Niyə hər il Aşura və Məhərrəmlik məclisləri qeyd olunur?
Bu sualı verənlər adətən Kərbəla hadisəsini iki şəxs arasında gedən savaş kimi anlayanlardır. Halbuki, bu inqilabı iki şəxs yox, iki dəyər, iki ideologiya, iki məntiqin toqquşması kimi təhlil etsəydilər məsələ aydınlığa qovuşardı. Yezid batil, Hüseyn isə haqq ideologiyanı təmsil edirdi. Yezid küfrü, Hüseyn (ə) isə haqqı, daha dəqiq ifadə ilə qeyd etsək, Yezid şeytan və onun düşüncə tərzini, Hüseyn (ə) isə ilahi dəyərlərin təmsilçisi idi. Elə buna görə də əminliklə deyə bilərik: “Kərbəla hadisəsi haqq ilə batilin savaşı idi.”
Deməli, Kərbəla hadisəsi ideologiyadır, məntiqdir. Ona
görə də deyirik: “Şəhid şəxs deyil, ideologiyadır, məntiqdir. Əsrlərdir Kərbəla
hadisəsinin yaşadılmasının da səbəbi məhz elə budur. Bütün müsəlmanlar ilahi
dəyərlərin cəm olduğu bu ülvi və pak ideologiyanın yaşadılaması naminə can və
malları ilə bu yolda səy göstərirlər.
Bu sadə məntiqi anladıqdan sonra, “niyə hələ də imam
Hüseynə (ə) əza saxlayırsız, bu mərasimləri qeyd edirsiz?” deyənlər görəsən
niyə və nəyə təəccüb edir? Məgər haqq və həqiqət unudulmalıdır? Məgər haqq və
ilahi dəyərlər müəyyən zamanla əlaqəlidir? Əlbəttə yox.
Kərbəla hadisəsi şəxslər arasında olan savaş, yaxud
İmam Hüseyn (ə) sadəcə bu savaşdakı bir fərd kimi analiz edildikdə əsla doğru nəticə
almaq mümkün olmayacaq. Həzrəti Hüseynin (ə) Yezidə buyurduğu sözə diqqət edin:
“Mənim kimisi sənin kimisinə beyət etməz.” Həzrəti
Hüseyn (ə) demir ki, mən sənə beyət etmirəm. Deyir: “Mənim kimisi.” Bu
cümlə özü bir daha bunu bəyan edir ki, imam Hüseyn (ə) bu savaşda fərd yox, bir
pak və ülvi ideologiyanın təmsilçisi olub. Bu cümlə, Qiyamətəcən açıq bir cümlədir. Yəni,
imam Hüseyn (ə) kimi pak və ülvi ideologiyanın təmsilçiləri heç zaman Yezid
kimi şeytani düşüncənin daşıyıcılarına beyət etməz.
Bu kimi sualları ünvanlayanlara biz də bu
qəbildən olan digər sualları ünvanlaya bilərik: Məsələn: “Niyə uzun illərdir
ki, “Xocalı”, “20 Yanvar” “31 Mart soyqırımı hər il təkrar-təkrar qeyd olunur?
Niyə hər il bu günlər rəsmi şəkildə matəm günləri elan edilir? Cavab eynidir:
“Çünki o şəhidlər, müqəddəs amal uğrunda özlərini fəda etmişlər.”
İmam Hüseyn (ə) və dostları da Kərbəla hadisəsində ən
müqəddəs işlərdən birini – Allah dinini qorumaq, hifz etmək – missiyasını
yerinə yetirdilər və bu yolda şəhidlik mərtəbəsinə ucaldılar. Elə bu səbəbdən
onlara hər il əza saxlanılır, həmin gün bütün müsəlmanlar tərəfindən əzəmətlə yad
edilir. Odur ki, bu növ suallar ünvanlayanlara biz də bu kimi
suallar verməklə, onları düşündürmək yolu ilə də həqiqəti onlar üçün aydınlada
bilərik.
Böyük
mütəfəkkir, şəhid Mütəhhərinin bu suala cavabı.
Sual: Niyə hələ də İmam Hüseynə (ə) əzadarlıq
edirik?
Cavab: Peyğəmbəri-Əkrəm (s) və pak imamların
zamanından dini öndərlər Hüseyn ibn Əlinin adının diri qalması və onun
müsibətinin hər il təzələnməsi barədə təkidlə göstəriş vermişlər. Niyə?
İslamda bu nə göstərişdir?! Niyə
imamlar mövzuya bu qədər əhəmiyyət verirdilər, niyə Hüseyn ibn Əlinin
ziyarətinə bu qədər rəğbət və istək vardır? Bu niyələrə diqqət olunmalıdır.
Bəziləri deyə bilər ki, həzrəti Zəhraya təsəlli olsun - deyə belə etmişlər. 1400 ildən sonra da həzrəti Zəhra
Zəhranın təsəlliyə ehtiyacı olması gülməli söz deyilmi? Halbuki, imam
Hüseynin özünün dediyinə və dinin zəruri hökmünə görə, imam Hüseyn (ə) şəhid
olduqdan sonra, Zəhra ilə bir yerdədir. Bu nə sözdür? Məgər həzrət Zəhra uşaqdır
ki, 1400 ildən sonra da baş-gözünə vura ağlaya və biz də gedib ona başsağlığı
verək? Elə dini xarab edən bu cür sözlərdir. Hüseyn (ə) İslamın əməli məktəbini
təsis etdi. O, İslam qiyamlarının əməli nümunəsidir. Onlar Hüseynin məktəbinin
yaşaması üçün və ildə bir dəfə Hüseynin (ə) öz şirin, uca və qəhrəmanlıq
doğuran sözləri ilə zühur etməsi xatirinə bu hadisənin yaşamasını istəyir və
ona israr edirdilər. İstəyirdilər ki, Hüseyn (ə) fəryad edərək desin: “Haqqa
əməl olunmadığını, batil şeylərin inkar edilmədiyini görmürsünüzmü? Belə bir
halda mömin həqiqi olaraq Allahın görüşünə can atmalıdır.”
Onlar istəyirdilər ki, “Ölüm biabırçı həyatdan
yaxşıdır” şüarı həmişə diri qalsın. İstəyirdilər ki, “Səadəti ölümdə, biabırçılığı
isə zalımlarla birgə yaşamaqda görürəm” şüarı həmişə diri qalsın. İstəyirdilər
ki, Hüseynin başqa sözləri:
“Ölüm, Adəm övladına boyunbağı qızın boynuna
biçilən kimi biçilmişdir.”
“Zillət bizdən uzaqdır” və bu kimi başqa sözləri diri
qalsın. İstəyirdilər ki, Hüseyn (ə) özü və ailəsi tərəfdən olan çətinliklərinə
baxmayaraq 30 min nəfərin qarşısında dünyanın görmədiyi bir mərdliklə dayanaraq
bunları söyləsin. İstəyirdilər ki, Hüseyn məktəbi, təlim-tərbiyəsi diri qalsın,
onun ruhundan bir şölə bu ümmətin ruhuna hoparaq parlasın. Bu istəyin fəlsəfəsi
də çox aydındır.
(Şəhid Mütəhhəri, “İmam Hüseyn qəhrəmanlığı”, səh.
26-27-28)
Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder