“Məhərrəm ayı müqəddəs ay deyil” deyənlərə Qurandan müqəddəslik dəlili


Məhərrəm ayı barədə qeyd olunan məsələlərdən biri də, Məhərrəm ayının müqəddəs olub, olmamsı ilə əlaqəlidir. Müqəddəs sözünün mənalarını bilsək, məsələ öz-özlüyündə həllini tapar. Gəlin ilk öncə müqəddəs sözünün mənalarına diqqət yetirək;
“Müqəddəs” sözünün mənaları.

1. Pak-pakizə - münəzzəh, bütün eyib və nöqsanlardan pak.
2. Ehtiram və hörmətə layiq.
3. Çox hörmətli, çox qiymətli.
4. Bərəkətli, mübarək.
Bu qeyd etdiyimiz mənalar müqəddəs sözünün lüğət kitablarında ən məşhur mənalardır ki, qeyd etdik. (Lisanul-ərəb - 6/168- 169).
Bu söz “müqəddəs,” “Quddus,” “quds,” “qudus,” kimi müxtəlif formalarda işlənsə də məna etibari ilə yuxarıda qeyd etdiyimiz mənaları ehtiva edir. Müqəddəs sözü ərəb sözüdür ki, dilimizə də keçmişdir.

Deməli, müqəddəs sözü işlənmə yerlərinə görə, mənası; “pak-pakizə,” “eyib və nöqsanlardan uzaq,” “hörmətə layiq,” “bərəkətli və mübarək” mənalarına gəlir.
İndi isə gəlin Məhərrəm sözünün mənalarına nəzər salaq.
Məhərrəm sözü lüğətdə haram edilmiş, qadağan edilmiş, hörmətə layiq mənalarına gəlir. Gördüyümüz kimi Məhərrəm ayının mənalarından biri də “hörmətə layiq”dir. Bu həmin mənadır ki, müqəddəs sözünün mənaları içərisində də müşahidə etdik. Deməli, Məhərrəm sözünü lüğəti mənalarından biri də müqəddəs deməkdir. Görünür Məhərrəm ayı müqəddəs deyil, deyənlər Məhərrəm ayının mənalarını belə bilmir və anlamırlar. Bundan əlavə Məhərrəm ayı həm də Quranın dörd haram aydan biridir. Haram aylarda bir çox şərtlər var ki, onların arasında savaş etmək, müharibələrə qoşulmaq, səhər və axşam namazları arasındakı vaxtda şadyanalıq etmək kimi əməllər günah sayılır. Qurani-Kərimdə də deyilir: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (Rəcəb, Zülqədə, Zülhiccə və Məhərrəm) haram aylardır. Bu, doğru dindir. Odur ki, bu aylarda (onlara hörmətsizlik etmək və onlarda bir-birinizlə döyüşməklə) özünüzə zülm etməyin...” (“Tövbə”, 36).
Məhərrəm ayının müqəddəs olması bu ayədən də aydın şəkildə görünür. Uca Allah bu ayda döyüşməyi Məhərrəm ayına qarşı hörmətsizlik sayır və onun hörmətinin qorunmasını tələb edir. Çünki bu ay hörmətə layiq – müqəddəs – Məhərrəm ayıdır.

Mahir Şəkərov- İlahiyyatçı, araşdırmaçı.


Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)