Elmin həqiqətini öyrənin
“Elm” öyrənmək sözündəndir. İnsan öyrənir... İnsan yenə öyrənir... Və insan çox şey öyrənir. Bu elmin zahiri tərəfidir, ki nə qədər öyrənsək də, yenə də bilmirik, yenə də öyrənməyə ehtiyac var. İnsanın biliyi artdıqca təvazösü də çoxalmalıdır. Əbəs yerə, elm əhlini bar verən ağaca bənzətməyiblər ki...
Ağac bar verdikcə başını aşağı əyir. Görəsən hansı qüvvədir ki, qüdrəti
olan (elmi olan) şəxsə təvazönü əmr edir.
Hədisdə buyrulur: “Elm bir nurdur ki, Allah istədiyi bəndənin qəlbinə
qoyar.” Deməli, zahiri kitab, yazı olan bu elm məcmuəsi əsl həqiqətdə nur imiş.
Və ya belə deyək; Mənəvi aləmdə elm nur kimi təzahür edəcək. Zahiri elmi həqiqi
elmə çevirmək üçün nə edək?
Quran özü bu məsələyə cavab verir. Ümumiyyətlə Quran elm öyrənməyin
xüsusi düsturunu bizə verir:
“Allahdan qorxun, Allah sizə öyrədir.” (“Bəqərə” 282)
Deməli, təqva yolunu seçsək, Allah o nuru qəlbimizə daxil edər. Elmin
həqiqəti təqva yolunu tutmağımızdan başlayır. Əgər belə olsa, onda növbəti ayə
halımıza şamil olar: “Allahdan Öz bəndələri içərisində
ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini,
heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar). Həqiqətən,
Allah yenilməz qüvvət sahibidir, (möminləri) bağışlayandır!” (“Fatir” 28)
Görürsünüzmü ayələr arasındakı
bağlılığı? Təqva yolunu seçib, pəhrizkar olsaq, onda Allah nurunu qəlbimizə
daxil edər. Bu və bu kimi digər ayələri də yazıb geniş bir məqalə, araşdırma
etmək olar.
Bunları yazmaqda məqsədim budur
ki, elm yolunu seçən hər bir tələbə və şagird gərək elmin əsl həqiqətinə yiyələnə.
Əlbəttə, oxumaq səy göstərmək zahir də olsa şərtdir. Demək istədiyim budur ki,
elmin zahirinə yiyələndikdən sonra elmin həqiqətinin axtarışına çıxaq. Uzağa
yox, öz daxilimizə səfər edək, təqva toxumlarını səpib, onu təvazö suyu ilə
suvaraq. Paxıllıq, təkəbbür, xudpəsənlik kimi alaq otlarını kökündən qazıyıb, qəlbimizdən
çıxaraq. Necə ki alaq otları təqva ağacının inkişafına mane olur və onun pöhrə
vurub ucalmasının qarşısını alır, içimizdəki alaq otlarını da (paxıllıq, təkəbbür,
xudpəsənlik) təmizləməsək, digərlərinin inşafını gördükdə bunu həzm edə bilməyib,
təkəbbür göstərəcəyik.
Çalışın elmin həqiqətini öyrənin.
Təqvalı olaq ki, müəllimimiz Allah olsun. (“Bəqərə” 282)
Yorumlar
Yorum Gönder