“İmam Hüseynə (ə) niyə 40 gün matəm saxlayırsız deyənlər” niyə Həzrəti Həmzənin 200 illik, Həzrəti Yaqubun 80 illik və xəlifə Osmanın 365 günlük matəmini gözardı edirlər
Biz dəfələrlə Alah Rəsulunun istər şəhidlərə, istərsə də Cənnət əhlinə
ağlamasını dəlillərlə qeyd etmişik. Bildiyiniz kimi Allah Rəsulu (s) əmisi
Həzrəti Həmzəyə ağlamış və səhabə və dostlarını ona ağlamağa təşviq etmişdir.
Bu mövzunu araşdırarkən biz maraqlı bir faktla da qarşılaşırıq. Allah Rəsulunun
(s) bu sözü uzun illər daha dəqiq ifadə ilə 2 əsr davam edir və 2 əsr biyunca
Həzrəti Həmzəyə matəm saxlanılır. Bu faktı qeyd etməyimizin səbəbi imam Hüseyn
(ə) matəminə irad tutub “Niyə imam Hüseyn 40 gün yaxud illərlə matm
saxlayırsınız?” deyənlərə tutarlı cavab vermək üçündür. İndi isə o hədisləri və
bu tarixi faktı birgə mütaliə edək.
“Peyğəmbər (s) Uhud döyüşündən sonra gördü ki, hamı öz ölənləri üçün
ağlayır. Peyğəmbər (s): Niyə Həmzəyə ağlayan yoxdur? Gedin Həmzəyə ağlayın.”
(“Müsnədi Əhməd “c. 2, səh. 40. “Tarixi Təbəri” c. 2, səh. 532)
Həzrət Peyğəmbər (s) Mədinə camaatının (Bəni Əbd Əl-Əşhəl və Bəni Zəfər
qəbilələrinin) evlərinin yanından keçərkən onların öz şəhidləri üçün ağlamaq və
növhə səslərini eşitdi. Həzrətin (s) gözləri doldu və ağladı. Sonra isə
buyurdu: “Lakin əmim Həmzənin ağlayanı yoxdur.” Səd ibn Məaz və Useyd ibn Həzir
Bəni Əbd Əl-Əşhəl qəbiləsinin evlərinə qayıdarkən onların qadınlarına göstəriş
verdilər ki, öz qəm-qüssələrini sinələrində dondurub əvvəlcə Həzrət Peyğəmbərin
(s) əmisi Həmzə üçün ağlayıb əzadarlıq etsinlər. (Əbu Cəfər ət-Təbəri,
ət-Tarix, c.2, s. 210; İbn Hişam, Əs-Sirə ən-Nəbəviyyə, c. 3, s. 613;
Əs-Siqat, c.1, s. 234; İbn Kəsir, Əl-Bidayə və ən-Nihayə, c. 4, s. 54-55)
Bundan sonra Peyğəmbərin (s) bu göstərişini eşidən hər kəs hər hansı bir
şəhidə ağlamamışdan əvvəl birinci Həmzəyə ağlayardılar.
İbn Həcər bu həqiqəti belə qeyd edir: “Peyğəmbərin (s) “Əmim Həmzənin
ağlayanı yoxdur!” kəlamını eşidəndən sonra heç bir qadın öz ölüsünə Həmzə üçün
ağlamazdan əvvəl ağlamadı.” (“İbn Həcər əl-Heysəmi, Məcmə əz-Zəvaid”, c. 6, s. 126
İbn Kəsir deyir: “Bu günə qədər də Ənsar qadınları öz ölənlərinə ağlamazdan
əvvəl, birinci Həmzəyə ağlayırlar”.
Əhməd ibn Hənbəl İbn Ömərdən nəql edir ki, Allahın Rəsulu (s) Ühüddən
qayıdan zaman Ənsarın qadınlarının öz şəhidləri üçün ağladığını müşahidə etdi. İbn Ömər deyir ki,
Allahın Rəsulu (s) buyurdu: “Lakin Həmzənin ağlayanı yoxdur.” (İbn Ömər) dedi:
"Həzrət (s) bir az yatıb istirahət edəndən sonra qadınlar Həmzə üçün
ağlamağa başladılar. O gündən bu günədək qadınlar əvvəlcə Həmzəyə, sonra isə öz
ölənlərinə əzadarlıq edirlər."
İbn Kəsir bunu deyəndən sonra belə bir nəzər irəli sürür: (“İbn Kəsir, əl-Bidayə və
ən-Nihayə,” c. 4, s. 55)
İbn Kəsir daha sonra yazır: Vaqidi deyir: “O zamandan indiyədək qadınlar
birinci Həmzəyə əzadarlıq edirlər.” (“İbn əl-Əsir, Usd
əl-Ğabə,” c. 2, s. 48)
Bildiyiniz kimi Vaqidi peyğəmbərdən (s) sonra 200 il sonra yaşamışdır.
Vaqidinin bu həqiqəti bəyan etməsi bunu göstərir ki, peyğəmbərdən 200 il sonra
belə hələ də insanlar Həzrəti Həmzəyə matəm saxlayırdılar. Başqa bir məsələ bu
200 illik tarixdə neçə-neçə səhabə, tabein, ətbəə tabein, yüzlərlə alimlər
gəlib getmişdir. Əgər bu iş səhv iş idisə niyə heç biri bunu qadağan etmədi
yaxud bu barədə bir söz belə demədi?
İbn Səd də həmin məsələlərə işarə edərək deyir: “O gündən Ənsarın qadınları
birinci Həmzəyə, sonra isə öz ölənlərinə ağlayırlar.” (“İbn Səd, ət-Təbəqat
əl-kubra, c. 2, s. 44)
Xəlifə Osmana 365 günlük matəm tutulması.
Noman ibn Bəşir xəlifə Osmanın qanlı köynəyini Müaviyənin yanına gətirdi.
O köynəyi minbər üstə qoyaraq bir il matəm saxladılar. Kişilər and içdilər ki,
onun qatilini qətlə yetirməyincə öz həyat yoldaşlarına yaxın durmayacaqlar,
xalça üstə oturmayacaqlar. Bu köynəyi minbərdə qoyub bir il əza saxladılar.
(“Tarixi Təbəri” c 3, səh. 70)
İndi biz sual veririk, nə üçün
xəlifə Osmana əza saxlayanlar peyğəmbərə (s), onun həyat yoldaşlarına yaxud
1-ci və 2-ci xəlifə üçün bu qədər matəm saxlamadılar?
Görəsən 3-cü xəlifəyə bir il matəm saxlamaq, peyğəmbərin (s) fəzilətinin
xəlifədən az olmasına dəlalət edir? Əlbəttə yox. Bu məntiq gördüyünüz kimi
yanlışdır. Xəlifə Osmana bir il matəm saxlayanlar onun məzlumcasına qətlə yetirilməsinə
görə bu işə əl atmışdılar.
Dünya müsəlmanları da məhz Həzrəti Hüseynin (ə) vəhşiliklə qətlə
yetirilməsinə görə hər il bu mərasimləri qeyd edib, bu zülmə etiraz edirlər.
İmam Hüseynə (ə) dil uzadan nadanlar öncə bu kimi tarixi nümunələrə
baxmalarını tövsiyə edirik. Gördüyünüz kimi Həzrəti Həmzəyə 2 əsr, xəlifə
Osmana 365 gün matəm mərasimləri qurulmuşdur. Bəs buna sözünüz nədir?
Quranda əzadarlıq mədəniyyəti.
Qurani-kərim baxımından
dünyasını dəyişən şəxsə, və ya öz yaxınlarını itirən şəxs ağlaya və ya kədərlənə
bilər? Ümumiyyətlə İslamın əzadarlığa münasibəti necədir?
Uca Allah buyurur: “Biz sizi aclıq, qorxu,mal- dövlətlə, övladla, məhsul
qıtlığı ilə imtahan edərik. (Ya peyğəmbər) Müjdə ver o kəslərə ki, onlara bir müsibət baş
verdikdə onlar deyərlər: Biz Allaha məxsusuq və ona tərəf qayıdarıq.” (“Bəqərə”
surəsi, 155-156)
Ayədən məlum olur ki, müsibət
zamanı ağlamaq olar lakin, Allah bizə səbri tövsiyə edir.
Hz Yaqub (ə) oğlu Yusif (ə) üçün ağlaması: Hz Yaqub (ə) oğlu Yusifdən ayrı düşdüyü
üçün təxminən 40 il (bəzi mənbələrdə 70-80 il) ağlayır. O qədər ağlayır ki, hər iki gözü kor
olur. Quran buyurur: “(Yaqub dedi) Heyif
sənə yazıq Yusif. Dərd qəmdən ağlamaqdan gözləri kor oldu. (Oğlanları ona dedi)
Allaha and olsun ki sən Yusif deyə-deyə
ya xəstələnib əldən düşəcək ya da
öləcəksən.” (“Yusif” surəsi, 84-85)
Hz Yaqub (ə) oğlu Yusifin sağ salamat olduğunu bildiyi halda gözləri
kor olana qədər ağlayır. Hətta məsələ xəstəlik
və ölüm həddinə qədər çatır. Yaqub (ə) oğlunun ölmədiyini bildiyi halda və
bütün bunlara baxmayaraq, bu qədər
ağlayırsa biz niyə ağlamayaq? Başqa bir sözlə Quran bu işə icazə verdiyi halda,
kimin nə ixtiyarı var ki, dünyasını dəyişənlərə ağlamağı qadağan etsin və bu işə
mane olsun?
Bütün ilahi peyğəmbərlər bizlərə bir nümunədir. Elə isə bu mövzuda
bizə nümunə olan Həzrəti Yaqubun (ə) oğluna uzun illər ağlamasını niyə bəziləri
gözardı edir? Qurani-Kərim Həzrəti Yaqubun bu əməlini gətirməklə bu işi təsdiq
edir və bütün müsəlmanlara bunu bir nümunə göstərir.
Əhli sünnə təfsirlərinə əsasən
Həzrəti Yaqub 80 il Həzrəti Yusifə (ə) ağlayıb göz yaşı tökdü, matəm saxladı.
İbnul Covzi öz təfsirində “Yusif” surəsinin təfsirində yazır: Həsənul-Bəsri
deyir: “Həzrəti Yaqub (ə) oğlu Yusifdən ayrı düşdüyünə görə 80 il ona göz yaşı
tökdü, qəmləndi. Həmin zamanda yer üzərində Allah yanında Həzrəti Yaqubdan (ə)
daha əziz birisi yox idi.” (İbnul Covzi “Zədul Məsir fi ilmit-təfsir” səh. 713)
Digər bir təfsir sözügedən ayənin təfsirində yuxarıda qeyd olunan məsələləri
qeyd etdikdən sonra yazır: “Bünyaminin xəbəri Həzrəti Yaquba çatdıqda (ə) uzaq Həzrəti
Yaqubun (ə) dər qəmi daha da artdı. Bu minvalla onların qovuşması 80 il uzandı.
Bu müddət ərzində Həzrəti Yaqubun gözünün yaşı qurumadı.” (Hafiz Bəğəvi - “Məalimut-tənzil” c. 4, səh. 267)
Digər bir təfsir “Yusif” surəsinin 84-cü ayəsinin təfsirində yazır:
“Həzrəti Yaqub (ə) oğlu Yusif (ə) üçün o qədər ağladı ki, gözlərinin hər ikisi
ağardı.” (“Ənvarut-tənzil, Əsrarut-təvil”
c. 3, səh. 174)
Quran təfsirlərində qeyd olunan ayənin təfsirində oxşar sözlər çoxdur. Məsələn, Həzrəti Yaqubun
(ə) müsibətinin həddinin 70 oğlu ğlən ananın müsibəti həddində olması və Həzrəti
Yaquba 100 şəhidin savabı verilməsi (Hafiz Bəğəvi - “Məalimut-tənzil” c. 4, səh. 269), Yaqubun
(ə) Həzrəti Yusif üçün çox üzülüb ağlaması (Şövkani “Fəthul-Qədir” 709 )
Bütün bunlarla yanaşı daha bir məqam vardır. Təfsiri Qurtubi “Yusif”
surəsinin 84-cü ayəsindən Həzrəti Yaqubun (ə) ağlamasından danışarkən, deyir:
“Ağlamaq, kədərlənmək qadağan deyil ki. Qadağan olunan budur ki, insan kədər
ona üz verəndə paltarını cıra, hay-küy sala və bəyənilməyən sözlər deyə.” (“Təfsiri
Qutubi” c. 11, səh. 432 )
Qurtubinin sözünüqüvvətləndirən bir hədisi də nəzərinizə çatdıraq. Bu
hadisəni Tirmizi belə rəvayət edir: “Peyğəmbər (s) Əbdurrəhmanın əlindən tutub
onunla birlikdə İbrahimin yastığına yaxınlaşdı.Onu qucağına alıb dizinin üstünə
qoyaraq ağlamağa başladı. Əbdurrəhman: Siz ağlayırsız? Məgər siz bizə ağlamağı
qadağan etmədiniz? Peyğəmbər (s): Xeyr! Mən sizi iki dəstənin, günahkar axmaq və səfehlerin
ahu-fəğan və fəryad etməsindən çəkindirmişdim. Çünki onlar müsibət gördükdə,
üzlərini və yaxalarını cırır, şeytani nalələr edirlər.” (Tirmizi 4 c, s 226- cənaiz
kitabı).
Quran ayələri və həmin ayələrin təfsirinə əsasən gördük ki, Həzrəti
Yaqub (ə) 80 il oğlu Yusifə (ə) matəm saxladı. Deməli, əzadarlıq etməyin heç
bir eybi yoxdur. Çünki bu işi bütün insanlığa nümunə şəxslərdən biri olan Həzrəti
Yaqub (ə) etmişdir və Quran da onun
etdiyi bu əməli inkar etməmişdir. Əksinə onu bizə çatdırmaqla təsdiq
etmişdir. Həzrəti Yaqubun 80 illik matəminə iradınız varmı? Əgər yoxdursa
insanların matəm mərasimlərinə dil uzadaraq, onu din adına inkarçılıq mövqeyindən
çıxış etməyin.
Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder