Hz. Həvva Hz. Adəmin qabırğasından yaranıb? – Uydurulmuş hədislərin Quranla rədd edilməsi

Hz. Həvvanın necə yaranması mövzusu tarixi mənbələrdə ixtilafa səbəb olan məsələlərdəndir. Bir sıra mənbələr iddia edir ki, Hz. Həvva guya Hz. Adəmin qabırğasından yaranıb. Həmin saxta hədisi birgə oxuyaq;
Saxta hədis: “Qadın əyri qabırğa kimidir. Əgər əyib düzəltmək istəsən, sınar. Əgər toxunmasan, sənə fayda verər.”
Bu hədis həm şiə, həm sünni mənbələrində qeyd olunmuşdur. Maraqlıdır ki, bəzi mənbələrdə bu saxta hədis, hədisi qüdsi olaraq keçməkdədir.
Bəziləri öz sözlərinə dəlil olaraq Quran ayələrini gətirmək istəsə də, yenə də yanlışlığa yol vermiş və bəzi nüansları gözdən qaçırmışlar. Gəlin bu mövzuda olan ayələrə nəzər salmaqla sözümüzü davam etdirək;
Nisa 1: “Ey insanlar! Sizi tək bir nəfsdən yaradan, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən çəkinin!”

Əraf 189: “Sizi tək bir nəfsdən yaradan, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan Odur.” 

Zümər 6: “Allah sizi tək bir nəfsdən yaratdı. Sonra ondan zövcəsini yaratdı.”

Bəziləri bu üç ayədə خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا “xaləqakum min nəfsiv vəhidətiv və xaləqa minhə” ayəsini “bir insandan” anlayırlar, yəni, “sizi bir insandan yaratdım, sonrada ondan (kişidən) qadını yaratdım” şəklində. Burda ondan sözünü kişi mənasında anladıqları üçün qabırğa deyirlər. Amma minhə (o) zəmiri qadın cinsindədir, Adəm isə kişidir.
a) Ayədə “bir insandan” demir “bir nəfsdən” deyir, yəni, eyni növdən yaratdım. Qadında kişinin növündəndir.
Rum 21: “ Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün nəfsinizdən (növünüzdən) zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünən toplum üçün ibrətamiz dəlillər vardır.”
Nəhl 72: “Allah sizin üçün nəfsinizdən (növünüzdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi.”
b) Bu ayələrdə “nəfs” sözünü qabırğa anlayanlar, Allah Rəsulunun (s) da bizim qabırğamızdan olduqunu düşünür? Ayəyə diqqət edək;
Tövbə 128: Sizə özünüzdən (nəfsinizdən) elə bir elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir.”
Allah Rəsulu (s) da bizim nəfsimizdən idi, yəni, bizim növümüzdən idi, bizim kimi bir insan idi, mələk deyildi.
İsra 94: “İnsanlara doğru yolu göstərən rəhbər gəldiyi zaman onların iman etməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?”– demələri mane oldu.”
İsra 95: “De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, onlara göydən bir mələk (elçi) göndərərdik”.
Bu ayələr başa salır ki, bizim nəfsimizdən olması, bizim ilə eyni növdən olmasıdır və bizim nəfsimizdən olması bizim qabırğamızdan olması deyil.

c) İnsanlar hamısı eyni şeydən, yəni, torpaqdan yaranıb.

Rum 20: “(Allahın) sizi torpaqdan yaratması, Onun dəlillərindəndir. Sonra da siz bir insan kimi (yer üzünə) yayıldınız.”

Buda göstərir ki, “nəfsi vəhidəh” eyni növdən, eyni şeydən, yəni, kişi nədən yaranıbsa qadında ondan yaranıb deməkdir. Başqa sözlə, bir nəfisdən, cövhərdən, mənbədən yaradılışdan bəhs edilir. Yəni kişi hansı mənbədən yaradılıbsa, qadın da oradan yaradılıb.

Müfəssirlər qeyd etmişlər ki, ayədəki “nəfs” sözü yalnız konkret şəxsə (Adəmə) aid olunmamalıdır. “Nəfs” sözü həm də insan cinsinə şamildir. Allah bu və buna bənzər digər ayələrdə (“Rum”, 21; “Nəhl”, 72) bütün bəşəriyyətin “insan” adlı varlıqdan yarandığını bəyan edir.

Əgər ayədəki “nəfs” kəlməsini Həzrəti Adəmə aid etsək də, etiraf etməliyik ki, burada qabırğadan yaradılmaya kiçicik bir işarə də olsa yoxdur. Adəm və Həvva iki müstəqil fərd olaraq yaradılmışlar, ilk öncə Adəm, ondan sonra Həvva xəlq olunmuşdur. Onları birləşdirən müştərək cəhət budur ki, əvvəla, hər ikisi eyni bir varlıq cinsinin - bəşəriyyətin nümayəndələri olmuşlar. İkincisi, Həvva Adəmin yaradıldığı materialdan - gildən xəlq olunmuşdur. Daha dəqiq desək, Adəm yaradıldıqdan sonra qalan gildən Həvva yaranmışdır.
Bəzi təfsirçilər isə “Nisa” surəsinin 1-ci ayəsinin şərhində Hz. Həvvanın Hz. Adəmin “sol qabırğasından deyil, sol qabırğasının yaradıldığı gilin artığından xəlq olunmuşdur” iddiasını irəli sürür.
Məşhur ruhani alim və ədib, “Nəhcul-bəlağə” kitabının tərtibçisi Seyyid Rəzi “Həqaiqut-təvil” kitabında yazır ki, ayədəki “nəfsi vahidə” (vahid nəfs) – “həqiqətul-vahidə”dir. Yəni, kişi ilə qadın eyni həqiqətdən xəlq olunmuşlar.”

Bəzi alimlər (Feyz Kaşani kimi) bu fikirdə idi ki, qadının kişiyə məxsus sol qabırğadan yaradılması zahiri deyil, batini mənada qəbul olunmalıdır. Bədənin sol tərəfi adətən, cismani istəklərə və emosiyalara aid edilir. Sağ tərəf isə ağla və ruhani mələkut aləminə aid sayılır. Məhz bu səbəbdəndir ki, bir çox müstəhəb əməllərin sağ tərəfdəki bədən üzvləri ilə icra olunması təkid edilir. Əksinə, çirkin işləri isə bədənin sol tərəfdəki üzvləri ilə yerinə yetirirlər. “Həvva Adəmin sol qabırğasından yaradılıb” ifadəsi qadında emosiyaların və dünyəvi istəklərin üstünlük təşkil etməsini göstərir.

Quran özü aydın şəkildə bizə öyrədir ki, Hz. Həvva Hz. Adəmin qabırğasından yaranmayıb və beləliklə bu ayələr bu mövzuda olan bütün rəvayətləri asanlıqla rədd edir.

Sənədi Allah Rəsuluna yetişən bir mötəbər hədisdə Hz. Həvva nədən yaradıldı sualına belə cavab verilir: “Allah bir miqdar torpağı öz qüdrət əli ilə bir-birinə qarışdırdı və ondan Hz. Adəmi yaratdı. Sonra o torpaqdan bir miqdar artıq qaldı ki, ondan da Hz. Həvvanı yaratdı.”
Mənbələr:
Həvizi – “Nurus-Səqələyn” təfsiri, c. 1, səh. 430
Əyyaşi Səmərqəndi – “Əyyaşi təfsiri”, c. 1, səh. 216.
Seyyid Haşim Bəhrani – “Təfsiri-burhan”, c. 1, səh. 3360.
Əllamə Məclisi – “Biharul-ənvar”, c. 5, səh. 31.
Əllamə Məclisi – “Həyatul-qulub”, c. 1, səh. 27-28.
Ayətullah Reyşəhri – “Mizanul-hikmə”, 19565-ci hədis.

Maraqlıdır, Quran və səhih rəvayətlərlə ziddiyyət təşkil edən bu saxta rəvayətin kökü hardandır? Mövzunu araşdırdıqda aydın olur ki, bu kimi saxta rəvayətlə təhrif olunmuş “Tövrat”dan İslama daxil edilmişdir. Yəhudilikdə qadın daim mənfi bir obraz kimi canlandırılıb. Hətta “Hz. Adəmin Cənnətdən qovulması” adlı qissədə günahkar məhz Hz. Həvva – yəni qadındır. Lakin, bu iddialar Quranla daban-dabana ziddir. Təhrif olunmuş “Tövrat”dan həmin hissəyə diqqət edək: 21. O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə örtdü. 22. Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi. 23. İnsan dedi: “Bax, nəhayət, bunun Sümüyü mənim sümüyümdən, Bədəni mənim bədənimdəndir. Adına “qadın” deyiləcək, Çünki o, kişidən götürülüb”. (Tövrat “Yaradılış” fəsil, 2)

Bu aydın dəlillərdən sonra mövzu ilə bağlı həm nəticə alaq və həm də bəzi suallar ünvanlayaq;

1. Qadının qabırğadan yaranması hədisi Quran ayəsi və səhih hədislərlə ziddir.
2. Qadın əyri qabırğadan yaranıbsa deməli əyriliyin mənbəyi yarandığı yerin özüdür, yəni kişi. Elə isə bu naqislik niyə qadına nisbət verilir?
3. Hz. Həvva Adəmdən yarandısa, onda Adəm (ə) özündən yaranan biri ilə evləndi? Bunu necə izah edə bilərsiz?
4. Əgər qadın əyri qabırğadan və naqis yaranıbsa deməli bu Quranın digər ayələri ilə ziddir. Məsələn, “Tin” surəsində Allah bütün insanları ən gözəl şəkildə yaratdığını qeyd edir.” (“Tin” 4)
Yaxud “İsra” 70 – də buyrulur: “Biz insanları üstün yaratdıq.”
5. Sözügedən saxta hədisdə buyrulur: “Onu (qadını) düzəltməyə çalışmayın.” Bu ifadə özü də İslami mətnlərlə ziddir. İslam dinin əsas prisiplərindən biri də “əmr be məruf, nəhy əz munkər” – Yəni yaxşılığa dəvət, pislikdən çəkindirməkdir. Əgər bir qadın səhv yol izləyərsə onda bu ilahi prinsip necə olsun? Necə ola bilər ki, peyğəmbər ilahi qanunların ziddinə söz desin?
6. Bəziləri bu mövzuda ifrat edərək iddia edir ki bu günün özündə də kişilərin qabırğası qadınlara nisbətən azdır. Bu iddia da müasir tibb elmi ilə ziddir.
Bütün bu deyilənlər bir daha bunu bəyan edir ki, “Qadının kişinin qabırğasından yaranmasını qeyd edən bütün rəvayətlər batil və əsassızdır. Hz. Həvva da Hz. Adəm kimi torpaqdan yaranmışdır.

Mahir Şəkərov – İlahiyyatçı, arşdırmaçı. 




Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)