Baxışımız düzəlməsə. (Şeytan izinə ayaq qoyanlar)


Bir gün İsa (ə) öz həvariləri ilə yol gedərkən, ölmüş bir it cəsədi ilə rastlaşırlar. Həvarilərdən bəziləri  ölmüş  itin cəsədinin üfünətli qoxusundan, bəziləri onun  xəstəlik mənbəyi olmasından və bu kimi  iradları bildirərkən, Həzrət İsa (ə) buyurur: “Onun nə gözəl dişləri vardır.”
Həvarilər bu sözü eşidəndə bir anlıq fikrə dalır və etdikləri səhvin fərqinə varırlar. Onlar anlayırlar ki, bu mənzərə qarşısında onlar imtahan olundular...
Bu ibrətamiz hadisə ilə sözümüzə başlamağımız heç də əbəs deyildir. Bəli hamı görən gözə malikdir, hamı baxır, görür...  Maraqlıdır görəsən biz, Allahın “gör” dediyi yerdən görür və Allahın “bax” dediyi yerdən baxırıq?!
Bir hadisə ilə qarşılaşdıqda hansı mövqeni nümayiş etdiririk? Görəsən hadisələr qarşısında baxışlarımız Allah deyəni edir ya nəfsimiz istəyəni?!
Bu məsələ olduqca mühum məsələdir. Əgər insan özü bu məsələ haqqında düşünüb, özünü islah etməsə hətta həvarilər kimi, daim İsanın (ə) ətrafında olsa da  bu məsələni tam şəkildə həll etmir.
Digər bir nümunəni əziz İslam peyğəmbərimizdən (s) çəkmək istəyirəm. “Bir gün Allah Rəsulu (s) qoyun kəsdi. Bir neçə səhabə də o həzrətin ətafında var idi.  Allah Rəsulu (s) qoyunun ətini hissələrə  ayırır  və ayırdıqca da fəqirlərə göndərirdi. Sonda qoyunun bir budu qaldı. Bəzi səhabələr dedilər: Ey Allahın Rəsulu (s) bizə qalan təkcə budu oldu?
Allah Rəsulu (s) buyurdu: Təkcə budu bizə qalmadı. Budundan başqa bütün hissələri bizə qaldı.”
Çox düşündürücüdür elə deyilmi? Bəziləri  verilən ətin əlindən çıxdığını, yerdə qalanın isə ona qaldığını düşünərkən, Allah Rəsulu (s) bunun  tamamilə əksini onlara bəyan  edir və məsələyə ilahi baxışla baxmağı tövsiyə edir.
Yaşadığımız dünyada baş verən bütün hadisələr zamanı bu ilahi baxış əvəzsiz  rola  malikdir. Əgər baxışımızı düzəltməsək onda, bizdə başqa bir ruhi xəstəlik yaranacaq  -  “EYİB  AXTARMAQ...”
Bu xəstəliyin yaranma səbəblərindən biri də budur ki, biz həmin şəxsdə eyib və nöqsan axtarmaq fikrinə düşdüyümüzdən, baxışımız tamamilə ilahi baxışın əksinədir. Biz artıq “görmək istədiyimizi görürük”  və qarşı tərəfi nəyin bahasına olursa olsun, o cür görür və o cür təqdim etməyə başlayırıq. Baxışımızın bu formada inkişaf etməsi bizdə daha bir mənfi xüsusiyyəti yaradır  - “BƏHANƏ.”
  İnsan bəzən etdiyi pis əməllərə bəhanə axtarır.Və bu bəhanə axtarmaq onu yenidən əvvəlki səhvini təkrar etməyə vadar edir. Çox maraqlıdır ki, bəzən insan, etdiyi əməllərə ilahi baxışla baxmaq yerinə, öz nəfsinin  “bax” dediyi yerdən baxır və nəticədə insanı günah bataqlığına sürükləyən, xoşagəlməz mənzərələr meydana gəlir. Bəzən insan özünə haqq qazandırmaq üçün istənilən bəhanə və yollara əl atır və bundan çəkinmir də. Təki özünü pak göstərsin, hətta bu paklıq başqalarını ləkələmək yolu ilə də olsa. Amma deyəsən unudurlar ki, başqasına palçıq atanların, ilk öz  əli bulaşır. Məsələ barəsində  bir iki misal çəkmək yerinə düşərdi. Bir nəfərə “namaz qıl”, “yaxşı işlər gör” və bu kimi yaxşı xüsusiyyətləri tövsiyə edərkən, həmin işləri etməmək, və bu işləri boynundan atmaq üçün tez bəhanəyə əl atırlar və deyirlər: “filankəs də namaz qılandır, o da dindardır amma gör nə oyun çıxardır?!”  Bu sözlər zahirən düz sözlər olsa da, dediyi şəxslər o işlərin yiyələri olsalarda bu bəhanədən başqa bir şey deyildir. Maraqlıdır niyə ancaq onda olan mənfi xüsusiyyəti görür? Niyə ancaq özünə bu kimi şəxsləri nümunə seçir? Nümunə üçün Quranın buyurduğu ən gözəl əxlaq sahibi (“Qələm” surəsi, 4), ən gözəl nümunə Həzrət Muhəmmədi (s) (“Əhzab” surəsi, 21) seçmək daha məntiqli deyilmi?!
Deməli qarşı tərəfə nə nümunə və nə də o nümunəvi  şəxsin əməl və hərəkətləri lazım deyildir. Odur ki, o “bəhanə” metodunu seçir və hadisəyə baxarkən, o prizmadan yanaşır. Əks halda görünən kəndə nə bələdçi?!...
Hadisəyə olan baxışımız  düz olmasa daha bir mənfi xüsusiyyət sorağımıza gələr – “TƏKƏBBÜR.”
Bu növ işlər əslində şeytanın etdiyi işlərdir.  “Adəmə səcdə et” əmrinin qarşısında, o da dediyimiz eyni yolları istifadə etdi. Diqqət edin!
Allah şeytana səcdə əmri verdikdə  o, bu mənzərə qarşısında imtahandan keçə bilmədi. (“Bəqərə” surəsi, 34) 
Məsələyə ilahi baxışla baxmadı, öz istəyi ilə baxdı. Bu səbəb oldu ki, eyib axtarmaq xüsusiyyəti onda baş qaldırdı  və:
“Allah dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?” (“Hicr” surəsi, 32)
İblis dedi: “Sənin, başqa şəkilə düşmüş qara palçıqdan, toxunduqda isə saxsı kimi səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz.” (“Hicr” surəsi,  33)
Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin” – dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu. (“Bəqərə” surəsi, 34)
Bu ilahi kəlamları bir neçə cümlə ilə yenidən izah edim. Əziz müsəlmanlar! Çox diqqət etmək lazımdır. Şeytana  “Adəmə səcdə et” deyildikdə o bu əmrin ilahi əmr olmasına baxmayaraq məsələyə öz nəfsi ilə cavab verir. Etdiyi əməlin pisliyinə tövbə edib peşiman olmaq əvəzinə isə, Hz Adəmdə eyib axtarmaq (bu şeytanın baxışı idi. Halbuki bunlar eyib deyildir) fikrinə düşür. Və Quran buyuran kimi sonda təkəbbür günahına da mürtəkib olur. Bu etdiyi günahlar səbəb olur ki, Həzrət Adəmdə olan üstün keyfiyyətləri görə bilmir. Hətta iş o həddə çata bilir ki, Allahın da etdiyi xəbərdarlığı və dediyi:   “Allah dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyinə nə mane oldu? Təkəbbürlük göstərdin yoxsa doğurdanda üstünlərdənsən?!”  (“Sad” surəsi, 75) sözü belə eşitmir və Allahın müqabilində yenidən təkəbbürlüyünü nümayiş etdirir və səcdə etməməyinə səbəb isə bu bəhanəni gətirir:  “Dedi: Mən ondan daha yaxşıyam. Çünki mən oddan, onu isə gildən yaratmısan. (od gildən daha yaxşıdır)”  (“Sad” surəsi, 76)
Allah isə bu bəhanəni rədd edir və onu dərgahından  qovaraq ona əbədiyyən lənət göndərir və onu Cəhənnəm əzabı ilə müjdələyir. (Daha ətraflı bax:  “Sad” surəsi,  77-78-79-80-81-82-83-84-85)
 Çox təəccüblüdür çox...   Şeytana lənət göndrən bizlər bu hadisələrdən ibrət dərsi alırıqmı?  Yoxsa “Mən nə etmişəm ki” deyərək bəhanələr içində qərq olmuşuq?  Şeytanın bir  məsələ qarşısındakı baxışı onun bütün həyatını alt- üst etdi. Hz Əli (ə) şeytanın başına gələnlərdən dərs almağımız üçün sanki fəryad edir: “Ey insanlar! Şeytanın başına gələnlərdən ibrət götürün. Çünki o, 6 min il Allaha ibadət etdi.” 
Elə isə niyə ibrət götürmürük?  Bu fani dünyanın aldadıcı həvəsləri hələ çoxmu bizi özünə bağlayacaq?
Gəlin hadisələrə qarşı baxışımızı düzəldək. Eyib axtaran olmayaq. Bir alimdən götürə biləcəyimiz ibrətlər, olduğu halda onda var olan (bəlkə ona görə peşimançılıq belə çəkdiyi ) əməlləri özümüzə bəraət qazandırmaq üçün sui-istifadə etməyək. Və beləliklə də düşmənin dəyirmanına su tökən nadan və cahillərdən (düşmən  muzdurlarından) olmayaq. Mömin eyib axtaran olmaz. Bir mübarək hədisdə Allah Rəsulu (s) buyurur: “Canım qüdrət  əlində olan Allaha and olsun ki, mömin, təmiz yeyən, olduğu yeri dağıdıb tökməyən bal arısı kimidir. Eyib axtaran və paxıl şəxs isə sağlam yerlərdə deyil, həmişə yara-xoranın üstündə olur.”
Düz deyiblər: “ Milçək özü bir şey olmasa da ürək bulandırır.”
QEYD: Kimsə sizə eyiblərinizi deyirsə ondan qorxmayın. Eybinizi sizə deməyən və onu sizdən gizlədənlərdən qorxun. Bu Həzrət Əlinin (ə) sözüdür. O həzrət buyurur: “Kim sənin eybini üzünə desə, dalınca sənin abrını qoruyar. Kim eyiblərini sənə deməkdə ehtiyat edib çəkinsə, arxanca sənin eybini deyər.”
Mahir Şəkərov – İlahiyytaçı araşdırmaçı.


Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)