Peyğəmbərin (s) sinəsinin yarılması – Uydurulmuş hadisə

Əziz peyğəmbərimiz (s) barədə uydurulan bir hadisə də guya sinəsinin kiçik yaşda mələklər tərəfindən yarılması və Zəm-Zəm suyu ilə yuyulmasıdır. Bu hadisəni araşdırdıqda istər tarix, istər hədis, istərsə də Quran baxımından batilliyini müşahidə edəcəyik. Mövzunu olduqca xülasə şəkildə sizlərə təqdim etməyə çalışacağıq.
Bu hadisə tarixçi, müfəssir və muhəddislər tərəfindən tənqid olunmuş hadisənin yanlışlığına dair kitablarında kifayət qədər sözlər demişlər. Beləki, hadisənin nəql edən ravinin hədis elmi baxımında problemli şəxs olması, uydurulan hədisin mətnində tarix baxımından yanlışlıqların olması və xüsusən rəvayətin Quranla zidd olan məqamlarını qeyd etmişlər. Gəlin ümumən hadisəyə nəzər salaq və bu məsələni qəbul edənlərə bir sıra suallar ünvanlayaq;
Həlimənin belə nəql etdiyi deyilir: “Peyğəmbəri (s) yenidən qəbiləmizə qaytardıqdan sonra bir neçə ay keçdi. Həmişə olduğu kimi bizim uşaqlarla birlikdə keçi balalarının ardınca çadırların arxasına keçdilər. Birdən oğlum tələsik və həyəcanla yanımıza gəlib dedi: Bizim Qureyşi qardaşımıza kömək edin. İki ağ geyimli kişi onu tutub yerə uzadaraq qarnını yarılar.
Həlimə deyir: Mən və həyat yoldaşım ona tərəf qaçdıq. Onun rəngi qaçmış halda dayandığını gördük. İxtiyarsız onu qucaqlayıb dedim: Oğlum, nə baş verib?
Dedi: İki ağ geyimli kişi yanıma gələrək məni yerə uzadıb qarnımı yardılar və qan laxtasına bənzər bir şeyi oradan çıxardılar. Mən onun nə olduğunu bilmədim. Onar çıxıb getdilər.”
Digər mənbə isə bir qədər fərqli olaraq yazır: “Cəbrail (ə) o qara laxtalanmış qanı çıxarıb ataraq belə dedi: Bu, şeytanın səndən olan bəhrəsidir. Sonra peyğəmbərin (s) qəlbini qızıldan olan qabda yuyub yerinə qoyub dərisini birləşdirərək getdi.”
Bu əhvalatı nəql edənlər bunu Allah Rəsulu (s) üçün möcüzə hesab edirlər. Lakin, bu əhvalatın İslam düşmənlərinin əli ilə düzəldiyini unudurlar. İslam tədqiqatçıları bu əqidədədirlər ki, İslam düşmənləri peyğəmbəri (s) ləkələmək üçün və məsihilərin nəql etdiyi “Adəmin İsa ibn Məryəmdən (ə) başqa bütün övladlarının hamısına şeytanın əli yetişib” hədisini sübuta yetirməyə görə özlərindən düzəldiblər. (Əl-əzva ələs-sunnətil-Muhəmmədiyyə, s. 185-dən sonra)
Bəziləri “Ələm nəşrəh ləkə sədrək” ayəsini bu əhvalatla təfsir ediblər və bu əhvalatı ayənin nazil olma səbəbi kimi göstərilir ki, bu da qəbul olunacaq iş deyil. Şərh sürəsi peyğəmbərə (s) verilən mənəvi nemətlərdən bəhs edir, qəlbinin, sinəsinin yarılmasından yox.
Bu hadisəni möcüzə kimi qələmə verənlər yanılırlar. Çünki, möcüzə peyğəmbərliyə seçildikdən sonra və yaxud peyğəmbərlik dönəmində və hər hansısa bir iddiaçının müqabilində olur. Ancaq, bu hadisə peyğəmbərin (s) uşaqlıq dönəmində baş vermiş və deyilən məsələlərin də heç biri yox idi. Deməli, bu hadisə möcüzə deyil.
Hadisənin davamını tarixçilər belə nəql edir: “Həlimə Muhəmmədi (s) götürüb anası Aminənin yanına apardı. Aminə ona dedi: Nə baş verdi ki, bu uşağı saxlamaq üçün etdiyin o qədər isrardan sonra onu geri qaytarırsan?
Həlimə cavab verdi: Övladın artıq böyüyüb və mən onun barəsində həyata keçirtməli olduğum vəzifələrimi yerinə yetirmişəm. Bundan sonra onun üçün qarşıya çıxacaq xoşagəlməz hadisələrdən qorxuram. Buna görə də onu sənin yanına gətirdim.
Aminə dedi: Səbəb bunlar deyil, düzünü de.
O, israr etdikdə Həlimə əhvalatı danışdı. Bu vaxt Aminə ona dedi: Onun üçün şeytandan qorxursan?
Həlimə dedi: Bəli.
Aminə dedi: Xeyr, Allaha and olsun, şeytan ona yol tapa bilməz. Mənim övladımın başqa bir əhvalatı var. Sonra övladının əhvalatının bir hissəsini Həliməyə danışdı: Mən bu uşağa hamilə olduqda özümdə bir nur müşahidə etdim ki, o nurda Şamın qəsrlərini gördüm. Onu çox asanlıqla daşıdım. Dünyaya gəldikdə isə əllərini yerə qoyub başını səmaya qaldırdı. Hər halda onu qoyub sağlıqla geri qayıt.”
İbn İshaq bu əhvalatı nəql etdikdən sonra Həlimənin peyğəmbəri geri qaytarmasına görə başqa bir səbəb də nəql edib deyir: “Həlimə Aminəyə dedi: Mən onu ikinci dəfə öz çadırımıza apararkən bir neçə həbəş məsihisi onu görüb barəsində məndən soruşdular. Onun bədəninə baxıb mənə dedilər: Biz bu uşağı sənin əlindən alıb öz şəhərimizə aparacağıq. Çünki, bu uşağın parlaq bir və mühüm bir həyatı olacağını bilirik. Həlimə o gün məsihilərdən eşitdiyi bu sözlərdən sonra peyğəmbəri (s) anasına qaytarana kimi diqqətlə qoruyurdu.”
Bu hadisənin peyğəmbərin (s) məsumluğu ilə əlaqəsi vardır və bu kimi hadisələr peyğəmbərin (s) ismətini sual altına aparır. Bu hadisəni uyduranların da məqsədi məhz budur. Bu hadisəni geniş şəkildə yazmaq istəsək, olduqca geniş bir yazı ilə qarşı-qarşıya olacağıq. Çünki, hadisə ilə bağlı tarix boyunca kitablar da yazılmışdır. Biz sadəcə mühüm nöqtələri cəm edib sizlərə çatdırdıq. İndi isə hadisə ilə bağlı bəzi suallar vermək istəyirik;

1. Hədisdə qeyd olunur ki, mələklər peyğəmbərin sinəsini yardıqda qara bir ləkə var idi ki, onu su ilə yuyub təmizlədilər. Hətta bəzi mənbələrdə o qara ləkənin günah yaxud günahın mənbəyi yaxud günah qığılcımı kimi adlandırırlar. Bu sözlərinə dəlil kimi, günah edən şəxsin qəlbinin qaralmasından söz açan hədisi göstərirlər. Məlum olur ki, qarşı tərəf bu hədisi də doğru düzgün anlamayıb. Qəlbin qaralmasında məqsəd görəsən maddidir yoxsa mənəvi? Görəsən bu gün bir kafirin qəlbini yarsaq o qəlb qara rəngdəmi olacaq? Əlbəttə yox. Hədisdə gələn “qəlbin qaralması” mənəvi anlamda izah olunmalı və başa düşülməlidir. Mövzuya baxış və yanaşma yanlış olduğundan alınan nəticə də yanlış olur.
2. Bəzi rəvayətlərdə peyğəmbərin (s) nə baş verdiyində xəbərsiz olması qeyd olunur. Buna inansaq, onda bu hadisəni kim təfərrüatı ilə nəql etdi? Bir halda ki, uydurlmuş rəvayətdə qeyd olunur ki, iki ağ geyimli şəxsi görən uşaqlar oradan uzaqlaşmışlar.
Lakin, digər rəvayətdə isə Hz. Cəbrailin peyğəmbər (s) qəlbindən qara ləkəni çıxartdıqda “Bu, şeytanın səndən olan bəhrəsidir” sözü nəql olunur. Əgər bu sözü deyən Hz. Cəbraildirsə onda yenə də bu sözü peyğəmbərdən (s) savayı kimsə eşidə bilməzdi. Onda bu yenə də yuxarıdakı rəvayətlə ziddiyyət təşkil edir ki, belə olan halda da hədis etibardan düşür.
3. Peyğəmbərin (s) sinəsi niyə yarılsın ki? Buna nə ehtiyac vardı? Hərçənd ki, iman və təqvanın maddi qəlblə əlaqəsi yoxdur. İman və təqva mənəvi hala işarədir, iman insanı mənəvi cəhətdən yüksəldir, necə ki, küfr və günah insanı mənəvi baxımdan alçaldır.
4. Bəzi mənbələr bu hadisənin beş dəfə təkrarlandığını qeyd edir. Onda təkrar sual yaranır, Allah Rəsulunun qəlbi o qədər (Bu sözlərə görə Allaha sığınırıq) napak idi idi ki, buna dəfələrlə ehtiyac duyuldu?
5. Görəsən daxili təmizlik üçün cərrahi əməliyyatına ehtiyac var? Günahın bağışlanma yolu tövbə və istiğfardır yoxsa cərrahi əməliyyat?
6. Başqa bir məsələ budur ki, bəzi mənəblərin yazdığına görə mələklər bu hadisəni həyata keçirərkən insan simasında deyil, öz həqiqi simalarında həyata keçirirlər. Bildiyimiz kimi mələklər mucərrəd varlıqlardır. Elə isə bu iş necə baş tutur?
7. Peyğəmbərə (s) nisbət verilən rəvayətdə guya peyğəmbər (s) buyurdu: “Mələklər qəlbimi şəkk və şübhədən təmizlədilər.” Yenə haqlı olaraq sual yaranır, görəsən şəkk və şübhənin qəlbdə necə zahir olunub görünür ki, mələklər də onu təmizləsinlər? Axı bu məfhumlar mənəvi halətlə əlaqəlidir. Müasir zamanımızda ürəyində şəkk olan birinin qəlbindən əməliyyat vasitəsi ilə o şübhəni söküb çıxartmaq olarmı?
8. Heç bir peyğəmbərdə görülməyən bu hal niyə Allah Rəsulunda (s) baş verdi. Bir halda ki, o peyğəmbərlərin də ən üstünü və ən şərəflisidir.
9. Şeytan özü etiraf edir ki, o xalis bəndələrə yol tapa, azdıra bilməz. “(İblis) dedi: İzzətinə and olsun ki, onların hamısını (kökü kəsilənə kimi Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxaracağam. Onların arasından Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla”. (“Sad” 82-83) (Həmçinin bax: “Hicr” 39-40)
Belə olan halda, şeytan ən üstün şəxsin – peyğəmbərin qəlbinə (s) necə yol tapa və azdıra bilər?
10. Əhli sünnə alimlərindən olan İbn Əbil Hədid “Nəhcul-Bəlağə”nin şərhi kita-bında bu mövzu ilə bağlı bəzi həqiqətləri qeyd etmişdir. Böyük alim, “Nəhcul-Bəlağə”də olan “Qasiə” xütbəsinin izahında bir rəvayət qeyd edir: “Allah pey-ğəmbərlər üzərində onların gördüyü işlər barədə qeydiyyat aparmaq və hesabat vermək üçün xüsusi mələklər təyin edir. Allah Rəsulu (s) üzərində isə mələklər arasından ən üstün olan bir mələyi təyin etmiş və həmin mələk peyğəmbəri (s) süddən ayrıldığı zamandan etibarən yaxşılıqlar və əxlaq gözəlliklərinə yönəldir, pisliklər və xoşagəlməz işlərdən saxlayırdı. Bu mələk peyğəmbəri (s) çağırır və ona: “Əs-Səlamu əleykə ya Muhəmməd! Ya Rəsulullah! (yəni; Salam olsun sə-nə ey Muhəmməd, ey Allahın elçisi!)” deyə xitab edirdi. Allah Rəsulu (s) hələ gənc çağlarında və peyğəmbərlik məqamına çatmadığı illərdə hər bir tərəfdən çağrılır və ona (belə) xitab edilirdi. Lakin ətrafına nə qədər baxsa da heç bir kəsi görmürdü.” (“Nəhcul-Bəlağə”nin şərhi, İbn Əbil Hədid c. 13, səh. 207-208)

11. İslam əqidəsində həddi-büluğa yetişməyən insanlar üçün günah məfhumu yoxdur. Bu hadisə də peyğəmbərin (s) uşaqlıq illərində baş vermişdir. Mövzu bu cəhətdən də doğru deyil.
 
Bura qədər xülasə olaraq qeyd etdiklərimizdən bir daha məlum olur ki, peyğəmbər (s) barədə uydurlan hadisə Quran, hədis, tarix baxımından yanlışdır.

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.



Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)