Namazın bütün peyğəmbərlərə və qövmlərə əmr olunması – Quran işığında

Namaz ibadəti elə ibadətlərdəndir ki, bütün dinlərdə olmuşdur. Bəzən, yanlış olaraq namaz yalnız Hz. Muhəmmədin (s) ümmətinə aid edilir, yaxud yalnız bu ümmətin ibadəti imiş kimi qələmə verilir. Təbii ki bu yanaşmalar doğru deyildir. Məsələnin daha da aydın olması üçün Qurandan bəzi nümunələr göstərmək yerinə düşərdi.

Hz. İbrahim və namaz: Qurani-Kərim Hz. İbrahimin dilindən buyurur: “Ey Rəbbim, məni də övladlarımdan olanları da namaz qılanlardan et. Ey Rəbbimiz, duamı qəbul elə.” (“İbrahim” 40)
Hz. İbrahim oğlu İsmaili və xanımını Allahın əmri ilə Məkkədə qoyub qayıdarkən etdiyi duada da yenə bu mövzuya toxunur: “Ey Rəbbimiz, həqiqətən mən övladlarımdan bəzisini (İsmaili anası ilə birgə) Sənin möhtərəm və toxunulmaz evinin yanında əkinsiz bir dərədə sakin etdim ki, – ey Rəbbimiz, – namaz qılsınlar. Buna görə də elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. Və müxtəlif məhsullardan onlara ruzi ver, bəlkə şükr etsinlər.” (“İbrahim” 37)

Hz. Musa və namaz: Hz. Musanın qövmü də namaz qılmağa əmr olunmuşdur: “Həqiqətən Allah İsrail övladlarından əhd-peyman aldı. Biz onlardan (on iki qəbilə üçün) on iki nəfər başçı seçdik. Allah onlara dedi: Şübhəsiz, Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, (gələcəkdə göndərəcəyim) peyğəmbərlərimə iman gətirsəniz, onlara ehtiramla kömək etsəniz və Allaha gözəl borc versəniz (mallarınızı Allah yolunda xərcləsəniz), mütləq sizin günahlarınızı təmizləyər və sizi (binalarının və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edərəm. Beləliklə, əgər bundan sonra sizdən kimsə kafir olsa, doğrudan da o, doğru yolu itirmişdir.” (“Maidə” 12)
Hz. Musanın özünə namaz belə əmr edilmişdir: “Şübhəsiz ki, bu Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl! (“Taha” 14)

Hz. Şueyb  və namaz: Hz. Şueyb də çox namaz qılardı. Elə bu səbəbdən qövmü ona deyirdi: “Dedilər: Ey Şüeyb, atalarımızın ibadət etdiklərini buraxmağımızı və ya öz mallarımızla istədiyimizi etməyi tərk etməyimizi sənə namazın əmr edir? (Bizi etiqad və əməldə azadlıqdan sənin namazın məhrum edir?) Axı sən həqiqətən həlim və doğru yolu tapmış bir adamsan! (Belə olan halda bizim azadlığımızı necə məhdudlaşdırırsan?)” (“Hud” 87)

Hz. İsa və namaz: Hz. İsa (ə) hələ körpə ikən dil açıb danışanda namazın ona əmr olunduğundan söz açır: “Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki, sağam mənə namaz qılmağı və zəkat verməyi tapşırıb.” (“Məryəm” 31)

Digər peyğəmbərlərə ümumi işarə: Quran həmçinin, Hz. İshaq, Hz. Yaqub və onların nəslindən gələnlər barədə danışarkən yenə namazdan söz açır: “Onlar (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən rəhbərlər etdik və onlara xeyir işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.” (“Ənbiya” 73)

Hz. İsmailin öz ailəsinə namazı tövsiyə etməsi: “Və bu kitabda İsmaili xatırla. O, vədlərində doğruçu və Allahın elçisi idi. O,öz ailəsinə həmişə namaz qılmağı və zəkat verməyi buyurardı və Rəbbinin yanında bəyənilən idi.” (“Məryəm” 54-55)
Digər peyğəmbərlərə ümumi işarə: Qurani-Kərimin Məryəm surəsində Hz. İbrahim, Musa, İdis, İsa kimi on peyğəmbərdən söz açılır və onların özlərinin və davamçılarının namaz qılmalarına işarə edilir. (Bax: “Məryəm” 58-59)
Quranda bəzi peyğəmbərlərin adları gətirilərək birbaşa namazdan söz açıldığı kimi, bəzən də dolayı yollarla buna işarə edilmişdir. (Bax: Hz. Zəkəriyyənin ibadəti, “Ali İmran” 38-39; Hz. Yunsun ibadəti, “Saffat” 143)

Hz. Məryəm və namaz: “Ey Məryəm, öz Rəbbinə təvazökarlıq et (namaz qıl və bütün əməlləri yalnız Ona görə yerinə yetir), səcdə et və ruku edənlərlə birgə ruku et (namaz qılanlarla birgə namaz qıl).” (“Ali-İmran” 43)

İsrail övladlarına namazın əmr olunması: “Və (yadınıza salın) o zaman(ı) ki, İsrail övladlarından heç vaxt Allahdan qeyrisinə ibadət etməyin, ata-analarınıza, yaxınlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin, insanlarla xoş dillə danışın, namaz qılın və zəkat verin (deyə) əhd-peyman aldıq. Sonra az bir qisminizdən başqa, hamınız üz döndərdiniz. Siz (zatən) dönüksünüz.” (“Bəqərə” 83)

Hz. peyğəmbərə (s) və ümmətinə də öncəkilər kimi, namaz qılmaq əmr olunur: Namaz qılın, zəkat verin və ruku edənlərlə bərabər ruku edin.” (“Bəqərə” 43)
Quranda bu növ ayələr olduqca çoxdur. Bax: “Bəqərə” 45, 110, 153,238, 277 və s.)

Hədis və rəvayətlərdə bütün peyğəmbərlərin namazından tək-tək söz açılır. Mövzunu Quran işığında araşdırdığımızdan o hədislərə müraciət etmədik. Bəzi alimlər “Bəyyinə” 1-5 ayələrinə əsasən qeyd edir ki, namaz həmişə elə beş vaxtdan ibarət olub. Bu mövzuda da daha çox məlumatlı olmaq istəyənlər həmin surənin təfsirinə müraciət edə bilərlər.
Qurana görə yaradılışın səbəbi də məhz ibadətdir. (“Bəqərə” 21.) Bu ibadətlərin də ən üstünü namazdır ki, dinin sütunu kimi hədislərdə qeyd olunmuşdur. İnsan yaradılışının məqsəd və qayəsinin məhz namaz olmasından söz açan həmin ayə ilə sözümüzü yekunlaşdırırıq.
“Zariyat” 56: “Cin və insanları yalnız Mənə ibadət etmək üçün yaratmışam.”

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.


Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)