Vəsiyyətlə bağlı ümumi məsələlər - Maddi və mənəvi vəsiyyətlər


Hər bir müsəlmanın vəfatından öncə vəsiyyətnamə yazması lazımdır. Bu vəsiyyətnamədə bir sıra məsələlər qeyd oluna bilər. Xüsusən üzərində başqasına aid olan hər hansı bir haqq və əmanət olam kimsə bu mövzuda daha həssas olmalıdır. İnsan ölümün onu nə zaman haqladığını bilə bilməz. Odur ki, qəfil ölüm gəldiyində həmin şəxsin vəfatından sonra əmanət yaxud borc alınan pul və bu qəbildən olan digər şeylər sahibinə çatdırılmalıdır. Həmçinin ona vacib olan lakin yerinə yetirmədiyi bəzi vacib əməlləri də qeyd edə bilər ki, onun varisləri şəriətdə göstərildiyi kimi onun yerinə yetirsinlər. Vəsiyyət edən həmçinin özü ilə bağlı, məsələn məzarı, yaxud kəfəni yaxud başdaşında yazılacaq hər hansı bir söz və sair bu kimi detalları da vəsiyyətnamaədə yaza bilər. Bu vəsiyyətnamənin xüsusi bir yazılma şəkli yoxdur. Hər kəs öz istedadına müvafiq olaraq bunları edə bilər. Yeganə şərt budur ki, vəsiyyətnamədə dinin təməl qaydalarına, şəriət və həmin məntəqənin yaxşı adətlərinə zidd yaxud yenilik sayılmayacaq şeylər olmasın.
Quran buyurur: “Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir.” (“Bəqərə” surəsi, 180)
“Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən (müsəlman) olmayan iki nəfəri şahid tutun. Əgər (bu qeyri-müsəlman şahidlərin doğruluğuna) şübhə etsəniz, namazdan (əsr, ikindi namazından) sonra hər ikisini tutub saxlayın və onları: Andımızı qohumlarımıza belə heç bir qiymətə satmarıq (qohumlarımızın lehinə belə yalandan şəhadət vermərik) və Allahın şahidliyini gizlətmərik. Yoxsa, şübhəsiz ki, günahkarlardan olarıq, - deyə Allaha and içdirin!” (“Maidə” surəsi, 106)
Hədislərdə “Vəsiyyət hər bir müsəlmanın üzərinə düşən haqdır” deyə buyurulmaqdadır.
Sağlığında vəsiyyət etməyi unudana yaxud səhlənkarlıq edənə ölüm anında son dəfə imkan verilir. Hədisdə buyrulur: “Allah ölüm döşəyində olan hər insana vəsiyət etməsi üçün eşitmə, görmə və ağıl gücü verər. Ancaq vəsiyyət edib etməmək həmin şəxsin öz ixtiyarındadır. Bu ölüm rahatlığıdır. O, zaman vəsiyət etmək hər bir müsəlmanın üzərinə düşən haqdır.”
Allahın Rəsulu (s) buyurur: “Vəsiyyət etmək - hər bir müsəlmanın vəzifəsidir”.
Digər hədisdə buyurur: “O kəs ki, vəsiyyət yazmadan ölərsə, dünyadan nadan getmiş deməkdir”.
Həzrət Əli (ə) buyurur: “ Hər hansı kimsə varislərinə haqsızlıq etmədən və zərər vermədən (malının bir hissəsinin Allah yolunda verilməsini) vəsiyət edərsə, eyni ilə həyatda ikən malını (Allah yolunda) sədəqə vermiş şəxs kimi savab qazanar. (“Əl-Vəsail” c. 2, Əbvabul-İhtizar, bölmə 30, hədis: 2)
Vəsiyyət edən vəsiyyəti sağlıqlı zamanında yazmalıdır. Çünki, ölümün nə zaman gəlməsi naməlumdur. Bu mövzuya işarə edən ayədə buyrulur: “Artıq nə bir vəsiyyət etməyə iqtidarları çatar, nə də ailələrinin yanına qayıda bilərlər”. (“Yasin”, surəsi, 50).

Bəzən biri öldükdən sonra varisləri onun vəsiyyətini dəyişdirir. Bu cür əməl yolverilməzdir və İslam baxımından da günahı vardır. (“Bəqərə” surəsi, 186)
Vəsiyyət mövzusu təkcə yazmaql deyildir. Vəsiyyət başqasına söz formasında da deyilə bilər yaxud kimsə bir məsələni öz yaxın bildiyinə vəsiyyət edə bilər. Həmin şəxs vəsiyyəti olduğu kimi çatdırmağa borcludur.
Vəsiyyətə mal-mülk bölgüsündən başqa mənəvi mövzular da daxil ola bilər. Bu mövzuda Həzrət Yaqub (ə) və Həzrət İbrahim (ə) bizə nümunədir: “İbrahim və (sonra da) Yaqub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib, hər biri dedi: “Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz”. (“Bəqərə”, 132)
Həmçinin Loğman (ə) öz oğluna vəsiyyətində bir sıra mənəvi məsələləri tapşırır: “Loğman öz oğluna etdiyi öyüd-nəsihətində Allaha şərik qoşmamağı (Loğman, 13), namaz qılmağı (Loğman, 17), həm də yaxşı işlər görməyi (Loğman, 17), adamlardan təkəbbürlü üz döndərməməyi və yer üzündə lovğa-lovğa dolanmamağı (Loğman, 18), yerişində müvazinət gözləməyi (Loğman, 19), danışanda səsini qaldırmamağı (Loğman, 19) ədəb-ərkan qaydalarını gözləməyi əmr edir.
Bu mövzuda daha bir nümunə Həzrət Rəsulullahdır (s). Beləki o həzrət “Vida” həccində müsəlmanlar qarşısında çıxış edərək bir sıra mühüm mövzulara işarə etmiş və ümumi şəkildə müsəlmanlara vəsiyyət etmişdir.
Vəsiyyətin icrasına şəxsin vəfatından sonra başlanılmalıdır. 

Mahir Şəkərov - İlahiyyatçı araşdırmaçı. 






Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)