Harun Yəhyanın Bakıdakı tərəfdarının: “İpək və qızıl kişiyə haram deyil, Hz. Əli də (ə) ipək paltar geyərdi” iddiasına cavab: “Qızl da, ipək də kişiyə Qiyamətəcən haramdır.”


“Dillərinizin yalandan dediyinə (və heç bir dəlil olmadan bir şeyin halal və ya haram olması barəsində verdiyi hökmə) əsasən “bu halaldır və bu haramdır” deməyin ki, Allaha yaxasınız (və Onun dinində bir bidətin əsasını qoyasınız). Əlbəttə, yalan yaxanlar əsla nicat tapmazlar.” (“Nəhl” 116)

Bəziləri Allahın haram qıldıqlarını müasirlik adı altında halal elan etməyə çalışır. Söhbət ipək və qızılın kişiyə guya halal olmasından gedir. Bu mövzuda cəsarət tapıb daha da irəli gedərək, Hz. Əliyədə (ə) böhtan atılır və “Hz. Əli də (ə) ipək geyinərdi” deyə qeyd olunur. Sözü uzatmadan ipək və qızılın kişiyə haram olmasının dəlillərindən bəzilərini birgə görək.
İslamda geyim mədəniyyəti.
İslamda geyim mədəniyyəti özü müstəqil bir mövzudur. Bu mövzu əsasən fiqh və əxlaq baxımından təhlil olunur. Sadə geyinmək, geyimdə israfa yol verməmək, geyinərkən sağdan başlamaq, səliqəli və təmiz geyinmək, geyimlə təkəbbürlük etməmək, yaşadığın mühitə uyğun libas geyinmək və sair məsələlər geyim mövzusunda müzakirə oluna biləcək məsələlərdir. Bəzi geyim və zinət əşyaları da vardır ki müəyyən səbəblərdən kişilərə istifadəsi bu dünyada haram edilmişdir. Bunlara ipək və qızılı nümunə göstərmək olar. İpək və qızılın kişilərə haram olması olduqca aydın bir məsələdir. Hətta fiqh kitablarına belə baxılsa, namaz qılan şəxsin geyimi xalis ipək və qızıldan olsa qıldığı namaz belə batildir. Qızıl və ipəyi halal bilən ilahiyyatçılar görəsən namaz qılmırlar? Yaxud namazın hökmlərinə ötəri olsa belə nəzər yetirməyiblər? Həqiqətən maraqlıdır insan necə bu qədər aydın dəlilləri gözardı edə bilər? Bu mövzuya ona görə vaxt ayırıb cavab veririk ki, burada İslam dininə, onun peyğəmbərinə (s) və Hz. Əliyə (ə) böhtan atılır və qızıl və ipəyin halal olması onların adı ilə bağlanır. Qızıl və ipəyin həm də keçici olaraq haram edilməsi məsələsinə gəlincə, deməliyik ki, bu cür iddialar da əsassızdır. Elə isə gəlin Hz. Əlinin və Allah Rəsulunun (s) öz sözləri ilə bu şəxslərə cavab verək.
İpəyin kişilərə dünyada haram olması haqda bəzi hədislər.
Kişilərə haram olan zinət əşyaları qızıl və ipək paltardır. Əli ibn Abu Talibdən rəvayət edilən bir hədisdə Rəsulullah (s) belə buyurmuşdur: “Peyğəmbər (s) ipəyi sağ əlinə, qızılı da sol əlinə alaraq buyurdu: “Bu ikisi ümmətimin kişilərinə haramdır.” (Tirmizi, Libas 1; İbn Macə Libas 19)
Sual: Necə olur ki, Hz. Əli (ə) özü ipəyin haram olması barədə hədis nəql edir, amma daha sonra isə bəzilərinin iddiasına görə ipək geyinir?
Bir gün Peyğəmbər (s.a.s) bir adamın əlində qızıl üzük gördüyü zaman onu çıxardıb atdı və buyurdu ki: “Sizdən hər hansı biriniz atəş parçasını barmağına taxmağa razı olarmı heç?” Rəsulullah (s) oradan uzaqlaşdıqdan sonra həmin adama dedilər: “Üzüyü götür, ondan faydalan”. Həmin adam cavab verdi: “Rəsulullah (s) onu atdıqdan sonra vallahi onu götürmərəm.” (“Müslim”, Libas 52)
Allah Rəsulu (s): “İpək paltar geyinməyin, çünki ipək libası dünyada geyinən axirətdə geyinə bilməyəcək”. (“Buxari”, “Libas” 25; “Müslim”, “Libas” 11. Həmçinin baxın: “Tirmizi”, Ədəb 1; “İbn Macə”, “Libas” 16)
Əbu Musa əl-Əşaridən gələn bir hədisdə Allah Rəsulu (s) belə buyurmuşdur: “İpək geyinmək və qızıl taxmaq ümmətimin kişilərinə haram, qadınlarına isə halal qılındı” (“Tirmizi”, Libas 1. Həmçinin baxın: “İbn Macə,” “Libas” 19.)
Bu mövzu ilə bağlı digər rəvayəti Həzrət Huzeyfə  nəql edir: “Allah Rəsulu (s) qızıl və gümüş qablarda yeyib-içməyi, ipək və atlasdan paltar geyinməyi və üstündə oturmağı qadağan etdi.” (“Buxari,” Libas 27. (Həmçinin baxın: “Buxari”, Ətimə (Təamlar, yeməklər), 29, 32, Əşribə (İçəcəklər) 27, 28; “Müslim,” Libas 4,5; “Əbu Davud,” Əşribə 17; “Tirmizi,” Əşribə 10)
Allah Rəsulu (s) xəstəlik səbəbi ilə ipək paltar geyinməyə icazə vermişdir. Bu mövzuda Ənəs ibn Malikdən gələn hədis belədir: “Allah Rəsulu Zübeyr və Əbdürrəhman ibn Ovfə qaşınmaya tutulduqlarına görə, ipək paltar geyinməyə icazə vermişdi. (“Buxari”, Libas 29; “Müslim,” Libas 24-25. (Həmçinin baxın: “Buxari,” Cihad 91; “Əbu Davud,” Libas 9; “Nəsai”, “Zinət” 92)
Müəyyən xəstəlik səbəbindən ipək paltardan istifadəni həkimlər məsləhət bilsə belə bir halda bu mövzuda heç bir maneə yoxdur. Buna dair də hədislər mövcuddur. (Nümunə üçün bax: “Əl-Kafi, c.6 , səh.453)

Allahın Peyğəmbəri (s): İpək paltar və qızıl taxmaq mənim ümmətimin kişilərinə haram, qadınlarına isə halaldır.” (“Kənzul-Ummal,” hədis41210)
Maraqlıdır ki, bəzi hədislərdə kişilərin ipək geyinməsi məzəmmət olunarkən: “Lut qəbiləsinin həlak olmasının xüsusiyytlərindən biri də ipək geyinmək idi” deyə qeyd olunur.
Peyğəmbər (s) və əhli beyt zamanla və şəraitə uyğun olaraq, bahalı, sadə, cod, paltarlar geyinmişdir. Lakin ən çox istifadə etdikləri kətan və pambıq paltarlar olmuşdur. Buna dəlalət edən bir mübarək hədisdə buyrulur: “Ömrümün axırına qədər yun paltarı geyinməyi tərk etmirəm ki, məndən sonra sünnət olsun”.
Əli (ə) buyurur: “Pambıq paltar geyinin. Çünki o Peyğəmbərin (s) və biz Əhli-beytin (ə) paltarıdır”.
Əlbəttə, həm pambıq və həm də yun paltarlar münasib zamanda geyinilməlidir.
Bu mövzuda öz fikirlərini isbat etmək üçün “Əraf” surəsinin 32-ci ayəsinə istinad edənlərə də bir tarixi hadisəni xatırladaq: “Həzrəti Əli (ə) İbni Abbası xəvariclərə tərəf göndərir, o, ən yaxşı paltarını geyinir. Ən yaxşı ətir vurur, ən yaxşı atına minir. Onlara tərəf yola düşür. Nəhayət onlarla üzləşir. Xəvaric deyir: “Sən bizim nəzərimizdə ən yaxşı insansan, bəs niyə cabbarların paltarında və atında gəlmisən?”. İbni Abbas da onlara bu ayəni oxuyur: “De: “Allahın Öz bəndələri üçün yaratdığı zinətləri və pak ruziləri kim haram etmişdir?!” (“Əraf” 32). Mən ona görə geyinirəm və bəzənirəm ki, Allah gözəldir və gözəlliyi sevir. Ancaq gərək halal olsun”.
Bəli, insan gözəl və bahalı da geyinə bilər, amma halal və pak olmaq şərti ilə. İpəyin və qızılın haram olması barədə kifayət qədər dəlillər mövcuddur. Biz bir neçə nümunə göstərdik ki, Hz. Əliyə (ə) yaxud Allah Rəsuluna (s) bu mövzunu aid etmək istəyənlər bu haqda bir qədər düşünsünlər. Bu düşüncədə olan ilahiyyatçılar namaz qılırlarsa namazın hökmlərinə baxdıqda da bu işin icazəli olmadığını görəcəklər. Sözümüzə bu mübarək ayə ilə son veririk:

“Dillərinizin yalandan dediyinə (və heç bir dəlil olmadan bir şeyin halal və ya haram olması barəsində verdiyi hökmə) əsasən “bu halaldır və bu haramdır” deməyin ki, Allaha yaxasınız (və Onun dinində bir bidətin əsasını qoyasınız). Əlbəttə, yalan yaxanlar əsla nicat tapmazlar.” (“Nəhl” 116)

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.


Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)