilə bu iddiaları batil edir.

Maidə 67: “Allah səni insanlardan qoruyacaq.”
Allah peyğəmbərini (s) cadugərlərdən niyə qorumadı?

Bu məzmunda istifadə edə biləcəyimiz digər bir ayə isə Bəqərə 102-ci ayədir.
“(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): "Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!" - deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” (Bəqərə 102)
Ayədən məlum olduğu kimi, yəhudilər sehrə uyduqları halda Hz. Süleyman (ə) onların hiylə və kələklərinə uymadı. Çünki, şeytan və şeytana uyub bu cür hiylə edənlərin kələyi, peyğəmbərlərə heç vaxt təsir etməz. Onda sual yaranır, necə ola bilər ki, Hz. Süleymana təsir etməyən sehr Allah Rəsulunda (s) təsir qoya bildi?
Ayədə olan maraqlı bir məqam isə, ayənin bu hissəsidir: “Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər.”
“Peyğəmbərə (s) cadu edilib deyənlər”ə yenidən bir sual verək: “Onda belə çıxır ki, cadugərlər peyğəmbərə cadu edərkən, bu iş Allahın izni ilə onda təsir qoydu? Allah necə rəva bilir ki, ən uca məqamlı peyğəmbərinə (s) şeytanpərəstlər cadu etsin? Allah, şeytanın peyğəmbərlərə qarşı törətdiyi hər hiyləsini batil və puç edir. (Həcc 52). “Peyğəmbərlərə cadu edilib” deyənlər Həcc surəsinin 52-ci ayəsinə də cavab versinlər.
Quranın buyurduğuna görə keçmiş peyğəmbərlərin möcüzələri inadkar insanlar tərəfindən sehr kimi qarşılanır və onlara “sehrbaz, cadugər” deyilirdi (“Zariyat”, 52). Məsələn, Həzrət Musa (“Zuxruf”, 49 və “Zariyat”, 39), Həzrət İsa (“Səff”, 6 və “Maidə”, 110) və Hz. Muhəmməd (“Ənbiya”, 3 və “Səbə”, 43) kafir insanlar tərəfindən sehrbazlıqda ittiham edilmişdilər. Xüsusilə, Qurani-Kərimin ecazı qarşısında aciz qalanlar bu müqəddəs kitabı sehr adlandırmaqdan başqa çıxış yolu tapmırdılar.
Peyğəmbərə (s) cadu edilməsinin hədis baxımından yanlışlığı.
Quranla ziddiyyət təşkil edən hər bir hədis və rəvayət məlumdur ki, Quranla da ziddir. Bu hədisin mətninə baxdıqda onun uydurma və saxta olması da aydın şəkildə görünür. Bir hədis və rəvayət Quranla ziddirsə, o etibardan düşür və ona əməl olunmaz.
Peyğəmbərə (s) cadu edilməsinin tarix baxımından yanlışlığı.
Bu uydurma hadisəni nəql edənlər həm də qeyd edirlər ki, peyğəmbər (s) o cadudan “Fələq” və “Nəs” sürələrini oxumaqla xilas oldu. Lakin, sözügedən hadisə qeyd olunan mənbələrə əsasən, hicrətin 7-ci ilində baş verib, lakin “Fələq” və “Nəs” sürələri qeyd olunan hadisədən 10 il öncə Məkkədə nazil olub. Başqa sözlə ”Fələq” və “Nəs” Məkkədə besətin əvvəllərində, uydurma cadu hadisəsi isə peyğəmbərin (s) ömrünün axırlarında baş vermişdir. Bu da məsələnin tarixi baxımdan da yanlışlığını uydurma olduğunu göstərir.

Peyğəmbərə (s) cadu edilməməsinə dair bir neçə söz.
Şeyx Tusi yazır: “Peyğəmbərə (s) cadunun edilməsi qeyri mümkündür. Bu məsələ ilə bağlı hədis uyduranlar iddia edirlər ki, sehr olunmuş şəxsin fikir və əqli aradan gedir. Allah isə belə hal və davranışları peyğəmbərdən uzaq etmişdir. Allah o sözü deyənləri zalım (İsra 47) adlandırıb.”  (Tebyan, Fit-Təfsiril-Quran – Şeyx Tusi c. 10, s. 434, Darul-Kutubul-İslamiyyə)
Şeyx Təbərisi də eyni məzmunlu sözü öz təfsirində gətirmişdir. (Şeyx Təbərisi, Məcməul-Bəyan, c. 10, s. 568)
Bəzi təfsirlərdə də (Təfsiri Muraği, c. 10, Əhməd Mustafayi – Misir, Darul-Fikr) “Fələq” və “Nəs” surələrinin Məkkədə nazil olmasını dəlil gətirilərək, hadisənin saxta və uydurma olmasına işarə edilir.
Seyyid Qutb deyir: “Bu cür rəvayətlər, peyğəmbərin (s) isməti ilə ziddir. Bununla belə Quran da bu hadisənin saxta olmasını bizə göstərir. Etiqadi mövzulardakı hədis və rəvayətlər gərək mütəvatir olsun. Halbuki, bu hədis, xəbəri vahiddir. Bütün bunlardan savayı, rəvayətdə qeyd olunan iki sürə də Məkkədə nazil olmuşdur. Hər halda, bu rəvayət səhih deyildir.”  (Fi Zuləlil Quran, c. 8, səh. 710)
Nəticə budur ki, peyğəmbərə (s) heç vaxt cadu olmamışdır. Çünki, bu Quranla ziddir. Bu mövzuda olan bütün hədis və rəvayətlər də saxta və uydurmadır.

 Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.




Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)