Peyğəmbər (s) mövluduna bidət deyənlərə “Buxari” və “Muslim”dən bayram sürprizi


Peyğəmbər (s) mövludu əhli sünnə mənbələrində


Rəsulullahdan (s) həftənin birinci (bazar ertəsi) günü oruc tutması və bunun səbəbi soruşulduqda; “Mən bu gün anadan olmuşam” deyə cavab vermişdir. Peyğəmbərin (s) dünyaya gəlişi münasibətilə babası Əbdulmüttəlib dəvələr, inəklər kəsib xalqa yedirtməsini oğlu Əbu Talibə əmr etmişdir.
Peyğəmbərin (s) əmisi Əbu Ləhəb onun düyaya gəldikdə bu müjdəni kənizi Süveybə ona çatdırmışdır. Əbu Ləhəb bu gözəl xəbəri Süveybədən eşidincə onu azad etmişdir. Tarixin yazdığına görə Süveybə də Allah Rəsulunun süd analarından bir olmuşdur.
Daha sonra Əbu Ləhəb peyğəmbərlə (s) düşmənçlik mövqeyində durmuşdur. Əbu Ləhəb öldükdən sonra Hz. Abbas onu yuxusunda görmüş və Əbu Ləhəb peyğəmbərə (s) xatir etdiyi həmin əmələ görə əzabının yüngülləşdiyini etiraf etmişdir. Həmin rəvayəti təfərrüatı ilə bir çox əhli sünnə və şiə mənbələri qeyd etmişlər.
Əhli sünnə alimi Qəstəlani “Məvahibul-Ləduniyyə bil minəhil Muhəmmədiyyə” əsərində yazır: “Əbu Ləhəbin kənizi Suveybə peyğəmbərə (s) süd verdi. Elə ki, Əbu Ləhəbə peyğəmbərin (s) dünyaya gəliş xəbərini verdilər. Bu xəbərini eşidən Əbu Ləhəb sevincindən kənizini azad etdi.
Əbu Ləhəbi ölümündən sonra yuxuda gördülər ondan soruşuldu: “Halın necədir?”
Dedi: Mən Cəhənnəmdəyəm, sadəcə bazar ertəsi əzabım yüngülləşir. Həmin bazar ertəsi ki, peyğəmbərin (s) dünyaya gəlişinə xatir kənizimi azad edib peyğəmbərə süd verməsi üçün göndərdim. Barmaqlarımın arasında su gəlir və mən onu sovururam (içirəm).
Əhli-sünnə alimlərindən olan Əllamə Şəmsuddin Cəzəri Şafei deyir: Kafir olan Əbu Ləhəb ki, Quran onu məzəmmət edir peyğəmbərin (s) sevinc günü sevindiyinə görə Allah onunla belə müamilə edirsə gör peyğəmbərin mövludu günü sevinən xoş hal olan, onun mövluduna xatir ehsan edən, yemək verən müsəlmanlarla Allah necə rəftat edər? Canıma, ömrümə and olsun ki, Allah öz fəzl və kərəmi ilə onları Nəim Cənnətinə daxil edər. (Qəstəlani Məvahibul-Ləduniyyə bil minəhil Muhəmmədiyyə” c. 1 Araşdırma: Saleh Əhməd Əş-Şami. Çap: Beyrut, Dəməşq, Omman; Buxari, hədis: 5101)
Peyğəmbərdən (s) bazar ertəsi günü tutulan oruc haqda sual olundu. Buyurdu: O gün mənim mövludum – doğum günümdür və mən o gün gün peyğəmbərliyə məbus olundum. (Səhih Muslim. Çap: Səudiyyə Ərəbistan. Hədis: 197) 
Burada diqqət ediləcək bir məqam vardır. Qurani-Kərim bizə xəbər verir ki, Həzrət İsanın (ə) həvariləri ondan möcüzə istədikdə səmadan yemək dolu süfrə nazil oldu: “Məryəm oğlu İsa dedi: “İlahi! Ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!” (“Maidə” surəsi, 114)
Quran Həzrət İsanın (ə) həvarilərinə süfrənin nazil olmasını bayram olaraq qeyd etmişdir. Sual yaranır ki: “Bir süfrənin nazil olması bayram ola bilər lakin Həzrəti Muhəmmdəin (s) dünyaya gəlişi bayram ola bilməz? Başqa sözlə sadəcə cismani ehtiyacı ödəyən bir süfrənin gəlişini bayram etmək olursa, ilahi vəhy ilə şərəfləndirilən, bəşəri zülmətdən nura çıxaran bir peyğəmbərin (s) dünyaya gəlişi bayram olmazmı? Peyğəmbər (s) üstündür ya bir süfrə? Peyğəmbərə (s) bir süfrə qədər də ehtiram qoymursunuz?
Mövlud mərasimləri Allah Rəsuluna (s) qarşı olan sevgi və məhəbbətdən qaynaqlanır. Məgər Quran özü bunu bizə əmr etmir? (“Şura” surəsi, 23)
Mövlud mərasimləri peyğəmbərə hörmət və təzimdir.
Asim Köksal “İslam tarixi” kitabında mövlud barədə yazır: “İslam dünyasında mövlud mərasimi ilk dəfə, Misirdə hökm sürən Fatimilər (910-1171) tərəfindən tərtiblənmişdir. Bu mərasimlər saraya aid olub, yalnız dövlət ərkanı arasında cərəyan etməkdə idi. Fatimilər, Hz. Əli (r) və Fatimənin (r) doğum günlərində də mövlud mərasimləri tərtib edərdilər.
Sünni müsəlmanlarda ilk mövlud mərasimi, Hicri 604-cü ildə, Səlahəddin Əyyubinin qayını və Ərbil Atabəyi Məlik Muzəffəruddun Gökbörü tərəfindən tertiblənmişdir.Uzun hazırlıqlarla təşkil edilən mərasimlər, bütün xalqı əhatə edən bir şəkildə təşkil edilərdi. Muzəffəruddin, ətraf bölgələrdən fəqih, sufi, vaiz və digər alimləri Ərbilə çağırar və tədbirlər çox dəbdəbəli bir şəkildə cərəyan edərdi.
Daha sonra, dəyişikliyə uğrayaraq, Məkkədə də mövlud mərasimləri tərtib olunmağa başlanmışdır. Məkkə və Mədinədən sonra mövlud mərasimləri, İslam coğrafiyasının hər tərəfində bir-birindən fərqli şəkillərdə tərtib olunmağa başlanmış və bu, bu günə qədər davamlılığını qorumuşdur.
Osmanlılar tərəfindən mövlud, ilk dəfə III. Murad zamanında, 1588-ci ildə rəsmi hala gətirildi. Mərasimlər, müəyyən olunmuş təşrifat qaydalarına uyğun olaraq sarayda tərtiblənir, bundan başqa, əvvəllər Ayasofya Camisində, sonralar isə Sultan Əhməd Camisində edilən mərasimlərə, dövlət ərkanıyla birlikdə xalq da qatılardı.
Bu mərasimlərdə, əvvəl müəzzin tərəfindən Quran-ı Kərim oxumaq, bunun arxasından də vəzlər (xütbə) verilirdi. Daha sonra mövludxân (mövlud oxuyan) kürsüyə çıxır və bir bölüm oxuduqdan sonra enər hədiyyəsini alır və ikinci mövludxan kürsüyə çıxaraq, oxumağa davam edər və müəyyən qaydalar çərçivəsində mövlud təbrikləri sona çatırdı.” (Asim Köksal, İslam tarixi)

İmam Suyuti, mövzuyla əlaqədar olaraq danışanda bunu bidət deyil, gözəl bidət adlandırmış və bu işin savab olmasını qeyd etmişdir:
“İnsanların peyğəmbər mövludu üçün toplanıb Quran oxumaları, Həzrət Peyğəmbərin (s) dünyaya gəlişi ilə əlaqədar xəbərləri, alimlərin həyat və rəftarlarını səsləndirmələri, bu münasibətlə yemək məclisi tərtib etmələri bidə-yi həsənə / gözəl bir bidətdir. Çünki, bu yığıncaqlarda Həzrət Muhəmmədə (s) qarşı böyük bir təzim, bir sayğı, onun dünyaya təşrifindən dolayı böyük bir sevinc mövcuddur. Bu isə, sahibinə böyük bir savab qazandırar.” (Bax: Suyuti, “əl-Havi lil-fətavi,” c. 1 səh. 272).

Şeyx Muhamməd bin Saleh əl-Useyminin mövlud mərasimi ilə bağlı insafsızlığı.
Müasir sələfi-vəhhabi alimlərindən olan Şeyx Useymin öz kitabında mövludla bağlı böyük bir insafsızlığa yol vermişdir.
Şeyx Useyminə sözügedən kitabda “peyğəmbərin (s) mövludunu qeyd etmək olarmı?” sualına belə cavab vermişdir: “Kim deyir ki, peyğəmbərin doğum günü məlumdur? Peyğəmbərin (s) dünyay gəliş günü bizə məlum deyildir. Bəzi müasir tədqiqatçılar onu Rəbiul-Əvvəl ayının 19-na təsadüf etdiyini qeyd edirlər. Bu mövzuda şəri dəlil yoxdur, olsaydı peyğəmbər (s) yerinə yetirərdi...” (“Məcmu Fətəva və Rəsəil Fəxilətuş-Şeyx Muhamməd bin Saleh əl-Useymin”, c. 2, səh. 297)
Burada maraqlı bir məqam da daha vardır. Bildiyiniz kimi sələfi-vəhhabilər Əbdul-Vəhhabın doğum həftəsini bayram edirlər. Eyni kitabın 351-ci sualında mövzu ilə bağlı sual verilib ki, mətni belədir: “Əbdul-Vəhhab üçün qeyd olunan mövlud mərasimi ilə peyğəmbər (s) mövludu arasında nə fərq vardır ki, birini icazəli, birini bidət hesab edirsiniz?”
Cavab: “Anladığım qədər bunlar arasında iki fərq vardır: 1. Camaat Əbdul-Vəhhab üçün mövlud mərasimini Allaha yaxınlaşmaq məqsədi ilə qeyd etmir. 2. Bu həftədə Əbdul-Vəhhab barədə olan şübhə və iradlara cavab verilir.”
Gördüyünüz kimi, Əbdul-Vəhhab üçün bir həftə boyunca mövlud keçirən sələfilər Allah Rəsulu (s) üçün bunu rəva bilmir və buna yersiz olaraq bidət adını verirlər. Lakin biz yuxarıda Buxarı və Müslimdə yer alan rəvayətlərdəb bu işin fəzilət və savabının şahidi olduq.

Mahir Şəkərov – İlahiyyatçı-araşdırmaçı.



Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)