“Merac” hadisəsinin Quran, hədis, əql və müasir elm baxımından araşdırılması


Peyğəmbərimizin (s) həyatında baş verən və müxaliflər tərəfindən inkar edilən hadisələrdən biri də “Merac” hadisəsidir. Bu hadisə “İsra” sürəsində və “Nəcm” sürəsində gəlmiş, lakin təfərrüatları hədis və təfsirlərdə gəlmişdir.
Merac sözü lüğətdə: Merac عُرُج (uruc) sözündən olub, yuxarıya yüksəlmə mənasını verir. Bəzi lüğətlər bu yüksəlməni nərdivanla müqayisə etmiş və bu yüksəlməni dərəcə-dərəcə, pillə-pillə yüksəlmə kimi məna etmişlər. Bu söz müxtəlif qəliblərdə Quranda gəlmiş və bu mənalarda istifadə edilmişdir. (Bax: “Məaric”, 3-4, “Hicr” 14)
Merac sözü istilahda: Bu söz istilahda, peyğəmbərin (s) Məscidul-Həramdan Məscidul- Əqsaya, oradan da göylərə səfər etməsinə deyilir.
Merac hadisəsi hədislərdə Məscidul-Həramdan Məscidul- Əqsaya hərəkət sözügedən səfərin başlanğıcı kimi göstərilmiş, bundan sonra yer, sonra göy və daha irimiqyaslı bir səfərin baş verdiyi qeyd edilmişdir. Bu ilahi səfərin necəliyi, səfər zamanı peyğəmbərin (s) başına gələnlər, onun nələri görməsi ilə bağlı hədislərdə ətraflı məlumat verilmişdir. Hədislərdə “Merac” gecəsi peyğəmbərin mələklərlə, peyğəmbərlərin ruhları ilə görüşməsi, Cənnətlə Cəhənnəmi yaxından görməsi, heç bir vasitə olmadan Allahla danışması qeyd edilmişdir. (“Əl-Mizan” c. 13, s. 7)
Ümumi məlumatdan sonra, bəzi mövzuları ayrı-ayrılıqda öyrənək;

Peyğəmbər (s) Meraca cismən getdi yoxsa ruhən?

سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ “Pakdır, o Allah ki, bəndəsini bir gecə apardı.” (“İsra” 1)
Bu hadisə Allah Rəsulu (s) oyaq olarkən baş vermişdir. Çünki, yuxu görmək bu hadisə ilə nisbətdə elə də mühüm məsələ deyil. İslam peyğəmbəri Məkkənin fəthi ilə bağlı da yuxu görmüşdür. (“Fəth” 27) Lakin, Məkkənin fəthi möcüzə hesab olunmur. Ayə, سُبْحَانَ (subhənə) kəlməsi ilə başlayır. Bu, mövzunun əhəmiyyətini çatdırmaq üçündür. Bu səfərin başlanğıcı və yerlə əlaqəli hissəsi “İsra” sürəsində asimanla əlaqəli hissəsi isə “Nəcm” surəsində gəlmişdir. Başqa bir ifadə ilə, “İsra” surəsi “gecə seyrindən”, “Nəcm” sürəsi ilə Meracdan söz açır. Bəziləri bunu bir-birindən fərqləndirə bilmədiyindən Merac hadisəsini tam anlamır və inkarçılıq mövqeyinə keçir. Merac hadisəsinin cismən olmasını isbat edən dəlillər çoxdur. Bəzilərinə işarə edək;
1. “İsra” surəsinin “subhənəlləzi əsrə bi-əbdihi” - “Pakdır, o Allah ki, bəndəsini bir gecə apardı.” (“İsra” 1) deyərək, başlamasının özü də buna dəlildir. Çünki “əbd” (bəndə) sözü cisim və ruhdan təşkil tapan insana aid edilir. (“Nümunə təfsiri”, c. 12, s. 9)
Bu ayədən başa düşülür ki, Peyğəmbəri-Əkrəmin (s) merac səfəri cismani və oyaq halda olmuşdur. “Filankəsi filan yerə apardım!” – ibarəsi “röya və xəyal aləmində yox, cisim və ruhu ilə birgə apardım” mənasındadır. Onu deyən şəxs başqa bir mənanı nəzərdə tutarsa, mütləq müəyyən bir arqumentə söykənməlidir.
2. “Qüreyş tayfası İslam peyğəmbərinin (s) merac səfərini – Məkkədən Məscidul-Əqsaya və oradan da göylərə qalxdığını eşitdikdə, bərk narahat olub, onu təkzib etdilər. Merac hadisəsi onların arasında aktual mövzuya çevrildi. Əgər peyğəmbər (s) bunu yuxuda görsəydi, Qüreyşin o həzrəti təkzib etməsi məna daşımaz və münaqişəyə səbəb olmazdı. Çünki , “Mən bir gecə belə bir yuxu gördüm!” – ibarəsi heç zaman ixtilaf və münaqişə yaratmaz. (“Füruği-əbədiyyət”, Ayətullah Cəfər Sübhani, c.1 s. 386)
Qüreyşlilərin bu qədər hay-küyündən məlum olur ki, merac cismani olmuş və o həzrət də onun cismani olduğunu iddia etmişdir.
3. “İsra” surəsinin 1-ci ayəsinin əvvəlində işlənən “subhənəlləzi” (Allah pak və müqəddəsdir) – ibarəsi bu mühüm hadisənin qeyri-adi olduğunu göstərir və camaatın onu danmaması üçün Allah Özünü hər bir eyib və qüsurdan pak bilir. Yoxsa, bədənsiz ruhun seyri bu sayaq təbiri tələb etməzdi!
4. “Nəcm” surəsinin مَا زَاغَ الْبَصَرُ وَمَا طَغَى. لَقَدْ رَأَى مِنْ آيَاتِ رَبِّهِ الْكُبْرَى “Göz nə yayındı, nə də uzağa getdi. And olsun, (Peyğəmbər) öz Rəbbinin ən böyük qüdrət nişanələrindən bir qismini gördü.” (“Nəcm” surəsi, 17-18) ayəsində – “göz” sözü işlənmişdir. Yəni, peyğəmbərin (s) gözü əsla xəta etmədi və Rəbbinin böyük nişanələrini olduğu kimi gördü. Bu iki ayədən aydın olur ki, merac səfəri röya və “mükaşifə” aləmində yox, cismani şəkildə və o həzrətin oyaq halında baş vermişdir.
5. Zəməxşəri “Kəbir” təfsirində peyğəmbərin (s) merac səfəri ilə bağlı belə bir hədis nəql edir: “Peyğəmbər (s) gecə vaxtı səmaya aparıldığı zaman bəzi qəribəliklər göstərildi. O, peyğəmbərlərlə görüşdü, “Beytul-məmur” və “Sidrətul-müntəha”ya (sonsuzluq) çatdı.” (“Əl-kəşşaf”, Məhmud Zəməxşəri, Beyrut, “Darul-kutubil-ərəbi” nəşriyyatı, 3-cü çap, 1407-ci h.q. ili, 2-ci cild, səh.647.)
Bu hədisdə cismani meraca işarə edən “ərəcə” (meraca aparıldı) sözü işlənmişdir. Bundan məlum olur ki, ruhani meraca dəlalət edən rəvayətlər Qurani-Kərimin zahirinə əks olduğundan rədd edilir.

Merac hadisədir yoxsa möcüzə?
Merac hadisəsində fikir ayrılığına səbəb olan mövzulardan biri də onun möcüzə olub-olmamasıdır. Merac hadisəsinin möcüzə olmadığını qeyd edənlər, möcüzənin özü ilə əlaqələndirirlər. Çünki, möcüzə adətən, hər hansı bir iddianın qarşılığında və peyğəmbərliyin isbatı yolunda atılan bir addımdır. Merac hadisəsində də zahirən bu cür nişanə və əlamətlər görünmədiyindən bir sıra alimlər onu peyğəmbərin (s) həyatında baş vermiş qeyri adi bir hadisə kimi qiymətləndirmişlər.
Bəzi mənbələrdə isə müşriklərin peyğəmbərdən göylərə qalxması ilə bağlı iddialarının olduğunu və bu hadisədən sonra Allahın bunu iradə etdiyi qeyd olunur. Peyğəmbərin (s) Məkkədən Məscidul-Əqsaya getməsi də bu mövzunu aydınlaşdırmaq və o zamanın insanlarına bunu isbatlamaq idi. Çünki, Məscidul-Həram ilə Məscidul-Əqsa arasındakı məsafə o zamanın insanları tərəfindən bilinirdi. Onlar yaxşı bilirdilər ki, bir nəfər o dövrün şəraiti ilə təqribən 40 gün müddətinə o yolu gedib gələ bilər. Allah Rəsulunun bu məsafəni sürətli qət etməsi və daha sonra bunu onlara xəbər verməsi hadisənin Allah tərəfindən bir əlamət olmasını təsdiq edir. Həmin tarixi hadisə və rəvayətə birgə nəzər salaq;
Peyğəmbərdən (s) belə nəql olunur: “Mən Ümmü-Haninin evində mürgüləyən zaman Cəbrail (ə) gəlib dedi: “Ey Muhəmməd, ayağa qalx!” Mən ayağa qalxdım. O, mənim əlimdən tutub Zəmzəm quyusuna tərəf apardı. Bir mələyə dedi: “Zəmzəm və Kövsər suyundan bir qədər su gətir ki, Muhəmməd (s) dəstəmaz alsın. Həmin mələk su gətirdi və mən dəstəmaz aldım. Cəbrailin göstərişi ilə Məscidul-Hərama daxil oldum. Sonra Cəbrail əlimdən tutub məsciddən çıxartdıqda, qapının önündə Buraqı (Buraq adlı at) gördüm. Cəbrail (ə) mənə dedi: “Min. İbrahim (ə) Kəbə evinin ziyarətinə gedərkən ona minərdi.” Mən mindim və o, məni Məscidul-Əqsaya, sonra isə göylərə apardı. Orada qəribəliklər gördüm, yaradılış sirləri ilə tanış oldum və sonra Buraq məni Məkkəyə qaytardı. (“Əl-mizan fi təfsiril-Quran”, Əllamə Seyid Məhəmmədhüseyn Təbatəbai, c.13, s.32; “Dəqaiqut-təvil və həqaiqut-tənzil”, Məhmud ibn Məhəmməd Əbülməkarim Həsəni, s.379 və 393)
İbn Hişam “Əs-sirətun-Nəbəviyyə” kitabında Ümmü-Hanidən “merac” hədisi ilə bağlı belə nəql edir: “Peyğəmbər (s) həmin gecə mənim evimdə idi. “İşa” namazını qılıb yatdı. Biz də yatdıq. Sübhə yaxın bizi yuxudan oyatdı və sübh namazını birgə qıldıq. Sonra mənə buyurdu: “Ey Ümmü-Hani, bildiyiniz kimi, mən bu evdə “işa” namazını sizinlə birgə qıldım, sonra Beytul-Müqəddəsə gedib, bir neçə rükət namaz da orada qıldım. Gördüyünüz kimi, burada sübh namazını yenidən sizinlə birgə qıldım.” Peyğəmbər (s) bunu deyib, ayağa qalxdı. Getmək istədikdə, əlimi atıb libasından yapışdım. Dedim: “Ey Allahın Rəsulu (s) bizə buyurduğun sözü başqalarına demə ki, səni təkzib edəcək, incidəcəklər. Həzrət buyurdu: “Allaha and olsun, onlara da söyləyəcəyəm!”
Ümmü-Hani deyir ki, həbəşli kənizimə dedim: “Peyğəmbərin (s) arxasınca get və gör, camaata nə deyəcək? Sonra onları mənə danışarsan! Kəniz evdən çıxıb getdi və evə qayıtdıqda dedi: “Peyğəmbər (s) merac səfərini camaata danışdıqda, onlar təəccüblə deyirdilər: “Sözünün doğruluğuna bir dəlilin, nişanən varmı? Biz haradan bilək ki, sən düz danışırsan?” Allah Rəsulu (s) isə onlara buyurdu: “Dəlilim-nişanəm fılan karvandır. Mən Şama gedərkən onları fılan yerdə gördüm. Onların dəvələri Buraqın hərəkətinin səsindən qorxdu, hətta biri qaçıb gözdən itdikdə, mən onun yerini göstərdim. Səfərdən geri qayıdarkən, (Məkkənin yaxınlığındakı) Zəcnan məntəqəsində fılan karvanla rastlaşdım. Onların hamısı yatmış, başları üzərinə qoyduqları su tuluğunun üstünü örtmüşdülər. Həmin karvan hal-hazırda “Tənim” dərəsindən Məkkəyə girəcəklər. Əlaməti isə onların önündə hərəkət edən qəhvəyirəngli dəvədir. Ona yüklənmiş iki kisənin biri qaradır. Camaat bunu eşitcək, “Tənim” dərəsinə yollandılar. Peyğəmbərin (s) söylədiyi nişanələri müşahidə etdilər. Camaat Məkkəyə daxil olan həmin karvandan dəvələrin qorxduğu və hətta birinin itdiyindən xəbər aldıqda, onun doğruluğunu təsdiq etdilər. (“Əs-sirətun-Nəbəviyyə”, İbn Hişam, tərcümə: Seyid Haşim Rəsuli Məhəllati, c.1, s.256)
Allah Rəsulunun (s) merac səfərinə bənzər hadisələr digər peyğəmbərlərin də həyatında baş vermişdir. Hz. Süleyman və Hz. İsa (ə) buna nümunədir. Növbəti mövzuda onlara işarə edəcəyik.

Merac hadisəsinin əqli baxımdan isbatı.
1. Merac hadisəsi sözsüz ki, adi bir məsələ deyil, əksinə İslam peyğəmbərinin (s) möcüzələrindən biridir. Möcüzənin əqli parametrlərdən kənar olmadığını nəzərə almaqla, merac əqli baxımdan mümkündür və müasir elmlərə zidd deyildir. (“İslam Peyğəmbərinin (s) həyatı”, Seyid Haşim Rəsuli Məhəllati, səh.196) Doğrusu, bəşər mütərəqqi elmi ilə cisimlərin yerini sürətlə dəyişdirən və yer kürəsindən uzaqlaşdıran bir texnika düzəltdiyi halda, hər şeyə qadir olan Allah Peyğəmbərini (s) sürətlə səmaya aparan və bu istiqamətdə hər bir təhlükədən qoruyun minik vasitəsi yarada bilməzdimi?
2. İslam Peyğəmbərinin (s) meracı birinci möcüzə yox, digər peyğəmbərlərin zamanında da ona bənzər hadisələr baş vermişdir. Məsələn, külək Süleyman peyğəmbərə tabe olaraq onu istədiyi yerə sürətlə aparırdı. Yaxud İsa peyğəmbərin Allaha doğru qaldırılması bu növ hadisələrdəndir. Qurani-Kərimdə buyurulur: “...Onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə, onu (İsanı) öldürməmişdilər. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır...” (“Nisa” ayə 157-158)
Demək, Qurani-Kərim nöqteyi-nəzərindən İsa peyğəmbərin səmalara aparılması (“Ali-İmran” 55, “Nisa” 157-158) və Süleyman peyğəmbərin külək vasitəsilə qısa müddət ərzində uzaq məntəqələri qət etməsi (“Səba” 12-13, “Sad” 36) şübhəsiz məsələlərdəndir. İslam peyğəmbərinin (s) merac səfəri də ağlasığan və dərkolunan bir hadisədir və heç kim onu inkar edə bilməz.
3. İslam baxımından yaradılış aləmi sirlər və qəribəliklərlə doludur. Bəşər yeni elmlərin tərəqqisi ilə onların bəzisini kəşf etmişdir. Buna 1400 il öncə ayə və rəvayətlərdə işarə edildiyi kimi, göy aləmində canlı varlıqların yaşamasını misal göstərmək olar. Halbuki bəşər elmi onu yenicə kəşf etmişdir. Məsələn, 1351/1/5 (hicri şəmsi) tarixli “Fəza” (kosmos) jurnalının 6-cı sayında “Palomar radarı” ünvanlı məqalədə yuxarı aləmin əzəmət və böyüklüyünü belə vəsf edir: “Nə qədər ki, “Palomar radarı”na dəqiq aparatlar və teleskoplar qoyulmamışdı, təsəvvür etdiyimiz aləmin genişliyi 500 km işıq ilindən çox deyildi. Lakin teleskoplar qoyulduqdan sonra onun 1000000000 km işıq ilinə çatdığı məlum oldu və nəhayət, bəzisinin yaşadığımız dünya ilə milyonlar kilometr işıq ili qədər fasiləsi olan milyonlarla yeni kəhkəşanlar kəşf olundu. 1000000000 km il fasiləsi olan bu böyük qalaktika qaranlıq və qorxunc şəkildə gözə görünürdü. Şübhəsiz, həmin qaranlıq qalaktikada yüz milyonlarla kəhkəşan mövcuddur. Amma yüz milyonlarla kəhkəşanlara malik olan bu böyük aləm özündən böyük bir aləmlə müqayisədə kiçik zərrəcikdən başqa bir şey deyildir. Bununla belə, hələ də ikinci dünyanın fövqündə yeni bir dünyanın mövcud olduğuna inana bilmirik.” (“Təfsiri-Nümunə”, c.1, s.169. (Qurani-Kərimdə yeddi göydən söz açılmışdır. “Səma” sözü lüğətdə yuxarı səmt mənasını daşıyır. Bu, xarici aləmdə müxtəlif konkret nümunələrə malik olan bir anlayışdır. “Yeddi səma”da məqsədin nə olması barəsində İslam alimləri və təfsirçiləri arasında müxtəlif bəyanlar mövcuddur. Onlar müxtəlif növ təfsir etmişlər, amma “yeddi səma” ifadəsinin məcazi yox, həqiqi mənada işlədilməsi daha düzgün nəzərə gəlir.)
Yalnız yuxarı aləmin minlərlə qalaktikalarından biri olan günəş adlı planetdə yüz milyonlarla digər günəş və parlaq ulduzlar vardır ki, astronomların hesablarına görə, onların daxilində milyardlarla canlı varlıq yaşayan milyonlarla yaşayış kürəsi mövcuddur. Bu isə müasir astronomiya və kosmik elmlərinin bir nümunəsi kimi, səma aləminin bəzi qalaktikalarında canlı varlığın yaşamasını göstərir. (“Tarixi-İslam əz ağaz ta hicrət”, Əli Dəvani, s. 22)
Amma dünyanın böyük radarları, rəsədxanaları və kosmik elmləri bəzi qalaktikalar və səma kürələrində canlı varlıq kəşf etməzdən on dörd əsr öncə Qurani-Kərimdə ondan söz açmışdır:
وَلِلّهِ يَسْجُدُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مِن دَآبَّةٍ وَالْمَلآئِكَةُ وَهُمْ لاَ يَسْتَكْبِرُونَ
a) “Göylərdə və yerdə olan canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edirlər.” (“Nəhl” 49)
وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَابَّةٍ وَهُوَ عَلَى جَمْعِهِمْ إِذَا يَشَاء قَدِيرٌ
b) “Göyləri, yeri və onlarla yayıb səpələdiyi canlılar yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir.” (“Şura” 29)
4. Elm və texnologiya əsrinin alimləri bu elmi fərziyyəni qəbul edərək deyirlər: “Yerin cazibə dalğaları qısa bir zamanda dünyanın bir tərəfindən başqa tərəfinə ötürülür və öz təsirin göstərir. Varlıq təkamülü istiqamətində əqlin fövqündə duran aləmin orta nöqtəsindən işıq kimi sürətlə uzaqlaşan qalaktikalar ehtimal verilirsə, sözsüz ki, merac kimi bir fenomen də əqli baxımdan qeyri-mümkün deyil və yeni əsrin elmi üsulları ilə tamamilə uyğundur.” (“Meraci-Peyambər (s) dər didqahe-əql, vəhy və asari tərbiyətiye-an”, Məhəmmədrza İzədpur, “Kövsər” jurnalı, 68-cı say, 1385-ci ilin qışı.)
5. Kosmik uçuşlara dair bir çox maneələr vardır ki, onlar aşağıdakılardan ibarətdir:
a) Yerin cazibə qüvvəsi: ondan qurtarmaq üçün saatda minimum 4000 km sürət lazımdır!
b) Yerin fəza qatlarından kənarda oksigen çatışmazlığı: aydındır ki, insan oksigensiz yaşaya bilməz.
c) Yerin fəzasından kənarda mövcud olan Kosmik, Ultra və X kimi təhlükəli və öldürücü şüalar: bu şüalara azacıq belə məruz qalan insanın orqanizmi ciddi təhlükə ilə üzləşir.
Bütün bu problemlərlə belə, bəşər övladı elm qüvvəsi ilə onlara qələbə çalmış və səma kürələrinə səfər etmişdir. Bu isə meracın mümkünlüyünü bir daha sübut edir.
6. Merac məsələsi keçmişdə nəzərə uzaq gəlsə də, müasir dövrdə bəşər övladı elmin çiçəklənməsi ilə meracın əqli baxımdan mümkün olduğunu sübut edir. Çünki bəşər kosmik gəmilər düzəltməklə sürətlə yer səthindən uzaqlaşmağa və məxsus geyimlərlə yerin yuxarı səthindəki zərərli şüalardan qorunmağa müvəffəq olmuşdur. Artıq, bu gün elmi nailiyyətlər sayəsində yer kürəsini bir saat on dəqiqə müddətində dolanmaq mümkündür. Halbuki yüz il bundan öncə hər kim gələcəkdə belə bir işin baş verəcəyini iddia etsəydi, dəli adlandırılar, hətta yerin kürə şəklində olduğunu kəşf edən Qaliley kimi dar ağacından asılar və ya həbsə məhkum olunardı.(“İslam Peyğəmbərinin (s) həyatı”, Seyid Haşim Rəsuli Məhəllati, səh.196.)
Bəşər öz məhdud qüdrəti ilə zahirdə qeyri-mümkün işləri mümkün edirsə, Peyğəmbər (s) Allahın izni ilə onu bacara bilməzmi? Şübhəsiz, ilahi qüvvə bəşəri qüvvələrin fövqündədir. Allah Musa peyğəmbərin əsasını əjdahaya çevirdiyi kimi, hər bir qeyri-adi işləri də mümkün hala çevirə bilər.
7. Dünyanın müxtəlif məktəb və cərəyanlarının şeytanın varlıq aləmində vücudu, insanlara vəsvəsə etməsinə dair yekdil nəzərdə olmasına diqqət yetirdikdə, əql hökm edir ki, Allahın dərgahından qovulmuş şeytana təsəvvür edə bilmədiyimiz sürət verilibsə, sözsüz, bəşərə də verə bilər. Belə isə, peyğəmbərlərin ən şərəflisi, insanların ən sevimlisi olan İslam peyğəmbərinin (s) merac səfərinə şəkk-şübhə ilə yanaşmaq insafsızlıqdır.

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.



Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)