Ömər ibni Xəttab 3-cü Yezdəgirdə məktub yazıbmı?
Tarixi mənbələrin iddiasına görə guya xəlifə Ömər ibn Xəttab 3-cü Yezdəgirdə məktub yazaraq onu İslam dininə dəvət edib və 3-cü Yezdəgird də məktuba çox sərt cavab yazaraq, geri qaytarıb. Ancaq bir çox cəhətdən Ömər ibni Xəttabla 3-cü Yezdəgird arasında bu cür məktublaşmanın olması qeyri-mümkündür:
1. Bu məktubların əsli haradadır? Niyə eyni
məktubun müxtəlif şəkillərinə sosial şəbəkələrdə rast gəlirik?
2. Bildiyimiz kimi klassik ərəb
ədəbiyyatlarında nöqtədən istifadə olunmayıb. Lakin bu məktub nöqtələrlə
doludur.
3. Hər bir məktub göndərildiyi ölkənin,
xalqın dili ilə yazılır. Əks halda onlar məktubu anlamaz və məktubun göndərilməsi
də mənasız olar. Maraqlıdır görəsən niyə bu məktub göndərildiyi məntəqənin
dilinə uyğun yazılmamışdır?
4. Müsəlmanlar məktub yazarkən adətən
“Bismilləhir-rəhmənir-rəhim” – Rəhman və rəhim olan Allahın adı ilə - cümləsi
ilə məktuba başlayırlar. Lakin bu məktubda biz buna rast gəlmirik. İslama dəvət
məktubu yazan xəlifə məktubunda buna riayət etməməsi inandırıcı deyil.
5. Əgər həqiqətən belə bir məktublaşma
olsaydı, bu mütləq tarixə düşməli idi. Əsrlədir heç bir tarixçinin əsərində
belə bir hadisəni oxumuruq. Müasir tarixçilərdən də kimsə bu hadisəni öz
kitabında gətirməmişdir. İslam tarixini yazan heç bir tarixçi də bu hadisəni
qeyd etməmiş və hadisəyə işarə olunacaq bir cümlə belə yazmamışlar. Nə Sasani
və nə də ərəb tarixçiləri sözügedən məktubdan söz açmamışlar.
6. Maraqlıdır ki, bu məktuba qədim
İran-fars şairi Firdovsinin “Şahnamə” poemasında da rast gəlmək olmur. Bu əsər
qədim İran tarixi, onun şahları və pəhləvanları haqqında olub Firdovsinin ən
məşhur əsəri sayılır. Şahnamə İran şahları, onların həyatını şer formasında əks
etdirir. Şahnamə İranşünasliq elmində əhəmiyyətli mənbə olub İranın qədim
tarixi haqqında geniş təsəvvür yaratmağa imkan verir. Bu kitabda əfsanəvi
İran-Turan muharibələrindən də söz açılır. Bu qədər mövzuları əhatə edən əsərdə
niyə bu tarixi hadisə öz əksini tapmayıb? Əgər həqiqətən bu hadisə baş vermiş
olsaydı burada mütləq yer alacaqdı.
7. Zərdüştlükdə, insanlardan “tanrının
övladları” deyə bir ifadə tərzinə tarix heç zaman
şahidlik etməyib. Bu barədə əldə heç bir presedent yoxdur. Halbuki, sözügedən
məktubda Yezdəgird yazır: “Ərəb xalqı Tanrının canlılarına dəyər verməz. Siz Tanrı
uşaqlarının və müharibə əsirlərinin belə başlarını
kəsər, qadınlara təcəvvüz edər, qızlarınızı diri-diri basdırar, karvanlara
hücum edər, kütləvi qətliam edər, camaatın arvadını qaçırar və hətta mallarını
oğurlayırsınız. Sizin qəlbləriniz daşdandır. Biz sizin etdiyiniz bütün zülmləri
qınayırıq. Siz belə zalim davranışları edərkən bizə İlahi yolu necə
öyrədəcəksiniz?”
Tanrının övladları ifadəsi xristianlıqda və bəzən də
yəhudilikdə gözə çarpır. O zamanlar belə bir ifadə tərzi yox idi.
8. Məktubun bir hissəsində belə qeyd
edilir: “Təəssüf!.. Çox təəssüf ki, bugün Ahuranın fars ordusu sənin tazə-tazə
Allaha iman gətirmiş əsgərləri tərəfindən məğlub edilib!”
Bir neçə sətir sonra isə belə oxuyuruq: “Sənə və sənin
quldur dəstənə tövsiyyə edirəm ki, əşyalarınızı toplayıb aid olduğunuz
səhralarınıza geri dönəsiz. Sənə və oğru dəstənə bizim bol məhsullu
topraqlarımıza, mədəni şəhərlərimizdə və şanlı Vətənimizə daxil olmağa icazə
vermirəm. Belə günah və cinayəti Allahın adı ilə etmələrinə izin vermə. Bu
cinayətkar davranışa son ver.”
Sual: Əgər fars ordusu məğlub edilmişdisə, necə ola
bilər ki, xəlifə ordusuna fars torpaqlarına girişə icazə verilməyə?
9. Bu məktub başdan ayağa nifrət saçır.
Məktub müasir üslubla yazılıb. Belə ki, məktubda müasir zamanda ifadə olunan
sözlər yer almaqdadır. Halbuki hər dövrün özünəməxsus ifadə tərzləri vardır.
Bir iki cümləyə nəzər salaq:
“Məktubunda bizim kim olduğumuz və kimə pərəstiş
etdiyimiz haqqında məlumat sahibi olmadan bizi öz Tanrına, Allahu Əkbərə
yönəltməyə istədiyini yazmışdın. Biz dünyada yaxşı işlər etmək, qonaqpərvərlik
göstərmək ənənələrinin təməlini atdığımız və “Yaxşı düşüncələr, yaxşı sözlər,
yaxşı işlər” bayrağını əlimizdə salladığımız zaman, sən və sənin ataların
səhrada başı boş gəzər, yeyəcək başqa bir şey tapmadıqları üçün kərtənkələ
yeyər və məsum qız uşaqlarını diri-diri basdırardız. Siz səhra vəhşilərisiniz,
amma buna rəğmən bizim kimi minlərcə ildir şəhərlərdə yaşamış insanlara Tanrı
sevgisini öyrətməyə cəhd edirsiniz!”
10. Müsəlmanlar o zaman Qurana çox böyük
əhəmiyyət verərdilər. Lakin bu məktubda Qurana dair bir cümlə də yoxdur.
Yaxud o zamanın adətinə görə məktublarda Allah Rəsulunun (s) risalətinə
işarələr olardı. Sözügedən məktubda bu məsələ də gözə çarpmır. Bütün bunlar
məktub o zamanda yazılmadığının sübutudur.
11. Məktubda Ömər ibn Xəttab:
“Doğruya, yəni bizə qoşul. Kainatı yaradana, tək əsl Tanrı olan Allahu Əkbərə
iman et. Allahu Əkbərə iman edərək İslamı qəbul et və nicata çat” deyə qeyd
edir.
Allahu – Əkbər
cümləsi xəbər cümləsidir və mübtəda və xəbərdən ibarətdir. Belə bir cümlə
quruluşu – “Allah ən böyükdürə iman et” məna ifadə etmir.
12. Məktubda beyətdən söz açılır.
Guya Ömər ibni Xəttab deyir: “Yəzdigərd, əgər təklifimi qəbul edib beyət
etməsən, sənin və xalqının gələcəyini yaxşı görmürəm. Beyət sənin üçün yeqanə
xilas yoludur.”
Bildiyimiz kimi
“beyət” ifadəsi adətən bir mövzuda həmfikir olanlar üçün istifadə olunur. Belə
bir halda heç bir xəlifə öz əqidəsində olmayana və hətta İslamı qəbul etməyəni
özünə beyətə dəvət edə bilməz. Görünür məktubu yazanlar bu nüansı da gözdən
qaçırmışlar.
13. İddia olunur ki bu məktub
Britaniyada Londun muzeyində qorunur. Amma bu da yanlışdır. Çünki Londun
muzeyində olan bütün obyektlərin və tarixi əşyaların şəkilləri və onlar barədə
məlumat muzeyin rəsmi saytında verilir. Lakin bu məktub barədə muzeyin rəsmi
saytında heç bir məlumat yoxdur.
Bax:
http://www.britishmuseum.org/
Bax:
http://www.museumoflondon.org.uk/English/Collections/
Tarixi
hadisələri nəzərə alıb fərziyyə irəli sürsək onda bu məktub Britaniyanın Londun
muzeyində deyil, Türkiyənin Topqapı muzeyində olmalı idi.
14. Məktubun bitməsi də o zamanın
adətlərinə müvafiq deyil. Heç bir tarixi məktubda “müsəlmanların xəlifəsi
filankəs” deyə yazıldığını müşahidə etmədiyimiz təqdirdə, bu saxta məktub belə
bitir: “Xəlifə əl-Müslimin Ömər ibn əl-Xəttab”.
15. Əgər ərəblərlə farslar
arasında belə düşmənçilik vardısa niyə Qadisiyyə döyüşündə 4 min fars bu döyüşə
qatıldı və daha sonra bir çoxu İslamı da qəbul etdilər?
16. Heç bir Sasani şahı özünü
“Fars şahı” adlandırmayıb. Biz yalnız buna Ömər ibn Xəttaba aid edilən məktubda
rast gəlirik: “Müsəlmanların xəlifəsi Ömər ibn Xəttabdan fars şahənşahı Yəzdigərdə:”
17. Zərdüştlər və digər dinlərin
ardıcılları öz əqidələrində azad idilər. İslam dini heç kimi zorla müsəlmanlığa
dəvət etməyib. Belə olan halda bu cür məzmunlu məktuba da ehtiyac qalmır.
Bu məktubla
bağlı çoxlu problemlər vardır ki, hər birini bir-bir təhlil edib cavab verməyə
ehtiyac duymuruq. Qeyd etdiyimiz bu və bu kimi digər dəlillər bir daha aydın
şəkildə göstərir ki, bu məktub saxta və uydurmadır.
Sonda sözügedən saxta məktubları oxucuların diqqətinə çatdırırıq:
Ömər ibn
Xəttabın məktubu:
“Müsəlmanların
xəlifəsi Ömər ibn Xəttabdan fars şahənşahı Yəzdigərdə:
“Yəzdigərd, əgər
təklifimi qəbul edib beyət etməsən, sənin və xalqının gələcəyini yaxşı
görmürəm. Bir zamanlar sənin ölkən məlum olan dünyanın yarısına hökm edirdi,
lakin bax indi ölkən nə hala gəldi? Ordun hər cəbhədə məğlub edilmiş və ölkən
çökməyə doğru istiqamətlənmiş bir haldadır. Özünü xilas etmək üçün sənə bir
təklifim var. Tək bir Tanrıya, kainatda hər şeyi yaradan tək və vahid bir
Tanrıya iman etməyə başla. Biz sənə və bütün dünyaya Onun, yəni əsl Tanrının
çağırışını gətirmişik. Atəşə pərəstiş etməyi burax, xalqına da bunun yanlış
olduğunu və buraxmalarını əmr et. Doğruya, yəni bizə qoşul. Kainatı yaradana,
tək əsl Tanrı olan Allahu Əkbərə iman et. Allahu Əkbərə iman edərək İslamı
qəbul et və nicata çat. Bütpərəstliyə, yanlış ibadətlərə son ver və Allahu
Əkbəri xilaskarın olaraq qəbul et. Bu yol həm sənin həyatda qala bilməni və həm
də xalqının məhv olmasını əngəlləyəcək yeqanə yoldur. Əgər əcəm (fars) xalqı
üçün ən yaxşısını düşünürsən bu yolu seçərsən. Beyət sənin üçün yeqanə xilas
yoludur.
Allahu Əkbər
Xəlifə
əl-Müslimin Ömər ibn əl-Xəttab”
Sasani
imperatorluğunun sonuncu şahənşahı III-cü Yəzdigərdin Ömər ibn Xəttabın
məktubuna cavabı.
“Şahların şahı,
İranın və digər torpaqların sərvəri, çoxlu səltənətlərin hökmdarı, aryailərin
və qeyri-aryailərin, farsların və digər irqlərin, o cümlədən ərəblərin
şahənşahı III-cü Yəzdigərd Sasanidən:
Həyatın və Əqlin
yaradıcısı, Ahura Mazdanın adı ilə.
Məktubunda bizim
kim olduğumuz və kimə pərəstiş etdiyimiz haqqında məlumat sahibi olmadan bizi
öz Tanrına, Allahu Əkbərə yönəltməyə istədiyini yazmışdın. Nə qədər təəccüb
verici bir vəziyyətdir ki, ərəblərin xəlifəsi məqamına oturmuş bir kişi olaraq
savadın ərəb səhralarında başı boş gəzən bir ərəb köçərisi və çöl bədəvisi ilə
eyni səviyyədədir!
Kiçik adam,
farsların minlərcə ildir vahid Tanrıya ibadət etdiklərini və gündə beş vaxt
namaz qıldıqlarını bilmədən mənə vahid bir Tanrıya ibadət etməyimi təklif
edirsən. Tək Tanrıya pərəstiş etmək illərdir bu torpaqların mədəniyyətində ən
sabit olmuş adət-ənənədir.
Biz dünyada
yaxşı işlər etmək, qonaqpərvərlik göstərmək ənənələrinin təməlini atdığımız və
"Yaxşı düşüncələr, yaxşı sözlər, yaxşı işlər" bayrağını əlimizdə
salladığımız zaman, sən və sənin ataların səhrada başı boş gəzər, yeyəcək başqa
bir şey tapmadıqları üçün kərtənkələ yeyər və məsum qız uşaqlarını diri-diri
basdırardız.
Ərəb xalqı
Tanrının canlılarına dəyər verməz. Siz Tanrı uşaqlarının və müharibə
əsirlərinin belə başlarını kəsər, qadınlara təcəvvüz edər, qızlarınızı
diri-diri basdırar, karvanlara hücum edər, kütləvi qətliam edər, camaatın
arvadını qaçırar və hətta mallarını oğurlayırsınız. Sizin qəlbləriniz
daşdandır. Biz sizin etdiyiniz bütün zülmləri qınayırıq. Siz belə zalim
davranışları edərkən bizə İlahi yolu necə öyrədəcəksiniz?
Mənə atəşə
pərəstiş etməyi buraxmamı deyirsən! Biz farslar, Günəş işığının yaradıcısının
gücünü, atəşin istiliyini və Yaradıcının sevgisini bilən insanlarıq. Günəşin
işığı və istiliyi bizə doğrunun işığını göstərir, bizi bir-birimizə və Yaradana
yaxınlaşdırır. Bizə bir-birimizlə yaxşı davranmamıza yardımçı olur, bizi
nurlaşdırır və Mazdanın alovunu qəlbimizdə saxlayır.
Siz səhranın
ürəyindən, məhsulsuz, təbii sərvətsiz torpaqlardan çıxmış insanlar bizə Tanrı
sevgisini savaşla və qılıncınızın gücü ilə öyrətmək istəyirsiniz! Siz səhra
vəhşilərisiniz, amma buna rəğmən bizim kimi minlərcə ildir şəhərlərdə yaşamış
insanlara Tanrı sevgisini öyrətməyə cəhd edirsiniz! Bizim arxamızda minlərcə
illik mədəniyyətimiz var. De görüm: bütün hərbi gücünlə, varvarlığınla, Allahu
Əkbər adına işlədiyin bütün qətliam və talanlarla, müsəlman əsgərlərinə bugünə
qədər nə öyrədə bildin? Müsəlman əsgərlərinə bugünə qədər nə öyrədə bildin ki,
biz müsəlman olmayanlara öyrədə bilərsən? Allahdan hansı mədəniyyəti öyrənə
bildin ki, indi başqalarına zorla öyrətməyə cəhd edirsən?
Təəssüf!.. Çox
təəssüf ki, bugün Ahuranın fars ordusu sənin tazə-tazə Allaha iman gətirmiş
əsgərləri tərəfindən məğlub edilib!
Sənə və sənin
quldur dəstənə tövsiyyə edirəm ki, əşyalarınızı toplayıb aid olduğunuz
səhralarınıza geri dönəsiz. Onları alışmış olduqları günəşin yandırıcı
istiliyinə, qəbilə mədəniyyətinə, kərtənkələ yeməyə və dəvə südü içməyə geri
götür. Sənə və oğru dəstənə bizim bol məhsullu topraqlarımıza, mədəni
şəhərlərimizdə və şanlı Vətənimizə daxil olmağa icazə vermirəm. Yanında olan
"daş qəlbli canavarlarını" bizi qətl etmələri, qadınlarımıza təcəvvüz
etmələri, qadın və uşaqlarımızı qaçıraraq Məkkədə kölə olaraq satılmaları üçün
üzərimizə zəncirlərdən buraxma. Belə günah və cinayəti Allahın adı ilə
etmələrinə izin vermə. Bu cinayətkar davranışa son ver.
Aryailər əfv
edici, isti, qonaqpərvər, insanlardır və getdikləri hər yerdə dostluq, elm və
sevgi tohumu əkirlər. Bu səbəbdən pirat sayağı davranışlarınıza və cinayətlərinizə
görə sizi cəzalandırmayacaqlar.
Sizdən səhrada
qalmanızı və mədəni şəhərlərimizə köç etməmənizi xahiş edirəm. Çünki sizin
adətləriniz xeyli qorxulu, davranışlarınız isə çox vəhşidir.
III-cü Yəzdigərd
Sasani”
Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder