Həzrət Adəm (ə) xəta edib deyənlərə Qurandan iki dəlil


Məsumluq mövzusunda Həzrət Adəmi istisna edib, onun xəta edə bilmə ehtimalını irəli sürənlərə cavab.
Məsumluq mövzusunda ən yaxşı dəlillərdən biri də “Qələm” surəsi 4-cü ayə hesab olunur. Peyğəmbərin (s) günah əhli olmadığına ən aydın dəlillərdən biri də budur. Bu ayədəki bütün kəlimələrin təkid olduğunu söyləyən bəzi müfəssirlər də vardır.
Qələm surəsi 4: “Həqiqətən sən ən böyük əxlaq üzərindəsən”
İndi haqlı olaraq sual yaranır ki, Həzrət Adəm (ə) və digər peyğəmbərlər ən üstün əxlaq sahibi deyil? Ümumiyyətlə peyğəmbərlərin hər biri öz zəmanələrinin ən üstün əxlaq sahibi deyillərmi? Kim peyğəmbərləri əxlaqsızlıqda ittiham edə bilər? Əlbəttə heç kim. Elə isə növbəti sualı veririk: Bütün peyğəmbərlər ən üstün əxlaqa sahib olduqları halda necə ola bilər ki biz birinə “O, üstün əxlaq sahibidir, məsumdur” deyib, digərinə isə müəyyən xətalar nisbət veririk?
Deməli “Qələm” surəsi 4-cü ayədən çıxış edib digər peyğəmbərlərin də ən üstün əxlaqa sahib olmalarını görə bilərik.  Ümumiyyətlə kim idia edib ya edə bilər ki digər peyğəmbərlər ən üstün əxlaqa sahib deyildilər?
Məsələni bir qədər də fərqli təqdim edək. Fərz edək ki, sözügedən ayə Quranda yoxdur. O ayə olmasaydı məsumluq mövzusu isbat oluna bilməzdimi? Yəni, məsumluq mövzusunun isbatı üçün mütləq bu ayə gəlməlidir ki biz tam yəqin tapaq? Sözümün canı budur ki, Adəm (ə) və digər peyğəmbərlər barədə “Qələm” 4-də gəldiyi kimi ayə gəlməsə bu peyğəmbərləri sual altna aparmaq lazımdır? Axı bu qənaətə haradan və necə gəlirsiniz?
Peyğəmbərə və məsuma itaətdə istisna yoxdur.
Quran bizə dəfələrlə əmr edir ki Peyğəmbərə (s) qeyd şərtsiz itaət edək.( Bax: Nisa, 13-14-69-80, Nur, 54, Həşr, 7 və s.) Əgər Peyğəmbər (s) günah əhlidirsə niyə Allah heç bir qeyd və şərt olmadan bizə birbaşa Peyğəmbərə (s) itaət göstərməyi əmr edir? Hətta itaət etməyənləri alçaldıcı əzabla təhdid edir. (Nisa, 14) Digər ayədə isə Peyğəmbərə (s) itaəti Allaha itaətə bərabər tutur.  (Nisa, 69)
Əgər Peyğəmbərin (s) zərrə qədər günahı olsaydı, Allah mütləq, bir ayədə istisna halı qeyd edərək “Peyğəmbərə itaət edin, amma filan halda yox”, yaxud “filan hallar istisna olmaqla” - deyə buyurardı. Əgər Peyğəmbər (s) günah əhli olsaydı, bu istisnalar mütləq, olmalı idi. Biz buna bənzər mövzularda istisnaları müşa¬hidə edirik. Məsələn, valideynlər barədə Allah istisna halları qeyd edir. İnsan valideynə bütün hallarda itaət etməlidir və Allah dəfələrlə “valideyninizə yaxşılıq edin” - deyə buyurur. Lakin valideyn insanı Allaha qarşı günaha dəvət edirsə, Allah itaəti qadağan edir.
“Loğman” surəsinin 15-ci ayəsi: “Əgər (atan-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (İslamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcə-yəm!”
Biz Peyğəmbərə (s) itaət mövzusunda bu kimi istisnaları görmürük. Heç bir qeyd və şərt olmadan Allah itaəti əmr edir. Peyğəmbərin (s) günah etdiyini deyənlər görəsən bu ayələri necə izah edir?

Məsələ barədə məlumatlı olduqdan sonra bir neçə sual verək:
-         Görəsən digər peyğəmbərlərə də öz zamanlarında qeyd şərtsiz itaət vacib olub ya yox?
-         Əgər kimsə “yox” deyə cavab verdisə bu cavab hansı dəlillərə söykənir?
-         Görəsən elə bir zaman olub ki o zamanda yaşayanlar itaətdə tam sərbəst olsunlar? Lap aydın yazsaq: Belə bir peyğəmbər nümunəsi varmı ki Allah onun qövmünə peyğəmbərə itaəti şərt qoymasın? Onlar istədikləri mövzuda ona itaət yaxud üsyan etsinlər?
Bu kimi sualları artıra da bilərik. Bu mövzuda bu iki məsələyə toxunmaqda məqsəd məsumluq mövzusunu yanlış anlayanlara qısa və yığcan cavab vermək idi. Quranın digər ayələrinə əsasən də biz Adəmdən (ə) Xatəmə (s) qədər bütün peyğəmbərlərin birmənalı şəkildə məsum olmalarını müşahidə edə bilərik.

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.



Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)