Elşad Mirinin "Yaşıl Orta" verlişindəki yalanların ifşası – Elşad bəy sizin adınız Quranda var? Sabahınız xeyir Elşad bəy...
Bu yazı Elşad bəyin vəonun yeni hocası Türkiyəli ilahiyyatçı Əbduləzizin 06.04.2017də “Yaşıl Orta” verlişində səsləndirdikləri bir sıra fikirlərə münasibət bildirmək və həqiqətlərin bəyanı məqsədi ilə yazılmışdır.
Verlişin bir neçə dəqiqəsinə baxdıqda, aydın olur ki,
burada yenə də təzə söz eşidə bilməyəcəyik. Elşad bəy yenə də daha öncələr
dediyi sözləri təkrar-təkrar müdafiə edəcək...
Pirlər və ziyarətgahların yeni inkar üsulu – “Ölülər bizi eşitmir yalanı.”
Pir və ziyarətgahların qazanc mənbəyi olması əksər
zamanlar bu ideologiyanın daşıyıcılarının “ağrılı-acılı” məqamıdır. Guya...
Sual: Ən böyük
ziayarətga Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki müqəddəs Kəbə evidir.
Dünyanın dörd bir yanından insanlar axın-axın o mübarək torpaqlara eşq və
məhəbbətlə səfər edir. Təbiidir ki, həcc səfəri müddətində hər bir hacı müəyyən
pul vəsaitini bu yolda sərf edir. Milyonlarla insanı nəzərə alsaq
bu məbləğ saya gəlməz həddə yetişir. Əgər
qeyd edilən məntiqlə götürülsə gərək heç kim həccə getməsin. Çünki,
o pullar nəticə etibari ilə həmin şəxslərin sözü ilə desək “ciblərə” gedir və
Kəbə “qazanc mənbəyinə” çevrilir. Hətta bu məntiqdən çıxış edib “həccə
getməyin, elə burda kasıba əl tuta bilərsiz” deyən
şəxslər də peyda olur. Amma bütün dünya müsəlmanları bu məntiqin əksinə olaraq
ziayrətgahlara gedərək müəyyən ibadi ayinləri həyata keçirirlər.
Sonra qeyd edilir ki, “ölülər bizi eşitmir” deyə
ziyarətgaha getmək olmaz. Ümümiyyətlə bilmək lazımdır ki, İNSAN ÖLMÜR. İnsan öz
ölümü ilə ölümü öldürür. Ölümü ilə dirilir və yeni həyata qədəm qoyur. Bu
primitiv məlumatları din haqqında bir iki kitab mütaliə etməklə də asanlıqla
öyrənmək varkən, bəzilərinə nə gəlib ki, hələ də ölü ilə diri arasında olan ən
mühüm fərqi bilmir? Ölü və diriliyin meyarı ruha, qəlbə və imanla olan
əlaqəsini bilmir? Bizim ölü dediklərimiz əslində bir çox diri dediyimizdən daha
yaxşı anlayır, dərk edir və eşidir. Dünyasını dəyişənlərin, qəbir əhlinin bizi
eşitməsi barədə o qədər dəlil mövcuddur ki, bura yazsaq əsas mövzu unudular. Bu
mövzuda sizə iki əsaslı yazı təqdim edirik. Quran və sünnəyə əsasən dünyasını
dəyişənlərin bizləri eşitməsinin dəlillərini buradan geniş şəkildə oxuya
bilərsiniz.
Sual: “Əgər ölü
bizi eşitmir deyə ziyarətgahlara getməyi qadağan bilirsizə, həcc zamanı
peyğəmbər (s) məzarı niyə ziyarət edilir? Peyğəmbərin (s) özünün ziayrəti ilə
bağlı buyurduğu hədislər necə olsun?”
Mümkündür bu gün
hardasa bir ziyarətgahda kimlərsə fırıldalçılıq edə, bunun mənası bu deyil ki,
bütün dünya ziayrətgahlarını sual altına aparaq. Bir müəllim əxlaqi normalara
riayət etmirsə, bizim haqqımız yoxdur ki, “müəllim” adı altında fəaliyyət
göstərən bütün şəxslər haqda fikir yürüdək.Bu gün bir nəfər naməhərm arasına
soxularaq gizlin şəkil çəkirsə və kimsə də desə ki, bütün ilahiyyatçılar belədir
doğru olarmı Elşad bəy? Ziyarətgahlarda
bu qəbildəndir.
Allah dostlarının ağız suyuna irad tutan Elşad bəyə peyğəmbər (s) sünnəsindən
dəlil.
Səhih Buxaridə
Səhl ibni Səddən rəvayət olunur.Peyğəmbəri-əkrəm (s) Xeybər qəzvəsində buyurdu:
Bu bayrağı sabah elə bir şəxsə verərəm ki Allah Xeybəri onun əli ilə fəth
edəcəkdir. O, Allah və rəsulunu sevir, Allah və rəsulu da onu sevir. Səhər
açıldı. Hamı peyğəmbərin (s) yanına cəm olduqda peyğəmbər buyurdu: “Əli (ə)
hardadı?” Dedilər: Onun gözü ağrıyır. Peyğəmbər onu çağırtdırdı. Öz ağzının
suyundan götürüb Hz Əlinin gözlərinə sürtdü. Onun gözləri elə sağaldı ki elə
bil ümumiyyətlə onda ağrı olmayıbdır. (Buxari-duaun nəbi iləl islam babı 2 c s
107, Səhihi Muslim cihad və siyər hədis 123)
Elşad Mirinin yeni metodu – “Pisliyin içində yaxşını da qurban vermək.
Elşad bəyin
“təbliğ” metodunda həmişə yol verdiyi bir yanlışılığı bu gün qeyd edirəm. Elşad
bəy, xurafat və uydurmalardan danışarkən, bir neçə xurafatın və batil fikrin
içərisində bir həqiqəti də batil kimi qələmə verməsidir. Bu hal, yol
verilməzdir. Bu, muxatəbi aldatmaq, həqiqəti təhrif və insanların
bilgisizliyindən sui istifadə etməkdir ki, bu işlərdən Allaha sığınırıq.
Elşad bəy, biz elə bilmirdik, siz elə bilirdiz...
Elşad bəyin
tez-tez istifadə etdiyi ifadə “biz elə bilirdik ki”, “bizim hər birimiz elə
bilirdik ki” ifadəsi əslində dolayı yollarla qarşı tərəfi də öz düşüncələrində
şərik etməkdir. Haqlı olaraq sual yaranır ki, “Siz peyğəmbərsiz? Dini yaxud
İslamı təmsil edirsiz ki, sizin hansısa məsələyə olan baxışınız ümumi kütlə
üçün meyar olsun?”
Siz bir məsələdə
səhv düşüncədə olmusunuzsa deyin ki, “mən elə bilirdim ki” nəinki sizə aid olan
məsələni “biz” ifadəsi ilə bütün ümmətə nisbət verəsiniz. Siz sanki, bu
ümmətin, bəşəriyyətin “xilas gəmisi” imişsiz kimi iddialı danışırsız. Sanki,
siz bu sözləri deməsəydiniz Allahın dini məhv olub aradan gedəcəkdi. Bu nə
düşüncə və iddiadır bəy? Bu iddialar xeyirli aqibətin nişanəsi deyil. Lütfən öz
səhv inancınızı İslama adına yazmayın. Siz deyirsiz ki, “hər birimiz elə
bilirdik ki”... Biz sizin kimi düşünmürdük bəy. Biz dünən də, bu gündə xurafat
və uydurma dini tanıyır və ardınca getməyə səy göstəririk.
Qəlbin
möhürlənməsi yaxud, qadını ikinci dərəcəli bilmək mövzusunda da biz yox siz elə
düşünürsünüz.
Nisa 34 və qadının döyülməsi.
Nisa 34 evin,
ailənin idarə edilməsi ilə bağlı bir əxlaqi ayədir. Quran demir, kişi qadının
başçısıdır, əksinə evin idarəsinin kişiyə məxsus olmasından söz açılır. Səbəbi
də qadın və kişi arasında bir pillə fərqindən danışılır. Bu fərq əqidə, iman
kimi mənəvi halətlərə aid deyildir. Kişi bir çox hallarda cəmiyyətdə kişilər
arasında müəyyən fikir mübadiləsi aparır, müharibə və cənglərdə düşmən
müqabilində dayanır, ailəsini dolandırmaq üçün müyyən ağır işlərdə işləməli
olur. Bu kimi hallar qadın üçün uyğun olmadığı kimi təbiətinə də ziddir.
Nəinki, bəziləri deyə ki, “kişi və qadın eynidir”, “qadından üstün deyil,
bərabərdir” və s. yanıldıcı sözlərlə əsas məqsədi unutdura. Bu üstünlük, yaxud
fərq kişinin dediyimiz mövzularda daha fəal olmasına və qətiyyətli olmasına
görədir. Qadının işi tərbiyədir. Qadın cəmiyyətə mənəviyyatlı insanlar bəxş
edən bir varlıqdır. Ən gözəl mürəbbi anadır. Dinimizdə də evdə tərbiyəçi ana
hesab olunur ata yox. Bu kimi səbəblər ucbatından kişilər və qadınlar arasında
fərqlilik gözə çarpır. Qadın kişinin himayəsi altındadır, çətin anlarında onu
özünə sipər bilir. Bu ayənin təfsirinə baxsaz daha çox incə mətləblər əldə edə
bilərsiz. Ayədəki bu incəlikləri bilmədən, ayənin şəninə uyğun olmayan ifadələr
söyləmək və guya qadınları müdafiə edirmiş kimi canpəşanlıq nümayiş etdirmək
yersizdir. Ayələri bu hala salanların əməli nəticəsidir ki, qadın və kişi
münasibətlərində bir uçurum müşahidə edirik. Qadınların vurmaq mövzusuna
gəlincə qeyd etmək lazımdır ki, bir xanım ərinin şərəf və ləyaqətinə, namusuna
xətər gətirəcək iş görərsə Quran bizə 3 mərhələ təqdim edir. 1. Nəsihət. 2.
Yatağı ayırmaq. 3. Vurmaq – Bu vurmağın mənası bizim anladığımız şəkildə
deyildir. Qadını vurarkən bədəni qızara yaxud göyərəsə artıq kişi həddini aşmış
və günaha daxil olmuşdur. Hədislərdə gəlmişdir ki, “onları diş çöpü ilə vurun”
Hədisdə çox mühüm incəlik vardır. Diş çöpü ilə vurmaq yəni demək istənilən
mətləb onları vurmamaqdır əslində. Ayədə keçən “onları vurun” ifadəsi ilə bağlı
çoxlu təfsir və izahlar vardır ki, biz ən uyğununu qeyd etdik.
Xurafat və uydurmanın fərqi.
Xurafat var olduğu halda, şəriət və əqlə zidd olan işlərə
deyilir. (Cahili rəblər yağış yağmadıqda heyvanın quyruğuna atəş bağlayırdılar)
Uydurma isə, ümumiyyətlə var olmayan hadisənin xəyali
təsviridir.
Fərqlər aydındır Elşad bəy?
Rəcm ayəsi?
Qurani-Kərimdə rəcm (zina edən şəxsin daş-qalaq etmək) mövzusunda xüsusi bir ayə və göstəriş yoxdur. Var olmayan bir məsələ barədə müxaliflər zaman-zaman məzhəblərə böhtanlar ataraq, guya rəcm ayəsi Qurandan çıxarılmış yaxud hansısa heyvan (keçi) o ayənin yazılı olduğu kağızı, yarpağı yemişdir. Bu söz Quran və ağıla ziddir. Allah Quranı Qiyamətə qədər hifz edəcəyini qeyd edir. (Hicr 9). Digər tərəfdən peyğəmbər (s) zamanında və sonrakı dönəmlərdə Quranı əzbər bilən yüzlərlə insan vardı. Belə hallar, bu kimi şəraiti imkansız edir.
Peyğəmbər (s) adi bəşər deyil Elşad bəy.
Elşad bəyin bu
iddiasını Quran alt-üst edir. Quran isbat edir ki, peyğəmbəri bizdən
fərlqəndirən kifayət qədər yönləri vardır. Biz bu iddiaya cavab vermişik. Bax: http://mahir-shekerov.blogspot.com/2017/01/peygmbr-s-adi-bsrdir-deynlr-qurandan.html
Elşad bəy, yenə
də daha öncələr etdiyi səhv yanaşma tərzini əldə bayraq edərək, kimlərinsə
Allah rəsulu (s) barədə söylədiyi ifadələri yenə də müsəlman və İslam adı ilə
qeyd edir. Elşad bəy, hansı müsəlman iddia edir ki, peyğəmbərin (s) arxada gözü
var? Hansısa kitabda saxta bir məlumatı din adına qeyd etmək böyük
yanlışlıqdır.
Peyğəmbərin (s) kölgəsi var idimi?
Bəzi məsələlər
bəzən ağlımıza uyğun olmadıqda onu tez inkar etmək yaxud tez təsdiq etmək
yolunu tutmayaq. Ən gözəl yol, məsələni araşdırmaqdır. Əgər bu barədə səhih
məlumatlar olarsa qəbul etməliyik.
Peyğəmbərin (s)
kölgəsinin olmadığını qeyd edən mənəbələr daha sonra bu hədisi də sözlərinə
dəlil gətirirlər: “Allahım məni nur qərar ver.” (Buxari, c.1,s. 116.hədis,
6316; Səhihi Muslim, c 1, səh. 525-526, hədis187-763)
Həmçinin bax:
“Səbilul huda və ər-rəşad”, c. 2, s. 90; Tam ilmihâl: Səadət-i əbədiyyə səh.
379 və s.)
Bu mövzuda olan
hədislərlə bağlı alimlərin fikirləri budur ki: “Bu mövzuda olan hədislər
sənəd baxımında etimad edilməcək vəziyyətdədir. Bu mövzuda nəql edilmiş tək
rəvayət vardır. Əgər belə hal olsaydı daha çox insanın bunu müşahidə etməsi və
rəvayət etməsi lazım idi. Hədis elmi baxımından bu kimi şübhələr üzündən məsələ
sual altına gedir.”
Elşad Miri merac hadisəsini inkar edir.
Elşad Miri Allah
Rəsulunun (s) meraca getməsini isthzalı sözlərlə ifadə etməsi də gözdən qaçacaq
səhnə deyildi. Merac kimi əzəmətli bir hadisəni inkar edən Elşad bəy Allah
Rəsulunun (s) digər möcüzələrini də inkar edir. Ən maraqlı hal isə, buna dəlil
kimi “bunlar Quranda yoxdur” mövqeyindən çıxış etməsidir.
Bunlar Qurandamı
olmalıydı? Bu ki, absurddur. Peyğəmbər (s) barədə danışıb sonra bu Quaranda
yoxdur deməyiniz insanları aldatmaqdır. Çünki, Quranda hər şeyin konkret olaraq
adbad gəlməsini heç bir ağıllı insan iddia etmir. Sizin adınız Quranda var?
Quranda Elşad Miri sözü kəlmə bə kəlmə yoxdursa deməli sizin adınız yoxdur.
Budur sizin məntiqiniz? Sabahınız xeyir Elşad bəy! Siz bu cür sadə məsələdə
ilişib qalmısınızsa nə demək olar...
Elşad Mirinin Hindistana baxışı, yaxud İsa (ə)-ın həvarilərin it cəsədinə
baxışı...
Daha sonra Elşad
Miri Hindistanda gördüyü mədəniyyətsizliyi dəlil gətirərək bir sıra fikirlərini
isbat etməyə çalışır. Hindistanda olan bu qeyri etik və qeyri mənəvi halları
məgər Ərəbistanda görmürük? Ərəblərin hələ də yemək yemə və geyim
mədəniyyətlərinin formalaşmadığının şahidi olmuruq? Bakıya gələn ərəb
turistlərinin vəhşiliklərini mediadan oxumuruq? Ərəb turistlərini Bakı
mehmanxanalarında gənc qızları zorlaması, mehmanxanda çalışan qadınları pul və
digər vasitələrlə cinsi istismara məruz qoymaları uzaq keçmişdir? Yenə sayım?
Hindistandan, Banqladeşdən danışanda və kimlərisə qınayanda bir hindistanlı
sizə bu sualları versə nə deyəcəksiz əcaba? Görəsən deyəcəksinimi ki ərəblərdə
uydurulmuş dinin nümayəndələridir? Hz
İsanın küçədəki it cəsədinə irad tutan həvarilərinə “onun nə gözəl dişləri var”
hadisəsini nə qədər yazmaq olar ki, baxışınız dəyişilə? Hindistanda ancaq
pislik eybəcərlik gördünüz? Bircə dənə də olsun müsbət bir şey yox idi?
Təmizlik barədə dediyiniz hədislər ərəblərə aid deyil? Elşad bəy bu səfər
barədə yazdığınız yazının 1-ci hissəsində o qədər şikayətənirsiz ki...
Bal arısı olaq Elşad bəy.
Hәqiqi müsәlman – bal arısı
kimidir; gözәl şeylәrdәn yeyәr vә gözәl şeylәr istehsal edәr (danıar). Bir çiçәyin üzәrinә qonduğu zaman onu
qırmaz, zәdәlәmәz. Çünki Allah,
kobudluqla istәnildiyi zaman vermәdiyi şeylәri, nәzakәtlә istәnildiyi zaman verәr.
Antropomorfizm əqidəsi müsəlmanlara yaddır. Quran oxuyun Elşad bəy.
Antropomorfizm
yəni, Allaha insan xüsusiyyətləri aid etmək, onu cism qərar vermək və s. Bu
əqidə iudaizmdə, xristianlıqda mövcud idi. İslamda belə bir anlayış sistemi
mövcud deyil. Sələf-vəhhabi deyə tanıdığımız radikal və qeyri İslami “məzhəb”in
alimlərinin bu barədə söz və fikirləri mövcuddur ki, biz onları İslamdan hesab
etmirik. Sələfi vəhhabilərin əqidə sistemini müsəlman adı ilə efirdə qeyd
etməyiniz insafsızlıqdır.
Hansısa “firqə”
nəsə deyirsə onu götürüb bütün İslama aid etmək siz demişkən absurddur. Absurd
dediyinizi niyə “həqiqət” adı ilə müsəlmanlara sırımaq istəyirsiniz?
Yəhudilərin
peyğəmbər barədə olanda sözlərini müsəlmanlara aid edirsiniz? Niyə? Yəhudilərin
Hz Süleyman (ə) və Hz Davuda (ə) nisbət verdikləri müxtəlif çirkin sözləri elə
qeyd edirsiniz ki, sanki bu saxta sözlər İslamın daxilindədi və siz İslamı bu
yolla gözdən salamağa cəhd edirsiniz. İslam peyğəmbərinə (s) aidiyyatı belə
olmayan çirkinlikləri ona nisbət verilmiş kimi qələmə vermək? İnsanların
məlumatsızlığından istifadə edib onları aldatmaq, hansı əxlaqın acı meyvəsidir?
Heyif olan 11 il…
Hədis elmindən
danışırsız Elşad bəy. Dediyinizə göə 11 il bu işə vaxt sərf edibsiniz. Heyif o
11 ildən. Başqa bir sahəyə o vaxtı sərf etsəydiniz yəqin ki, xalqımıza faydalı
bir müəllim, həkim ola bilərdiniz. Hədislərin mətnlərində olan kəlimə
dəyişikliyi hədisi etibardan salırmı? Peyğəmbərin (s) təbliğ üsuluna diqqət
edəndə görürük ki, Allah Rəsulu eyni mövzuda belə şərait və müxatəbi nəzərə
alaraq müxtəlif tövsiyələr etmişdir.
Allah Rəsuluna
verilən “Əməllərin ən fəzilətlisi hansıdır?” sualına qarşısındakı şəxsə və
zamana görə;
- Allaha iman,
Allah yolunda cihad və həcc.
- Allahı zikr
etmək.
- Namaz
- Allah üçün
sevmək.
- Ana-ataya
xidmət.
- Hicrət
şəklində
cavablar vermişdir. İndi bu hədislərdə kəlimə fərqi var deyə hamısı batildir?
11 ildə bunu öyrəndiniz? Təəssüf.
Türk dilindən azəri dilinə tərcümə edilən kitab və...
Elşad bəyin türk
dilindən tərcümə etdiyi yeni tərcüməni inşallah oxuyacağam və ehtiyac ola
fikirlərimizi qeyd edərik. Verlişdə qeyd edilən birinci məsələ Hz Adəmin (ə)
Cənnətdə olmaması məsləəsinə gəlincə bu təzə icad deyil ki? Hz Adəmin Cənnətdə
olması Quran və ağıl baxımından zatən uyğun deyil. “Hz Adəm (ə) məsumdur”
mövzusunda buna toxunduq. Xülasəsi sizə təqdim edirik.
Cənnət nə deməkdir?
Gəlin yenə də
ilk öncə Cənnət sözünün mənasını öyrənək.
" CƏNNƏT
" sözün kökü " CƏNNƏ " felidir, və mənası : " gizli, örtülü
" deməkdir . Bu " CƏNNƏ " kökündən bir sıra sözlər yaranıb ki
bəzilərinə işarə edək.
1) CƏNAN - yəni
" qəlb " bu da görünməyəndir .
2) CUNNƏ -
qalxan , yəni bədəni örtən.
3) CƏNİİN - ana
bətnində olan uşaq . O da örtülü, görünməyəndir.
4) CƏNNƏT-
gizli, gözə görünməyən bağ.
5) CİN - gizli,
gözə görünməyən .
6) MƏCNUN - cin
vurmuş, ağlı örtülmüş.
Cənnət sözünün
istilahi mənasına gəlincə isə qısa və çox sadələşdirilmiş şəkildə deyə bilərik
ki; Cənnət, Qiyamət günü yaxşı əməl sahiblərinə veriləcək əbədi və sonsuz bir
mükafat.
Bu məqamda bir
məsələni də araşdırmaq yerinə düşərdi. Görəsən Qurani-Kərimdə gələn bütün
cənnət sözləri bizim bildiyimiz, axirətdə möminlərin girəcəyi Cənnətdir?
Qurana baxdıqda
görəcəyik ki, Cənnət sözü həm də bağ və bağça mənasındadır. Xüsusən dünya üçün
işlənən bütün "cənnət" kəlmələri "bağ, bağça" mənasındadır.
Nümunə üçün bəzi ayələrə diqqət edək;
Səba 15: جَنَّتَانِ عَنْ يَمِينٍ وَشِمَالٍ (Orada) sağdan və soldan iki bağça var idi.
Səba 16: وَبَدَّلْنَاهُمْ بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ – Onların
iki bağçasını elə iki bağçaya çevirdik.
Kəhf 39: إِذْ دَخَلْتَ جَنَّتَكَ - Bağına girdiyin zaman.
Cənnətə, Cənnət
deyilməsinin bir səbəbi də ordakı nemətlərin gözlərimizdən, gizli olmasındadır.
Buna dəlil Səcdə sürəsi 17-ci ayədir.
Səcdə 17:
Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin
gizlədildiyini heç kəs bilməz.
Axirət Cənnətində günahın baş verməsi Quran baxımından qeyri mümkündür.
Quran ayələrinə
nəzər saldıqda görəcəyik ki, axirət Cənnətində günah, günah işin və həmçinin
mənasız işlərin baş verməsi mümkün deyildir. Həmin ayələrə diqqət edək;
لَا
يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًا - Onlar orada (Cənnətdə) nə boş
söz, nə də yalan eşidəcəklər. (Nəbə 35)
لَا
يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا - Onlar orada (Cənnətdə) nə boş
söz, nə də günaha bais olan bir şey eşidəcəklər. (Vaqiə 25)
لَا
تَسْمَعُ فِيهَا لَاغِيَةً -Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir.
(Ğaşiyə 11)
Hz Adəm (ə) –ın axirət Cənnətində olmamasına daha bir neçə dəlil.
Hz Adəmin həqiqi-axirət Cənnətində olmamasına daha bir
neçə dəlil təqdim edək;
1) Axirət cənnətində qadağan yoxdur. (Mursəlat 43)
2) Orada üsyan və günahdan söhbət belə gedə bilməz.
(Ğaşiyə 11, Vaqiə 25, Nəbə 35)
3) Əsl cənnət olsaydı Şeytan ora girə bilməzdi. –
Şeytanın həqiqi Cənnətdə nə işi var?
4) Əbədilik yurdudur. Ora girən bir daha ordan
çıxarılmaz. – Quranda dəfələrlə Allah buyurur ki; – Onlar orada əbədi
qalacaqlar. (Ali-İmran 107 )
5) Adəm yer üzünün xəlifəsi olmaq üçün yaradılmışdır.
(Bəqərə 30) – إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً
“Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”.
6) Hz Adəmdən (ə) danışan bu ayələrdə Allah Hz Adəm
mövzusuna başlamadan öncə buyurur;
Əraf 10: Biz sizi yer üzündə yerləşdirdik və orada
sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də
az şükür edirsiniz!
Əraf 11: Sizi yaratdıq, sonra sizə surət verdik, sonra
da mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa (hamısı) səcdə etdi.
O, səcdə edənlərdən olmadı.
Ayələrdən gördüyünüz kimi, Allah insanları yer üzündə
yaratdığını və Hz Adəmin hadisəsin də yer üzündə baş verdiyini deyir.
Bu sözləri gərək Türkiyədə deyilə ki qəbul edəsiniz? Siz Quranla getdiyiniz halda necə olur ki, Quranın özündə olan bu həqiqətlərdən xəbərsizsiniz?
Heyz halında namaz və oruc?
Quranı oxuyub
nəfsinə görə ondan hökm çıxartmaq heç bir müsəlmana yaraşan iş olmadığı kimi,
Allah dərgahında da böyük günahlardan biridir. “Quranda bu məsələ yoxdur” deyib
özündən hökmlər uydurmaq? Əgər belə doğru danışansınızsa nə üçün digər ilahi
hökmləri (həccin ayinləri, yaxud zəkatda qızılın ya gümüşün zəkat miqdarı,
səfərə çıxan şəxsin neçə km sonra müsafir olmas və s) bizə bir-bir Quran ayəsi
ilə göstərə bilmirsiniz? Hətta gündəlik həyata keçirtdiyiniz dini ayinləri belə
Quranla yox, inkar etdiyiniz məzhəblərlə həyata keçirirsiniz. Elə deyilmi bəy?
Elşad bəyin çarəsizliyi və ikili mövqe nümayiş etdirməsi.
Qadının heyz
halında namaz qılmasını, Elşad bəy ilk öncə təsdiq etməyib, “hələ
araşdırmamışam” deməsinə baxmayaraq bir neçə dəqiqə sonra araşdırmadığı mövzunu
təsdiq və müdafiə etməsi də gözümüzdən qaçmadı. Hədisdə buyrulan “Yalançının
yaddaşı olmaz” ifadəsi də sanki gözümüzün qarşısında canlandı.
Gəlin bu cür “ilahiyyatçıların”
təqdim etdiyi uydurulmuş dindən, Allah Rəsuluna nazil edilmiş həqiqi dinə əməl
edək.
Mahir Şəkərov –
İlahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder