Namazın 50 vaxtdan 5 vaxta düşməsi yalanı – Uydurulmuş hadisə.
Dinin dirəyi, əməllərin qəbul olma şərti sayılan namaz görəsən bəzi kitablarda qeyd olunduğu kimi həqiqətən 50 vaxtdan 5 vaxta endirilibmi?
Bu
hadisə, Merac hadisəsi ilə əlaqədardır. İddia olunur ki, guya peyğəmbər (s)
Meracdan qayıdarkən, Hz. Musa (ə) onu yolda görüb və söhbətləşib. Söhbət
əsnasında Hz. Musa peyğəmbərin (s) ümmətinə 50 vaxt namazın fərz qılındığını
öyrəndikdə, onu bir neçə dəfə təkrar-təkrar geri qaytarmış və namazı 50 vaxtdan
5 vaxta endirmişdi. Bu hadisə bütün firqələrin mötəbər hesab etdiyi kitablarda
yer alsa da, hədis etibarsız və uydurmadır.
Əgər
biz həmin uydurma hədisi qəbul etsək, onda haqlı olaraq bəzi suallarla
qarşılaşırıq. Onların bəzisi bunlardır;
1. İlk
olaraq, Allahın Allahlığı şübhə altına gedir. Onda belə çıxır ki, Allah
təsadüfən namazı 50 vaxt qərar verdi?
2.
İnsanı xəlq edib yaradan və ona nə lazımsa yerli-yerində verən Allah bilmədi
ki, 50 vaxt namaz insanoğlu üçün çətinlik yaradar, amma Hz. Musa (ə) bildi?
Məgər Allah özü buyurmur ki, “Allah heç kəsin boynuna güc və qüvvəsindən
daha artıq vəzifə qoymur.”Allah bu sözü Quranda 4 dəfə təkrarladığı
halda, belə bir şeyin ona nisbət verilməsi doğrudur? (Bax: “Bəqərə” 286, “Ənam” 152, “Əraf” 42, “Muminun”
62)
3.
Məgər, bütün peyğəmbərlərin ən üstünü, ən şərəflisi bilmirdi ki, 50 vaxt namaz
ümmətə çətin olar ya yox? Musa (ə) niyə Allah Rəsuluna (s) yol göstərir?
4. Hz.
Musa bildiyimiz kimi yəhudilərə göndərilən peyğəmbərdir və bu hədisdə yəhudilər
tərəfindən uydurulub. Biz əlbəttə, bütün peyğəmbərlərə iman gətirmişik. Demək
istədiyimiz budur ki, hədisi uyduran yəhudilik, Hz. Musanın adını gətirməklə
əslində müsəlmanlara yol göstərən, işlərini rahatladan bir mövqe sərgiləmək
istəyirlər. Başqa sözlə, müsəlmanları zəif göstərməyə cəhd edirlər.
5.
Peyğəmbərlər ilahi əmrin qarşısında tabeçilik göstərdiyi halda iki peyğəmbərin
Allahın əmri müqabilində etirazını müşahidə edirik. Bu etiraz hətta bir neçə
dəfə, təkrar-təkrar baş verir və Allahdan öz əmrini-hökmünü (sözünü) geri
götürmələri istənilir. İslam əqidəsində belə peyğəmbər nümunələri yoxdur, ola da
bilməz.
6.
Qurana görə bir peyğəmbərin vəzifəsi, ilahi hökmləri insanlara çatdırmaqdır, o
əmr və hökmləri sorğulamaq və dəyişdirməyə cəhd etmək yox. (“Maidə” 99)
7.
Rəvayətdə qeyd olunur ki, Hz. Musa (ə) 50 vaxt namazı azaltmağının səbəbi, Bəni-İsrailin
50 vaxt namazı qıla bilmədiyinə görə idi. Görəsən həqiqətən də Hz. Musanın
ümməti 50 vaxt namaz qılırdı? Bunu təsdiqləyən bir mənbə varmı?
8. Fərz
edək ki, 50 vaxt namaz Musanın (ə) ümmətinə fərz qılınmışdı. Bəs bu ümmət 24
saat içində bunu necə qıla bilirdi? 50 vaxtı 24 saata necə sığdırıb,
öhdələrindən gəlirdilər? Qılmayıblarsa,
necə onların bir qismi Allah bəyənən bəndə ola bildi?
9. Gündə
50 vaxt namaz yəni, gecəli-gündüzlü hər 28 dəqiqədən bir namaz qılmaq. Bəs, bu
ümmətin yatmaq, işləmək, ailəsi ilə vaxt keçirmək və s. kimi ictimai məsələləri
necə olurdu? Ümumiyyətlə bu cür namaz
forması əqlə və insanın fiziki quruluşuna tamamilə ziddir.
10.
Musanın (ə) ümmətinə 50 vaxt namazı fərz qılan Allah, niyə eyni məşəqqəti
sonuncu peyğəmbərin (s) ümmətinə də rəva bildi?
Başqa sözlə, niyə Allah edə bilməyəcəyini bilə-bilə, bilərəkdən bu qədər
namazı bu ümmətə fərz qılır?
11.
Peyğəmbər (s) Hz. Musa ilə rastlaşmasaydı, bu ümmət 50 vaxt namaz qılacaqdı?
Yəni, mehribanların ən mehribanı olan Allah bizi çətinliyə saldı və məhz Musa
(ə) bizi xilas etdi? Yəni, zalım Allah və mərhəmətli peyğəmbər obrazı?
12. Quran
peyğəmbərdən (s) danışarkən buyurur: “Sizin zərrə qədər əziyyət və
çətinliyə düşməyiniz onun üçün ağırdır.” (“Tövbə” 128) Belə bir
peyğəmbər (s) bizim çətinliyə düşməyimizə görə narahat deyilkən, Hz. Musa
narahatdır? Bu peyğəmbərə (s) zülm deyil?
13.
Rəvayətin sonunda, namaz 5 vaxta endiyində Hz. Musa yenə də təkid edir ki,
gedib namazın vaxtını azaltsın. Guya peyğəmbər (s) deyir: “Bundan daha artığı
üçün üzüm gəlməz, xəcalət çəkərəm.”
Sual: Allahın hökmünü dəfələrlə sorğulayıb dəyişməyə cəhd etmək, məgər
normal haldır? Buna dəfələrlə cəhd edərkən xəcalət çəkib utanmayan, son dəfə
getməyə xəcalət çəkdi?
14. Bu
hadisə müxtəlif cür nəql olunur. Bəzi rəvayətlər hər gedişdə 5, bəzilərində 25,
bəzi rəvayətlərdə isə 10 vaxt azaldığı yazılır. Belə ola sürətdə peyğəmbərin
(s) Allah yanına gediş-gəlişi də fərlqi sayı meydana gətirir.
15. Bütün
bunlardan əlavə, axı hamıya məlumdur ki, İsra hadisəsindən öncə namazla bağlı
hökmlər-ayələr mövcud idi. (Məsələn: “Hud” 114) Namazın meracda fərz
qılındığını iddia edənlərin o ayələrə sözləri nədir?
16. Məsələyə
birdə belə baxaq. Namaz Hz. Musanın xahiş və istəyi ilə azaldısa, onda İslam
ümməti hazırda Allahın istədiyi qədər yox, Musa (ə) və Hz. Muhəmməd (s) arzu
etdiyi miqdarda namaz qılır?
Bu
sualları artırmaq da olar. Biz nə Hz. Musanı və nə də Hz. Muhəmmədi (s) ittiham
etmirik. Onlar, Allahın pak və məsum bəndələridir. Sadəcə, bu məsələləri onlara
nisbət verənlərə, bir sıra suallar ünvanlamaqla məsələnin aydınlaşmasını
istədik. Qurani-Kərimdə bır sıra peyğəmbərlərə namazı əmr edən ayələr
mövcuddur. Ümumiyyətlə, bu hadisəni uyduran yəhudilik, əslində namaz ibadətinə
qarşı ikrah hislərini bildirmişlər. Bəzi alimlər, Bəyyinə sürəsində (1-5) yer
alan ayələrə əsasən qeyd edirlər ki, namaz Hz. Adəmdən bəri elə eyni formada,
vaxtında dəyişiklik olmadan, beş vaxt olaraq qılınmışdır. Nəticə olaraq qeyd
edək ki, namaz ibadəti 50 vaxtdan 5 vaxta düşməmişdir. Bu mövzuda olan hədis və
rəvayətlər, Qurana, sünnəyə və əqlə ziddir.
Mahir
Şəkərov – İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder