Aşura mərasimləri bizə peyğəmbərdən irs qalıb Səfəvilərdən yox!


İmam Hüseynə (ə) ağlamaq, əza saxlamaq hər bir müsəlmanın olduqca təbii haqqıdır. Bu haqqı bizə Quran və sünnə vermişdir. Bu əməlin İslam peyğəmbərinin (s) sünnəsi olması barədə keçən mövzularımızda geniş danışdıq.
İmam Hüseyn (ə) əzadarlığını, peyğəmbər (s) sünnəsi olmaqdan çıxarıb Səfəvilərə aid etmək istəyənlər də peyda olur ki, onların bu istəkləri elə istək və arzu olaraq da qalacaqdır. Məgər İslam peyğəmbəri (s) İmam Hüseyni (ə) əzizləyib oxşayanda Səfəvilər vardı? İslam peyğəmbəri (s) minbərdə xütbə edərkən onun yıxılmasını görüb, sözünü kəsərək minbərdən aşağı düşdükdə Səfəvilər harda idi? Bu kimi nümunələr o həzrətin həyatı boyunca dəfələrlə müşahidə olunduğu və bir sirə (həyat tərzi) forması aldığı halda kim iddia edə bilər ki bu əməl Səfəvilərdən qalma adətdir? Bu iddianı edənlər tarixi bir vərəqləyib oxusunlar və nə qədər gülünc bir iddia etdiklərinin şahidi olsunlar.
Tarixi mənbələrin yazdığına görə Kufə, Bəsrə, Şam, Mədinə, Məkkə və sair şəhərlərdə Aşura mərasimləri qeyd olunub. (Tarixun-Nihayə səh.132 və 190, İbn Covzi, Təzkirətul-Xəvas, səh. 240)
Dövlət səviyyəsində isə rəsmi olaraq hicri qəməri tarixi ilə dördüncü əsrin ikinci yarısında etibarən Ali-Buyənin hakimiyyəti zamanı (352 h.q) geniş şəkildə hər il qeyd olunmağa başladı. Bu barədə İbn Əsir “Kamil”də, İbn Kəsir “Əl- bidayə vən-Nihayə”də , İmam Şafei “Miratul-Cinan”da və digər mənbələrdə bu haqda məlumat verilmişdir.
Məşhur tarixçi ibn Covzi “Əl-Muntəzəmu fi tarixul-muluk vəl-uməm” adlı kitabında yazır: “352 hicri qəməri ilində Muizzud-dövlə Deyləmi müsəlmanlara Aşura  günü bir yerə yığışaraq, əzadarlıq etməyə icazə verdi. Bazarlar bağlandı, alış-veriş işləri tətil edildi, qəssablar dükanlarına qıfıl vurdu,... Meydanlarda, bazarlarda qara çadırlar quruldu. Geniş əzadarlıq mərasiminə başlandı.”
İmam Şafei yazır: “Bu, tarixdə Aşura əzadarlığının aşkar şəkildə və geniş formada keçirildiyi ilk gün idi.” (Şafei, Miratul-Cinan c 3,səh.247; Suallar və cavablar, səh. 31)

Əhli sünnə alimlərinin Aşura mərasimlərini qeyd etməsi.
Əbdülcəlil Razi h.q tarixi ilə 560-cı ildə “Kitabu nəqz” adlı kitabında yazır: “Hər kəsə məlumdur ki, Hənəfi və Şafei, həmçinin onun ardıcılları və davamçıları olan alimlər, fəqihlər Aşura ildönümlərini qeyd edərək, ahu-zar etmiş, təziyə mərasimləri qurmuşlar. Kərbəla şəhidlərinin  müsibətini yad edib, minbərlərə çıxmış, rəvayətlər söyləmişlər.”
Sünni alimləri Xacə Əbu Mənsur Maşad (536 h.q vəfat) İsfahanda, Xacə Əli Qəzvini Hənəfi (551 h.q vəfat) Bağdadda,  Əmir Əbbadi Qütbuddin (562 h.q vəfat) Bağdadda, Əbu Mənsur Ümdəddin Şafei -  Nişapurda,  Xacə Əşəri Hənəfi – Nişapurda, Qazi Hənəfi və digərləri də hər il Aşura əzadarlığı üçün mərasim keçirilən alimlərdəndir. Bu barədə bəzi kitablarda məlumar verilmişdir. O cümlədən; Silsilətuz-zəhəb”, “Rəşahət”, “Məqamati-Cami”, “Məqtəli- Xarəzmi”, “Tarixi-Təbəri”, “İthafus-suəda fi mənaqibi seyyiduş-şuhəda”, (Əfiuddin Hənəfi), “Cövrul-Əşqiya”, (Qadirbəxş Hənəfi), “Məqtəl” (Mahmud ibn Osman Hənəfi), “Məqtəl” (Əli Ənbər Hənəfi).
İslam peyğəmbərindən (s) ta bu günə kimi bu mərasimlər daim keçirilmiş və Qiyamətə qədər də davam edəcəkdir. Çünki, bu Allah Rəsulunun (s) bu ümmətə irs qoyduğu bir sünnədir.

Mahir Şəkərov- İlahiyyatçı, araşdırmaçı.


Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)