Peyğəmbərə (s) xitab olunan “Günahının bağışlanmasını dilə” ayəsi, peyğəmbərin (s) günah əhli olmasına dəlalət etmir


İslam peyğəmbərinə (s) tutulan iradlardan biri də Quranın iki sürəsində (Muhəmməd 47 və Ğafir 55) rast gəlinən və peyğəmbərə (s) xitab olunan  وَاسْتَغْفِرْ لِذَنبِكَ – “Günahının bağışlanmasını dilə” ayəsidir. Ötən bəhslərimizdə qeyd etdik ki, Quranıın ayələrini hədis və təfsir elminə müraciət edərək anlamalıyıq. Quranın zahiri ayəsinə baxaraq peyğəmbəri (s) günahda ittiham etmək yanlış bir addımdır. Quran bizə dəfələrlə əmr edir ki peyğəmbərə (s) mütləq şəkildə itaət edək. (Bax: Nisa 13-14-69-80, Nur 54, Həşr 7 və s.)
Əgər peyğəmbər (s) günah əhlidirsə niyə Allah heç bir qeyd və şərt olmadan bizi birbaşa peyğəmbərə (s) itaəti əmr edir? Hətta itaət etməyənləri alçaldıcı əzabla təhdid edir. (Nisa 14)
Digər ayədə isə peyğəmbərə (s) itaəti elə Allaha itaət kimi qeyd edir. (Nisa 69).
Əgər peyğəmbərdən (s) zərrə günah sadir olsaydı Allah mütləq bir ayədə istisna halı qeyd edərək “peyğəmbərə itaət edin, amma filan halda yox”, yaxud “filan hallar istisna olmaqla digər hallarda itaət edin” deyə buyurardı. Əgər peyğəmbər (s) günah əhli olsaydı bu istisnalar mütləq olmalı idi. Biz buna bənzər mövzularda istisnaları müşahidə edirik. Məsələn valideynlər barədə, Allah istisna halları qeyd edir. İnsan valideynə bütün hallarda itaət etməlidir və Allah dəfələrlə “valideyninizə yaxşılıq edin” deyə buyurur. Lakin, valideyn insanı Allaha qarşı günaha dəvət edirsə Allah itaəti qadağan edir.
Loğman 15: “Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!"
Biz peyğəmbərə (s) itaət mövzusunda bu kimi istisnaları görmürük. Heç bir qeyd və şərt olmadan Allah itaəti əmr edir.
Peyğəmbərə (s) günah nisbət verənlər görəsən bu ayələri necə izah edir?
Deməli, biz bütün hallarda Allah Rəsuluna (s) itaət etməliyik. Çünki, o, ən gözəl öndər və bələdçidir. Əgər, bir bələdçi, öndər səhvə yol verərsə, yolu səhv gedərsə digərlərini necə hidayət edər? Bələdçi özü naşı olarsa, necə digər insanlara yol göstərə bilər?
Biz məsumluq bəhsi boyunca dəfələrlə qeyd etdik ki, peyğəmbərlərin tövbə və istiğfarları bizim anladığımız şəri günah deyil. Onların etdiyi iş və əməllər hətta bəzən zəllə və tərki ovla olmasa belə, yenə tövbə edir və Allaha tərəf qayıdırlar. Bir sadə nümunə göstərək; Ayaqları uzatmaq - Bir nəfər bir məclisdə, camaatın yanında ayağını uzatmaq istədikdə, “gərək bağışlayasız”, “üzr istəyirəm” kimi ifadələri işlədir. Halbuki, ayaq uzatmaq haram və günah bir iş deyildir. Sadəcə ehtiram və hörmət əlaməti olaraq bu işi görürlər. Peyğəmbərlərin də tövbə və bağışlama diləmələri buna bənzəyir.
Başqa bir misal: “Qonaq üçün tədarük etdiyiniz yemək əgər naqis olarsa yaxud fərz edək duzlu olarsa hey özümüzü qınayarıq ki, “axı niyə belə oldu?” Baxmayaraq ki, qonaq o işə görə sizdən inciklik də nümayiş etdirmir. Lakin, biz baş verən hadisədə yenə də özümüzü günahkar bilirik. Çünki, qonaq İslamda çox mühüm məsələlərdən biridir. Peyğəmbər (s) kimi pak insanların tövbə və narahatçılığı da bunun kimidir.
Biz “Allah bizi görür” cümləsini dilimizdə desək də, Allah bizi görə-görə günah da edirik. Allahın peyğəmbərləri Allahı sözün əsl mənasında özlərinə nəzarət edən bir ali qüvvə kimi bilir və hər an özlərini onun hüzurunda hiss edirlər. Odur ki, ən xırda, günah belə olmayan bir əmələ görə tez tövbə (qayıdış) edirlər.
Biz məsumluq mövzusunda bu mövzulara geniş yer ayırdığımızdan daha artıq izaha ehtiyac görmürük.Daha çox məlumat üçün bax;
Bu ayədən öyrənəcəyimiz iki əsas ibrət.
1.Allah, peyğəmbərlərinə tövbə etməyi buyurmaqla, əslində bizə bu işin əhəmiyyətini göstərmiş olur.
2.İnsanın islahı əvvəl özü ilə başlanmalıdır.

Mahir Şəkərov – İlahiyyatçı yazar.


Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)