Bəşər ilə Adəm arasındakı fərq nədir?
Sual: Bəşər ilə Adəm arasındakı fərq nədir?
Cavab: İnsana iradə verilməmişdən öncəki halına bəşər,
iradə verildikdən sonra isə Adəm deyilir. Başqa sözlə ruh üfürülməmişdən öncə bəşər,
ruh üfürüldükdən sonra isə Adəm olur.
فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُوا لَهُ
سَاجِدِينَ
“Elə ki, onun bədəninin yaradılmasını tamamladım və Öz ruhumdan ona
üfürdüm, hamınız səcdə halında onun qarşısında yerə düşün.” (“Sad” 72)
Deməli, mələklər bəşərə deyil Adəmə səcdə etdilər. Başqa sözlə,
insanın zahirinə deyil, daxili keyfiyyətlərinə səcdə etdilər.
Yer üzündə həyatın Adəmlə başlanmasını iddia edənlər bu ayədəki ruhun
üfürülməsini, Adəmə can verilməsi kimi anlayırlar. Halbuki, yer üzündə həyat
Hz. Adəmlə başlamamışdır. İnsan canlı həyatın ilk halqası deyil, son
halqasıdır. (Daha ətraflı mütaliə üçün: “Ənbiya 30-cu ayənin təfsir və izahına
müraciət edin)
Bəşərə üfürülən ruh, insanı cansız ikən canlı edən şey deyil, canlı
ikən ağıllı, vicdanlı və iradəli edən şeydir. Ruh üfürülən bəşərin həm bədəni və
həm də canı vardı. Fəqət bədən və cana sahib olmaq onu insan etməyə kifayət etmədi.
Bəşər ağıl, iradə və vicdan məhrum olduğundan canlı növünün ən vəhşi ünsürü
oldu. İnsan ağıl, iradə və vicdandan məhrum olarsa ən vəhşi bir canlıya
çevrilir. Elə buna görədir ki, mələklər dedilər: “Sən orada (yer üzündə) fəsad
törədəcək və qan tökəcək birinimi yaradırsan?...” (“Bəqərə” 30)
Ayədən öyrənirik ki, mələklərin bəşər barədə məlumatları vardı, lakin
üflənən ruhun əsl həqiqətindən xəbərsiz idilər. Odur ki, Allah buyurdu: “Mən
sizin bilmədiyiniz həqiqətləri bilirəm” (“Bəqərə” 30)
Mahir Şəkərov - İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder