Peyğəmbəri (s) və Mehdini (ə.f) söyüşlə müdafiə edən “müsəlmanlar”, “dindarlar”...


Bu yazı  nə verlişi nə jurnalisti nə də oradakı qonaqları müdafiə xarakteri daşımır.
Hey dedim yazmayım. Düzələr, düzələr deyib özümə təsəlli verdim. Bəzən nadandırlar, bilmirlər deyə düşündüm. Bəzən isə...
Kimsə elə düşünər ki, yəqin ətrafımızda baş verən hadisələrin həssaslığındandır ki, bəzi dar düşüncəli “müsəlmanlar” söyüş söyür. Mən bunu da düşündüm. Və bir gün...
Bir gün şahidi olduğum hadisədə bu düşüncəmdə də yanıldığımı göstərdi.
UEFA Çempionlar Liqası “Qarabağ”- “Çelsi” matçında Referi matçın 19-cu dəqiqəsində “Qarabağ”ın cərimə meydançası daxilində mübahisəli epizodda “Çelsi”nin hücumçusu Villiana qarşı kobud oyuna görə kapitan Rəşad Sadıqova qırmızı vərəqə göstərildi. Monitor arxasından şirə dönən və müsəlmançılıq iddiasında olanlar sosial şəbəkədə hakim barəsində və ictimai yerlərdə ağızların açıb gözlərin bağladılar. Söyüş, təhqir kim necə istədi yazdı, yazdı və yazdı...
Nadan və cahillərin söyüş söyməsi də normal olmasa belə, bu ən azı özünə dindar və müsəlmana deyən şəxslərə heç, amma heç yaraşmadı və olduqca eybəcər bir mənzərə yarandı. Bu mənzərənin üfünətli qoxusu elə yayılırdı ki...
İndi deyəcəksiniz ki, gör neçə müddət keçib indimi yadına düşüb bunlar?!
Yox, yox, tələsməyin, sözümün əmması var...
Son günlərdə Apa televiziyasının “Yaşıl Orta” verlişində Həzrət Mehdi (ə.f), müqəddəslik və sair mövzular barədə müzakirələr getdi. Verlişdə səsləndirilən fikirlər təbii ki birmənalı qarşılanmadı. “Həzrət Mehdi (ə.f) gəlməyəcək” “Quran müqəddəs deyil” və bu kimi iddiaları qəbul etməyən bəziləri fikirlərini elmi cavab, yazı, video və sair vasitələrlə deyil yenə də etik normalara sığmayan söyüş və ədəbsizliklə cavab verdilər.
Növbəti verlişdə isə “Həzrət Mehdi (ə.f) gələcək”, “Quran müqəddəsdir” iddiasını təsdiqləyənlər çıxış etdi və fikirlərini elmi dəlillərlə ortaya qoydular. Bəs nəticə?
Nəticə sıfıra bərabərdir. Əxlaq cəhətdən, ədəb baxımından...
Diqqət edin, Elşad Miri də çıxqdıqda, Elşad Mirinin söylədiyini rədd edənlər də verlişə çıxdıqda söyüşlər göydə uçuşur...
Hər iki tərəfi də qeyd etdim ki, heç kim özünü paklığa çıxarıb digərinə ağız büzməsin. Təəssüf ki, bəziləri söyüş söyməkdə eyni yolun yolçusudur. Burada söyüşün muxatəbinə çevrilən üçüncü bir tərəf də var. Bilirsiz kim? Bir qadın, bir aparıcı, bir ana...
Ağzına yiyəlik edə bilməyən nadan kütlə bir-birlərinin ünvanına yağdırdıqları söyüşlər azmış kimi hələ utanmadan verliş aparıcısını da təhqir edib söyürlər. Bu azğın dəstə daha da irəli gedərək ictimai yerdə jurnalistin ailəsinə ölüm arzu edir, təhqir yağdırır. Bilirsiz niyə belə edir? Guya, deyilənlərə görə bu söyüşlə din, İslam müdafiə edirmiş...
Bu necə din müdafiəsidir əcaba? Görəsən peyğəmbər (s) bizə belə bir təbliğ metodu irs qoyub? Yaxud ey Quranilər Quranda varmı bu təhqir və söyüşlər? Bəlkə Həzrət Mehdi (ə.f) bunu sizdən istəyir? Kim?! Kim?! Kim?!
Kiməsə söyəndə, ona gəlinlik paltarı geydirəndə nə olacaq ki? Bu axı sizin acizliyinizi göstərir. Fərqindəsinizmi?
Bəli, biz müəyyən fikirlərlə razılaşmaya qəbul etməyə bilərik. Bu olduqca təbiidir. Yaxşı olmaz ki kimisə söymək yerinə özümüzə zəhmət verib elmi şəkildə, ədəblə cavablandıraq?
Sizə bir söz deyim. Yox qoy qalsın. Bir ayə deyim əvəzinə. Quran ki, hamının qəbul etdiyi ortaq, müqəddəs bir kitabdır. Dəlilimiz də bu müqəddəs kitabdan olsun. Allah müsəlmanlara kafir və bütpərəstlərin özlərinə ilah seçdikləri taxta və daşdan yonulan heykəlləri söyməyi qadağan edir: “Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər...” (“Ənam” surəsi, 108)
Bizim dinimiz baxın bu dindir. Kafir belə olsa ona müqəddəs olan taxta heykəli belə təhqir və söyməməyi tövsiyə edir. Səbəbi də ayədə qeyd olunub. Çünki o batil belə olsa, sənin haqq bildiyini təhqir edər. Çünki nadandır, anlamır. Anlasa zatən daşa taxtaya deyil Yaradan itaət edərdi.
Bu ayə bu gün müsəlmanlar arasında məzlumdur. Bu ayənin muxatəbləri olan “müsəlmanlar” nəinki cansız əşyanı, müqəddəs dəyərləri, insanları utanmadan ictimai yerlərdə söyür, təhqir edir. Amma unudur ki, peyğəmbər (s) buyurub: “Söyüş söyən kimi həyasız yoxdur.”

Söyüş söyən “müsəlmanlar” əgər müsəlmandılarsa, onda bu dinin ana qaynağı olan müqəddəs Qurani-Kərimi özlərinə öndər bilsinlər. Əks halda peyğəmbərin (s) buyurduğu həyasızlar sinfinə daxil olacaqlar.

Mahir Şəkərov – İlahiyyatçı-araşdırmaçı.





Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)